Icma.az
close
up
RU
Qonaqsevərlikdən sui istifadə yolverilməzdir

Qonaqsevərlikdən sui istifadə yolverilməzdir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan sülh və dialoq təşəbbüslərinə açıqdır, amma diplomatik etiket də gözlənilməlidir

Baş verdiyi şübhə doğurmayan bu olaya rəsmi Bakının münasibəti siyasi cəhətdən kifayət qədər korrekt, Azərbaycanın regionda və beynəlxalq miqyasda qazandığı sülhpərvər imicinə adekvat oldu. Eyni zamanda, ayrı-ayrı vaxtlarda və müxtəlif məkanlarda səsləndirilən açıqlamalar baş vermiş hadisənin siyasi mahiyyətini dəqiq və dolğun ifadə edib.

Söhbət Prezident İlham Əliyevin iyulun 13-də IV Şuşa Qlobal Media Forumunda Azərbaycanın bir-birinə etibar etməyən iki dövlətin üz tutduğu Bakının beynəlxalq dialoq məkanına çevrilməsinin səbəbləri barədə suala verdiyi cavabından və üstündən səkkiz gün keçəndən sonra – iyulun 21-də Berlində Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında Bakıda Rusiya və Almaniyanın siyasi dairələrinə yaxın nümayəndələri arasında mümkün gizli görüşə aydınlıq gətirməsi və bu olayı dəyərləndirməsindən gedir.

Etimada sayğı

Dövlətimizin başçısının Şuşa açıqlamasında ilk növbədə qarşılıqlı etimadı, Azərbaycanın səmimiyyətini və gizli niyyətlərinin olmamasını önə çəkməsi diqqətdən yayınmadı. Prezident onu da nəzərə çatdırdı ki, ölkəmizə müraciət edən tərəflər məxfi məlumatların Azərbaycan tərəfindən açıqlanmayacağına inanırlar. Bu, Azərbaycanın son illərdə formalaşdırdığı diplomatik davranış modelinin yığcam şəkildə ifadəsi idi: tərəflərlə dürüst danışmaq, məxfiliyi qorumaq, sülhə və əməkdaşlığa köklənən dialoqa yardım göstərmək və bu zaman tərəflərdən birinin gündəliyinin alətinə çevrilməmək. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanın regional məsələlərdə artan rolu müsbət və konstruktiv xarakter daşıyır.

İlk baxışda Şuşadakı açıqlama ilə Berlində verilmiş cavab arasında müəyyən fərq görünə bilər. Şuşada Azərbaycan güvənilən və məxfiliyi qoruyan ölkə kimi təqdim olunur, Berlində isə xarici siyasi şəxslərin Azərbaycan dövlətinə məlumat vermədən Bakıda görüşməsi diplomatik etiketlə bir araya sığmayan davranış kimi qiymətləndirilirdi. Əslində, bu iki açıqlama Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyinin iki fərqli tərəfini göstərir. Bakı bir tərəfdən, doğrudan da, müxtəlif və hətta qarşı duran siyasi qüvvələrin özlərini təhlükəsiz hiss etdikləri və “kölgə diplomatiyasını” gerçəkləşdirə bildikləri şəhərə çevrilib.

Digər tərəfdən isə etibar yalnız məxfiliyin qorunması ilə bağlı deyil. Etibar həm də görüşün keçirildiyi dövlətin suverenliyinə, qanunlarına və siyasi maraqlarına hörmət edilməsini tələb edir. İlham Əliyevin Berlində səsləndirdiyi fikirlər məhz beynəlxalq hüquqa və diplomatik qaydalara əməl olunmasının vacibliyini ehtiva edirdi. Bu, həm də Azərbaycan liderinin “böyük güclərə” ünvanladığı ismarış idi.

Bakı görüşü gizli qalmadı

Prezident İlham Əliyev Berlində bildirdi ki, Azərbaycan tərəfi mümkün görüş haqqında “The Times” qəzetində yayılan məlumatdan xəbər tutub. Bundan sonra Dövlət Sərhəd Xidmətinə müraciət edilib və xəbərdə adları çəkilən şəxslərin Bakıda eyni vaxtda olub-olmadığı araşdırılıb. Müəyyənləşdirilib ki, Almaniyanın keçmiş yüksək vəzifəli şəxsləri Ronald Pofalla və Mattias Platsek iyulun 12-də Berlin–Bakı reysi ilə Azərbaycana gəlib, iyulun 14-də geri qayıdıblar. Eyni tarixdə Rusiyanın keçmiş baş naziri, “Qazprom”un Direktorlar Şurasının sədri Viktor Zubkov və Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev də Moskvadan Bakıya gəliblər. 12-14 iyulda Almaniyadan gələn iki nümayəndə heyəti Bakıda “Four Seasons” otelində Rusiya Prezidenti Vladimir Putinin ətrafına daxil olan iki şəxslə qapalı görüş keçirib. Onlardan biri iyulun 13-də, digəri isə iyulun 14-də Azərbaycanı tərk edib.

Bu məlumatı deyən dövlət başçımız açıq şəkildə bildirdi ki, bu barədə Azərbaycana nə Almaniyadan, nə də Rusiyadan məlumat verilib: “Bizə bu barədə Almaniya və Rusiya tərəfindən xəbər verilməyib. Yəni bizim ərazimiz bizdən xəbərsiz olaraq, sadəcə, istifadə olunub. Belə bir görüşün olub-olmaması ilə bağlı da mən konkret bir şey deyə bilmərəm, çünki biz bunu görməmişik. Amma dediyim uçuş statistikası deməyə əsas verir ki, belə gizli görüş Bakıda keçirilib. Əgər bu görüş Rusiya–Ukrayna müharibəsinin sonuna gətirəcəksə, əlbəttə ki, biz bunu alqışlayırıq”.

Prezident İlham Əliyev görüşü Azərbaycan tərəfinin müşahidə etmədiyini də vurğuladı. Lakin səfər tarixlərinin üst-üstə düşməsi belə bir təmasın keçirildiyini ehtimal etməyə əsas verir. Prezidentin açıqlaması ilk növbədə Azərbaycanın öz ərazisində baş verən bütün proseslərə son dərəcə həssas yanaşdığını və dövlət suverenliyi məsələsində prinsipial mövqe sərgilədiyinin göstəricisidir. Əlbəttə ki, bu görüş barədə Bakıya əvvəlcədən rəsmi məlumatın verilməməsi diplomatik etikaya ziddir. Çünki belə konspirativ görüşlərdə təhlükəsizlik, enerji, regional proseslər kimi mövzuların müzakirə olunması istisna deyil.

Arxa plandakı diplomatik incəlik

Məlum olaya münasibətdə diqqəti cəlb edən məqamlardan biri də Azərbaycanın görüşün məzmunu barədə iddia irəli sürməməsi oldu. Yəni Azərbaycan lideri görüş iştirakçılarının nə danışdığını bildiyini söyləmədi. Bununla da ehtimalla fakt arasındakı sərhədi qorudu. Çünki təsdiqini tapmış fakt yalnız həmin şəxslərin eyni vaxtda Azərbaycan ərazisində olmalarıdır. Bu yanaşma Azərbaycanın məsuliyyətli dövlət davranışının göstəricisidir. Məsələni süni şəkildə böyütmək, görüşün məzmunu barədə fərziyyələr irəli sürmək və ya onu hansısa siyasi qüvvəyə qarşı istifadə etmək əvəzinə, rəsmi Bakı yalnız əlində olan səhih məlumatları açıqladı. Bununla yanaşı, Azərbaycanın məlum görüşdən xəbərsiz saxlanılması da cavabsız buraxılmadı. Prezidentin “ərazimiz bizdən xəbərsiz istifadə edilmişdir” fikri diplomatik baxımdan kifayət qədər ciddi mesajdır. Burada söhbət Bakının hansısa dialoqa qarşı çıxmasından deyil, Azərbaycan dövlətinə münasibətdə yol verilmiş qeyri-şəffaflıqdan, diplomatik sayğısızlıqdan gedir.

Niyə məhz Bakı?

Arxa planda Rusiya–Almaniya təmaslarının Bakıda keçirilməsi təsadüfi seçim kimi görünmür. Azərbaycan Rusiya ilə qonşu, Almaniya və Avropa İttifaqı ilə geniş siyasi-iqtisadi münasibətlərə malik olan dövlətdir. Bakı, eyni zamanda, Ukrayna ilə normal münasibətlərini saxlayır, onun ərazi bütövlüyünü dəstəkləyir və müharibənin dayandırılmasını arzuladığını bildirir. Üstəgəl, Azərbaycan bu qarşıdurmada hərbi-siyasi bloklarından heç birinə daxil deyil. Rəsmi Bakı bütün müstəvilərdə olduğu kimi, burada da milli maraqlara əsaslanan müstəqil xarici siyasət yürüdür. Onun məhz bu mövqeyi bir-biri ilə açıq danışmaqda çətinlik çəkən tərəflərin Azərbaycanı münasib görüş məkanı kimi qəbul etməsini şərtləndirib. Bu kontekstdən yanaşanda Şuşa Forumunda Prezident İlham Əliyevin diqqətə çatdırdığı “gizli niyyətin olmaması” amili xüsusi önəm qazanır. Bakı tərəflərdən birini digərinə qarşı istifadə etməyə, danışıqlardan siyasi üstünlük əldə etməyə və ya məxfi məlumatları üçüncü qüvvələrlə bölüşməyə çalışmır. Bu xüsusiyyət beynəlxalq diplomatiyada nadir müşahidə olunan və qiymətli kapitaldır.

Amma bir həqiqət danılmazdır: Bakının məxfi görüş üçün əlverişli şəhər sayılması Azərbaycanı, sadəcə, coğrafi məkan kimi görməyə əsas vermir. Bakı kiminsə pərdəarxası siyasi planlarını həyata keçirdiyi adsız və sahibsiz ərazi deyil. Azərbaycan öz siyasi iradəsi, çəkisi, dövlət maraqları və beynəlxalq nüfuzu olan ölkədir. Bu mənada paytaxtın təhlükəsizliyindən və Azərbaycanın yaratdığı sabit mühitdən yararlanmaq və bu zaman dövləti məlumatlandırmamaq diplomatik etimad anlayışına uyğun gəlmir. Axı etimad birtərəfli münasibət deyil. Azərbaycan məxfiliyi qoruyursa, qarşı tərəflər də öz növbəsində ölkəmizin suverenliyinə və siyasi həssaslıqlarına hörmət etməlidirlər.

“Kölgə diplomatiyası”

Tarixdən məlumdur ki, münaqişə edən, qarşı duran tərəflər arasında böyük razılaşmadan – sülhdən əvvəl onun şərtləri ilə bağlı qeyri-rəsmi danışıqlar aparılıb. Bu prosesin gedişində rəsmi münasibətlər kəsildikdə, diplomatların görüşməsi mümkünsüzləşdikdə və dövlət rəhbərləri birbaşa təmasdan yayınanda sabiq və nüfuzlu siyasətçilər, etibarlı ekspertlər, güvənilən biznes nümayəndələri və ictimai xadimlər vasitəçi rolunda çıxış edə bilirlər.

Belə kanallar bəzən faydalı olur. Onlar tərəflərə açıq şəkildə söyləyə bilmədikləri fikirləri çatdırmağa, qarşı tərəfin niyyətini öyrənməyə və mümkün razılaşmaya reaksiyanı əvvəlcədən ölçməyə imkan verir. Amma onu da qeyd etməliyik ki, “kölgə diplomatiyasının” ciddi çatışmazlıqları da var. Əvvəla, görüş iştirakçılarının rəsmi, hüquqi mandatı olmur. Onların hansı siyasi və iqtisadi maraqları təmsil etdikləri heç də həmişə aydın görünmür. İkincisi, qeyri-rəsmi təmaslar ictimai nəzarətdən kənarda qalır. Bu isə həmin görüşlərin sülh axtarışına, şəxsi maraqlara, biznes əlaqələrinə, yoxsa xarici təsir əməliyyatlarına xidmət etməsi barədə şübhələr yaradır. Üçüncüsü, belə görüşlərin keçirildiyi dövlət xəbərsiz saxlanıldıqda əlavə siyasi problem meydana çıxır.

Bu halda dialoq təşəbbüsü sülhyaratma vasitəsi olmaqdan çıxaraq suveren dövlətin ərazisindən razılaşdırılmamış istifadə təsiri bağışlayır. Bakıda mümkün görüşün doğurduğu həssaslıq nöqtəsi məhz budur. Azərbaycan dialoqa qarşı olmadığını açıq şəkildə nümayiş etdirdi. Prezident İlham Əliyev bildirdi ki, əgər həmin görüş Rusiya–Ukrayna müharibəsinin başa çatmasına xidmət edəcəksə, Bakı bunu alqışlayar. Eyni cavabda dövlətimizin başçısı Şuşa Qlobal Media Forumunda səsləndirdiyi mövqeyi xatırladaraq müharibənin dərhal dayandırılmasının zəruriliyini vurğuladı.

Güzəştsiz məsələ

Beləliklə, Azərbaycan nə dialoq qapısını bağladı, nə də ərazisinin xəbərsiz istifadə edilməsini adi hal kimi qəbul etdi. Bu, prinsipial və eyni zamanda, praqmatik mövqedir. Azərbaycan dialoqa kömək edir, çünki münaqişələrin uzanmasında maraqlı deyil. Bakı məxfiliyi qoruyur, çünki ona müraciət edən tərəflərin inamını siyasi alver predmetinə çevirmir. Amma, eyni zamanda, Azərbaycan öz ərazisinin və nüfuzunun onun xəbəri olmadan istifadəsini qəbul edə bilməz.

Məhz bu amilləri əsas götürərək əminliklə deyə bilərik ki, Şuşada səslənən etimad fəlsəfəsi ilə Berlində ifadə olunan prinsipial etiraz arasında ziddiyyət yoxdur. Bunlar eyni xarici siyasət xəttinin iki tamamlayıcı tərəfidir: sülhə xidmət edən dialoqa açıq olmaq və milli suverenliyə münasibətdə güzəştə getməmək. Bakı gələcəkdə də mübahisə edən tərəflərin görüşdüyü, ən çətin, qlobal məsələlərin müzakirə olunduğu və siyasi çıxış yollarının axtarıldığı ünvanlardan biri olacaq. Ancaq Bakının qapılarının dialoqa açıq olması o demək deyil ki, bu qapıdan ev sahibindən xəbərsiz içəri keçmək olar. Etimad məxfiliyi tələb etdiyi qədər qarşılıqlı hörmət də tələb edir.

Nəticə və nöqtə

Sonda ortaya bizi də, oxucuları da maraqlandıran 2 sual çıxır. Birinci sual: Niyə Almaniya və Rusiya tərəfi Bakıdakı görüş barədə Azərbaycan Prezidentini əvvəlcədən məlumatlandırmayıblar? İkinci sual: Tərəflər nədən ehtiyat ediblər? Əvvəlcə onu deyək ki, onlar bilməli idilər ki, görüş barədə məlumat gizli qalmayacaq və nə vaxtsa mətbuata sızacaq. Bu halda Azərbaycan tərəfinin məlumatsız olması ev sahibinə hörmətsizlik kimi qəbul ediləcək. Görüş barədə əvvəlcədən rəsmi Bakı məlumatlandırılsaydı, bunun müzakirələrə mənfi təsiri olmayacaqdı.

Azərbaycan artıq elə bir geosiyasi məkana çevrilib ki, regional və qlobal güclər ən həssas təmaslar, hətta gizli görüşlər üçün Bakını münasib platforma, dialoq məkanı hesab edirlər. Bu, ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir. Amma belə təşəbbüslər Azərbaycan dövlətinin məlumatı və razılığı çərçivəsində həyata keçirilməlidir. Dövlətin suverenliyi və diplomatik etiket beynəlxalq münasibətlərdə istənilən siyasi məqsəddən üstün tutulur. Dövlətlərarası münasibətlərdə qəbul olunmuş diplomatik təcrübəyə görə, üçüncü ölkənin ərazisində bu xarakterli təmaslar keçirilərkən ev sahibi dövlətin məlumatlandırılması qarşılıqlı hörmət və etimadın tərkib hissəsidir.

Azərbaycanın bu prosesdən kənarda saxlanılması doğru yanaşma deyil və Prezident İlham Əliyevin bu məsələyə açıq münasibət bildirməsi məhz Azərbaycanın suverenlik məsələlərində heç vaxt heç bir güzəştə getmədiyinin nümayişidir.

XQ-nin Analitik Mərkəzi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Avqust 2026 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see419

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir

30 İyul 2026 21:34see341

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see274

Qəbələdə “Sumqayıt”dan 2 cavabsız qol

30 İyul 2026 21:33see253

“120 dəqiqəlik oyuna hələ tam hazır deyilik” Qurban Qurbanov

31 İyul 2026 02:28see251

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

31 İyul 2026 17:44see247

Könül Kərimova gənclərə SƏRT SÖZLƏR dedi: Dil uzatmağa başlayırlar”

30 İyul 2026 21:35see244

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

31 İyul 2026 17:03see244

“Windows 11”də RAM problemi tarixə qovuşur

31 İyul 2026 02:28see238

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

31 İyul 2026 14:56see224

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 21:37see209

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

31 İyul 2026 19:21see209

“Real” “Levante”nin hücumçusu Karlos Espini alıb

31 İyul 2026 02:14see207

Moskvada rusiyalı milyarder həbs edildi

31 İyul 2026 00:27see203

Sautqeyt Premyer Liqada işləyə bilər

31 İyul 2026 01:56see201

Bu 4 tərəvəzi dondurmayın Səbəb

30 İyul 2026 22:39see198

Türkiyədə gözlənilməz həbs: İqtidara yaxınlığı ilə tanınan jurnalist saxlanıldı

31 İyul 2026 05:02see193

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

01 Avqust 2026 02:12see178

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

01 Avqust 2026 03:24see172

Tanınmış meyxanaçı əsgər getdi VİDEO

31 İyul 2026 10:15see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri