Qəza törədən “BMW”nin sürücüsü ilə bağlı qərar çıxarıldı
Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ali Məhkəmədə yol qəzası törətməkdə təqsirləndirilən Turqay Hüseynovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 31 dekabr 2023-cü il tarixdə, saat 00:10 radələrində Suraxanı rayonu, H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, Turqay Hüseynov idarə etdiyi “BMW” markalı avtomobil ilə hərəkətdə olarkən qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan “Azsamand” markalı maşını arxadan vurub. Nəticədə “Azsamand”ın sürücüsü Kamil Nəcəfov hadisə yerində ölüb.
Hadisədən sonra Turqay Hüseynov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdi.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti təmin edilməyib, dövlət ittihamçısının apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti qismən təmin olunub. Belə ki, Suraxanı Rayon Məhkəməsinin çıxardığı cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası dəyişdirilib. Turqay Hüseynov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il 3 ay müddətinə azadlıdan məhrum edilib. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilib.
KamalMəmmədov


