Qazaxda tarix yazan Vikipediyaçılar FOTO
Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Vikipediyası bu gün – təəssüratları bölüşərkən
Keçdiyimiz günlərdə Qazax şəhərində mənim də iştirak etmək şansı qazandığım möhtəşəm bir layihə — “2025 VikiGənclik düşərgəsi” uğurla baş tutdu. Belə ki, 27 may - 1 iyun tarixlərində gerçəkləşən layihə “Azərbaycan vikimediaçıları” istifadəçi qrupu tərəfindən təklif edilmiş eləcə də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəklədiyi “Açıq bilik üçün birlikdə yazırıq” layihəsi çərçivəsində təşkil olunmuşdur. Tədbirdə iyirmisi təcrübəli, yetmişdən çoxu yeni olmaqla, ümumilikdə yüzə yaxın iştirakçı bir araya gələ bilmişdir.
Layihənin əsas məqsədi Azərbaycanda Vikimedia hərəkatını gücləndirmək, fəal istifadəçilər arasında əməkdaşlığı artırmaq, yeni könüllülər cəlb etmək, eləcə də Gənclər və İdman Nazirliyi, onun fəaliyyəti, multikultural zənginliyə malik Qazax rayonu barədə Vikipediyada yeni məqalələr yaratmaqdan ibarət idi. Bundan başqa, həyata keçirilən layihədə Vikipediyanın çağdaş informasiya platforması olaraq bir daha Azərbaycan cəmiyyətində önə çıxarılması və aktuallaşdırılması əsas məqsədlərdən biri idi.
Qeyd etmək lazımdır ki, gənclər təcrübəli vikipediyaçılar tərəfindən keçirilən təlimlər vasitəsilə burada məqalə yazmaqla bağlı bütün detallar üzrə bilik və bacarıqlar əldə etdməklə Vikimedianın digər layihələri ilə də ətraflı şəkildə tanış oldular. Bununla da layihənin həyata keçirildiyi müddət ərzində yazdıqları məqalələrlə Azərbaycan Vikipediyanın daha da zənginləşdirilməsi istiqamətində öz töhvələrini vermiş oldular.
Düşərgə boyunca gənclər hər biri yeddi nəfər olmaqla on üç komandaya ayrıldılar. Hər bir komanda qrup və fərdi olmaqla məqalələr hazırlamağa çalışır, yeni məqalələr üzərində işlədilər. Layihəni fərqləndirən məqamlardan biri isə iştirakçılar arasında azərbaycanlılarla birlikdə qardaş ölkədən olan Özbəkistanlı vikipediyaçıların da yer alması idi. Özbəkistanlı təcrübəli vikipediyaçılar bir yandan yeni istifadəçilərlə öz bilik və təcrübələrini bölüşür, bir yandan isə yeni məqalələr hazırlayaraq Azərbaycan vikipediyasının inkişafına dəstək olurdular.
Həmçinin bu müddət ərzində iştirakçıların asudə vaxtlarının daha da səmərəli, əyləncəli keçirilməsi üçün intellektual oyunlar və bir-birilərini tanımaları məqsədi ilə fərqli fəaliyyətlər təşkil edilirdi. Düşərgənin maraqlı məqamlarından biri isə layihənin bir gününün xüsusi olaraq iştirakçı gənclərin Qazax rayonunun tarixi, mədəni və təbii məkanları ilə yaxından tanışlıqlarına həsr edilməsi məqsədilə təşkil edilən gəzinti oldu. Bu gəzinti ərzində gənclər Qazax rayonunun füsünkar təbiəti, möhtəşəm tarixi ilə tanış olmaqla yanaşı həm də məqalələri üçün yazılı və vizual materiallar toplamağa çalışdılar.
Gəzinti ilkin olaraq “Səməd Vurğun Poeziya evi”ndən başlanıldı. Poeziya evinin bələdçi heyəti tərəfindən hər bir nüansın diqqətlə iştirakçılara ötürüldüyü tur ərzində Səməd Vurğunun nəsil şəcərə ağacı (Nəsil şəcərəsi qəbilə, nəsil, sülalə daxilində əcdadların özəkdə, nəsillərin isə budaqlarda göstərilməsi ilə qohumluq münasibətlərinin ağac şəklində təsviri), istifadə etdiyi əşyalar iştirakçılar tərəfindən xüsusi olaraq maraqla qarşılandı. Turun sonunda isə poeziya evinin foyesində yerləşən royalda layihə iştirakçılarından biri olan Sabir Əlişovun ifa etdiyi musiqilər Səməd Vurğunun qələmindən süzülən sözlərlə birləşərək günə bir daha ilhamverici və pozitiv başlamağımıza səbəb oldu.
Poeziya evinin ardınca “Avey Dövlət Tarix-Mədəniyyət Qoruğu”nun iki fərqli filialına gəzinti təşkil olundu. İlkin olaraq qoruğun “Damcılı” filialını ziyarət edən iştirakçılara qoruğun mehriban və təcrübəli bələdçi heyəti tərəfindən Damcılı mağarasında yaponiyalı tədqiqatçılar tərəfindən aparılan araşdırmalar, burada əldə olunan tarixi maddi-mədəniyyət nümunələri və keçmişdən bu günə qədər baş verən proseslər haqqında ətraflı məlumatlar verildi. Turun sonunda iştirakçılar üçün Damcılı mağarası kənarında təşkil edilən çay süfrəsi isə bir daha Qazax qonaqpərvərliyinin təcəssümü olaraq diqqəti çəkdi.
“Avey Dövlət Tarix-Mədəniyyət Qoruğu”na olan gəzintinin ikinci hissəsi “Göyəzən” filialına təşkil edildi. Burada gənclər Qazaxın ən önəmli simvolu hesab edilən, şairlərə özünün tarixi boyu ilham qaynağı olan, kölgəsində neçə-neçə tarixi mədəni hadisələrə ev sahibliyi edən, öz əzəməti, ecazkarlığı ilə göyləri əzib keçən möhtəşəm Göyəzən dağını real görərək bu valehedici təbiət möcüzəsinin əhəmiyyətini, gözəlliyini əyani olaraq müşahidə etmə şansına nail oldular.
Nahar fasiləsinin ardınca turun ikinci hissəsi Qazax rayon şəhidlərinin xatirəsinə həsr olunan Memorial kompleksindən start götürdü. Burada gənclərə şəhidlik zirvəsinə ucalmış qəhrəman vətən övladları haqqında ətraflı məlumatlar verildi. Günün heç sözsüz, ən duyğulu anlarının yaşandığı bu hissəsində iştirakçılar Qazax rayonunun şəhidləri və onların qəhrəmanlıqları haqqında bilgiləri qürur dolu baxışlarla dinlədilər.
Növbəti hissədə gənclər Qazax rayon Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olmaq imkanını əldə etmiş oldular. Mərkəzin girişində bizləri Ulu Öndərin Qazax rayonuna səfərlərindən ibarət tarixi video kadrları qarşıladı. Bu incə düşünülən məqam bir çoxlarımızın marağına səbəb oldu. Daha sonra isə Qazax rayon Heydər Əliyev Mərkəzini digər regionlarımızdakı mərkəzlərdən fərqləndirən planetarium turu başlandı. Qazax rayonunun ziyarət edən hər kəsin mütləq izləməsi gərəkən bu möhtəşəm şou, heç sözsüz, günün ən əyləncəli və yaddaqalan hissələrindən biri oldu.
Turun davamında layihə iştirakçıları “Qazax Tarix-Diyarşünaslıq Muzeyi” ilə tanış oldular. Xüsusi estetika ilə dizayn edilən bu muzey öz görkəmi ilə zövq oxşamağı bacarırdı. Həmçinin muzey gəzintisi əsnasında mənim məqalə mövzum olan və yetərincə mənbə tapa bilmədiyim “Salahlı Karnavalı” haqqında qızılı hərflərlə yazılmış xüsusi məlumatlandırıcı bölməni görmək də çox sevindirici oldu.
Möhtəşəm turun növbəti dayanacağı “Qazax Ədəbiyyat Muzeyi” idi. Burada bizləri Qazax ədəbi irsinin yaşayan təmsilçisi, şair, publisist, Əməkdar İncəsənət xadimi Barat Vüsal qarşıladı. Gözlərindəki sənət eşqi, sözlərindəki ədəbi ehtirası ilə bizlərə poetik bir təqdimat yaşadan şair Barat Vüsal bütün gənclərin ruhunu oxşamağı bacardı.
Günün sonuna yaxınlaşarkən gənclər Qazaxın məşhur Mütəfəkkirlər Parkı ilə addımlayaraq ADA Universitetinin Qazax filialına yollandılar. Gənclər burada bir yandan filialın keçmişdən bu günə uzanan inkişaf tarixçəsi ilə tanış olarkən, bir yandan da təhsil müəssisəsinin təklif etdiyi şərtlərlə bağlı ətraflı şəkildə məlumatlandırıldılar.
Gəzintinin son dayanacağı isə düşərgənin də baş tutduğu “Qazax Olimpiya Kompleksi” oldu. Layihə iştirakçılarını burada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qarşıladı. Kompleksin konfrans zalında baş tutan bu görüşdə cənab başçı, özünə də şəxsən dediyim kimi, canlı bir vikipediya tək Qazaxın dünəni və bu günü, bölgənin yetirdiyi tarixi şəxsiyyətlər, həmçinin müasir inkişaf mərhələləri barədə ətraflı olaraq böyük bir həvəslə danışdı. Çıxışı boyu həm natiqlik məharəti, həm jestik ifadə tərzi ilə dinləyiciləri özünə heyran edən Rəcəb Babaşov gəncləri maraqlandıran sualları da böyük səbr və diqqətlə cavablandırdı. Görüşün sonunda isə bütün iştirakçılarla bir-bir xatirə şəkilləri çəkdirməklə gənclərə olan diqqət və sevgisini bir daha nümayiş etdirmiş oldu.
Bu möhtəşəm layihənin gerçəkləşməsində ən böyük məsuliyyət və əziyyət isə heç şübhəsiz, dəyərli layihə rəhbərimiz olan Aidə Aslanova və onun peşəkar komandasının üzərinə düşürdü. Öz stimulverici həyat yolu, güclü duruşu və yüksək intellektual səviyyəsi ilə hər kəsin hörmətini qazanan Aidə xanım bizə bəzən bir dost, bəzən isə müdrik bir müəllim kimi yol göstərməyi bacarırdı. Hər bir iştirakçıya fərdi yanaşması, səmimi diqqəti və yorulmaz enerjisi sayəsində bu düşərgəni həm məhsuldar, həm də demək olar ki, nöqsansız şəkildə yekunlaşdırmağı bacardı.
Qeyd etməliyəm ki, layihənin bir başqa kilid siması isə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İnnovativ və İnkişaf Sektorunun müdiri, dəyərli Kənan Kərimov oldu. Öz enerjisi, pozitiv aurası və gülərüz siması ilə layihə iştirakçılarının sevimlisinə çevrilən Kənan Kərimov hər bir xırda məsələ və ya çətinliyə qarşı göstərdiyi həssaslıq, diqqət ilə bütün gənclərin qəlbində özünəməxsus yer tutmağı bacardı. Təlimin yekununda iştirakçılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xüsusi sertifikatı ilə təltif edildilər.
Nəticə etibarilə AzVikidə 150 məqalənin yaradılması və Vikianbara 50 fotoşəklin yüklənməsinin hədəfləndiyi bu layihədə qarşıya qoyulan gözləntilərin təsdiqlənməsi yüksək şəkildə dəyərləndirilməlidir. Yüzlərlə məqalə və vizual materialın Azərbaycan vikipediyasına daxil edilməsi həm ilkin məqsədlərin dəfələrlə aşılması, həm də bu sahəyə olan marağın əyani şəkildə nümayişi deməkdir. Bir yandan öyrənib, digər yandan əylənəcəyiniz, yeni dostluqlar və güclü şəbəkələşmələr qazanacağınız bu möhtəşəm təcrübənin bir parçası olmağı Vikipediya sahəsinə marağı olan hər kəsə səmimi qəlbdən tövsiyə edirəm.
Vaqif Əmiraslan
Gənc yazar, təlim iştirakçısı
.jpg)



