Icma.az
close
up
RU
Qızı Rəşid Behbudovun səsinə qulaq asa bilmir Xalq artisinin kürəkəni ilə MÜSAHİBƏ

Qızı Rəşid Behbudovun səsinə qulaq asa bilmir Xalq artisinin kürəkəni ilə MÜSAHİBƏ

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Görkəmli müğənnini Təbrizdə konsert verməyə qoymayıblar
Azərbaycan musiqisinin sorağı gələn hər yerdən Rəşid Behbudovun əfsanəvi səsi eşidilir. O, səhnədə mədəniyyət daşıyıcısı, milli ruhun musiqidə təcəssümüdür. Rəşid Behbudov muğamdan tutmuş klassik romanslara, xalq mahnılarından tutmuş estrada və dünya dillərində ifa etdiyi əsərlərə qədər geniş bir sənət palitrasına sahib idi. Rus, fars, türk, hind, ərəb və hətta ispan dillərində oxuduğu mahnılarla o, Azərbaycanı dünyaya tanıdırdı.
“Sevgilim”, “Küçələrə su səpmişəm”, “Gəl, ey səhər”, “Nazəndə sevgilim”, “Bəri bax” kimi xalq və bəstəkar mahnılarına verdiyi yeni nəfəs bu əsərləri zamandan asılı olmayan sənət nümunələrinə çevirdi. Eyni zamanda Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Tofiq Quliyevin və digər görkəmli bəstəkarların əsərlərini ustalıqla ifa edərək musiqi tariximizin unudulmaz səhnələrini yaratdı.
Modern.az saytı bu il yubiley yaşı qeyd olunan görkəmli sənətkar Rəşid Behbudovun həyat və yaradıcılığı ilə bağlı onun adını daşıyan fondun direktoru, Rəşid Behbudovun kürəkəni Kamil Şahverdiyevdən müsahibə alıb. 


- Kamil müəllim, Rəşid Behbudovla ilk tanışlığınızı necə xatırlayırsınız? Bu görüş sizdə hansı təəssürat yaratmışdı?
- 1986-1987-ci illərin biri idi, mən onda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında oxuyurdum. Bir qrup tələbə mahnı teatrına getmişdik, orada Rəşid Behbudovla görüşdük. Bizi çox gülərüz qarşıladı, ondan sonra da bir neçə dəfə görüşdük. Rəşid Behbudov bizim üçün əlçatmaz biri idi, amma bizə ilk dəfədən yaxın münasibət göstərdi. 1989-cu ildə Rəşid Behbudov həyatını itirəndən sonra mən Rəşidə xanımla ailə həyatı qurdum, amma ondan əvvəl də tanışlığımız var idi.
- Qeyd etdiniz ki, Rəşid Behbudov sizin üçün əlçatmaz idi. Rəşidə xanımla münasibətiniz yarananda necə, çəkindinizmi?

- Biz eyni məktəbdə - Bülbül adına musiqi məktəbində oxumuşuq. Sonra konservatoriyada da oxuduq. Tanışlığımız var idi, ailə məsələsinə gələndə isə mən düşünürdüm ki, bu çox çətin olacaq və reallaşa bilməz, mümkün deyil. Çox ürəkdən istəsəm də, o arzuları qurmurdum ki, biz nə vaxtsa evlənə bilərik. Amma sonra yaxın olanda mən Rəşidə xanıma da dedim ki, bizim münasibətimiz yəqin ki alınmaz. O mənim bu sözümə çox pis olmuşdu. Demişdi ki, mən də insanam, nə olsun Rəşid Behbudov mənim atamdır. Doğurdan da zamanla gördüm ki, ona ad, şöhrət təsir göstərməmişdi. Zamana münasibətimiz daha da möhkəmləndi və şükürlər olsun ki, indi də davam edir.
 

- Siz Rəşid Behbudov kimi dünya şöhrətli bir sənətkarın kürəkənisiniz. Bu qohumluq sizin həyatınıza və dünyagörüşünüzə necə təsir edib?
 

- Çox məsuliyyətli işdir. Həyatın boyu bütün davranışına nəzarət etməlisən. Bəlkə də bu qohumluq münasibəti olmasaydı, mən tamam başqa adam olardım.

Şah da Rəşid Behbudovun Təbrizə getməyinə icazə vermir
- Dahi müğənni bir çox xarici ölkələrdə qastrol səfərlərində olub. Bildiyimizə görə, İranda olarkən maraqlı hadisələr yaşanıb. Rəşid Behbudovun İran səfəri barədə hansı xatirələr yadınızdadır?
 

- Qastrollarla bağlı çox maraqlı hekayələri olub, bunu tək ailəsi yox, çox insan danışır. Rəşid Behbudovun bir neçə dəfə İrana səfəri olub. İlk səfəri 1961-ci ilin dekabrından martına qədər olan vaxtı əhatə edib. Həmin vaxt İranda böyük konsert salonları yox idi və konsertə gəlmək istəyənlər həddindən artıq çox idi, amma hamısına nəsib olmurdu. Bu qədər müraciətdən sonra Rəşid müəllim oradakı rəsmi nümayəndələrə deyir ki, böyük konsert zalı tiksəniz yaxşı olar. Bundan sonra Tehran Gənclər Evinin və İran Xor cəmiyyətinin sədri Qoli Sorxi səhnədən elan edir ki, Rəşid Behbudov deyir ki, konsertdən yığılan pulları bizə hədiyyə edəcək və biz də həmin pullara konsert zalı tikəcəyik. Konsert zalına da Rəşid Behbudovun adı veriləcək. Bu səhnədə elan olunur, onun səs yazısı belə, bizdə var. Rəşid Behbudov orada konsert verəndə Tehranın yolları bağlanırdı. Çox arzulayırdı ki, Təbrizə getsin, amma onu heç vaxt ora buraxmadılar. 4 şəhərdə - Tehran, İsfahan, Xoy və Abadanda olub. Rəşid Behbudovun Təbrizdə konsert vermək istəyi şaha qədər gedib çıxır, amma şah da buna icazə vermir, deyir ki, Təbrizə ehtiyac yoxdur.

- Rəşid Behbudovun kifayət qədər çox səfərləri olub, onun sonradan xaricdən tapdığınız kasetləri varmı?

- 1951 və 1956-cı ildə ABŞ-də Rəşid Behbudovun iki valı buraxılıb. Bundan heç kimin xəbəri olmayıb. Bir valı ona 1961-ci ildə İrandakı konsertində bəstəkar Ədlilə Hüseynzadənin qardaşı uşaqları hədiyyə edir. Bundan Rəşidin özünün də xəbəri yox idi. Bu yaxınlarda mən bir val da tapdım. 1951-ci ildə Amerikada çıxıb. Valın bir üzündə Rəşid Behbudov, digər üzündə isə Azərbaycan bəstəkarlarının – Soltan Hacıbəyovun “Karvan” süitası, Fikrət Əmirovun əsərləri yazılmışdı. Belə maraqlı faktlar çoxdur və biz bu haqda araşdırmalarımızı davam etdiririk. Rəşid Behbudovun musiqisinin Amerikaya qədər getməsi Azərbaycan musiqisinin təntənəsi idi.

21-ci əsrin ən məşhur bəstəkarlarından olan italyalı Luçano Berio 1964-cü ildə  "Xalq mahnıları" adlı məşhur əsərini yazıb.  Bu əsərdə Amerika, İtalya, Fransa xalq mahnıları, eyni zamanda Azərbaycan xalq mahnısı “Qalalıyam” yer alır. Məlum oldu ki, 1960-cı illərdə SSRİ-i dövründə məşhur “Melodiya” firması ingilis dilində Rəşid Behbudovun mahnılarından ibarət vinil val buraxır və "Qalalıyam" mahnısı da vala daxil edilir.  “Qalalıyam” mahnısı olan val məşhur italiyalı bəstəkar Luçano Berionun diqqətini cəlb edir. Mahnı o qədər xoşuna gəlir ki, onu əsərinə daxil edir. Həmin əsəri dünyanın ən məşhur müğənniləri repertuarlarına daxil edirlər. Hazırda həmin musiqi bütün konservatoriyalarda tədris olunur. “Arşın mal alan”, “Qalalıyam” və "Cücələrim" əsərləri bütün dünyada məşhurdur. Bundan başqa, ölkəmizdə məşhur olan “Ayrılıq” mahnısını da biz ABŞ-də tapdıq.

Belə faktlar çoxdur, biz indi-indi başlamışıq sərvətlərimizə yiyə çıxmağa. Rəşid müəllimin kolleksiyasında 1950-ci illərə aid val var – “Erməni xalq mahnısı: Koroğlu”. Moskvada buraxılıb bu plastinka, heç kim də etiraz etməyib. İlk dəfə Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayev 1927-ci ildə “Azərbaycan türk el nəğmələri” adlı 30 Azərbaycan xalq mahnısından ibarət kitab çap ediblər. Amma ondan illər əvvəl ermənilər bizim mahnıları yığıb erməni mahnısı adı ilə təqdim edibdilər. 1927-ci ildən sonra Üzeyir Hacıbəyli bütün bəstəkarlara tapşırıb ki, musiqilərimizə sahib çıxsınlar.

- Heç olubmu ki, Rəşid Behbudovun hansısa tamaşasında və ya konsertində səhnəarxası maraqlı bir hadisə yaşanıb və o bunu ailə içində danışıb?

- Çox belə hadisələr olub. Müslüm Maqomayevin tez-tez xatırladığı, hətta kitabında qeyd etdiyi maraqlı hadisə var. İngiltərədə böyük zalda Rəşid Behbudov konsert verir, musiqi ifa etdiyi yerdə texniki problemlər yaşanır və mikrofon işləmir. Hamı çaş-baş qalır, Rəşid müəllim də musiqiçilərə tapşırır ki, davam edin və başlayır mikrofonsuz oxumağa. Həmin konsertdə Müslüm Maqomayev özü də iştirak edib, yazır ki, Rəşidin səsini zalda ən arxada oturan şəxs belə aydın eşidirdi.

Mübariz Tağıyev danışır ki, Şotlandiyada 40 dərəcə qızdırma ilə səhnəyə çıxmışdı. Heç halı yox idi ayaq üstə dayanmağa, amma səhnəyə çıxanda elə-bil sapsağlam adamdır. Konsert bitəndən sonra yenə eyni vəziyyətə düşdü, qolundan tutub güclə otelə apardıq.

- Rəşid Behbudovun SSRİ hakimiyyətinə qarşı fikirləri zamanla dəyişdimi?

- Rəşid Behbudovun ümumilikdə götürdükdə Xruşov, Brejnev və başqaları ilə münasibəti yaxşı olub, amma Rəşid Behbudov həmişə Azərbayacana, vətəninə çox bağlı sənətkar olub. O vaxt xaricə gedən sənətçinin konsertini Moskvadan yoxlayırdılar, ondan sonra buraxırdılar ki, ölkə sərhədlərini keçsin. Rəşid Behbudov da həmin yoxlamada başqa proqram göstərirdi, xaricə gedəndə daha fərqli proqramla çıxış edirdi. Buna görə hər dəfə müəyyən deyişmə və təzyiqlər olurdu. Amma konsert o qədər yaxşı keçirdi ki, artıq məmurlar da Rəşidlə razılaşırdı. Çünki SSRİ adına orada çıxış edirdi və hər kəs də çox bəyənirdi. Sadəcə Azərbaycan mahnısı ilə başlayıb Azərbaycan mahnısı ilə bitirdi, qeyd edirdi ki, mən Azərbaycan sənətçisiyəm. Polşalı dramaturq var, onun “Kommunist” qəzetində 1975-ci ildə bir yazısı çıxmışdı, yazırdı ki, Rəşid Behbudovu biz “Arşın mal alan” filmi ilə tanıyırdıq, Polşaya gələndən sonra isə tanış olduq və həmin filmdəki musiqiləri yenidən polyak dilində oxudu. Bizdə də maraq yarandı və 3 il ərzində 1500 dəfə onu tamaşaya qoyduq. Bu Azərbaycan mədəniyyəti üçün böyük hadisə idi. Rəşid Behbudov Kommunist Partiyasının üzvü olmayıb. İlk növbədə özünün heç vaxt həvəsi olmayıb, digər tərəfdən isə SSRİ dünyaya göstərirdi ki, bizdə bitərəflər də var.

Ölümünə qədər Rəşid Behbudova salam verməkdən belə çəkindilər

- Rəşid Behbudov sağlığında bütün sənətçilərlə münasibəti çox yaxşı olub. Sonrakı illərdə, həmçinin Rəşid Behbudov həyatını itirəndən sonra ona qarşı münasibətin dəyişdiyini görə bilirik?

- Hər dövrün öz hökmü var. Amma 1988-ci ildə dekabrın 1-də Rəşid Behbudovla Qarbaçovun Qarabağla bağlı tutuşmasından sonra Rəşid bəyə qarşı münasibət hakimiyyət səviyəsində dəyişib. Bundan sonra Azərbaycanda da hamının sevdiyi insan birdən-birə  təcrid olunub. Heç kim ona yaxın durmur, təmas qurmaq istəmirdi. Bu da Rəşid Behbudova çox pis təsir edirdi. Eyni zamanda 1988-ci ilin dekabrın 1-də Qarbaçovun elm, sənət, mədəniyyət xadimləri ilə görüşündə yaşadığı mübahisədə orada olan digər insanlar Rəşidi müdafiə etmir, orada tək qalır. Müslüm Maqomayev sonradan etiraf da etmişdi və peşmançılıq çəkirdi ki, Rəşid müəllim orada tək qaldı, gərək onu müdafiə edərdi. Bu hadisədən sonra ölümünə qədər çoxları Rəşid Behbudova salam verməkdən belə çəkinirdilər.

Rəşid Behbudovun həyat yoldaşı ilə qızı onun yaratdığı Azərbaycan Dövlət Mahnı Teatrına buraxılmırdı

- Ailəsi bunun əziyyətin çəkdimi?

- Bu günə qədər çəkir. 90-cı illərin ortaları idi, bir məmura dedim ki, SSRİ yoxdur daha, Azərbaycan müstəqil dövlətdir, amma hələ də o hakimiyyətdən gələn təlimat davam edir. Ailəsinə qarşı hər yerdə yollar, qapılar bağlanmışdı. Rəşid Behbudovun həyat yoldaşı ilə qızı onun yaratdığı Azərbaycan Dövlət Mahnı Teatrına buraxılmırdı. Rəşid Behbudovun 9 il qəbirüstü abidəsi olmadı. Abidə Ömər Eldarov tərəfindən çoxdan hazırlanmışdı. Müxtəlif bəhanələr edirdilər ki, guya ailəsi Hindistandan, Misirdən xüsusi daş istəyir. Axırda mətbuatda rəsmi elan etdim ki, Rəşid Behbudovun ailəsi heç nə istəmir, lap adi aqlay daşından başdaşı düzəldin, təki hazırlansın. 1998-ci ildə Fəxri xiyabanın yanından keçəndə gördüm ki, abidəni gətirirlər. Gəldim evə, dedim bəs hazırlaşın, bir-iki günə açılış olar. Gözlədik, bir gün keçəndən sonra gedib baxdım ki, ailəsinə xəbər etmədən, səssiz-səmirsiz gecə ilə abidəni qoyublar. Rəsmi açılış mərasi keçirilmədən. Belə faktlar çox gətirə bilərəm. Amma həmin adamların əksəriyyəti həyatını itirib. Moskvaya xidmət edən qüvvələr idi ki, hələ də onlar var.

Bəzi məmurlar hələ də 1988-ci ildə gələn təlimatla yaşayırlar
- Rəşid Behbudov əslən şuşalıdır. Şuşadan da kifayət qədər sənət adamları çıxıb. Onların Rəşid Behbudova qarşı münasibəti necə oldu? Hadisələrdən sonra ailəsini axtarıblarmı, onların yanında olublarmı?

- Yox, əksinə. Amma Rəşid Behbudov sağlığında hamıya əl tutur, dəstək olurdu. Rəhmətə gedəndən sonra isə maddi, mənəvi hər cəhətdən ailəsi problemlər yaşadı. Kimisə qınamaq da olmur, insanlar qəribədir. Zaman keçdikcə, bu hadisələrə qiymət vermək lazımdır. Hər halda o insanın xidmətləri böyük idi və Azərbaycan xalqının mədəniyyətini, musiqisini təbliğ etməkdə önəmli rol oynayıb.
Ulu öndərin qayğısı, diqqəti hər zaman olub. Möhtərəm Prezidentimiz İlham Əliyev və sevimli Mehriban xanım Əliyeva diqqətini heç zaman əsirgəməyib. Rəşid Behbudovun xatirəsini hər zaman uca tutublar. Onlardan fərqli olaraq bir çox bəzi məmurlar isə hələ də 1988-ci ildə gələn təlimatla yaşayırlar...

Rəşid Behbudov Qarabağ məsələsinə görə Qarbaçovla mübahisə edib
- Rəşid Behbudovun ölümü ilə bağlı müxtəlif məlumatlar yayılıb. Bəzi iddialara görə, onu sifarişlə öldürüblər. İstərdik ki, bu haqda həqiqətləri həm də sizdən eşidək...

- Bununla bağlı müəyyən fərziyyələr səslənir. Bəziləri deyir ki, Rəşid Behbudov Hindistanda səfərdə olan zaman 26 Bakı komissarlarının rəhbəri Stepan Şamuyanın orada yaşadığı və öldüyü haqqında məlumat alıb və sonra da əlinə onu sübut edən kaset keçib. Bəzi tarixçilər bunu təsdiqləyir, bəziləri isə yox. Amma Rəşid Behbudovun əsl ölüm səbəbi bununla bağlı deyil. Rəşid Behbudovun əldə etdiyi və Qarbaçovla dalaşmasına səbəb olan kaset Qarabağla bağlı idi.

1987-ci ildə SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov həyat yoldaşı Raisa ilə Amerikada səfərdə olur. Həmin müddətdə Raisa Mixail Qorbaçov olmadan erməni diasporunun nümayəndələri ilə birlikdə yaxtada okean turuna çıxır.

Orada ermənilər Raisaya qiymətli hədiyyələr verirlər və ilk dəfə Qarabağ məsələsini qaldırılar. Raisa isə onlara kömək edəcəyinə söz verir.

Rəşid Behbudov da 1988-ci il may ayında Türkiyəyə qastrola gedib. Türkiyə xüsusi xidmət orqanları həmin məsələni Rəşid Behbudova çatdırır və hadisəni sübut edən kaseti ona verirlər. Rəşidə xanım da həmin qastrolda atasını müşayiət edib. Biz indi də bilirik o kasetin taleyi necə oldu.

Bu hadisədən sonra - 1988-ci ildə dekabrın 1-də Ermənistanın və Azərbaycanın görkəmli elm, sənət, mədəniyyət xadimləri ilə Qorbaçovun görüşü baş tutur. Həmin gün Rəşid Behbudov Qarabağ mövzusuna görə Qarbaçovla mübahisə edir. Rəşid Behbudov özünün də şuşalı olduğunu və Qarabağın Azərbaycana məxsus olduğunu qeyd edir. Çox əsəbiləşir, gərgin anlar yaşayır. Sonra qapını çırpıb çölə çıxır.

Bu hadisədən cəmi 6 ay sonra Rəşid Behbudov həyatını itirir. 

Rəşid Behbudov 9 iyun 1989-cu ildə Moskvada yerləşən Kreml xəstəxanasında dünyasını dəyişib. Xəstəxanada Rəşid Behbudovun gecə növbətçisi həkimi erməni olub. 

Xəstəxanaya yerləşdiyi gündən Rəşid Behbudovun həmişə yanında həyat yoldaşı Ceyran xanım və Rəşidə xanım olublar. Amma Rəşid Behbudovun öldüyü gün həmin erməni həkimi Ceyran xanıma müəyyən prosedurların olacağını, buna görə də onun palatadan kənarda gözləməli olduğunu deyir. Həmin gecə Ceyran xanım tək imiş. Rəşidə xanım isə səhər tezdən gələcəkdi. Palata qapısının yanına Ceyran xanım üçün kreslo da qoyublar. Ceyran xanım palatadan çıxandan sonra tibb bacıları ona çay gətirirlər, həmin çayı içəndən sonra isə yuxuya gedir.

Ceyran xanım bu haqda bizə danışırdı ki, bir-iki dəfə qulağına səs gəlib, həkimlərdən soruşub, narahat olub, onlar da deyiblər ki, narahat olmayın prosedurlardı. Həmin prosedurdan qabaq Rəşid Behbudov əməliyyata hazırlaşırdı, əməliyyat günün səhərisi onu ləğv etdilər. Heç bir izah da olmayıb.
Ceyran xanım həkimlərin növbə dəyişməsi zamanı, səhər saat 8-də yuxudan ayılıb. Oyanan kimi də səhər növbəsinə başlayan həkimdən Rəşidin əhvalını soruşur. Ceyran xanım Rəşid Behbudovun vəziyyətini həkimlərdən soruşanda, ona deyiblər ki, gecə saat 04:10-da Rəşid Behbudov rəhmətə gedib. Ceyran xanım palatanın düz yanında olsa da, Rəşid Behbudovun ölümü haqqında ona axşamdan heç nə deyilməyib. 

Ceyran xanımı bundan sonra baş həkimin yanına aparıblar. Baş həkim ona vərəq uzadaraq ora qol çəkməsini istəyib. Vərəqdə yaxınların meyitin tibbi ekspertizadan keçməməsi və yarılmamasını istədiyi yazılıbmış. Baş həkim Ceyran xanımı inandırır ki, siz müsəlmansınız və meyitin yarılması sizin dininizə görə qadağandır. Həmin vaxt panikada olan Ceyran xanım sənədi imzalamır. 

Rəşid Behbudovun nəşi Bakıya gətirildikdən sonra, məsciddə yumağa aparırlar. Rəşid Behbudovun bacısı oğlu Cəfər də həmin mərasimdə iştirak edir. Cəfər görüb ki, meyit yarılıb və bu haqda ailəyə məlumat verib. Bundan sonra məhkəmə-tibbi ekspertizasına zəng ediblər ki, Rəşid Behbudovun nədən rəhmətə getdiyi yoxlanılsın. Ekspertizanın nəticələri olan sənədi səhərisi gün istəyəndə ailəyə bildiriblər ki, sənəd yoxdur. Bundan sonra Rəşidə xanım məhkəmə-tibbi ekspertizanın həmin vaxtkı rəhbərindən dönə-dönə sənədi tələb edib. Axırda o da deyib ki, bizlik deyil, gəlib sənədləri aparıblar. 

 Rəşidə xanımın işləməyinə imkan yaradılmadı

- Rəşid Behbudov sənətini davam etdirən qızı – Sizin həyat yoldaşınız Rəşidə xanımdır. Amma onu səhnələrdə, konsertlərdə görə bilmirik... Rəşidə xanımın aktiv müğənni kimi fəaliyyət göstərməməsi nə ilə bağlıdır?

- Rəşidə xanım kifayət qədər aktiv idi. Əsasən xarici ölkələrdə böyük layihələr həyata keçirirdi. Sadəcə, o, şou adamı deyil. Ciddi sahələrdə çalışıb, ilk dəfə Azərbaycanda mono-vokal tamaşasını yaratdı, çox da uğurlu idi. "Ömür yolu bircə andır" mono-vokal tamaşası böyük uğur qazandı. Görkəmli bəstəkarımız Arif Məlikovun Ulu öndərə həsr olunan səkkizinci simfoniyasını ilk ifa edən o olub. Qüdrətli bəstəkarımız bu möhtəşəm əsərini Rəşidə xanıma həvalə edib. Böyük layihələrdə öz işini görüb. Dünyaca məşhur sənətkarların qiymətini alıb, eyni səhnədə çıxış edib. O, çox istəyirdi ki, dərs desin. Rəşidə xanım çox bilikli, savadlı qadındır. Konservatoriyanın iki fakültəsini və aspiranturanı bitirib. Onun nadir və çox güclü səsi var. Dünya və musiqi ədəbiyyatını da çox gözəl bilən insandır. Vokal sahəsində də böyük peşəkar insandır, amma əfsuslar olsun ki, imkan vermədilər. Hətta o vaxt nazir Misir Mərdanovla görüşəndə də bunu dilə gətirdik. Misir Mərdanov bizim yanımızda Fərhad Bədəlbəyliyə zəng etdi. O da dedi ki, bizim ştat cədvəlimizdə yer yoxdur. Misir Mərdanov dedi ki, mən ştat cədvəlində yer ayıracam sizə. Ondan sonra mən Fərhad Bədələyli ilə əlaqə saxladım, o dedi ki, Fidan, Xuraman Qasımova bacıları ilə əlaqə saxlayın, dil tapın. Belə...

Sonra da Rəşid Behbudovun irsinin araşdırılması sahəsində Rəşidə xanım çox işlər gördü. Bu özü də çox ciddi və məsuliyyətli, ağır işdir. Adicə “Arşın mal alan” filmini oradan-buradan toplayıb Heydər Əliyev Fondunun köməyi ilə onu Amerikada, Hollivudda həm bərpa etdik, həm də rəngləndirdik. Film tamamilə yoxa çıxmışdı. Hamı deyirdi ki, Moskvadadır. Amma Moskvada rus dilində olan versiyası idi. Rəşid Behbudovun çəkildiyi iki film – “Arşın mal alan” və “Bəxtiyar” filmləri eyni zamanda iki dildə ekranlaşdırılıb. Hamı da deyirdi ki, Azərbaycan versiyası da Moskvadadır, amma deyildi. İtirmişdilər. Biz onu hissə-hissə tapıb bərpa etdik. 

- Oğlunuz babasının adını yaşadır... Nəvə Rəşid hansı sahədə fəaliyyət göstərir?

- O da Bülbül adına musiqi məktəbini və sonra Bakı Musiqi Akademiyasını bitirdi. Anası kimi həm pianoçu, həm də vokal ixtisası üzrə təhsil alıb. Çox gözəl səsi var. Genetik olaraq o da çox istedadlıdır. Uşaqlıqdan müasir texnologiyaya maraqlı idi. Özü informasiya texnologiyaları sahəsində biliklərini artırdı. Biz həmin vaxt bu məsələlərə çox da ciddi baxmırdıq. Sonra 8 səviyyəni keçib “Apple” şirkətinin sertifikasiyasını aldı. İndi xanımı ilə ABŞ-də yaşayırlar. Ümid edirik ki, tezliklə o da səhnədə sözünü deyəcək. Həqiqətən də gözəl səsə malik, istedadlı musiqiçidir. Hər zaman babası ilə müqayisə olunacağı məsuliyyəti onu addım - addım izləyir. Amma düşünürük ki, tezliklə onum səhnədə uğurları hamımızı sevindirəcək. Xanımı opera müğənnisidir və Amerikada ciddi uğurları var. Rəşidə xanım onu böyük səhnəyə çox yaxşı hazırlayıb.

- Sizcə, bugünkü Azərbaycan gəncliyi Rəşid Behbudovun sənətini kifayət qədər tanıya və qiymətləndirə bilirmi?

- Biz bir statistika paylaşmışdıq - Rəşid Behbudova ən çox “Youtube” üzərindən qulaq asanlar elə gənclərdir. Yeniyetmələrin, gənclərin zövqünü formalaşdırmaq çox önəmlidir. Tədrisdən başlamaq lazımdır. Əgər bu gün məktəb direktorları “Son zəng”lərdə qəribə mahnılarla rəqs edirlərsə, gənclərin zövqü də korlanacaq. Bir balaca təhsili, zövqü olan hər kəs Rəşid Behbudovu dinləyir, yad edir. Amma çox istərdik ki, bu daha çox təbliğ olunsun ki, gənclər də mədəni irsimizə sahib çıxsın.

- Siz, Rəşid Behbudovun yaradıcılığının zirvəsi hansı işini hesab edərdiniz?

- Operanı bir müğənninin səsinə yazmaq nadir görünən hadisədir, “Sevil” operasında Fikrət Əmirov Balaşın ifasını sırf Rəşid Behbudov üçün yazıb. Ondan əlavə, Rauf Hacıyevin operettaları, xüsusi ilə “Romeo mənim qonşumdur” operettası da Rəşid Behbudovun səsinə yazılıb. Bunlardan başqa bir neçə xalq mahnısı var ki, mən onalrı dinləyəndə çox kövrəlirəm. Məsələn, “Küçələrə su səpmişəm” mahnısı. Rəşid Behbudov bu ifanı çox həssas və ürəklə oxuyub. Əgər bu zəngin əsərlərdən birini seçsəydim, o, “Sevil” operasındakı ifası olardı. Buradakı çıxışını Rəşid Behbudovun yaradıcılığının zirvəsi hesab edərdim. Onun yolunu açan, məşhurlaşdıransa “Arşın mal alan” oldu.

- Rəhbərlik etdiyiniz Rəşid Behbudov Fondunun fəaliyyəti barədə məlumat verməyinizi istərdik. Bu Fond nə işlə məşğuldur, gələcəkdə Rəşid Behbudovun sənət irsinin qorunması və təbliği ilə bağlı hansısa tədbirlər reallaşdırmağı düşünürsünüz?

- 1996-cı ildən fond qeydiyyatdan keçdi. O vaxtdan bu günə çox işlər görmüşük. Hələ də o fəaliyyətimiz davam edir. Fondu yenidən qeydiyyatdan keçiririk. Çünki təsisçilər Rəşid bəyin həyat yoldaşı Ceyran xanım, bacısı Nəcibə xanım, bir də qızı Rəşidə xanım idi. Ceyran xanımla Nəcibə xanım rəhmətə getdiyi üçün və qanunvericilikdə müəyyən dəyişikliklər olub deyə, nizamnamədə də dəyişikliklər olmalıdır. Biz Rəşid Behbudovun ifa etdiyi bütün mahnıları tapıb bərpa edirik. Məsələn, sonuncu Novruz bayramında Tofiq Quliyevin bəstələdiyi və Rəşid Behbudovun ifa etdiyi “Gəldi Bahar” mahnısını tapdıq. Gələcəkdə də maraqlı layihələr üzərində işləyəcəyik.

Xalq rəssamı Asəf Cəfərov 1975-ci ildə kətan üzərində Rəşid Behbudovun portretini çəkmişdi.  Həmin əsər 1981-ci ildə Şuşa Rəsm Qalereyasında nümayiş olunmaq üçün ora göndərilir. 1992-ci ildə düşmənlərimiz tərəfindən Şuşa işğal olunandan sonra bu gözəl əsər də bir çox qiymətli sərvətlərimiz kimi talan olunur. İndi o rəsmi bərpa edirik, bir neçə rəssamımız bunun üzərində çalışır. Rəşid Behbudovun dünyanın məşhur şəxsləri ilə şəkillərindən ibarət sərgi hazırlamağı düşünürük, bunu dəstəkləyən qurum da var, hələ ki işin başlanğıcındayıq. Rəşid Behbudovun xarici dildə oxuduğu mahnıların sayı çoxdur. Haradasa 10 vinilə sığışacaq belə mahnı var. Onları bir yerə yığmağı və dünyanın müxtəlif ölkələrində təqdimatını keçirmək və sonda həmin musiqiləri Ginnesin Rekordlar kitabına təqdim etmək istəyirik. Çünki dünyanın heç bir yerində bu qədər dildə mahnı oxuyan şəxs yoxdur. Çox istərdik “Bəxtiyar” filmi də rənglənsin, onun üçün də müraciətlər etmişik. Uzun prosesdir, yəqin ki, bu ilə çatdırmasaq da, gələn ilə çatdırarıq. Rəşid Behbudovla bağlı xatirələrdən ibarət kitab yazmağı da düşünürük. Gənc Türk yazar Aleyna Malkoç Rəşid Behbudovla bağlı roman yazır. Maraqlıdır ki, Türkiyədə yaşayan gənc qızdır və Rəşid Behbudovun fanatıdır, bir dəfə onunla bağlı yazı da yazmışdı, tanışlığımız da elə yarandı.

- Müəlliflik hüquqi ilə bağlı hansısa problemlər yaşayırsınızmı?

- Çox ciddi. Sizə desəm inanmazsınız. Bunun üzərində də işləyirik. Bu mövzuda çox ciddi problemlərimiz var, bu hüquqları bərpa etmək üçün dövlət bizə dəstək olur. Hazırda elə situasiya yaranıb ki, Rəşid Behbudovun ifaları nə bizə, nə də Azərbaycana aiddir. Mən bunu ilk dəfə deyirəm, çalışırdıq yaymayaq. İndi müraciət etmişik. Cənab Prezident də prosesin tez bir zamanda həll olunması üçün tapşırıqlarını verib. Ümumiyyətlə, musiqi ilə bağlı olan bütün əsərlər Sovet dönəmində birbaşa AzTV-ə məxsus idi. AzTV ilə tez bir zamanda müqavilə bağladıq və onlar bütün hüquqların bizə keçməyini təsdiqlədilər. Daha sonra Ədliyyə Nazirliyindən, Əqli Mülkiyyət Agentliyindən qeydiyyatdan keçirdik. İndi də növbəti addımlar davam edir, çünki bunu bəzi yerli işbazların köməyi ilə xarici şirkətlər mənimsəyiblər. Təsəvvür edin ki, Rəşidə xanım atasının səsini paylaşa bilmir. Çətinliklər çoxdur. Yutub-a müraciət edirsən, deyir ki, mən onu tanıyıram, siz gedin məhkəmədə araşdırın. O da yavaş-yavaş yoluna qoyulacaq.

- Kamil müəllim, Rəşid Behbudovla bağlı sizə danışılan hansı xatirə ən çox ürəyinizə toxunub?

- Rəşid müəllimin Şüvəlanda bağ evi var idi. Qara Qarayev, Tofiq Quliyev, Şəmsi Bədəlbəyli orada tez-tez olurdu. Böyük tut ağacı da var idi həyətdə. Ceyran xanım danışır ki, uşaqlar o ağaca çıxırdılar. Kabab çəkir, danışır, deyib-gülürdülər. Ceyran xanım da deyir ki, mən bağ evini xoşlamırdım, şəhərdəki evə getmək istəyirdim. O vaxt da bağlar belə deyildi, hər yer qum olurdu. Deyir o vaxt Qara Qarayev mənə deyirdi ki, eh Ceyran, sən hələ gəncsən, bunun nə demək olduğunu sonra anlayacaqsan. Sonra da Ceyran xanım çox arzuladı o bağı, amma yenidən heç nəyi qaytarmaq olmadı.

Rəşidə xanım danışır ki, Ceyran xanım həmişə Rəşid Behbudova deyirdi ki, yorulmusan, məzuniyyət götür, özünə vaxt ayır, gedək haradasa dincələk. Rəşid bəy də deyirmiş, yox, qoy bu işi də görüm, bunu da edim. Ceyran xanım da əsəbiləşəndə cavab verirdi ki, xalqım bunun qiymətini verəcək. O sözü tez-tez deyirdi.

Rəşidə xanımın bir maraqlı xatirəsi də var. Bir gün hansısa rayonun mahnı teatrına qastrola gedirlər. Bunları bir tərəfdə rəsmi şəxslər, bir tərəfdə də rayon camaatı qarşılayır. Avtobusdan düşəndə rayonun birinci katibi gəlir Rəşid bəylə salamlaşmağa, Rəşid Behbudov da onunla salamlaşmamış camaatın içinə gedir, onlarla görüşür. Sonra rəsmi adamlarla görüşür. Hətta Rəşidə xanım da atasına deyib ki, ayıbdır axı, bu rayonun rəhbəridir. Rəşid bəy də deyib ki, o gözləyər, birinci xalqımla görüşməliyəm.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 İyun 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mariya Zaxarova Rusiya Ermənistan münasibətlərinə dair sualı cavablandırdı

19 İyun 2025 18:50see133

Fernando Muslera Argentina klubu ilə anlaşdı

20 İyun 2025 12:37see128

Arxeoloqlar dinozavr dövrünə aid “qoblin” qalıqlarını tapıblar...

19 İyun 2025 22:15see127

Bərdədə Milli Məclisinin Səhiyyə komitəsinin səyyar iclası keçirildi FOTOLAR

19 İyun 2025 19:02see126

Müharibəyə görə 12 mindən çox iranlı zəvvar geri dönə bilmir

20 İyun 2025 01:59see125

İsrail höküməti orduya əmr verdi: İranın Məşhəd və Təbriz şəhərləri...

21 İyun 2025 00:49see123

Damla tanınmış müğənninin əri ilə sevgili olub; Afaq SİRLƏRİ AÇDI (VİDEO)

20 İyun 2025 05:15see122

Dilarə Əliyevanın qardaşının SON DURUMU

20 İyun 2025 11:14see120

Tottenhem milli üzvü üçün 60 milyon funt sterlinq ödəməyə hazırdır

19 İyun 2025 17:14see118

Putin Azərbaycanla birgə bu problem həll etmək üçün tapşırıq verdi

19 İyun 2025 22:01see115

Kahramanmaraşda Prezident İlham Əliyev insanların böyük sevgisi ilə qarşılaşıb

19 İyun 2025 21:44see115

Şiraz və Tehranda hərbi obyektlər bombalandı

20 İyun 2025 08:36see114

Putin: İrandakı vəziyyətə baxmayaraq, Buşehr AES də işləri davam etdiririk

20 İyun 2025 21:11see113

18 ildir evlənməyən cütlük: Özümüzü evli kimi hiss edirik

20 İyun 2025 16:40see113

İran üçün sınaq, Çin üçün strateji risk İsrail müharibəsinin dərin tərəfləri

20 İyun 2025 17:50see112

Tramp yaxın iki həftədə İranla bağlı taleyüklü qərar verəcək

19 İyun 2025 22:00see112

Mərhum Xalq artistinin qızı adını dəyişir

20 İyun 2025 10:39see112

“Bütün Ukrayna bizimdir” Putindən ŞOK AÇIQLAMALAR

20 İyun 2025 23:30see112

46 illik ömür...

20 İyun 2025 08:17see112

DSK sədri vəfat etdi

20 İyun 2025 16:21see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri