Qüdrətli Azərbaycanın QURUCUSU TƏHLİL
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyalarının işığında zirvədən-zirvəyə, qələbədən-qələbəyə doğru irəliləyək dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin ideyaları yaşayır, işıqlı gələcəyimiz təmin olunur. Ötən əsrin 90-cı illərində çox ağır, böhranlı vəziyyətə düçar olmuş Azərbaycan xalqı öz xilasına, bugünkü tərəqqisinə görə özünü Heydər Əliyevə borclu sayır. Tarixi qələbələrə imza atmış, böyük nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə söz sahibinə çevrilmiş Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etmiş dövlətdir.
Dahi Şəxsiyyət Heydər Əliyev tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elmini öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri olaraq əbədiləşib. XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövr kimi xarakterizə olunur. Həmin dövrdə baş verən hadisələr Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını şərtləndirdi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlişi ilə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Bütün həyatını Azərbaycanın və xalqın taleyi ilə bağlayan Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin tarixini yaradıb.
Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz xəzinə, bir məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin hər birinin uğurlu gələcəyimizə hesablandığını görərik. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Dahi Şəxsiyyət Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Bütün həyatı boyu həmişə xalqının yanında olan Heydər Əliyev 1990-cı ildə törədilmiş 20 yanvar faciəsi zamanı Azərbaycan xalqına qarşı həyata keçirilən siyasətə etirazını bildirdi. Bu etiraz ona qarşı siyasi təqiblərin daha da şiddətlənməsinə səbəb oldu. Çətin və mürəkkəb dövrdə Azərbaycana qayıdıb xalqı ilə birlikdə olmaq istəyən Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, iradəsini ortaya qoydu və vətənə döndü. 1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşdü.
SAĞLAM İDEOLOGİYAYA ƏSASLANAN BİRLİK
Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin iclasında Muxtar Respublikanın adından "sovet sosialist" sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan Parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul edildi. Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana nümunə oldu. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi qərarlar qəbul edildi. Dövlətin adı dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu. 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan KP-nin fəaliyyəti dayandırıldı və onun bütün strukturları ləğv edildi.
1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçildi və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini oldu. Muxtar respublikanın düşmən hücumundan və sosial-iqtisadi böhrandan xilası istiqamətində mühüm qərarlar qəbul edən dahi rəhbər digər tərəfdən Azərbaycanı müstəqil, xalqımızı firavan görmək istəyirdi. Ümummilli liderimiz Heydər Əliyevin Ali Məclisin Sədri olarkən dünya azərbaycanlılarını bir ideya ətrafında - Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi də bu istəkdən, bu arzudan irəli gəlirdi. Çünki xalq arasında sağlam ideologiyaya əsaslanan birlik olmadan ölkəni düşdüyü bəlalardan qurtarmaq və inkişaf yoluna çıxarmaq mümkün deyildi. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən "31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında" Qərarın qəbul edilməsi, bu mənada, xüsusi əhəmiyyətə malikdir.
Ulu Öndər həmin dövrdə xarici iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atıb, 1992-ci ildə qonşu Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına səfərlər edib, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalayıb. Nəticədə hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulub.
Muxtar Respublikanın dağılmış iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının dirçəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi də görkəmli dövlət xadiminin diqqət mərkəzində olub. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında "Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında" və "Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında" qərarlar qəbul edilib, bu islahatlar aqrar bölmədə irəliləyişlərə səbəb olub.
İCTİMAİ-SİYASİ HƏYATDA MÜHÜM TARİXİ HADİSƏ
Müstəqil Azərbaycanın Qurucusu Heydər Əliyev ən yeni tariximizin çətin anlarından şərəflə çıxaraq, müstəqilliyimizin gerçəkləşməsində və ictimai-siyasi həyatımızın bütün istiqamətləri üzrə inkişafın təmin edilməsində qarant rolunu oynadı. Ölkəmizin ictimai-siyasi həyatı, gələcəyi üçün daha mühüm bir hadisə 1992-ci il noyabrın 21-də yenə də Naxçıvanda baş verib: müstəqil Azərbaycanın ən qüdrətli partiyası olan Yeni Azərbaycan Partiyası yaradılıb. Azərbaycanın gələcəyinin təhlükə qarşısında qaldığı, dövlətimizin taleyinin həll olunduğu bir dövrdə yaranan Yeni Azərbaycan Partiyası milli dövlətçiliyimizin inkişafı üçün son dərəcə əhəmiyyətli olan yeni tarixi mərhələnin əsasını qoyub. Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan dövlətçiliyinin formalaşması prosesinə təsirini göstərdi. YAP yaranandan, Azərbaycanın siyasi həyatında özünəməxsus rola malik olan təşkilat kimi qəbul edildi. Bunun da əsas səbəbi o idi ki, partiyanın rəhbərliyində Ulu Öndər Heydər Əliyev kimi Azərbaycan xalqının böyük hörmət və inam bəslədiyi Dahi Şəxsiyyət dayanırdı. YAP Azərbaycan dövlətinin müstəqilliyinin qorunub-saxlanılmasında və dövlətçiliyimizin inkişaf etdirilməsində müstəsna xidmətləri olan siyasi təşkilata çevrildi. 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın Sədri Heydər Əliyevin Prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu.
Müasir dövrümüzdə Yeni Azərbaycan Partiyası Heydər Əliyev ideyalarına əsaslanır, Heydər Əliyev şəxsiyyətində əks olunan mənəvi gücü cəmiyyətimizə transfer edir. YAP-ın əsas məqsədi Heydər Əliyev ideyalarını yaşatmaq, bu ideyalar əsasında Azərbaycan cəmiyyətini kökləyərək, inkişafın əsas istiqamətlərini müəyyənləşdirməkdən ibarət olub. Tarixi gedişdə YAP bu missiyanı layiqincə yerinə yetirib.
"ƏGƏR RESPUBLİKADA İCTİMAİ-SİYASİ SABİTLİK OLMASA…"
Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Elmi əsaslarla beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Milli Ordu formalaşdı, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı və bunun nəticəsində 1994-cü ilin mayında atəşkəsə nail olundu. Azərbaycan dövlətini dünya dövlətləri arasında irəli çıxaran, ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən, respublikamızın inkişafına möhkəm zəmin yaradan Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi. şöhrətli siyasətçi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr ərzindəki fəaliyyəti Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr edilmişdir. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi və yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz", - deyirdi Heydər Əliyev.
Dahi Öndər Heydər Əliyevin müəllifi olduğu 1994-cü ilin 20 sentyabrında nəhəng neft müqaviləsi - "Əsrin müqaviləsi" imzalandı. Azərbaycanın "Əsrin Müqaviləsi"ndən başlanan yolu haqqında Ümummilli Lider Heydər Əliyev belə deyib: "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən, neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadə etməkdən ibarətdir".
"Əsrin Müqaviləsi"nin tərəfdaşı olan ölkələrin, demək olar ki, hər biri dünyada böyük nüfuza və gücə malik ölkə idi. Həmin dövr üçün bu ölkələrin Azərbaycanın tərəfdaşına çevrilmələri təhlükəsizliyimizin təminatına səbəb olan amillərdəndir. Bu müqavilə Azərbaycanın dövlət təhlükəsizliyinin təminatçısına çevrildi. Nəinki regionda, qlobal miqyasda nəhəng neft kəməri olan Bakı-Tbilisi-Ceyhanın əsası qoyuldu. "Əsrin Müqaviləsi" sayəsində Azərbaycana birbaşa investisiyalar qoyuldu və ölkəmiz dünya bazarında iqtisadi müttəfiq kimi tanındı.
Qısa bir zamanda ölkənin sənaye ölkəsinə çevrilməsində, hərbi potensialının güclənməsində, kadr potensialının hazırlanmasında və s. proseslərdə uğurlar müşayiət olundu və bütün sahələrdə dönüş yarandı. Böyük Şəxsiyyət Heydər Əliyevin siyasi kursu nəticəsində, Azərbaycanın dünyaya inteqrasiya olunmasına töhfələrini verdi.
"MÜASİR MÜTƏŞƏKKİL ORDUNUN YARADILMASI ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN AZƏRBAYCAN XALQI QARŞISINDA ƏN BÖYÜK TARİXİ XİDMƏTLƏRİNDƏN BİRİ OLUB"
Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də onun silahlı qüvvələridir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev çıxışlarının birində vurğulayıb ki, müasir mütəşəkkil ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olub. Hələ sovet dövründə Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan gənclərinin hərbi xidmətə hazırlanması, onların xüsusi ixtisaslı hərbi hissələrə göndərilməsinə nail olunması məqsədi ilə ardıcıl tədbirlər həyata keçirilib. Azərbaycanda gənclərin hərbi xidmətə hazırlanmasına yeni tələblər irəli sürüldü. Belə ki, ilk növbədə, respublika məktəblərində rus dilinin tədrisinə diqqət artırıldı, Azərbaycan Dövlət Pedaqoji İnstitutu nəzdində ibtidai hərbi hazırlıq müəllimləri hazırlayan fakültə açıldı və hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi. Ümummilli Lideri Heydər Əliyevin Sovet dövründə diqqət yetirdiyi məsələlərdən biri də SSRİ Silahlı Qüvvələri tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsi məsələsi idi. Həmin dövrdə Bakıda iki ali hərbi məktəb var idi: Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi və Bakı Ali Hərbi Dənizçilik Məktəbi. Bu məktəblərin hər ikisi İttifaq miqyasında sayılıb-seçilən məktəblərdən idi və təhsil almaq üçün İttifaqın ən müxtəlif şəhərlərindən bu məktəblərə axışıb gəlirdilər. Sovet dövründə milli zəmində aparılan hərbi-təşkilati işin nəticəsi olaraq Azərbaycanda general Cəmşid Naxçıvanski adına hərbi-internat məktəbi açıldı və qısa zaman məsafəsində ən müasir hərbi təhsil müəssisəsinə çevrildi. Beləliklə, orduda peşəkar hərbçilərin sayı da artdı. C.Naxçıvanski adına Hərbi Liseyin təşkil edilməsi, eləcə də Sovet dövründə azərbaycanlı gənclərin hərbi işə cəlb edilməsi öz nəticəsini vermiş oldu.
Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra qısa müddət ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizin bütün sahələrində, o cümlədən ordu quruculuğu istiqamətində dönüş yarandı. Atəşkəs dövründə ordu quruculuğunun uğurlu aparılması üçün Heydər Əliyev dövlətin strateji siyasətini müəyyənləşdirdi. Milli zabit kadrlarının hazırlanması üçün mükəmməl bir hərbi təhsil sistemi formalaşdırdı. Bütün bunlarla yanaşı, ordunun maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atıldı. 1998-ci ilin mayında Prezident Heydər Əliyevin Fərmanı ilə iyunun 26-sı Cümhuriyyətin varisi olan müstəqil Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü elan edildi. Ulu Öndər Heydər Əliyevin 1999-cu il fevralın 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması, 20 avqust 2001-ci ildə respublikamızda fəaliyyət göstərən hərbi məktəblərin statusunun artırılması və nəhayət, 17 avqust 2002-ci ildə Silahlı Qüvvələrə Yardım Fondunun yaradılması haqqında imzaladığı fərmanlar əsaslı dönüşlə nəticələndi. Müasir dövrümüzdə Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. Ölkəmizdə istehsal olunan bir çox hərbi məhsullar ordumuzun potensialının gücləndirilməsində əsas amillər sırasındadır.
Ulu öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ümummilli Liderin illər öncə böyük uzaqgörənliklə dediyi bu sözlər yada düşür: "Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun".
Bütün ömrünü doğma Vətəninə və xalqına həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur", - deyən dahi şəxsiyyətin vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi, 30 illik işğala hərbi-siyasi yolla son qoyuldu. Üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada dalğalanmağa başladı.
Tarixi qələbənin qazanılmasında Ali Baş Komandan, Müzəffər Azərbaycan Ordusudur. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Prezidentin rəhbərliyi ilə Azərbaycan Ordusu Zəfərimizi tariximizə həkk etdi. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Biz bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk və əminəm ki, yaxın gələcəkdə bizim Ordumuz yeni, yüksək səviyyəyə qalxacaqdır. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür".
"…MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİ ƏBƏDİ OLACAQ"
Bu gün ölkəmizdə Ümummilli Liderin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, Azərbaycan uğurla inkişaf edir. Bu gün Azərbaycan dünyada müstəqil siyasət yürüdən nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi tanınır və qəbul olunur. Prezident İlham Əliyevin milli maraqlara əsaslanan məqsədyönlü siyasəti Azərbaycan xalqı tərəfindən birmənalı şəkildə dəstəklənir. 2003-cü ildən sonrakı dövrdə keçirilmiş bütün seçkilərin nəticələri bu dəstəyin bariz nümunəsidir. Bu gün Azərbaycan regionun, Avropanın və ümumilikdə, dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən bir ölkəyə çevrilmişdir. Beynəlxalq təşkilatlar regiondakı bütün layihələrdə Azərbaycanın mövqeyini nəzərə alırlar. Ötən dövrdə uğurlu inkişaf tarixini yaşayan Azərbaycanda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir.
Müstəqil Azərbaycanın bütün sahələrdə qazandığı möhtəşəm nailiyyətlər Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi və milli tariximizin şanlı səhifələridir.
Azərbaycanın görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyev ölkə həyatının bütün sahələrini əhatə edən misilsiz xidmətləri ilə adını Azərbaycan dövlətinin tarixinə əbədi olaraq həkk etmişdir. Ulu Öndər Heydər Əliyevin ideyaları hər bir azərbaycanlı üçün dəyərlidir. Özünün dediyi kimi, "Nə qədər Azərbaycan var, mən yaşayacağam. Mən Azərbaycanda əbədi olacağam. Ona görə ki, müstəqil Azərbaycan dövləti əbədi olacaq".
Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə bir sıra transmilli energetika və nəqliyyat layihələri reallaşdırılıb. TANAP və TAP boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi ölkəmizə mühüm siyasi-iqtisadi dvidendlər gətirməkdədir. Bu gün Azərbaycan azsaylı kosmik ailənin üzvünə çevrilib. Səsimiz beynəlxalq kürsülərdən daha gur eşidilir, bayrağımız uca zirvələrdə dalğalanır. Bütün bu uğurların, möhtəşəm qələbələrin əsasında Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti dayanır.
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Ulu Öndər Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır.
Zümrüd BAYRAMOVA


