Qələmsiz yazılanlar Rəşad Məcidin status esseləri
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini
Tarixi gün!
"Bölgəmizə dayanıqlı sülh gəlib"
Tarix yaradan Prezident İlham Əliyev.
lll
Kağız kitablarla təmasda olanda nəfəs dərməyə, oxuduqlarının dərin qatlarına varmağa imkan və vaxt olur. Arada dayanırsan, ya səhifəni qatlayır, ya əlfəcindən istifadə edirsən, cümlələrin səni aparıb çıxardığı məkanda xəyalən gəzib-dolaşırsan, müəlliflə polemikaya girirsən. Çağdaş texnologiyaların gətirdiyi populyar formalarda, elektron kitablarda bunları etmək çətin olur; ya çaparaq nəyəsə nəzər yetirib keçib gedirsən, ya uzun çıxış və müsahibə videolarında kitabların yaratdığı kimi gəzişmələrə, dayanmalara, nəfəs dərmələrə, düşüncələrə ümumiyyətlə imkan olmur. Qaçaraq aldığın informasiya elə həmin sürətlə də unudulub gedir, itib-batır. Kitabın vacib və önəmli üstünlüyü oxunanların yaddaşa möhkəm yazılmasındadır, məncə. Amma indi bu nə qədər vacibdir? Biliyin və düşüncənin dərinliyi kiməsə lazımdırmı? Əlüstü yeyilən təamlar mədəni müvəqqəti sakitləşdirdiyi kimi, qaçaraq informasiyalar da beyini aldadıcı qidalandırır, düşünmə tənbəlliyi, xaotik ovqat yaradır. Gileylənmək, özünü aşağı görmək, az qala, bəzi insanların vərdişinə çevrilib. Bu insanlar tez-tez müxtəlif qüsurları qabardır və bəzən "niyə bizdə filosoflar, sosioloqlar, fikir, düşüncə adamları yoxdur?" deyib təəssüflənirlər. Son zamanlar tez-tez vərəqlədiyim, oxuduğum və məni dərin düşüncələrə sövq edən iki kitab var. Onlardan biri Fazil Mustafanın bu il işıq üzü görən "Azərbaycan: qaranlıq keçmişdən aydınlıq tarixə" kitabı, digəri isə yazıçı İlqar Fəhminin Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2023-cü ildə çap olunan "Şərq arxetipləri" əsəridir. Vaxtaşırı hər iki kitaba yenidən nəzər salıram və qürur duyuram ki, bizim dərin fəlsəfi düşüncəyə malik belə iki fikir adamımız var. Fazil Mustafa hadisələrə daha çox siyasətçi-filosof gözüylə baxırsa, İlqar Fəhmi ədəbiyyat adamı, incəsənət xadimi mövqeyindən yanaşır. Fazil Mustafanın kitablarında bəzən mübahisəli məqamlar yer alsa da, bəzi oxucular bu fikirlərlə razılaşmasalar da, yaxud müəyyən qütblərin təsiri altında olanlar orada qüsurlar axtarsalar da, fikrimcə, onun qənaətləri realist, doğru və ədalətlidir. Fazil bəyin baxışları ilə bu kitabdan öncə də tanış idim. Çox zaman da fikirlərimiz üst-üstə düşür. Onun Azərbaycan tarixində baş verən hadisələrə, xüsusilə Səfəvilərə, Şah İsmayıla, Nadir Şaha münasibəti fərqlidir və hesab edirəm ki, bu, olduqca vacib və polemikaya açıq mövzulardır. Eyni zamanda, Fazil bəy Gülüstan və Türkmənçay müqavilələrinə də özünəməxsus yanaşır. "Əgər bu müqavilələr olmasaydı, Azərbaycan harada idi? Biz harada idik?" kimi sualları gündəmə gətirir. Onun kitabı sitatlarla zəngindir, müəllif qənaətlərini əsaslandırmaq üçün ayrı-ayrı alimlərin və mütəfəkkirlərin fikirlərinə istinad edir. Məsələn, Cəfər Cabbarlının Mirzə Fətəli Axundzadə haqqında yazdığı məqaləsindən gətirdiyi sitat mənim üçün yeni və düşündürücü idi: "Çar Rusiyasının etdiyi ən faydalı iş bizi Osmanlı sünni şəriətindən və İran şiə şəriətindən qurtarmaq olmuşdur". Fazil bəy "Bizim İslamsonrası tariximiz sünnilik adı altında ərəb, şiəlik adı altında fars irqçiliyinə könüllü köləlikdən başqa bir şey olmayıb" deyərək, bəzilərinin xoşuna gəlməyəcək, topa tutacağı cəsarətli fikirlər səsləndirir. O, bir siyasətçi kimi hadisələrə hədsiz realist və soyuqqanlı qiymət verir. Azərbaycan Respublikasının Şərqi Zəngəzur, Qarabağın işğaldan azad edilmiş hissələri və Qazaxın kəndləri ilə ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini "Bütöv Azərbaycan"ın bərpası kimi qiymətləndirir və gələcəyimiz üçün dövlətimizin möhkəmləndirilməsinin vacibliyini əsas təməl olaraq qeyd edir. Qonşu ölkələrdə yaşayan soydaşlarımızla bağlı populist, reallıqdan uzaq fikirlərə də soyuqqanlı yanaşır: "İranda yaşayan Azərbaycan türkləri demokratik və federativ İran mərkəzli düşüncəyə, Gürcüstanda yaşayan Azərbaycan türkləri isə demokratik və bütövləşmiş Gürcüstan Respublikası mərkəzli düşüncəyə yönəldilməlidir". Fazil bəyin fikrincə, bu gün çağdaşlıq milli ideologiyanın əsasını təşkil etməlidir. O öz təfsirində çağdaşlığın nə olduğunu izah edir və bu ideyaya aydınlıq gətirir. Fikrimcə, kitabda yer alan üstüörtülü və ehtiyatla səsləndirilən fikirlər daha açıq və aydın şəkildə müzakirələrə çıxarılmalı, cəmiyyətin ziyalı təbəqəsi bu fikirlərlə yaxından tanış olmalıdır. Azərbaycanın çağdaşlaşması ideyası barədə Fazil bəyin arqumentləri ətrafında düşünülməli, dinçi, xürafatçı, cahil kəsimin populist şüarlarının məğzi, mahiyyəti, vurduğu ziyan aydın çatdırılmalıdır. İlqar Fəhminin vaxtaşırı nəzər saldığım kitabında da məni heyrətləndirən məqamlar çoxdur. O, yazıçı və incəsənət adamı kimi muğama, klassik poeziyaya dərindən bələddir, bu kontekstdə xalqımızın arxetiplərini araşdırır. Qəzəl və nərd oyununun xalqın düşüncə tərzinə necə sirayət etdiyini və ya əksinə, düşüncə tərzimizin bunların yaranmasında rolunu maraqlı şəkildə təqdim edir, düşündürücü qənaətlərə gəlir. Eyni zamanda, teatr və səhnə sənətinə münasibətimizin niyə avropalılar kimi deyil, soyuq və etinasız olduğunu, bunun əvəzində toy-düyün və dini mərasimlərə kütləvi şəkildə qatılmağımızın səbəblərini inandırıcı arqumentlərlə izah edir. Müəllif "atalar və oğullar" problemini Avropa ilə müqayisə edərkən bizim cəmiyyətimizdə nədən daha çox "gəlin-qayınana" konfliktinin qabarıq olduğuna da maraqlı yozum verir.
Hər iki kitabı birləşdirən ümumi cəhət düşünməyə vadar etməsidir. Altşüurumuzda bizi narahat edən, nigaran qoyan, danışılmasını yasaqladığımız mövzuları müəlliflər qıcıqlandırıcı və cəsarətli fikirlərlə gündəmə gətirərək beynimizi silkələyirlər. Həqiqət isə belə silkələnmələrdən sonra ortaya çıxır. Fikrimcə, hər iki düşüncə adamımızın bu əsərləri daha geniş müzakirəyə çıxarılmalıdır. Hətta ürəyimdən belə bir fikir keçir ki, hər iki kitabda toxunulan ortaq mövzular ətrafında Yazıçılar Birliyində Fazil Mustafa və İlqar Fəhminin iştirakı ilə müzakirə təşkil edək, mütəxəssislərlə, fikir adamlarıyla, ziyalılarla açıq diskussiya şəraitində fikir mübadiləsi aparaq. Əsas məqsəd onların fikirlərini ictimaiyyətə daha çox çatdırmaqdır. İnsanların kitabdan, mütaliədən və ümumiyyətlə düşünməkdən uzaqlaşdığı bir dövrdə, düşüncə adamlarının vacib fikirlərinə marağın artırılması üçün bütün vasitələrdən istifadə olunmalıdır. Bu günlərdə bir alim xanımın Mirzə Fətəli Axundzadədən tutmuş bir sıra mütəfəkkir-maarifçilərimizi ucdantutma qaralayan fikirlərinin şahidi oldum. Fikrimcə, bu cür anormal yanaşmalara qarşı məhz Fazil Mustafa və İlqar Fəhmi kimi düşüncə adamlarımızın soyuqqanlı və ağıllı fikirləri ilə cavab verməliyik.
lll
"Dəhşətli", "misilsiz", "dahiyanə", "şok", "möhtəşəm"... və bu kimi sözlərdən tez-tez, yeri gəldi-gəlmədi istifadə etməkdən çəkinək.
Sözlərin mahiyyəti və sanbalı itir.
lll
Çox yatanları başa düşmürəm.
lll
Peşəkar və istedadlı insanlar hay-küydən, çığır-bağırdan uzaq olurlar. Qara-qışqırıq salanlar istedadsızlar, nəyisə zorla əldə etmək istəyənlərdir.
lll
Təfriqə, ikitirəlik salmağa çalışmayın.
Barışdırıcılıq indi ən vacib keyfiyyətdir.
lll
Hər həftə Qarabağa köç xəbərlərini eşitmək qürurvericidir.
lll
Heç kim özün dartmasın. Hamımız kiçik zərrəciklərik.
lll
Qaçaqaç həyat düşünməyə imkan vermir.
lll
Şəkil paylaşmaq və statusları bəyənmək də dəbdən düşəcək.
lll
İçində Günəş yoxdusa... hara gedirsən get, qaranlıq və qaramat səni tərk etməyəcək.
lll
III Şuşa Qlobal Media Forumunda müasir media tendensiyaları barədə çox maraqlı müzakirələr keçirilir.
"Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi" mövzusunda panelin moderatoru beynəlxalq xəbər aparıcısı və jurnalist Nadira Tudor sözünün əvvəlində dedi ki, jurnalistika həm də şövq tələb edən peşədir. Həmişə mənim də dediyim və təqdir etdiyim bu fikir az sonra əyani şəkildə öz təsdiqini tapdı. Panel çərçivəsində bizim "AnewZ" telekanalının "Təyinat: Şuşa, Azərbaycan" sənədli filminin təqdimatında bu şövq məsələsini bir daha xatırladım. Filmin aparıcısı Fred Nəqqaş Şuşa haqqında elə şövqlə, elə ürəkdən danışırdı ki, onun bu enerjisinin həmsöhbətlərinə də sirayət etdiyinin şahidi oldum. Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, Yusif Eyvazov, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova və başqa həmsöhbətlərin danışığındakı şövq, enerji izləyiciləri də əməlli-başlı ovsunlamışdı.
İki gündür Şuşadayıq, amma mən Şuşanı ən dərin şəkildə məhz bu filmə baxarkən hiss elədim. Hətta bir neçə yerdə bərk təsirləndim, gözlərim yaşardı. Sənətin böyüklüyü də elə budur: reallığı bədii təsvirlərlə, obrazlı dildə, böyük sənətkarlıqla çatdırmaq bacarığı.
Mən Rüfət Həmzəyev başda olmaqla "AnewZ" telekanalının əməkdaşlarını və filmin yaradıcı heyətini təbrik edirəm. Onlar bu film üzərində çox böyük sevgi ilə işləyiblər. Filmin ingilis dilində təqdimatını edən Orxan Amaşov da eyni enerji ilə, şövqlə bu işin öhdəsindən gəldi. Düşünürəm ki, "AnewZ"da jurnalistikanı sevən və ona şövqlə yanaşan kollektiv çalışır.
Yeri gəlmişkən, qeyd edim ki, bu günlər Mətbuat Şurası ilə "Azərbaycan Dəmir Yolları" idarəsinin keçirdiyi müsabiqədə də birinci yerin qalibləri sırasında bu kanalın əməkdaşlarının çəkdiyi video sujet də vardı. Birmənalı olaraq münsiflər bu işi ən yaxşı sujet kimi qiymətləndirmişdilər.
Mən mətbuatımızda ingilisdilli belə bir kanalın varlığına sevinir və onları ürəkdən təbrik edirəm.
lll
Romantika bitib...
lll
Sosial medianı susdurmaq istəyi müasir Don Kixotluqdur.
Mümkünsüzdür.
lll
Qərəzli olanda, həqiqəti təhrif edəndə gözdən düşürsən. Getdikcə sənə inam azalır. Bir gün gəlir, doğru sözünə də inanmırlar.
"Yalançının evi yandı, heç kim inanmadı" məsəlində olduğu kimi.
Etibarınızı qoruyun, eviniz yanar.
lll
Bütün təzələr sürətlə köhnəlir.
lll
Xurafat qoxusu gələn hər şeydən uzaq durun.
lll
İnam qələbənin yarısıdır.
lll
"Qarabağ"a inanırıq!
lll
Feysbuku yüngül və şou xəbərlərdən necə xilas etməli?
lll
Elçin müəllim zəngin ədəbi irs qoyub getdi. Romanları, hekayələri, ədəbi-tənqidi, publisistik yazılarıyla yaddaşımızda, dünyagörüşümüzdə silinməz izlər buraxdı.
Elçin müəllimsiz nəfəs aldığımız bu ilk qüssəli axşamda böyük sənətkarın əsərlərini yada saldım. Və nədənsə, 2021-ci ilin mart ayında Şuşa barədə yazdığı bu kövrək "Şuşanın dağları başı dumanlı" yazısını bölüşmək istədim.
Ruhu şad olsun!
lll
"Report" İnformasiya Agentliyinin müxbiri Vüsalə Abbasovanın ABŞ Prezidenti Donald Trampa sualı ətrafında söz-söhbətlər üzücüdür. Hesab edirəm ki, bu günlərdə baş verən hadisələrin, Birləşmiş Ştatların paytaxtında imzalanmış və Azərbaycan adına böyük uğur olan sənədlərin fonunda belə bir durumun müşahidə edilməsi yolverilməzdir, tarixi proseslərin böyüklük miqyasına adekvat deyil.
Görünür, bəziləri Vaşinqtonda imzalanmış sənədlər ətrafında müzakirə aparmaqdansa, ölkəmizin böyük uğurundan söz açmaqdansa, diqqəti tamam başqa səmtə yönəltməyə, əslində isə ictimaiyyəti başlıca mahiyyətdən uzaq tutmağa, gündəmi dəyişməyə, daha doğrusu, fərqli gündəm formalaşdırmağa çalışırlar.
Azərbaycan Mətbuat Şurası olaraq tövsiyə edirik ki, media orqanlarımız, jurnalistlərimiz həmin olaylar müstəvisindəki hansısa xırda məsələlərə köklənib intriqa yaratmaqdan çəkinsinlər, ölkəmizin adı ilə bağlı ciddi reallıqlara nəzər salsınlar. Hesab edirəm ki, indiki məqamda bu, təkcə peşə borcunu yerinə yetirmək yox, eyni zamanda, hər bir qələm sahibinin özünün özünə verdiyi qiymətdir.
Onu da deyim ki, Azərbaycan jurnalistikasında həmişə həmkar təəssübkeşliyi olub. Gəlin, bir-birimizə təəssüb hissi ilə yanaşaq ki, sonradan təəssüflənməyək.

