“Qiymətlər sürətlə artır” və: “Gələn il yaxşı yaşayacaqsınız” Büdcə MÜZAKİRƏSİ
Icma.az, Ayna saytına istinadən bildirir.
Milli Məclisdə hökumət tənqid də eşitdi, təşəkkür də: “Əməkhaqqı və pensiya artımları olsa da, real bazarda bu artımın təsiri hiss olunmur”
Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan layihələrin birinci oxunuşda müzakirəsi ikinci günündə davam edir. Bugünkü plenar iclasının da gündəliyinə 8 müvafiq qanun və qərar layihəsi daxil edilib.
Qeyd edək ki, gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat (2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 0,7 % çox), xərclərinin isə 41 milyard 703,6 milyon manat (+0,7 %) olacağı gözlənilir. Son nəticədə dövlət büdcəsində 3 milyard 94,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 1,4 % çoxdur.
2026-cı ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin isə 44 milyard 969,4 milyon manat, xərclərinin isə 48 milyard 839,3 milyon manat olacağı gözlənilir. Bunlar 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 2,3 % və 2,5 % çoxdur. Son nəticədə icmal büdcədə 3 milyard 869,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 5,2 % çoxdur. Büdcədə neftin bir barelinin qiyməti 65 ABŞ dolları götürülüb.
Bugünkü iclasda deputatlar büdcə ilə bağlı fikirlərini səsləndirib, təkliflərini irəli sürüblər.
AFFA-ya müraciət: “Bu, şəxsən mənim və "Kəpəz" azarkeşləri üçün ürək ağrısıdı”
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib ki, Dünya Bankının hesablamalarına görə, yaşıl enerji investisiyaları ÜDM artımını sürətləndirir, minlərlə yeni iş yeri yaradır, ixrac portfelini diversifikasiya edir, xarici sərmayəni cəlb edir: “Hazırkı və gələcək büdcə çərçivəsində bu tipli hesabatların nəzərə alınması, bu sahənin gələcək inkişafda mühüm rol oynaya bilər. Eyni zamanda, tullantıların enerji çevrilməsi, enerji səmərəliliyi və təkrar istehsal kimi istiqamətlərin büdcədə ayrıca dəstəklənməsi də vacib məsələlərdəndi. Bu məqsədlə Yaşıl Tullantı və Enerji Fondunun yaradılması, enerji çevrilməsi layihələrinin maliyyələşdirilməsi, bu sahədə illik nəticələrin büdcə hesabatında ayrıca göstərilməsi səmərəli olardı. Bu tədbirlər həm ekoloji dayanıqlığı, həm də enerji keçidini daha sürətli və iqtisadi cəhətdən faydalı edə bilər”.
“Prezident İlham Əliyev Gəncə şəhər stadionunun qısa müddət içərisində yenidən qurulması üçün Sərəncam imzaladı və beynəlxalq standartlara cavab verən bir stadiounun açılışında 3-cü MDB oyunları öncəsi şəxsən iştirak etdi. Belə bir stadionu olan "Kəpəz" PFK ni Premyer Liqa komandaları içərisində sonuncu yerdə görmək şəxsən mənim və "Kəpəz" azarkeşləri üçün ürək ağrısıdı. Bu tribunadan AFFA rəhbərliyinə səslənirəm, komandanın hazırda başında duran adamlar sponsor adı ilə komandaya sahib çıxdılar, nəticədə isə hansısa bir sponsorluqdan söhbət belə getmədi və bu da ilkin nəticələrdir”. Bu sözləri isə çıxışında deputat Müşfiq Cəfərov səsləndirib. Millət vəkili qeyd edib ki, beynəlxalq standartlara cavab verən stadion var: “FİFA və UEFA nın dəstəyilə inşa edilmiş akademiya ən yüksək standartlara cavab verir. Heç Bakı şəhərində belə bir akademiya mövcud deyil. 3 ədəd məşq üçün stadion və komanda premyer liqada qalmaq uğrunda mübarizə aparır. İnanıram ki, mənim bu çağırışıma AFFA biganə qalmayacaq və mövcud imkanları dəyərləndirəcək”.
“Bu artımlar insanların minimal yaşayış tələbləri və real inflyasiya fonunda əhəmiyyətini itirir”
Deputat Razi Nurullayev çıxışında qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi inkişaf trayektoriyasını müəyyən edən başlıca sənəddir: “Təqdim olunan büdcə layihəsini diqqətlə təhlil etdikdə görürük ki, bir sıra fundamental suallar açıq qalır. Birinci toxuncağım məsələ büdcənin gəlirlər hissəsinin dayanıqlığıdır. Gəlirlərin mühüm hissəsi hələ də neft-qaz sektorundan asılı vəziyyətdədir. Əsas fokusu qeyri-neft sektorunun inkişafına yönəltməliyik. Bu sahədə daha çox təşəbbüs edirik, danışırıq, real nəticə isə zəifdir. Çünki qeyri-neft sektorunun artımı əsasən neft və qaz layihələrinə bağlı sahələrin inkişafından qaynaqlanır və bunu real artım kimi görmək nə dərəcədə düzgündür?”
“İnflyasiya və əhalinin alıcılıq qabiliyyəti məsələsi də vacib məqamlardandır. Büdcə layihəsində sosial paket normaldır, artımlar nəzərdə tutulub. Amma gəlin etiraf edək ki, bu artımlar insanların minimal yaşayış tələbləri və real inflyasiya fonunda əhəmiyyətini itirir. Qiymətlər sürətlə artır, orta təbəqə daralır, sosial həssas qruplar daha çox çətinliklə üzləşir. Əməkhaqqı və pensiya artımları olsa da, real bazarda bu artımın təsiri hiss olunmur”, - deyə deputat vurğulayıb.
Deputatdan etiraz: “Bu qədər nəzarətə nəzarət qurumuna, bu qədər icra orqanlarına nə ehtiyac var ki?!”
Millət vəkili vurğulayıb ki, regionlar iqtisadiyyatın sütunudur: “Regionların inkişafı olmadan qeyri-neft sektorunun artımından danışmaq mümkün deyil. Regionlar iqtisadi sərbəstlik və iqtisadi idarəçilik məsələsində mərkəzdən asılı duruma salınmamalıdır. Nə qədər ki, belə olacaq, regionlar istədiyimiz kimi inkişaf etməyəcək”.
“Büdcə xərcləri arasında dövlət idarəçiliyinə ayrılan vəsait yenə yüksəkdir. Dövlət borcunun xidmətinə görə ödənişlər də artır. Biz dövlət aparatını optimallaşdırmadan, idarəetməni şəffaflaşdırmadan xərcləri effektiv edə bilmərik. Bu qədər nəzarətə nəzarət qurumuna, bu qədər icra orqanlarına nə ehtiyac var ki?! İqtisadi regionlar üzrə bir icra orqanı və Prezidentin siyasətini müəyyənləşdirən və siyasi vəzifə daşıyan səlahiyyətli nümayəndə daha çevik və səmərəli inkişafa təkan verə bilər. Tənqidim destruktiv deyil, əksinə, konstruktivdir. Çünki büdcə bizim ortaq sənədimizdir, ölkənin iqtisadi taleyini müəyyən edən çərçivədir. Hesab edirəm ki, büdcənin gəlirlər hissəsi daha realist və diversifikasiya olunmuş şəkildə tərtib edilməlidir. Sosial sahədə artımlar real inflyasiya ilə müqayisədə daha adekvat olmalıdır. İnvestisiya proqramları tam şəffaf və nəticəyönümlü struktura salınmalıdır. Regionlara ayrılan vəsaitlər real istehsal və məşğulluq yaradan layihələrə yönəldilməlidir. Dövlət idarəçiliyinin xərcləri optimallaşdırılmalıdır. Büdcə elə tərtib edilməlidir, vətəndaş gündəlik həyatında onun müsbət təsirini hiss etsin. Bu isə yalnız rəqəmlərlə yox, real iqtisadiyyatın real vəziyyətini qəbul edib ona uyğun addımlar atmaqla mümkündür. Hhökumət üzvlərini xalqla, sahibkarlarla, cəmiyyətlə, ekspertlərlə, alimlərlə, institutlarla, vətəndaş cəmiyyəti nümayəndələri ilə daha sıx işləməyə, vətəndaşların evlərini ziyarət etməyə dəvət edirəm. Bu təklifi keçən dəfə də vermişdim. Baş nazir Əli Əsədov təklifə isti yanaşdığı üçün təşəkkür edirəm. Problemlər kabinetlərdə yox, vətəndaşın evində, həyətində, bağçasında həll edilsə, daha effektiv olar”, - deyə R.Nurullayev vurğulayıb.
Deputatdan tərif: “Hansı sahəyə baxsan, orada inkişaf var”
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə büdcəni tərifləyib: “Son 5 ildə əldə olunan nəticələr onu göstərir ki, Azərbaycan nəinki öz ərazi bütövlüyünü və suveren hüquqlarını təmin etdi. Eyni zamanda, güclü iqtisadi əsaslar, yeni siyasi reallıqlar yaratdı. Bu gün hansı sahəyə baxsaq, orada inkişaf var. Hazırda “Böyük Qayıdış” Dövlət Proqramı uğurla həyata keçirilir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı islahatlar davam edir. İqtisadiyyatımız şaxələnir və getdikcə daha da güclənəcəkdir. Məhz iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur. Bu sahənin inkişafına xüsusi diqqət var. Əlbəttə, görülən bu işlər Prezident İlham Əliyevin siyasi qətiyyətini, xalqımızın iradəsini və iqtisadi potensialımızın gücünü göstərir”.
“Hazırkı geosiyasi proseslər fonunda təhlükəsizlik, xüsusi ilə kibertəhlükəsizlik, enerji təhlükəsizliyi, eləcə də süni intellekt məsələləri daha da aktuallaşır. Digər tərəfdən, qlobal və regional iqtisadi reallıqlar milli iqtisadiyyatımıza da təsir etməkdədir. Buna görə də biz deyə bilərik ki, 2026-cı ilin dövlət büdcəsi həm də gələcək illər üzrə sosial və iqtisadi inkişaf konsepsiyasını əhatə edir. Dövlət büdcəsi adətən dövlət gəlirlərinin və xərclərinin illik bölgüsüdür. Bu, dövlət qurumları üçün ölkədə proaktiv iqtisadi siyasəti həyata keçirmək üçün ən vacib resursdur”, - millət vəkili bildirib.
H.Hüseynova bildirib ki, 2026-ci il büdcəsini strateji sənəd kimi qəbul etmək olar.
“Ümid edirəm ki, təkliflərimiz gələn ilin dövlət büdcəsində və sonrakı illərin dövlət büdcəsində nəzərə alınacaq”
Millət vəkili Baş nazir Əli Əsədova və hökumət üzvlərinə minnətdarlıq etməyi də unutmayıb: “Dəstəyinizlə Milli Məclis komitələri ilə dövlət qurumlarının birgə iclasları keçirildi. Bizi narahat edən məsələləri səsləndirdik, geniş və detallı müzakirələr aparıldı. Ümid edirəm ki, təkliflərimiz gələn ilin dövlət büdcəsində və sonrakı illərin dövlət büdcəsində nəzərə alınacaq. Eyni zamanda, ətraflı təqdimata görə hökumət nümayəndələrinə, Hesablama Palatasına və Mərkəzi Banka təşəkkür edirəm. Bütün şəhər və kəndlərimiz kimi, Sumqayıt da inkişaf edir. Sənaye Parkının fəaliyyəti, investisiya və infrastruktur layihələri nəticəsində həm şəhərin siması dəyişir, həm də yeni iş yerləri açılır. Xüsusi ilə seçildiyim dairə üzrə seçicilərim adından təşəkkür etmək istəyirəm. Bu günlərdə Bakı və Sumqayıt şəhərləri arasında yeni avtobus marşrutu istifadəyə verildi. Bu, insanların sürətli və rahat gedişlərinə böyük dəstəkdir. İnanırıq ki, vətəndaşlarımızın həyat şəraitinin daha da yaxşılaşması üçün aparılan işlər davamlı olacaqdır”.
“Bu gün Ümumdünya Uşaq Hüquqları Günüdür. Uşaq yalnız ailənin deyil, eyni zamanda, mənsub olduğu xalqın, dövlətin ən böyük və qiymətli sərvətidir. Ona görə də büdcəyə uşaqlarla bağlı təkliflərimi bir daha səsləndirmək istəyirəm. Məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması, uşaq bağçalarında və təhsil müəssisələrində tibbi və psixoloji xidmətin təşkili, beynəlxalq təcrübəni öyrənməklə üç və daha çox uşaqlı ailələrə sosial dəstək proqramlarının həyata keçirilməsinə ehtiyac vardır. Bütövlükdə, mən 2026-cı il üçün dövlət büdcəsi layihəsini əhatəli hazırlanmış sənəd hesab edirəm və ona səs verəcəyəm”, - H.Hüseynova çıxışını tamamlayıb.
“2026-cı ildə xərcləmək üçün bizim 41 milyard 700 milyon manat vəsaitimiz var”
“Açıq danışsaq, hər birimiz gündəlik insanlarla ünsiyyətdəyik, vətəndaşlarımızın, orta statistik azərbaycanlının bu büdcədən gözləntilərindən xəbərdarıq. Akademik, rəsmi dili kənara qoyub sadə şəkildə ifadə etmək istəyirəm ki, ən çox verilən suallar bunlardır: “Bu büdcə bizim sosial rifahımızı nə qədər təmin edəcək?”, “Sabahımız necə olacaq?”, “Təhlükəsizliyimiz necə qorunacaq?” və s. olub. 2026-cı ildə xərcləmək üçün bizim 41 milyard 700 milyon manat vəsaitimiz var. Əgər onun 41 faizi – yəni 17 milyard manatdan çoxu sosial sahəyə ayrılırsa və bu, 2025-ci illə müqayisədə 213 milyon manat artıbdırsa, deməli, 2026-cı ildə daha yaxşı yaşayacaqsınız. Rəqəmlər və məntiq bunu göstərir”. Bu sözləri çıxışında deputat Elman Nəsirov səsləndirib.
Millət vəkili vurğulayıb ki, büdcənin 41%-i sosial istiqamətə, 21%-i müdafiə və təhlükəsizliyə, 8%-dən çoxu Qarabağın bərpasına ayrılır: “Yəni ümumilikdə 70%-dən çox vəsait əsas insan amilinə, rifaha, təhlükəsizliyə və yenidənqurmaya yönəlir. Qalan 30% isə digər sahələrə”.
“Evlənənlərin 50 faizi boşanır”
Deputat Məlahət İbrahimqızı bildirib ki, Ədliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dövlət Statistika Komitəsinin rəsmi hesabatları göstərir ki, nigaha daxil olan ailələrin təxminən 50 faizi boşanma ilə nəticələnir: “Son 3 ilin statistikasında bu rəqəmlər daha da düşündürücüdür. Boşanmaların artması gələcəkdə demoqrafik təhlükəsizlik, uşaqların psixoloji vəziyyəti, aliment məsələləri və yeni sosial proqramların formalaşması baxımından ciddi maliyyə yükü yarada bilər. Azərbaycanda da, dünyada olduğu kimi, hakim və hüquqşünas çatışmazlığı, məhkəmələrin yüklənməsi səbəbindən ailə mübahisələri barədə tələsik qərarlar verilir. Bu gün iclasda Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərləri iştirak etdiyinə görə, aşağıdakı sualları ünvanlamaq istəyirəm: Boşanmaların qarşısının alınması və ailənin qorunması ilə bağlı konkret proqram və strategiyalar hazırlanırmı? Boşanmaların səbəbləri elmi-akademik səviyyədə araşdırılırmı? Yaxın gələcəkdə ölkəmizdə Ailə Məhkəmələrinin yaradılması ilə bağlı hansısa addımların atılması nəzərdə tutulurmu?”.
Deputat: “Kitabxanaların döşəmələri yararsızdır, mədəniyyət evi qəzalıdır”
Millət vəkili Elnarə Akimova çıxışında təmsil etdiyi seçki dairəsinin problemlərindən danışıb. Deputat deyib ki, Sumqayıt şəhərində görülən işlər əhəmiyyətlidir, amma problemlər də mövcuddur: “Şəhərdəki kitabxanaların çoxu əsaslı təmirə ehtiyac duyur. Döşəmələr yararsız haldadır. Əsas problemlərdən biri Cəfər Cabbarlı adına Mədəniyyət Evinin qəzalı vəziyyətdə olmasıdır. Halbuki bu mədəniyyət evi tarixi abidə kimi qorunmalıdır. Hacı Zeynəlabdin qəsəbəsində də eyni hal yaşanır. 40 mindən çox əhalisi olan bu ərazidə bir dənə də olsun mədəniyyət evi yoxdur. Tədbirlər məktəb akt zallarında keçirilir”.
“Hörmətli maliyyə nazirimiz Sahil Babayevin burada olmasından istifadə edərək, komitə iclasında qaldırdığım Milli Kitab Mükafatının təsis olunması məsələsini yenidən diqqətə çatdırmaq istəyirəm. Mən inanıram ki, siz bu məsələyə həssas yanaşacaqsınız. Biz siyasətdə, idmanda sözümüzü demişik. İndi isə zəfər qazandığımız bir dövrdə, sözümüzü və həqiqətlərimizi bədii təcəssüm vasitəsilə dünyaya çatdırmağa ehtiyacımız var. 90-cı illərin çətin dövrlərində Ümummilli Lider Heydər Əliyev ədəbiyyatımızı və mədəniyyətimizi zədəsiz qoruyub saxladı. Bu gün isə cənab Prezident milli dilin qorunması ilə bağlı çağırışlar edir. Kitab siyasətinə xüsusi diqqət ayırmalıyıq. Çünki məhz kitablarda milli kimliyimiz, yaddaşımız qorunur. Dil səlisliyinin qorunması da buraya daxildir. Əgər biz yaddaşlı bir nəsil yetişdirmək istəyiriksə, bu sahəyə sərmayə qoymaqdan çəkinməməliyik”, millət vəkili qeyd edib.
Bildirib ki, Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli qərarı ilə təsdiq edilmiş sənədə əsasən, dövlət varidatı elan edilən müəlliflərin siyahısı hazırlanıb: “Çox yaxşı olardı ki, həmin siyahıda yer alan müəlliflərin əsərləri xüsusi seriyada, çoxcildli şəklində nəşrlərlə çap olunsun”.
Qeyd edək ki, Milli Məclisin plenar iclasında büdcə zərfinin müzakirələri sabah da davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 20 Noyabr 2025 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















