Qlobal Bakı Forumu: dünya düzəninə yeni baxış
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
Prezident İham Əliyev: “Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülh müqaviləsinin müəllifidir“
Beynəlxalq münasibətlər sistemində güclü ölkə olan Azərbaycanın uğurlarının əsasında uzaqgörən və praqmatik xarici siyasət strategiyası dayanır. Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Bu gün ölkəmizin bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi deyil, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirakı, əlbəttə ki, cəkisinin göstəricisidir. Cox vacib beynəlxalq forumlara və tədbirlərə ev sahibliyi edərək, qlobal və regional sabitliyə töhfəsini verən Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və onlarla belə tədbirləri yüksək səviyyədə keçirməklə, dünyanın diqqətində olur. Sözsüz ki, bu cür tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığa xidmət edir.
Paytaxt Bakımızda Martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə kecirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu regionda aparıcı aktora çevrilən Azərbaycanın beynəlxalq nüfuzunu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol oynadığını bir daha ortaya qoyur.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Mərkəzin təşkil etdiyi tədbirlərə marağın ildən-ilə artmasi da məhz bunun məntiqi nəticəsidir. Qlobal Bakı Forumu geniş fikir müxtəlifliyini təmsil edən insanları neytral və mehriban bir mühitdə bir araya gətirərək, onların dünyanın qlobal çağırışları ilə bağlı fikir mübadiləsi aparmasına imkan yaradır.
“QLOBAL BAKI FORUMU HAZIRDA APARICI BEYNƏLXALQ PLATFORMALARDAN BİRİDİR”
“Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik edirəm ki, son illər ərzində çox əla işlər aparmışdır və belə bir mühüm beynəlxalq tədbiri təşkil edir”. Bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib. Dövlətimizin başçısı bildirib: “Biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir. Orada qlobal gündəlikdə dayanan məsələlər müzakirə olunur”.
Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Məhz bu tərkibdə olan insanların bir araya gələrək parçalanmış dünyada olan bütün maneələrə qarşı birgə mübarizə aparmaqda əhəmiyyətlidir. Builki Forumun mövzusu son zamanlar xüsusilə aktual olan məsələləri əks etdirir: “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”. Qeyd edək ki, bu tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin Vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunan budəfəki Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, Nobel mükafatı laureatları, alimlər və ekspertlər iştirak edirlər.
Xüsusi vurğulamaq lazımdır ki, Qlobal Bakı Forumu dünya ictimaiyyətini dərindən narahat edən məsələlərin həlli yollarını araşdıran və bu istiqamətdə müzakirələr apara bilən müstəqil beynəlxalq platformaya çevrilib. Belə ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilən Qlobal Bakı forumlarında dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət, etnik və digər zəmində baş verən münaqişələr və bir sıra digər qlobal problemlər geniş müzakirə edilib, onların həlli yollarının tapılması istiqamətində təhlillər aparılıb.
XII Qlobal Bakı Forumu əvvəlki illərdə olduğu kimi, qlobal çağırışların həlli üçün geniş mövzu spektri və dərin müzakirələri ilə mühüm platforma rolunu oynayacaq. Burada aparılacaq diskussiyalar beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, ortaq həll yollarının müəyyənləşdirilməsinə və sülhün təşviqinə töhfə verəcək.
“BİZ İŞĞAL İLLƏRİNİ YADDAN ÇIXARA BİLMƏRİK VƏ ÇIXARMAYACAĞIQ”
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi fəal praqmatik siyasət, dünya miqyasında nüfuzlu siyasətçi imici, liderlik xüsusiyyətləridir ki, bu gün ölkəmiz böyük imicə sahibdir. Azərbaycanın artan beynəlxalq nüfuzu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol oynayır. Belə ki, ölkəmiz çox vacib beynəlxalq forumlara və tədbirlərə ev sahibliyi edərək, qlobal və regional sabitliyə töhfəsini verir. Bu gün Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan sülh prosesinə sadiqdir. Azərbaycan Ermənistanla münasibətlərin sülh yolu ilə həllinə töhfə vermək üçün ciddi addımlar atır. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış edərək sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırladı. “Ermənistan-Azərbaycan prosesinə gəldikdə, biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq”, - deyə Prezident İlham Əliyev çıxışında bildirib. “Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri və Ermənistanın təcavüzünün məhz bizə verdiyi ziyanı bilirik. Biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir. Bütün şəhərlər, kəndlər yerlə-yeksan olunub və onlar bizim kəndlərimizə, şəhərlərimizə, bizim dinimizə və tarixi irsimizə qarşı bilərəkdən belə hərəkətlər etmişlər. 65 məscidi dağıtmışdılar”, - deyə dövlətimizin başçısı əlavə edib.
“BİZ CƏNUBİ QAFQAZDA SÜLH QURMALIYIQ”
Məlumdur ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusu 2023-cü ilin sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.
Bu gün Azərbaycan regionda mühüm söz sahibi və sabitləşdirici qüvvə kimi çıxış edərək, beynəlxalq əməkdaşlığın güclənməsinə töhfə verir. 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Qələbə və ərazi bütövlüyünün bərpası ölkəmizə olan marağı daha da artırıb. Strateji coğrafi mövqeyi sayəsində Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat və logistika qovşağına çevrilib. Ölkəmiz qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında regionda sabitliyin və inkişafın təmin olunmasına çalışır. Prezident İlham Əliyevin qətiyyətli liderliyi, etibarlı siyasəti və yaradılan əlverişli biznes mühiti Azərbaycanın beynəlxalq nüfuzunun və tərəfdaş ölkələrlə əməkdaşlıq imkanlarının durmadan genişlənməsini təmin edir.
Azərbaycan İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış edib. İki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib. “Biz Cənubi Qafqazda sülh qurmalıyıq”, - deyən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülh müqaviləsinin müəllifidir. Bildirib ki, sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar bəndlərin artıq əksər hissəsi razılaşdırılıb.
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında onilliklərlə erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilərdən danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: “...biz bu məsələləri Ermənistan nümayəndələri ilə, onların Brüsseldə əyləşən yeni rəhbərləri ilə qaldırırıq. İndi onlar böyük qardaşını dəyişiblər. İndi həmin o böyük qardaş Brüsseldir. Prezident Tramp Dövlət Departamentində belə bir addım atdı ki, USAID ləğv olundu, korrupsiyaya uğramış siyasətçi Robert Menendes də cəzalandırıldı. Amma o, sonuncu olmalı deyil. Yəni, necə deyərlər, bir qaranquşla bahar olmaz? Çünki onlar pulları onlardan alıb ciblərinə qoyurlar. Məsələn, cənab Adam Şif, cənab Frank Pallone, xanım Nensi Pelosi və bir çox digərləri. Onlar onilliklərlə erməni diaspor təşkilatlarından ABŞ-da o pulları alırdılar ki, Azərbaycana hücum çəksinlər, gözdən salsınlar”.
“BİZ COVID DÖVRÜNDƏ MÜXTƏLİF VƏZİYYƏTLƏRDƏ ÜZV DÖVLƏTLƏRƏ DƏSTƏK VERİRDİK”
Beynəlxalq aləmdə 120 ölkə arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə ən uğurlu dövrünü yaşamış oldu. Ölkəmizin Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra ölkələrinin yekdil qərarı ilə təşkilata sədrlik etmək kimi statusa malik olması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsi, ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməsi baxımından ölkəmizə mühüm dividendlər gətirir. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı zamanda Bakı qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk dövlətlərdən oldu. “Biz dörd il ərzində Qoşulmama Hərəkatında sədrlik etdik, təşkilatda 120 ölkə var. Biz COVID dövründə müxtəlif vəziyyətlərdə üzv dövlətlərə dəstək verirdik. Humanitar və maliyyə yardımına gəldikdə, 80-dən artıq ölkəyə kömək etdik” – deyən Prezident qeyd edib: “Eyni zamanda, biz Avropadakı tərəfdaşlar ilə fəal əlaqələri saxlayırdıq. Bütün bunlar bir növ Qlobal Cənub ilə Qlobal Şimal arasında körpülərin salınmasına bənzəyirdi”.
XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunur. Tədbir beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaradır. Forumda yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobal səhiyyə böhranları və onların həlli yolları da diqqət mərkəzindədir. Göründüyü kimi, ildən-ilə iştirakçılarının sayı artan Qlobal Bakı Forumunun mövzularının əhatə dairəsi də genişlənir. Prezident İlham Əliyevin uzaqgörən və davamlı siyasəti nəticəsində Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adasına çevrilib. Ölkəmiz siyasi-ictimai sabitliyi, dinamik iqtisadi inkişafı, uğurlu xarici siyasəti və sosial rifah səviyyəsi ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycanın nüfuzu getdikcə artmaqla yanaşı, ölkə qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm platformasına çevrilib. Forumun Bakıda keçirilməsi də Azərbaycanın bu sahədə oynadığı strateji rolu və beynəlxalq arenadakı mövqeyini bir daha təsdiqləyir.
Azərbaycanın xarici siyasəti ölkənin milli təhlükəsizliyinin etibarlı təminatıdır. Müasir dövrdə dünya siyasətində dəyişikliklərin baş verdiyi, bəzən ədalətə, bəzən də ikili standartlara əsaslanan yanaşmaların müşahidə olunduğu bir dövrdə Azərbaycanın müstəqil siyasət həyata keçirərək, dəyişməz mövqeyini sərgiləyir.
Zümrüd BAYRAMOVA

