Qırğız ekspert: Azərbaycan Qırğız İnkişaf Fondu dayanıqlı inkişaf məqsədlərinə nail olmağa kömək edir MÜSAHİBƏ
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 13 noyabr, Pərvanə Qafarova, AZƏRTAC
Son illər Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə çatıb, iqtisadiyyat və investisiyalardan tutmuş təhsil, nəqliyyat və enerjiyə qədər daim genişlənən sahələri əhatə edib. Bunun son nümunəsi iyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirak etdiyi Ayköl Manas adına Xıdırlı kənd orta məktəbinin açılışıdır.
2022-ci ilin oktyabr ayında iki dövlət başçısının təşəbbüsü ilə yaradılmış Azərbaycan-Qırğız İnkişaf Fondu da bu strateji tərəfdaşlığın rəmzinə çevrilib. 2024-cü il aprelin 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri zamanı imzalanmış əlavə sazişə əsasən, Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 100 milyon dollara qədər artırılması gözlənilir.
Fond biznes fəaliyyətini stimullaşdırmaq, sahibkarlığı dəstəkləmək və birgə infrastruktur layihələrinin həyata keçirmək üçün güclü bir vasitəyə çevrilib. Onun fəaliyyəti sayəsində yeni sənaye sahələri fəal şəkildə inkişaf edir, iş yerləri yaradılır, ixrac potensialı güclənir və iki ölkənin biznes icmaları arasında qarşılıqlı etimad artır.
Bu gün Azərbaycan-Qırğız İnkişaf Fondu təkcə davamlı iqtisadi artımı təşviq etmir, həm də dostluğa, qarşılıqlı yardıma və ortaq inkişaf strategiyasına əsaslanan effektiv türk tərəfdaşlığının nümunəsi kimi xidmət edir.
Tanınmış politoloq və dövlət idarəçiliyi üzrə ekspert Şeradil Baktıqulov AZƏRTAC-a verdiyi eksklüziv müsahibədə Azərbaycan-Qırğız İnkişaf Fondunun ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsində rolu, həmçinin Fondun fəaliyyətinin genişləndirilməsi perspektivləri barədə mülahizələrini bölüşüb.
- Azərbaycan və Qırğızıstan arasında ikitərəfli iqtisadi əməkdaşlığın gücləndirilməsində Azərbaycan-Qırğız İnkişaf Fondunun rolunu necə qiymətləndirirsiniz?
- Bu, çox vacib bir sualdır. Azərbaycan-Qırğız İnkişaf Fondunun əhəmiyyəti iki ölkə arasında ikitərəfli iqtisadi əməkdaşlıq çərçivəsindən də kənara çıxır.
Məsələ ondan ibarətdir ki, bu cür fondlar BMT tərəfindən inkişaf maliyyələşdirmə fondları kimi tanınır, yəni, onlar inkişaf layihələrinə və proqramlarına dəstək olmaq üçün maliyyə resursları və alətlərini təmin edir. Buna görə də, Azərbaycan-Qırğız İnkişaf Fondunun fəaliyyəti Qırğızıstanın BMT-nin Davamlı İnkişaf Məqsədlərinə (DİM) nail olmasına töhfə verir, habelə ölkədə iqtisadi artımı, yoxsulluğun azaldılmasını və həyat səviyyəsinin yaxşılaşdırılmasını təşviq edir.
Xatırladaq ki, DİM-lər infrastruktur, səhiyyə, təhsil və bərpaolunan enerji mənbələri kimi müxtəlif sektorlara əhəmiyyətli investisiyalar tələb edir. Hər bir inkişaf bankı, kommersiya bankı belə layihələri maliyyələşdirməyə hazır deyil və hətta hazır olsalar belə, bəzi hallarda onların vəsaitləri çatışmır. Buna görə də, inkişaf fondları artıq mövcud olan müxtəlif banklara əla bir əlavəyə çevrilib.
Azərbaycan-Qırğız İnkişaf Fondu qrant və kreditlərdən tutmuş investisiya və zəmanətlərə qədər geniş maliyyə alətlərindən istifadə edir. Azərbaycan ilə Qırğızıstan arasında iqtisadi əməkdaşlığı gücləndirməklə yanaşı, Azərbaycan-Qırğız İnkişaf Fondu da davamlı inkişaf məqsədlərinə çatmaqda və bizim ölkədə insanların həyat şəraitini yaxşılaşdırmaqda əsas amil olub.
Beləliklə, Azərbaycan-Qırğız İnkişaf Fondu Qırğızıstanda həm iqtisadi artımı, həm də yoxsulluğun azaldılmasını təşviq edir. Bundan əlavə, iqtisadiyyat, biznes və maliyyə sahələrində Azərbaycan-Qırğızıstan birgə layihələri iki türk xalqı arasında qardaşlıq, dostluq əlaqələrini gücləndirir, ikitərəfli münasibətlərin davamlı inkişafına töhfə verir.
- Bu yaxınlarda Fondun kapitalını 100 milyon dollara çatdırmaq planları açıqlandı. Sizcə, bu, onun hər iki ölkədə birgə layihələri maliyyələşdirmək və infrastrukturu inkişaf etdirmək qabiliyyətinə necə təsir edəcək?
- Bir qayda olaraq, fondların kapitallaşmasının artırılması onların fəaliyyətinin miqyasını genişləndirmək üçün edilir. Buna görə də, Azərbaycan-Qırğız İnkişaf Fondunun kapitalını 25 milyon dollardan 100 milyon dollara çatdırmaq qərarı onun 2022-ci ilin oktyabr ayında yaradıldığı gündən bəri uğurlu fəaliyyətinin bariz sübutudur.
Kapital artımı artıq Fondun əməliyyatlarında müsbət dəyişikliklərə səbəb olub. Fond artıq 5-7 illik investisiya üfüqü ilə tək bir layihəyə 200 min dollardan 20 milyon dollara qədər investisiya qoya bilər. Eyni zamanda, Fond minimum daxili gəlirlilik dərəcəsi 8% olan layihələrə diqqət yetirməyə davam edir. Bu, biznes üçün kommersiya banklarının maliyyə təkliflərindən daha sərfəlidir. İqtisadi artımın əsl hərəkətverici qüvvəsi olmaq potensialına malik böyük layihələrin maliyyələşdirilməsi artıq mümkün olub. Azərbaycanın Mərkəzi Asiyanın digər ölkələrində maliyyə layihələrini nəzərə alsaq, demək olar ki, bu layihələrin birləşməsi Bakıya bütün Mərkəzi Asiya regionunda və əlbəttə ki, Cənubi Qafqazla bizim bölgə arasında birləşdirici nöqtəyə çevrilmiş Azərbaycanın özündə infrastrukturu inkişaf etdirməyə imkan verir. Bundan əlavə, Azərbaycan çox məsuliyyətli və xeyirxah bir ölkədir ki, bu da əvəzsizdir, çünki hər şey iqtisadi və ya maliyyə göstəriciləri ilə ölçülə bilməz. Ölkələr arasındakı münasibətlər iqtisadi baxımdan ölçülə bilməyən görünməz “əlaqə bağları ilə” xarakterizə olunur. Çoxsahəli iqtisadi əməkdaşlıq ölkələr və xalqlar arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi üçün təməl və güclü stimuldur.
- Hər iki tərəfin maraqlarını nəzərə alaraq, Fondun qarşıdakı illərdə hansı investisiya sahələrinin prioritet olacağına inanırsınız?
- Ümumilikdə, Fondun investisiya prioritetləri dəyişməz olaraq qalacaq, çünki onlar Qırğızıstan iqtisadiyyatının əsas sektorlarına təsir göstərir, yeni sənaye sahələrinin yaranmasına və inkişafına kömək edir. Məsələn, yeni sektorlara əvvəllər Qırğızıstanda məlum olmayan avtomobil istehsalı, eləcə də qaz sektoru, kimya və neft-kimya sənayesi (yeri gəlmişkən, onlar da yeni fəaliyyətə başlayır) və informasiya texnologiyaları layihələri daxildir. Elmə, tədqiqata və texnologiyaya investisiyalar da prioritet məsələlərə çevrilir.
Ənənəvi iqtisadi sektorlar arasında aqrar-sənaye kompleksi, su təchizatı və səhiyyə, geyim və tekstil, turizm, enerji, nəqliyyat, mənzil tikintisi, ticarət, istehsal, mədənçilik və metallurgiya sahələrini qeyd edə bilərik.
Qeyd etmək vacibdir ki, bu, yalnız müəyyən bir layihəyə investisiya qoymaqla bağlı deyil. Vəsaitlər yeni texnologiyaların sınaqdan keçirilməsinə, tanış alqoritmlərdə və proseslərdə innovativ həllərin kəşf edilməsinə imkan verir ki, bu, öz növbəsində, iş təcrübələrinin təkmilləşdirilməsinə və daha yüksək əlavə dəyərə malik biznes zəncirlərinin yaradılmasına və sairə uğurlara gətirib çıxarır.
Son nəticədə yaranan multiplikator effekti qarşılıqlı zənginləşməyə, o cümlədən praqmatik yanaşma ilə mənfəəti və layihənin təsirini artıran yeni biliklərə gətirib çıxarır. Fondun şaxələndirilmiş layihə portfeli Qırğızıstan iqtisadiyyatı üçün ən perspektivli və vacib sektorlardakı müəssisələri dəstəkləməyə əsaslanır. Təbii ki, maliyyələşdirmə üçün layihələrin seçimi öz vəsaitlərinin və mənfəətdəki payının vaxtında qaytarılmasında maraqlı olan Azərbaycan tərəfinin fəal iştirakı ilə həyata keçirilir.
Azərbaycan-Qırğız İnkişaf Fondu qarşılıqlı faydalı yanaşma əsasında fəaliyyət göstərir. Hər bir iştirakçı ondan faydalanır. (Qarşılıqlı faydalı prinsip – “win-win” bütün iştirakçıların tərəflərin hamısı üçün faydalı olan bir həll yolu tapmağa çalışdığı danışıqlar və əməkdaşlıq strategiyasıdır - redaktorun qeydi.)
- Sizcə, Fondun kapitalının artırılması Azərbaycan ilə Qırğızıstan arasında birgə layihələrdə özəl sektorun və xarici investorların iştirakını stimullaşdıra bilərmi?
- Fondun kapitalının artırılması kapital axınını stimullaşdıran amillərdən biridir. Azərbaycan-Qırğız İnkişaf Fondunun fəaliyyəti kapital axınlarını tənzimləyir. Bundan əlavə, Fond Azərbaycan və Qırğızıstanın milli iqtisadiyyatları arasında daha çox qarşılıqlı əlaqəni və tamamlayıcı funksiyanı təşviq edir. Beynəlxalq istehsal əməkdaşlığına doğru bir meyil var ki, bu da digər amillərlə yanaşı, qabaqcıl sənaye sahələrinin inkişafına və məşğulluq səviyyəsinin qorunmasına gətirib çıxarır.
Məhz bu səbəbdən özəl sektorun və digər ölkələrdən olan investorların Azərbaycan ilə Qırğızıstan arasında birgə layihələrdə iştirakını asanlaşdıran bir neçə amili görürük.
Artıq bunun bariz nümunələri də var. Qırğızıstanın ən böyük şəhəri Oşda müasir kardiologiya mərkəzinin tikintisini misal çəkmək olar. Oş və İssıkkul bölgələrində kiçik su elektrik stansiyaları fəal şəkildə tikilir. Bunlar Fondun, özəl investorların və kommersiya banklarının birgə səmərəli fəaliyyətinin nümunəsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 13 Noyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















