Qərb üçün 80 illik sülh dövrü artıq bitir: NATO Rusiya ilə savaş ili nə girir
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şərqi Avropa ölkələrindəki müharibə xofu, NATO-nun sərt mövqeyi və Rusiyanın açıq təhdid ritorikası ümumiləşdirildikdə, bu, qarşılıqlı etimadsızlığın artıq hərbi təhlükə həddinə çatdığını göstərir... Belə anlaşılır ki, əgər, Avropa Birliyi savaşa məcburi hazırlıq və diplomatiya arasında balansı tapa bilməzsə, müharibə ehtimalı siyasi ritorikadan, daha real ssenariyə çevrilməyə başlayacaq...
Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Qərb siyasi dairələrinin qənaətinə görə, Avropa qitəsi genişmiqyaslı və dağıdıcı müharibə astanasındadır. Ona görə də, Polşa bu barədə xəbərdarlıqlar edərək, Avropa Birliyi ölkələrini Rusiya ilə uzunmüddətli savaşa hazırlaşmağa çağırıb. NATO-nun hərbi-siyasi rəhbərliyi isə yaxınlaşan müharibə təhlükəsinə adekvat olaraq, öz davranışlarını sərtləşən xətt üzrə radikallaşdırır.
Onu da qeyd etmək lazımdır ki, Macarıstanın baş naziri Viktor Orbanın son açıqlamaları Avropa qitəsində yaranmaqda olan təhlükəsizlik böhranının dərinliyini açıq şəkildə üzə çıxarır. Onun fikrincə, İkinci Dünya Müharibəsindən sonra Avropada təxminən 80 il davam edən nisbi sülh dövrü artıq sona yaxınlaşır. Və Avropa Birliyinin aparıcı siyasi elitaları qitəni tədricən yeni müharibə reallığına sürükləyirlər.
Macarıstan baş nazirinin xəbərdarlıq ritorikasında əsas diqqət Avropa Birliyi daxilində yaranmış ideoloji və siyasi parçalanmaya yönəldilir. Belə ki, Viktor Orban Avropa Birliyini artıq iki əsas düşərgə - “müharibə partiyası” və “sülh partiyası” kimi xarakterizə edir. Və bu, o deməkdir ki, "qoca qitə" ölkələri arasında həm maraq toqquşmaları, həm də hərbi-strateji hədəf ziddiyyətləri artıq Avropa Birliyinin dağılma təhlükəsinə qədər inkişaf edib.
Macarıstan liderinin əsas arqumentinə görə, birinci düşərgə Ukrayna müharibəsi fonunda hərbi eskalasiyanı açıq şəkildə təşviq edir. Bu qütbün təmsilçiləri Rusiyaya qarşı daha sərt hərbi-siyasi addımların tərəfdarıdır və NATO-Rusiya qarşıdurmasını faktiki olaraq, stimullaşdırır. Baş nazir Viktor Orbanın Macarıstanı da aid etdiyi ikinci düşərgə isə bu təhlükəli siyasi-ideoloji kursun Avropa qitəsini birbaşa dağıdıcı müharibəyə aparacağı qənaətindədir və hərbi eskalasiyanın qarşısını almağa çalışır.
Burada xüsusilə də, əsas diqqət çəkən məqam Viktor Orbanın 2025-ci ili “Avropada sülhün son ili” kimi xarakterizə etməsidir. Bu ifadə sadəcə, emosional xəbərdarlıq deyil. Əksinə, Avropanın ənənəvi təhlükəsizlik arxitekturasının artıq dağılmasına, siyasi-diplomatik kanalların tədricən qapanmasına və müharibənin “idarəolunan risk” kimi qəbul olunmasına paralel olaraq, səsləndirilən strateji xəbərdarlıq mesajıdır.
Ancaq Viktor Orbanın sülh çağırışları Avropanın bütün paytaxtlarında eyni cür qəbul edilmir. Xüsusilə də, Şərqi Avropanın "ön cəbhə" təmsilçiləri - Polşa, Baltikyanı ölkələr, Çexiya və Skandinaviya dövlətləri Rusiyanı birbaşa və ən real hərbi təhlükə mənbəyi kimi qiymətləndirir. Və məhz rəsmi Varşavanın mövqeyi bu baxımdan, daha sərt, prinsipial xarakter daşıyır.
Çünki Polşa rəsmiləri indiyə qədər artıq dəfələrlə bəyan ediblər ki, Ukraynanın hərbi məğlubiyyəti yalnız rəsmi Kiyev deyil, bütün Avropa üçün olduqca fəlakətli nəticələr doğura bilər. Bu ölkənin təhlükəsizlik konsepsiyasına görə, əgər, Rusiya Ukraynada dayandırılmasa, növbəti mərhələdə NATO-nun şərq cinahına, xüsusilə də, Baltikyanı regionuna və Polşaya hərbi təzyiqlər artacaq. Bu yanaşma tərzi əslində, tarixi yaddaşla da möhkəmlənir. Və Polşa siyasi elitası Rusiyanı yalnız geopolitik rəqib deyil, həm də ölkənin mövcudluğuna ən real təhlükə kimi qiymətləndirir.
Ümumiyyətlə isə Şərqi Avropa ölkələrinin əsas arqumentinə görə, Rusiyanın sərt ritorikası və hərbi modernləşmə cəhdləri, Kremlin Avropaya qarşı aqressiv niyyətlərin hələ də dəyişmədiyini göstərir. Məhz bu səbəbdən də, Şərqi Avropa ölkələri Macarıstan baş naziri Viktor Orbanın “sülh partiyası” təqdimatını təhlükəli sadəlövhlük hesab edirlər. Onların qənaətinə görə, macar liderin mövqeyi hazırda sülh narrativlərindən daha çox Kremlin geostrateji maraqlarına xidmət təsiri bağışlayır.
Maraqlıdır ki, Şərqi Avropa ölkələrinin yanaşma tərzi NATO-nun da rəsmi mövqeyinə paralellik təşkil edir. Bu hərbi-siyasi alyansın baş katibi Mark Rutte son açıqlamalarında Rusiyanı birmənalı şəkildə Avropa-Atlantik təhlükəsizlik sisteminə əsas və uzunmüddətli təhdid kimi xarakterizə edib. Mark Rutte açıq şəkildə vurğulayıb ki, NATO müharibə istəmir, ancaq Rusiyanın hərbi təhdid siyasətinə qarşı zəiflik nümayiş etdirmək, Avropa qitəsini daha böyük təhlükə ilə üzləşirə bilər.
Məsələ ondadır ki, NATO baş katibi hesab edir ki, hərbi müdafiə xərclərinin azaldılması deyil, əksinə, məhz daha da artırılması sülhü qorumağın yeganə yoludur. Bu baxımdan, NATO-nun hərbi büdcəsinin artırılması, şərq cinahında daimi hərbi mövcudluğun genişləndirilməsi və Ukraynaya dəstəyin davam etdirilməsi zəruri addımlar kimi təqdim olunur. NATO bununla mesaj verir ki, Rusiyanın yalnız güc balansını gördükdə geri çəkilə bilər. Və bu yanaşma tərzi Viktor Orbanın müdafiə etdiyi “eskalasiyanın azaldılması” strategiyası ilə ciddi ziddiyyət təşkil edir.
Maraqlıdır ki, Rusiyanın NATO üzvü olan Avropa ölkələrinə hərbi zərbələr endirə biləcəyini təsdiqləyən açıqlama Kremldən verilib. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son açıqlamaları klassik siyasi-diplomatik ritorikadan daha çox, sərt hərbi təhdid məntiqinə əsaslanır. Çünki, o, Rusiyanın hücum niyyətinin olmadığını vurğulasa da, Kremlin hər hansı hərbi təcavüzə “sarsıdıcı cavab” verəcəyini açıq şəkildə bəyan edir.
Digər tərəfdən, nə qədər qəribə də olsa, Sergey Lavrov Rusiyanın “təhlükə mənbəyi” kimi təqdim edilməsini reallığın təhrif edilməsi adlandırır. Üstəlik, rus diplomat Qərbi məsuliyyətdən yayınmaq cəhdində də ittiham edir. Onun fikrincə, məhz başqa ölkələrin ərazilərinə müdaxilə edərək, müharibə başladan tərəflər indi özlərini “mühasirədə olan qala” kimi göstərirlər. Və bu təhdidkar açıqlama Rusiyanın NATO və Avropa paytaxtlarına açıq xəbərdarlıq xarakteri daşıyır.
Beləliklə, Avropa Birliyi faktiki olaraq, iki təhlükəsizlik fəlsəfəsi arasında sıxılaraq, qalmış kimi görünür. Yəni, bir tərəfdə Macarıstanın da yer aldığı və hərbi eskalasiyanın Avropanı müharibəyə sürüklədiyini iddia edən xətt mövcuddur. Digər tərəfdə isə Polşa, Baltikyanı ölkələr və NATO rəhbərliyinin irəli sürdüyü, Rusiyanı yalnız güc yolu ilə cilovlamağın mümkün olduğu barədə tezis ön plandadır.
Ona görə də, bu siyasi-ideoloji qarşıdurma Avropa Birliyinin daxili birliyini də sarsıdır. Enerji böhranı, sosial narazılıqlar, sağ-populist qüvvələrin yüksəlişi və iqtisadi yavaşlama fonunda müharibənin uzanması Avropanın öz daxili sabitliyini risk altına qoyur. Və belə şəraitdə "qoca qitə" üçün indi sülhün son ili, yoxsa yeni təhlükəsizlik arxitekturası mövzuları üzrə mübahisələr olduqca aktualdır.
Halbuki, macar liderin əminliyinə baxmayaraq, 2025-ci ilin “Avropada sülhün son ili” olub-olmayacağı hələlik cavabı qeyri-müəyyən sualdır. Ancaq artıq aydındır ki, Avropa təhlükəsizlik sistemi dərin transformasiya mərhələsinə daxil olub. Viktor Orbanın xəbərdarlıqları, Şərqi Avropa ölkələrində yaşanan müharibə xofu, NATO-nun sərt mövqeyi və Rusiyanın açıq təhdid ritorikası ümumiləşdirildikdə, qarşılıqlı etimadsızlığın artıq hərbi təhlükə həddinə çatdığı görünür.
Belə anlaşılır ki, əgər, Avropa Birliyi savaşa məcburi hazırlıq və diplomatiya arasında balans tapa bilməzsə, müharibə ehtimalı siyasi ritorikadan, daha real ssenariyə çevrilə bilər. Bu halda, Avropada "80 illik sülh dövrü"nün istisna kimi deyil, məhz qısa tarixi fasilə kimi xatırlanma ehtimalı da mövcuddur. Və bu, o deməkdir ki, müharibə təhlükəsinə hazırlıqsız yaxalanan "qoca qitə" ölkələri mövcud situasiyada necə davranmaq barədə təsəvvürlərdən bir xeyli uzaqdırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 29 Dekabr 2025 00:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















