Qırmızı dənizdə qarşıdurma...
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Səudiyyə Ərəbistanına raket hücumu - ölən və yaralananlar var
Yəmən husiləri mülki hava limanlarını hədəfə alır
Yaxın və Orta Şərqdə vəziyyət yenidən mürəkkəbləşib. Hörmüz boğazında yaşanan problemlərin ardından Qırmızı dənizdə başlayan qarşıdurma pik həddə çatmaqdadır. Belə ki, Yəməndə üsyançı husilər artıq Səudiyyə Ərəbistanını açıq hədəfə alır, ölkənin daxilinə raket zərbələri endirirlər. Belə ki, ötən həftə sonu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərindəki Kral Xalid Beynəlxalq Hava Limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub, 309 nəfər yaralanıb. Bu barədə krallığın Mülki Aviasiya Baş İdarəsi (GACA) məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində Səudiyyə Ərəbistanının 4 vətəndaşı, eləcə də 2 banqladeşli, bir amerikalı, bir misirli, bir iordaniyalı, bir suriyalı, bir fələstinli və bir sudanlı həyatını itirib. Həmçinin 309 nəfər yaralanıb, onların arasında ağır vəziyyətdə olanlar da var. Yaralılara xəstəxanalarda lazımi tibbi yardım göstərilir.
GACA əlavə edib ki, hücum nəticəsində aeroporta maddi ziyan dəyib və hazırda bunun dərəcəsi qiymətləndirilir. “The Wall Street” jurnalının mənbələrə istinadən verdiyi məlumata görə, Ər-Riyad Hava Limanının 3 və 4-cü terminalları birbaşa raket zərbələrindən sonra xeyli ziyan görüb. Beynəlxalq aeroport oktyabrın 11-i günün sonuna qədər bağlı olub.
Qeyd edək ki, hücumlar oktyabrın 11-də də davam edib. Səudiyyə Ərəbistanının bir neçə hava limanı da hücuma məruz qalıb.
Koalisiya qüvvələri Yəmən husilərini günahlandırıb
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Ər-Riyadda Kral Xalid Beynəlxalq Hava Limanına hücumlara görə Yəmən husilərini günahlandırıb. Bu barədə koalisiyanın sözçüsü Turki əl-Maliki “X” sosial media hesabında paylaşım edib. Onun sözlərinə görə, hücuma qətiyyətli cavab veriləcək: “Husi silahlıları tərəfindən Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanının sərnişin terminallarından birində törədilən, sərnişinlər və aeroport işçiləri arasında mülki şəxslərin ölümü və yaralanması ilə nəticələnən terror hücumu beynəlxalq humanitar hüquqa əsasən tammiqyaslı müharibə cinayəti kimi qiymətləndirilir”.
Əl-Maliki əlavə edib ki, koalisiyanın Birgə Qüvvələr Komandanlığı bu terror hücumuna beynəlxalq humanitar hüquqa və onun normalarına uyğun olaraq qətiyyətlə cavab verəcək.
Beynəlxalq aləmdən sərt reaksiya
Səudiyyə Ərəbistanına edilən hücuma beynəlxalq reaksiya da özünü gözlətməyib - xarici dövlətlər, beynəlxalq təşkilatlar terror hücumunu pisləyib. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı beynəlxalq hava limanına edilən hücumu qətiyyətlə pisləyib. BMT rəhbərinin mətbuat ofisi tərəfindən yayımlanan açıqlamada deyilir:
“Şənbə günü husilərin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kral Xalid Beynəlxalq Hava Limanına etdiyi ölümcül hücum məni dərindən sarsıtdı və bunu qətiyyətlə pisləyirəm. Bu hücum nəticəsində 12 nəfər həlak olub, yüzlərlə mülki şəxs yaralanıb”, - deyə Quterreş bildirib. O deyib ki, mülki şəxslərə və infrastruktura edilən hücumlar beynəlxalq hüququn pozulmasıdır və dərhal dayandırılmalıdır.
ABŞ Prezidenti Donald Tramp husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına raket hücumunu “dəhşətli” adlandırıb və ABŞ-ın husilərə qarşı müharibəyə qoşulması ehtimalını nəzərdən keçirdiklərini bildirib. Tramp Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla danışacağını deyərək, ölkədə baş verənlərin qəbuledilməz olduğunu vurğulayıb.
ABŞ ?övlət katibi Marko Rubio hücumda bir ABŞ vətəndaşının öldüyünü açıqlayıb və Səudiyyə Ərəbistanına dəstəyini ifadə edib.
Fransa Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayaraq Yəməndəki husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına etdiyi ölümcül hücumu “mənfur akt” adlandıraraq kəskin şəkildə pisləyib və krallıqla “tam həmrəylik” içində olduğunu bəyan edib. Rəsmi Paris husilərdən krallığın təhlükəsizliyini təhdid edən bu cür təxribatları təcili olaraq dayandırmağı tələb edib.
Britaniyanın müdafiə, eləcə də Xarici İşlər Nazirliyi mülki infrastrukturların və günahsız insanların hədəf alınmasını beynəlxalq hüququn kobud şəkildə pozulması kimi dəyərləndirib. Husilərin bu hərəkətlərinin regiondakı sabitliyə və qlobal ticarət yollarına (Bab əl-Məndəb boğazına) böyük təhdid yaratdığı vurğulanıb.
Məkkə sazişi tərəfdaşları hücumu pislədi...
Edilən hücumların ardından diqqət Məkkə sazişi tərəfdaşlarına yönəlib. Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar “X” sosial media platformasındakı paylaşımında Ər-Riyad hava limanına edilən hücumu qətiyyətlə pisləyib. Nazir hücumda yaralanan 6 Pakistan vətəndaşı da daxil olmaqla, bütün yaralılara tezliklə şəfa tapmalarını arzulayıb, dinc insanlara və mülki infrastrukturlara qarşı hücumların qəbuledilməz olduğunu, beynəlxalq hüququ pozduğunu, regional sülh və təhlükəsizliyə ciddi təhdid yaratdığını bildirib.
İshaq Dar Pakistanın Səudiyyə Ərəbistanı hökuməti və xalqı ilə həmrəyliyini vurğulayaraq qeyd edib ki, İslamabad Məkkə Kollektiv Müdafiə Sazişi çərçivəsində Səudiyyə Ərəbistanının suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə sadiq qalacaq.
Pakistanın Baş naziri Şahbaz Şərif də hücumu qətiyyətlə pisləyib, həyatını itirənlərin ailələrinə başsağlığı verib və yaralılara tezliklə şəfa tapmalarını arzulayıb.
Səudiyyə Ərəbistanı Mülki Aviasiya İdarəsi (GACA) bildirib ki, ötən bir həftə ərzində Krallığın hava limanlarına edilən beş hücum nəticəsində 19 nəfər həlak olub, 350-dən çox yaralı var.
Türkiyənin Xarici İşlər Nazirliyi husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı beynəlxalq hava limanına hücumunu pisləyib. Bu barədə nazirliyin “X” sosial şəbəkəsində yayımladığı bəyanatda bildirilib. “Vətəndaş infrastrukturunu və dinc əhalini qəsdən hədəf alan bu cür hücumlar beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Regional təhlükəsizlik və sabitliyə təhdid yaradan hərəkətlərin dərhal dayandırılmasının vacibliyini vurğulayırıq”, - deyə bəyanatda qeyd olunub.
Türkiyə XİN-i, Ankaranın Səudiyyə Ərəbistanının suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
Ər-Riyad Qərbdən narazıdır
Səudiyyə Ərəbistanı isə Yəməndəki husi üsyançıları ilə münaqişə fonunda Qərb müttəfiqlərinin məhdud hərbi dəstəyindən narazıdır. Ər-Riyad hava limanına hücumlar isə qarşıdurmanın daha da şiddətlənməsi riskini artırır. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Ekspertlər xəbərdarlıq edirlər ki, husilərin hücumları ABŞ-ın da münaqişəyə cəlb olunmasına səbəb ola bilər. Hücumların iqtisadi təsirləri də hiss olunur: bir sıra iri şirkət rəhbərləri Ər-Riyadda keçirilən Beynəlxalq Neft Konqresində iştirakdan imtina edib, bəzi şirkətlər isə məsafədən iş rejiminə keçib.
SADİQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 13 Oktyabr 2026 09:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















