Qılınclarla rəqs Mixail Vellerin hekayəsi
Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mixail İosifoviç Veller 1948-ci ildə Ukraynada doğulub. Uşaqlıq və yeniyetməlik dövrü Sibirdə keçib. Orta məktəbi qızıl medalla bitirib. 1972-ci ildə Leninqrad Dövlət Universitetinin filologiya fakültəsindən məzun olub. Ömrü boyu otuza yaxın peşə və sənətdə özünü sınayıb: tayqada meşəqıranlıq, Altay dağlarında çobanlıq, ali təhsilini başa vurandan sonra isə jurnalistlik və müəllimlik fəaliyyəti də bunların sırasına daxildir.
İlk hekayəsi 1971-ci ildə, “Süpürgəçi olmaq istəyirəm” adlı ilk kitabı isə 1983-cü ildə işıq üzü görüb. Maraqla qarşılanan bu kitabın ardınca yazarın daha üç nəsr toplusu çıxıb: “Ürəkləri parçalayan” (1988), “Hekayət texnologiyası” (1989) və “Bir məşhur ilə görüş” (1990).
Sonradan məşhur qələm sahiblərinə çevriləcək İosif Brodskinin və Sergey Dovlatovun əsərlərini SSRİ-də ilk dəfə məhz o, həm də Estoniyada çalışdığı mətbuat orqanlarının səhifələrində çap etdirməyə nail olub.
Yazarın sonrakı “Mayor Zvyaginin sərgüzəştləri” (1991) və “Neva prospektinin əfsanələri” (1993) kitabları isə öz dövrü üçün əsl bestsellerə çevrilib.
Onun “Sergey Dovlatovun cib bıçağı” (1994) adlı mini-romanı və “Pizalı çapar” (2000) romanı həm oxucular, həm də tənqidçilər tərəfindən böyük rəğbətlə qarşılanıb. M.Vellerin təkcə 2000-ci ildə çap olunan kitablarının ümumi tirajı 400.000 nüsxəyə çatıb.
Ədəbiyyatşünas və pedaqoq kimi o, çağdaş rus nəsri barədə Milan, Yerusəlim və Kopenhagen universitetlərində mühazirələr oxuyubdur.
Sonrakı dövrdə yazarın aşağıdakı kitabları çap olunubdur: “Qəddar” (2003), “Mənim missiyam” (2006), “Sevgi amansızdır” (2006), “Maxno” (2007), “Arbat əfsanələri” (2009), “Sərgərdan və onun vətəni” (2014), “Bizim knyaz və xan” (2015), “Kölgələrin cingiltisi” (2018), “Buzlaqda təkbaşına” (2019), “Qorxma, sabah” (2019), “Yəhudi notu” (2022) və “Ağ adamlar üçün ada” (2022).
Kulis.az Mixail Vellerin "Qılınclarla rəqs" hekayəsini təqdim edir.
Sovet musiqisinin tarixi bir vaxtlar “Avropa” otelinin beşinci mərtəbəsindəki bufetdə yazılırdı. Ora dünyanın ən musiqili bufeti sayılmalıydı. Filarmoniyanın binası düz qarşıda, küçənin digər cinahında idi. Musiqiçilər məşqlərdən qabaq və sonra, bəzən isə elə məşq əvəzinə də mütləq bu sözügedən bufetə baş çəkirdilər. Barmaqları daha qıvraq, ruhları daha gümrah olsun deyə, belə davranırdılar. Konsertdən əvvəl və sonra, ya da sırf üz-gözləri öyrəşdiyindən ora yığışırdılar. Yerlilər və gəlmələr üçün də bu gəl-getlər az qala bir ayin halını almışdı.
Orada işləyən istənilən bufetçi qadının şəhərin musiqi həyatı barədə bildiyi təfərrüatlara hətta Leninqrad filarmoniyasının və ya Bəstəkarlar İttifaqının katibi də həsəd aparardı. Musiqiçiləri burada üzbəsurət tanıyır və hörmət bəsləyirdilər, bir çox artist hoqqabazlıqlarına isə hələ göz də yumurdular, çünki yaradıcı insanlar bu şəhərin baş tacıydılar... Müştərilərdən nə nə istədikləri əsla soruşulmazdı, onları başhesabı sayar, işəqədərki saatlarda adambaşına yüz, işdən sonra isə yüz əlli qram konyak süzərdilər. Həmin vaxtlar yüz qram konyakın qiyməti isə bircə manat idi.
Çoxdan qərar alınmışdı ki, Moskva ilə müqayisədə Leninqrad teatr yox, məhz filarmoniya mərkəzli bir şəhərdir. “Qaymaqlar” məhz filarmoniyada toplaşdığından orada müzakirəyə çıxarılan bütün məsələlər bir göz qırpımındaca Neva prospekti boyu yayılır, təhsilli və incəsənəti özünə doğma sayan insanlar arasındakı söhbətlərin dərhal başlıca mövzularından birinə çevrilirdi.
Sosialist Əməyi Qəhrəmanı, kim bilir hansı mükafatlar laureatı, Mravinski ilə Rojdestvenskinin və sairənin böyük dostu sayılan Aram İliç Xaçaturyan da musiqili Leninqradın daimi qonağı, tamamilə doğma bir adamı sayılırdı və Brodski küçəsinin Neva prospekti ilə kəsişməsindəki həmin o məkanda, liftdən sağ tərəfdəki bar dəzgahının qarşısında, təbii ki, o da az dayanmamışdı. Bu məşhur adam yetərincə səxavətliydi, qafqazlılara xas xoş ünsiyyətinə görə isə daim arzulanan bir qonaq sayılırdı, Moskva ilə Leninqraddan tutmuş ta doğma vətəni Ermənistana qədərki ərazilərdə doğma adam idi: hələ mən vaxtaşırı səfərlər etdiyi Fransa ilə İspaniyanı heç demirəm...
Onun İspaniyadakı sonuncu qastrolu da görünməmiş bir uğurla keçmişdi. Ümumilikdə götürəndə, ispanlar –musiqisevər insanlardır, çılğın və qanı coşduran melodiyalara dəyər biçməkdə isə tayları tapılmaz. Deməli, qastrolun təşkilatçıları İspaniyada daha nələr görmək və ya nələr almaq arzusu barədə hörmətli qonaqdan soruşurlar, çünki onun kimi böyük və görkəmli bəstəkarın hər hansı istəyini yerinə yetirmək onlara görünməmiş həzz bağışlayacaqmış: bu səbəbdən də onun xidmətində durmağa, hədiyyələr verməyə, nədəsə yardımçı olmağa, qonağın könlünü xoş tutmağa hazır olduqlarını bildirməklə, latınlara xas hər cür dil-ağız edirlər.
Öz böyüklüyünə və şöhrətinə rəğmən, məişətdə Xaçaturyan yetərincə təvazökar, ləyaqətli bir insan imiş. Hər yerdə yüksək səviyyədə qarşılandığından o, qarşı tərəfdən uzaqbaşı “quş südü” istəyə bilərmiş. Ancaq o, süd içmirmiş, sevimli içkisi isə “Ararat” konyakı imiş. Buna görə də əllərini yana açaraq, təşkilatçılara öz minnətdarlığını bildirib, bir az düşünəndən sonra isə öz dühası barədə az əvvəl səslənən iltifatlara qarşılıq vermək naminə deyib ki, İspaniyada konsertlər vermək ondan ötrü böyük şərəfdir, çünki bu ölkə iyirminci yüzilin ən böyük fırça ustası, dünyanın ən möhtəşəm rəssamı sayılan Salvador Dalının vətənidir və o, özü də bu ustadın pərəstişkarıdır. İspanlardan gördüyü yüksək qonaqpərvərliyə bayılan bəstəkar hər hansı istəyinin olmadığını və ya ola bilməyəcəyini etiraf eləyib. Yeganə istəyi isə - imkan daxilində - ustad Salvador Dali ilə tanışlıqla bağlı ola bilərmiş, ona öz dərin sayğı və heyranlığını bildirmək, tablolarının reproduksiyaları toplanan albomu imzalamasını ondan rica etmək istəyərmiş.
Bu təklifi eşidən təşkilatçıların üzlərindəki ifadə xəfifcə dəyişir, onlar bir ayaqlarını dincə qoyub, digərinə dayaq verirlər... Çünki Dali ipə-sapayatmazlığı, çılğınlığı ilə görünməmiş dərəcədə şöhrət qazanıbmış. Ona görə də bu xahişin yerinə yetirilməsi təşkilatçılara heç mümkün görünmürmüş... Həm də bu mümkünsüzlüyün ən başlıca və bəsit səbəbi Dalinin Amerikada yaşaması və İspaniyaya hərdən-birdən gəlməsi imiş.
Amma bu arzunun gerçəkləşməsi lap nağıllardakı qədər heyrətamiz bir asanlıqla mümkün olub. Okeanın o tayındakı Dali görüşməklə bağlı bu təklifi telefon xəttində etinalı bir tərzdə dinləyəndən sonra bildirib ki, bu böyük bəstəkarın pərəstişkarlarındandır, ona görə də onu İspaniyadakı kasıbyana mənzilində istənilən vaxt ağırlamaqdan sadəcə məmnunluq duyar. Bu bəxtəvərliyi dadmaqdan ötrü o, yəni kasıb və ahıl rəssam kimi, əlində olan – əslində olmayan – işləri bir kənara atmağa hazırdır, həm də axı onun kimi ahıl və yoxsul bir rəssam indi kimə lazımdır?! Bu səbəbdən də elə indicə aeroporta yollanıb, təyyarəyə minəcəkmiş. Sabah görüşsünlərmi? Məsələn, günorta saat ikidə? Əgər bu şərt misilsiz bəstəkar Xaçaturyan üçün də uyğundursa, onda adi, uğursuz, naməlum və zavallı bir “rəngsaz” sayılacaq Dali onun kimi dünya musiqisinin nəhəngi, hətta günəşi sayılan şəxsiyyətin marağına tuş gəldiyi üçün ömrünün qalan qismini əsl bəxtəvərlik içində, həm də görünməmiş bir bəxtəvərliyin ağuşunda başa vuracaqmış.
Sevincini gizlətməyən impressario ispanlara xas tərzdə dərhal Xaçaturyana bildirir ki, hətta ayrı-ayrı ölkə prezidentlərini də adam yerinə qoymayan ustad Dali əgər həm özünü növbəti qalmaqallı bir reklam hədəfinə çevirmək, həm şux ovqata köklənmək üçün, həm də maneəsiz şəkildə Xaçaturyanı qonaq qismində qəbul etmək niyyətinə düşübsə, deməli, öz şöhrətiylə bütün ağlasığan və sığmayan hədləri aşıb-adlayan bu böyük bəstəkara ev yiyəsinin hörmət və ehtiramı həqiqətən də sonsuzdur.
Səhəri gün saat ikiyə üç dəqiqə qalmış hökumət nümayəndələrinə layiq bir cüt limuzin Xaçaturyanı impresariosu, katibi və tərcüməçisi ilə birlikdə Daliyə məxsus Mavritaniya üslubundakı qəsrə gətirir: bəmbəyaz daşlardan inşa olunan bu əzəmətli tikilinin şişuclu bürc və qüllələri, diş-dişli çıxıntı və bayraqcıqları varmış. Gözqamaşdıracaq qədər zərbaftalı kostyumlar geyinmiş qapıçı və eşikağası darvazaları onların üzünə laybalay açarkən xəbər verirlər ki, qəsrin sahibi artıq qonağı gözləyir, həm də görüşün tamamilə məhrəm şəraitdə, haradasa doğmalıq ab-havasında keçməsini dilədiyi üçün o, tərcüməçiyə də ehtiyac duyulmayacağını əvvəlcədən bildirib: axı monsenyor Dalinin xanımı da əslən rusdur və hətta görüşdən sonra Dali qonağı öz maşınıyla yola salmaq barədə göstəriş verdiyi üçün onu gətirən maşını burada gözlətməyə də bir gərək qalmır: “Sinyor Xaçaturyan hansınızdır? Zəhmət olmasa, sinyor, siz içəri keçin. Yox, yox, bizə digərlərini içəri buraxmamaq barədə qəti göstəriş verilibdir”.
Çiyinlərini çəkən müşayiətçi şəxslər buna zərrəcə heyrətlənmirlər, çünki bütün bu şıltaqlıqların Dalinin xasiyyətinə uyğunluğu ilə dərhal barışırlar. Xaçaturyanın əlini sıxan bu şəxslər ona xoş istirahətlər arzulayır, öz dahi həmyerlilərinə salamlarını çatdırmağı diləməklə, maşına əyləşib, gedirlər.
Xaçaturyan isə mərmərlə döşənmiş xiyaban boyu müşayiət edilir. Artırmada ona təzim eləyən şəxsin az qala saraylardakı mərasim rəhbəri qədər dəbdəbəli geyimini süzən Xaçaturyan öz əyin-başının bu şəraitə uyğunluğu barədə hətta şübhələrə qapılmağa da başlayır: bəlkə, smokinq geyinməsi daha məsləhətli olardı... Amma ona bununla bağlı hər hansı xəbərdarlıq olunmamışdı axı, həm görüş gündüz saatlarında keçirilir, rəsmi səciyyə-filan daşımır... həm də onun özü də harasından baxsan, görkəmli bir şəxsiyyətdirsə, onda niyə özünü bunca sıxmalıdır ki?!
Mərasim rəhbəri qonağı dəbdəbəli qəbul zalına dəvət edir: içəridəki bəyaz rəngli qabartma süslər, zövqlü parket və aynalar onun diqqətini çəkir. Qonağa əyləşməyi təklif edərkən bildirilir ki, monsenyor Dali indicə, baxın, o qapıdan içəri girəcək. Bu dəm divardan asılan qədim saat iki kərə zəng çalır. Qonağa baş əyən mərasim rəhbəri qapını arxasınca örtərək, ortadan qeyb olur.
Və Xaçaturyan iri zalda təmtək qalır.
Budur, o, səthi qızılı saplarla işlənmiş və haradasa XV Luinin qarniturlarından sayılacaq dəbdəbəli divanda oturubdur: qarşısındakı mozaik işləməli kiçik masanın üzərinə isə erməni konyakları, ispan şərabları, meyvələr və siqaralar düzülüb. Zalın o biri başında qoyulan iriölçülü və qızılı qəfəsin içində gəzişən tovuzquşu isə arabir öz bərbəzəkli quyruğunu yelpic misalı açaraq, sanki qürrələnir.
Aradan əvvəlcə bir, sonra iki dəqiqə ötür. İspaniyada dəqiqliyə hər yerdə sən deyən məhəl qoyulmadığına yaxşı bələd olan Xaçaturyan maraqla ətrafına göz gəzdirməyə başlayır, saçına tumar çəkir, qalstukunu səliqəyə salır. Tərcüməçiyə gərək duyulmayıbsa, deməli, görüşə Dalinin xanımı Qala da qatılacaq. Odur ki, qonaq söhbətə giriş üçün ağlında bəzi götür-qoylar edir, şux iltifatlarını bir az da cilalamağa çalışır.
Üçə on dəqiqə işləyəndə o, hələ də zənn edir ki, indicə, yəni saniyəsi-saniyəsinə, Dali içəri girəcək. Buna görə də qulaqlarını addım səslərinə şəkləyir.
Saat üçə on beş dəqiqə işləmiş o, nisbətən rahat oturuşa keçir və qarşısındakı qutudan bir siqara seçir. Tüstünü havaya püfləyərkən isə hələ bir ayağını digərinin üstünə də aşırır.
Üçə iyirmi dəqiqə işləyəndə qonaq yüngülvarı narahatlığa qapılır: “Bu, özünü nə zənn edir görəsən?! Görüşü özün saat ikiyə təyin eləmisən də!” Və konyakla dolu qədəhi başına çəkir.
Saat üçün yarısında daha bir qədəh konyak, üstündən isə bir bokal şərab gillədir. Üzüm salxımından bir-iki gilə qoparır...
“Nəzakət qaydalarına hər hansı məhəl qoyulmadığı aşkar göz qabağındadır. Qabalıqdır bu! Bəlkə məni uşaq-muşaq sayır bu?!”
Yerindən qalxıb, pencəyinin yaxasını açır, qalstukunun düyününü boşaldır, əllərini ciblərinə dürtməklə, zalda var-gələ başlayır. Tovuzquşu ilə qarşılıqlı baxışırlar: “Bu sarsaq quşa bax hələ! Lap eşşək kimi anqırır!”
Saat isə ötən hər on beş dəqiqəni ona xəbər verməkdədir və üçə on beş dəqiqə qalınca, Xaçaturyanın bu görüşə bəslədiyi bütün maraq sönüb, gedir. Dalinin içəri girəcəyi qapının dəstəyini burarkən, o, mərasim rəhbərinin zalı səhv salma ehtimalını da ağlından keçirir, amma qapı arxadan kilidlidir. Xaçaturyan artıq qəti qərara gəlir: saat üçə qədər gözləyəcək, sonra isə buradan rədd olub, gedəcək: “Bu nə biabırçılıqdır belə?! Bu, adamı alçaltmaqdır axı!”
Saat üç tamamda o, siqarasının közərən ucuna tüpürür, gedərayaq “Axtamar” konyakından bir qədəh də gillədib, inamla qapıya tərəf yönəlir.
Amma məlum olur ki, özünün bu zala girdiyi qapı da onun üzünə açılmaq istəmir. Xaçaturyan heyrət içində qapının dəstəyini burur və çiyinlərini çəkir. Sonra qəsrin bu zalına aid bütün qapıları birbəbir açmağa cəhd göstərir, amma onların hamısının kilidli olduğunu öyrənir!
Çaşqınlıq və hiddət hisslərinə yenik düşən adam bütün qapıları var gücüylə itələyir – yox, hamısı kilidlənib! Zehni fəaliyyətinə təkan versin deyə, bir qədəh də konyak içir, uca səslə söyüş söyür, tovuzquşunun quyruğuna tüpürür, boynundan açdığı qalstuku isə cibinə dürtür...
Gözləri yaxın yan-yörədə bir zınqırov, ya da telefon aparatı arayır ki, bəlkə kamerdiner və ya xidmətçi ilə əlaqə yarada. Amma burada hər hansı xəbərləşmə vasitəsi tapmır: “Bəlkə Dalinin başına bir qəziyyə-filan gəlib? Bəlkə təyyarə ilə vətənə dönə bilməyib? Amma onu dəvət etməklə inandırmışdılar ki... Əcəb dəlixanaymış ha!”
Həm də içində qəfildən aclıq hissi baş qaldırır! Axı o, iştahalı birisidir, ağız dadına düşkün adamdır, naharın da vaxtı gəlib, çatıb; həm də o, bilərəkdən əvvəlcədən heç nə yeməmişdi ki, Dali ilə eyni süfrədə qarnını gen-bol doyura bilsin. İstənilən halda ona nahar veriləcəkdi, ya yox?!
Masaya yaxın yerdə əyləşməklə o, dəymiş bir armud seçir, arada portağal şirəsini köynəyinə sıçradır, konyaka və meyvələrə isə girişir, nə girişir... Az sonra Aram İliçdə ayaqyoluna çıxmaq ehtiyacı yaranır.
Amma bütün qapılar da... kilidlənibdir!!!
Artıq hansısa nəzakət və ədəb qaydasına riayət eləməyin bir mənası qalmayıb. Odur ki, qonaq bütün qapıları döyəcləməyə başlayır, əvvəlcə bunu abırla edir, sonra qapıları təpikləməkdən çəkinməsə də, heç bir cavab almır ki almır. Belə olunca o, pəncərələri açmaq, ya da səsini başına atmaq niyyətinə düşür, ya da... Ancaq qəsrin tağvarı pəncərələri sırf çərçivədən ibarət olduğundan... açılmaq bilmir.
Bədəninə görə qısa ayaqlara malik Xaçaturyan zalda təlaş içində ora-bura qaçır, ağzından püskürdüyü söyüş dalğaları isə getdikcə güclənir. Saat dördə doğru onun səbr kasası ağzınacan dolur və o, öz-özlüyündə qət eləyir: “Bax, saat dördü də vursun, ondan sonra heçcə nəyə baxan deyiləm! Lənətə gəlsin bunlar!”
Pəncərələrin arasındakı səhbanın üzərində Mavritaniya tərzində, hər halda kolleksiyalıq qədim bir vaza qoyulub. Həm gözəl biçimlərə, həm də xeyli iri tutuma malikdir o qab. Ondan yararlanmaq fikri get-gedə qonağın ağlına daha çox batmağa başlayır.
Və düz saat dörd tamamda o, yanlarını basa-basa həmin vazaya yanaşır, dərindən köks ötürməklə və əsl qisasçı təntənəsiylə onun içinə siyidikdən sonra düşünür ki, həyat elə də fəna deyilmiş: bax, qəsrdə şərab içərək, tovuzquşuna tamaşa edir... hələ içinə siyidiyi bahalı vazanın hündürlüyü də ona əl verir.
Saat dörd kərə zəng vurur, sonuncu zəng çalınanda haradasa qurulmuş səsgücləndiricilərdən “Qılınclarla rəqs”in qulaqbatırıcı melodiyası yüksəlir! Qapılar gurultuyla açılır və döşəməsilən taxtanı bir at misalı “minən” və əlindəki həqiqi qılıncı başının üstündə yelləyən, üstəlik də, anadangəlmə çılpaq olan Dali zala girir!
Öz “taxta atının” belində bütün zal boyu “çaparaq”, qılıncını havada oynadan çılpaq dahi o biri başdakı qapılara tərəf cumur və üzünə açılan həmin qapıların ardında qəflətən qeybə qarışır!..
Və həmin an musiqi də kəsilir.
Zala girən mərasim rəhbəri qəbulun artıq bitdiyini qonağa bildirir və məkandan çıxmağı qonağa təklif edir.
Keyləşib-karıxan Xaçaturyan dərhal üst-başına əl gəzdirir, şalvarındakı sıçrantı izlərini övkələməyə çalışır. Dalinin Hollandiyada nəşr olunmuş, qızılı işləmələriylə adamın gözünü oxşayan və rəssamın bu unudulmaz görüş barədə təsirli ürək sözlərini öz dəsti-xəttiylə üzərinə yazdığı albomu artırmada ikən dərin ehtiramla qonağa təqdim edirlər.
Sonra isə maşına mindirməklə, onu qaldığı otelə yola salırlar.
Yolda özünə gələn Xaçaturyan o lənətəgəlmiş albomu bir ara pəncərədən bayıra vızıldatmaq fikrinə düşsə də, nə isə fikirləşir və bu niyyətindən daşınır.
Oteldə gəlişini gözləyənlər isə onu sual yağmuruna tutur, bu iki dahinin görüşünün təfərrüatlarını öyrənməyə çalışırlar. O da məcbur qalıb, aralarında sənət mövzulu fikir mübadiləsi barədə ağızucu nələrsə uydurub, deməli olur – təki paxırı üzə çıxmasın.
Həmin gün çıxan axşam qəzetlərində bu hadisə tam şəkildə işıqlandırılır. Üstəlik, Dali vəhşi Rusiyadan gələn bir qonağın dəyəri yüz min dollara, yaşı isə altı yüz ilə çatan kolleksiyalıq bir vazadan gecə çanağı kimi yararlanmasını adi hal saydığını və bunu dərin anlayışla qarşıladığını oxuculara bildirir.
Bu və ya digər səbəblər ucbatından Xaçatıryan bir daha İspaniyaya əsla ayaq basmır.
Tərcümə:Azad Yaşar
Xalq artisti Faiq Sücəddinovun vəziyyəti pisləşib Sonralar heç yerdə rast gəlmədim o sirli-əsrarlı ayinə... - Mübariz Örən 78-ci Kann Kino Festivalının yeni sədri seçilib
