Icma.az
close
up
RU
Qəbələ Zirvəsi Təşkilatın yeni siyasi manifesti...

Qəbələ Zirvəsi Təşkilatın yeni siyasi manifesti...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yeni nizamın formalaşdığı qlobal mühitdə son 5 il ərzində ən mühüm dəyişikliklər şübhəsiz ki, Avrasiyanın mərkəzində - Cənubi Qafqaz, Orta Asiya və Mərkəzi Asiya geostrateji coğrafiyasında müşahidə olunub. Bu dövrdə regional təhlükəsizliyin təmini istiqamətində yeni arxitekturanın qurulmasından başlayaraq, yeni iqtisadi münasibətlərin formalaşması və yeni qlobal əməkdaşlıq platformalarının reallaşmasına qədər vacib və əhəmiyyətli yol qət olunub. Bu mənada, beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin formalaşması, regional əməkdaşlıq formatlarının aktuallaşması fonunda adıçəkilən coğrafiyanın yeni, amma əsaslı təşkilatına çevrilməkdə olan Türk Dövlətləri Təşkilatı (TDT) getdikcə daha çox strateji çəkisi olan birlik kimi ön plana çıxır. Təşkilat əvvəlcə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, sonradan isə TDT adı altında fəaliyyətindən cəmisi 16 il ötməsinə baxmayaraq, yeni dövr üçün mühüm bir strateji ərazi təqdim edə bilib. Hazırda TDT qarşısında duran əsas vəzifələr daha qlobal və mahiyyət etibarı ilə strateji anlam daşımaqdadır. İnteqrasiyanın dərinləşdirilməsi və strukturlaşdırılmış əməkdaşlığın təmini, müasir dövrdə artan geosiyasi risklər, regional münaqişələr, enerji və kommunikasiya təhlükəsizliyi kimi məsələlər fonunda müdafiə və təhlükəsizlik sahəsində koordinasiyanın vacibliyi TDT gündəliyinin əsas müzakirə predmeti kimi xarakterizə olunur. Bu sahələr üzrə birgə fəaliyyət isə kollektiv müdafiə mexanizminin gücləndirilməsi ilə yanaşı, həm də Türk dünyasının strateji sabitliyini təmin edən siyasi dayaq yaradır.

Paralel olaraq TDT məkanında iqtisadi əməkdaşlıq üçün çox münbit şərait formalaşıb. Xüsusilə nəqliyyat, enerji, rəqəmsal iqtisadiyyat və tranzit potensialı baxımından təşkilat üzvləri bir-birini tamamlayan strateji resurslara sahibdirlər. Bu amil Türk dünyasının gələcəkdə həm Avrasiya iqtisadi inteqrasiyasında, həm də qlobal ticarət sistemində daha güclü oyunçuya çevrilməsi üçün ciddi zəmin yaradır. Qəbələdə keçirilmiş 12-ci Zirvə toplantısının əsas müzakirə predmetləri də məhz bu kimi uğurlu ştrixlərlə əhatələnib.

Təhlükəsizlik və müdafiə əməkdaşlığı: Tarixi məkandan tarixi - strateji mesajlar

TDT-nin institusional çərçivəsində təhlükəsizlik və müdafiə məsələlərinin koordinasiyası bu gün hər zamankından daha aktualdır. Qloballaşmanın gətirdiyi mürəkkəb çağırışlar - informasiya müharibələri, terror təhlükəsi, regiondakı güc balansının tənzimlənməsi - bütün bu faktorlar Türk dövlətlərini qarşılıqlı dəstək mexanizmlərini gücləndirməyə vadar edir. Təbii ki, qurum daxilində hərbi müttəifqlik və ya müdafiə və təhlükəsizlik əməkdaşlığı kriteriyalarını müəyyənləşdirən bir sıra mexanizmlər mövcuddur. Bu mənada, ilk diqqət çəkən ali sənəd 2024-cü ilin yayında Şuşada keçirilən TDT liderlərinin qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsidir. Bəlli olduğu kimi, sənəddə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyi qeyd edilir. Bəyannamədə üzv dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq müdafiə sənayesi sahəsində birgə fəaliyyətin davam etdirilməsi niyyətləri bir daha vurğulanır və bu xüsusda lazımi tədbirlərin görülməsi üçün üzv dövlətlərin aidiyyəti qurumlarına tapşırıq verilməsi əksini tapır. Qeyd edilən müddəa olduqca vacib məqamlardan xəbər verir - düzdür, hazırki dövrdə TDT üzvü olan ölkələrə qarşı hər hansı real təhlükələr hiss edilməsə belə, əməkdaşlığın hərbi müdafiə sahəsi üzrə inkişaf etdirilməsi inteqrasiyanı daha da sürətləndirəcək. Qəbələdə baş tutmuş Zirvə toplantısındakı çıxışında Prezident İlham Əliyev vurğulayab ki, bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb: “Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir. Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm. Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir”.

Əməkdaşlığın yeni prizması, strateji tərəfdaşlığın yol xəritəsi

Qeyd edildiyi kimi, Qarabağ Bəyannaməsində təhlükəsizlik əməkdaşlığına dair vurğular strateji əhəmiyyət daşıyır. Bəyannamə yalnız regionda sülhün və sabitliyin təmininə deyil, həm də türk dövlətlərinin təhlükəsizlik arxitekturasında vahid mövqedən çıxış etməsinə yönəlib. Bunun təməli isə Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasında formalaşan hərbi-siyasi ittifaqın əsas hüquqi dayağının formalaşdırılması ilə qoyulub. Bu sənəd təkcə iki ölkə arasında deyil, bütün Türk dünyasında müdafiə sahəsində strateji birliyin modelini formalaşdırır. Prezident İlham Əliyevin səsləndirdiyi birgə hərbi təlimlərlə bağlı təklif isə əməkdaşlığın daha da irəliyə aparılması yönündə dərin məna daşıyır. Təbii ki, birgə hərbi təlimlər ideyası TDT-nin gələcəkdə regional təhlükəsizlik alyansına çevrilməsi istiqamətində praktik addımdır. Bu, həm təcrübə mübadiləsi, həm komanda uyğunluğu, həm də ortaq təhlükə konsepsiyasının formalaşması baxımından mühüm platforma yaradır.

Paralel olaraq Prezident İlham Əliyevin “hərbi güc müstəqilliyin əsas amilidir” tezisi çağdaş beynəlxalq siyasətin reallıqlarını əks etdirir. Sülhü qorumağın, suverenliyi təmin etməyin və milli maraqları müdafiə etməyin ən effektiv yolu güclü müdafiə sistemindən keçir. Bu baxımdan, Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı təcrübə TDT üçün örnək model hesab olunur. Beləliklə, Qəbələ Zirvəsi bu mənada, tarixi bir missiyanı üzərinə götürür - tədbir TDT-nin təhlükəsizlik gündəliyini müəyyənləşdirən tarixi mərhələ kimi yadda qalır. Bu istiqamətdə əməkdaşlıq həm siyasi həmrəylik, həm də strateji sabitliyin təməl daşıdır.

Strateji nəqliyyat koordinasiyası: Türk dünyasının tranzit gücü

TDT çərçivəsində iqtisadi və logistika əməkdaşlığı da təşkilatın gələcək möhkəmlənməsinin əsas dayaqlarından biri sayılır. Türk dünyası coğrafiyası - Orta Asiyadan Qafqaza, Anadoludan Avropaya qədər uzanan geniş bir xəritədir və bu ərazidə nəqliyyat, kommunikasiya, enerji və ticarət dəhlizləri baxımından nəhəng potensial mövcuddur. Azərbaycan bu kontekstdə əsas tranzit və inteqrasiya mərkəzidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz TDT ölkələrinin iqtisadi əlaqələrinin genişlənməsi üçün real körpü rolunu oynayır. Bakı - Tbilisi - Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Limanı və “Ələt” Azad İqtisadi Zonasının fəaliyyəti təkcə regionun deyil, Avrasiyanın ticarət xəritəsini yenidən formalaşdırır. Prezident İlham Əliyev Zirvə toplantısındakı çıxışında bildirib ki, nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir. Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib”.

Zəngəzur dəhlizi (TRİPP): inteqrasiyanın əsas rəmzi, yeni strateji sütunu və vahid güc simvolu

TDT-nin ən əhəmiyyətli dayaq sütunlarından sayılan nəqliyyat-logistika üstünlüyünün mərkəzində Orta Dəhliz dayanır. Bu marşrut Çin və Mərkəzi Asiya ölkələrindən başlayaraq Xəzər dənizi üzərindən Azərbaycan və Türkiyə vasitəsilə Avropaya çıxışı təmin edir. Orta Dəhlizin effektiv fəaliyyəti həm TDT-nin iqtisadi potensialını gücləndirir, həm də Qərb ilə Asiya arasında etibarlı alternativ ticarət yoluna çevrilir. Azərbaycan bu dəhlizin inkişafı üçün rəqəmsal gömrük sistemlərini, enerji və logistika infrastrukturunu yeniləyir. Ölkəmiz həmçinin TDT-nin digər üzvləri - Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə ilə multimodal daşımalar və gömrük əlaqələrinin unifikasiyası sahəsində əməkdaşlıq edir. Artıq reallaşması istiqmətində heç bir sual qalmayan Zəngəzur dəhlizi (TRİPP) isə bu iqtisadi körpünün əsas seqmenti qismindlə çıxış edəcək. Qeyd edək ki, bu ilin avqustunda reallaşan Vaşinqton Zirvəsində təsdiqlənən Zəngəzur dəhlizi (TRİPP) layihəsi Türk dünyasının birliyinin yeni simvoluna çevrilməkdədir. Bu dəhliz yalnız coğrafi bağlantı deyil, həm də siyasi və mənəvi inteqrasiyanın təzahürü sayılır. Dəhlizi Azərbaycanın əsas təşəbbüsü kimi ortaya çıxaraq, Türkiyə ilə Orta Asiya arasındakı quru bağlantını bərpa edir. Bu, həm TDT-nin fiziki inteqrasiyasını təmin edir, həm də qlobal enerji, ticarət və təhlükəsizlik sistemlərində Türk dünyasının rolunu artırır. Azərbaycan Prezidenti toplantıdakı çıxışında vurğulayıb ki, Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir: “Sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Ölkəmiz bu məqsədlərin qlobal səviyyədə təmin edilməsində fəal rol oynayır”.

Bəli, bu dəhliz təhlükəsizlik prizmasından da strateji dəyərə malikdir. Çünki o, TDT-nin iqtisadi-siyasi birliyinin təminat mexanizmini gücləndirir. Bu dəhliz həm də Türk dövlətlərinin öz resurslarını, məhsullarını və enerjisini xarici təsirlərdən asılı olmadan bir-birinə çatdıra bilməsi anlamına gəlir. Zəngəzur dəhlizi (TRİPP) Türk dünyasının gələcək inteqrasiyasının əsas rəmzi, yeni strateji sütunu və vahid güc simvolu kimi çıxış edir.

“Yaşıl enerji” dəhlizi: Türk dünyasının yeni imici və qlobal enerji təhlükəsizliyindəki yeri

Dünyada qlobal təşəbbüslərin müəllifi kimi tanınan Azərbaycan bütövlükdə Türk dünyasının qarşısında yeni üfüqlər açır - məsələn, TDT-nin gələcək inkişaf istiqamətlərindən biri kimi mahiyyət daşıyan “yaşıl enerji” və ekoloji sabitlik sahəsindəki əməkdaşlıq özündə vacib məqamları birləşdirir. Müasir dövrdə enerji təhlükəsizliyi anlayışı ənənəvi enerji ilə yanaşı həm də bərpa olunan mənbələrə əsaslanan “yaşıl” prioritetə söykənir. Bu mənada, Orta Asiya, Azərbaycan və Türkiyənin Avropaya qədər uzanan “yaşıl enerji” dəhlizi üzərində birgə fəaliyyəti qlobal əhəmiyyət kəsb edir. Layihə Avropaya yaşıl elektrik enerjisinin ötürülməsini nəzərdə tutur. Bu təşəbbüs həm regionun enerji ixrac imkanlarını genişləndirir, həm də TDT-nin beynəlxalq səviyyədə ekoloji məsuliyyətli tərəfdaş imicini möhkəmləndirir. Prezident çıxışında bildirib ki, Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir: “Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək. Hazırda biz Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində işləyirik”.

Azərbaycan bu prosesdə lider mövqedədir. Ölkəmiz arıtq bir neçə ildir ki, “yaşıl enerji zonaları” konsepsiyasını həyata keçirir, Xəzər dənizi sahilində külək və Günəş enerjisi layihələri reallaşdırır. Bu təcrübə TDT-nin digər üzvləri üçün flaqman modelidir. Türk dünyasının enerji əməkdaşlığı həm də Avropanın enerji təhlükəsizliyində balans yaradan yeni mexanizmə çevrilə bilər. Çünki yaşıl enerji dəhlizi bir tərəfdən karbon emissiyalarını azaldır, digər tərəfdən isə Türk dövlətlərinin enerji bazarında payını artırır. Bu istiqamət TDT-nin gələcək inkişaf strategiyasının “yaşıl diplomatiya” xəttini müəyyənləşdirir. Yəni Türk dünyası artıq təkcə mədəni və hərbi birliyə deyil, enerji, ekoloji və texnoloji əməkdaşlığa əsaslanan müasir birlik modelinə çevrilir.

Strateji təmərküzləşmədə yeni mərhələ: həmrəylikdən qlobal aktor statusuna doğru...

Beləliklə, Qəbələ Zirvəsi göstərdi ki, Türk Dövlətləri Təşkilatı artıq sadəcə mədəni və tarixi ortaq dəyərlər birliyi deyil, həm də qlobal proseslərdə aktiv mövqe tutan siyasi və iqtisadi güc mərkəzidir. Bu mərhələdə TDT-nin qarşısında duran vəzifələr yalnız inteqrasiya deyil, həm də dünya siyasətində öz yerini müəyyənləşdirmək, beynəlxalq münasibətlər sistemində tarazlaşdırıcı faktor kimi çıxış etməkdir. Müdafiə və təhlükəsizlik sahəsində birgə addımlar, nəqliyyat və enerji dəhlizlərinin genişlənməsi, yaşıl enerji layihələri və rəqəmsal iqtisadiyyat istiqamətində əməkdaşlıq Türk dünyasının gələcək strateji xəttini formalaşdırır. Zəngəzur dəhlizi (TRİPP, Orta Dəhliz və Yaşıl Enerji Qovşağı kimi təşəbbüslər yalnız iqtisadi layihələr deyil, həm də vahid türk strateji məkanının rəmzləridir. Türk Dövlətləri Təşkilatı yeni dövrün reallıqları fonunda həmrəyliyin, qarşılıqlı etimadın və strateji əməkdaşlığın unikal modelinə çevrilir. Qəbələ Zirvəsi isə bu modelin siyasi manifesti kimi Türk birliyinin gələcək mərhələsinə istiqamət verir - vahid güc, vahid vizyon, vahid gələcək prinsipi ilə.

Pərviz SADAYOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Oktyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstanda etiraz dalğası çevrilişin elementlərini meydana gətirə bilər ŞƏRH

07 Oktyabr 2025 18:20see322

Kişi xoşbəxtliyi bu yaşda pikə çatır Alimlər

07 Oktyabr 2025 18:53see218

Nəticəsiz işə “yenilik” demək ayıbdır... Ekspertdən AYNA ya sərt reaksiya

08 Oktyabr 2025 15:59see203

Bakı yenidən qurulur Söküntü olacaq

08 Oktyabr 2025 00:14see177

Manat əmanəti hansı bankda sərfəli deyil? ADLAR

07 Oktyabr 2025 23:52see165

Azərbaycandan qaça bilmiş separatçı general “FSB“ generalıyla əməkdaşlıq edərək onun Paşinyanın yerinə namizədliyini dəstəkləyəcək... “CivilNet“

07 Oktyabr 2025 18:36see148

Hadise saxlanılmasından danışıb ağladı Həyatımda ilk dəfə dəhşət içində oyandım VİDEO

09 Oktyabr 2025 01:25see138

“36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər” FOTO

08 Oktyabr 2025 01:19see137

Makron pis vəziyyətə düşdü Parlamenti buraxır

08 Oktyabr 2025 06:15see133

Ofelyaya əri bahalı maşın ALDI

08 Oktyabr 2025 18:46see132

Ata olmaq istəyənlərin nəzərinə! Bu vərdişlərdən uzaq durun...

08 Oktyabr 2025 07:07see129

“Kristal Pelas” öz rekordunu yenilədi!

07 Oktyabr 2025 18:23see129

Avtobus sürücüləri AYNA dan şikayətçidir VİDEO

07 Oktyabr 2025 23:50see129

Meloni məhkəməyə verildi

08 Oktyabr 2025 01:14see124

Qəzzada Türkiyənin mövqeyi nəzərə alınmadan sülh mümkün deyil

08 Oktyabr 2025 18:55see123

İsrail və HƏMAS sülh planı ilə bağlı tarixi razılaşma imzaladı

09 Oktyabr 2025 04:12see121

Payızda ailəvi tətillər üçün ən yaxşı beş şəhər

09 Oktyabr 2025 10:37see121

Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

09 Oktyabr 2025 03:03see120

İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...

09 Oktyabr 2025 04:06see118

Rusların Baxmutdakı qərargahını məhv edilib...

08 Oktyabr 2025 18:11see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri