Qurbanov: “Bu qədər uzun çəkəcəyini gözləmirdim”
Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Misli Premyer Liqasının XI turunda öz meydanında “Turan Tovuz”a minimal hesabla (0:1) uduzan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi, ardınca oyun haqqında fikirlərini bölüşdü:
– Ümumiyyətlə, “Zəfər turu” idi. Xalqımızın böyük zəfərinin ildönümü münasibətilə hər birinizi təbrik edir, daim uğurlar arzulayıram. Həqiqətən də qürurlu günlər yaşayırıq. Matç haqda danışsaq, əlbəttə ki, daha yaxşı nəticə əldə edə bilərdik, qalib gəlmək istəyirdik. Amma ümumən futbolçuların məsuliyyətindən, oyuna yanaşmasından razı qaldım. Çox yaxşı müdafiə olunan və sürətli əks-hücumlara çıxan kollektivə qarşı oynayırdıq. Buna baxmayaraq, rəqibin qapımız qarşısında yüz faizlik real epizodlar yaratmasına imkan vermədik. Bilirdik ki, Vadji, Co, Faiq və digərləri kimi çox sürətli oyunçuları var və onların əks-hücumlarının əksəriyyətinin qarşısını ala bildik. Sadəcə, qol buraxdığımız epizodda autdan top bir neçə dəfə rəqibə qayıtdı və sonda qapımıza vuruldu. Yəqin ki, bu, onların haqqı idi. Rəqibi təbrik edirəm, üç xal qazandılar. Onsuz da neçə turdur ki, çox inamlı oyun sərgiləyirlər. Yolumuza davam edəcəyik. Bəzi texniki çatışmazlıqlarımız var, yaxşı düşünülmüş hücumlarımız alınsa da, son nöqtəni qoya bilmədik. Buna baxmayaraq, pozitivə köklənməli və qarşıdakı oyunlara hazırlaşmalıyıq. Qarşıda bizi xeyli fasilə gözləyir və bu istirahətdən maksimum səmərəli istifadə etməliyik. Həm də uzun müddət idi ki, bu arenada oynamırdıq, nəhayət ki, doğma divarlarımıza qayıtdıq. Azarkeşlərə təşəkkür edirəm, əla futbol atmosferi yaratdılar. Həmçinin Tovuzdan gələn fanatlara da təşəkkür edirəm.
– “Qarabağ” xeyli sayda qol epizodu yaratsa da, sonluqda çatışmazlıqlar yaşanır, hücumlar qolla nəticələnmir. Bu, sistemlə bağlı problemdir, yoxsa son nöqtəni qoymaqda yaşanan inamsızlıqdan qaynaqlanır?
– Hər cür ad vermək olar. Sadəcə, daha diqqətli olmaq lazımdır. Mən bunu bəxtsizliklə əlaqələndirmək istəmirəm, sadəcə futbolçular epizodlara daha dəqiq və soyuqqanlı yanaşmalıdırlar. Əvvəllər də qeyd etmişdim ki, hücum xəttində bir-birimizi tamamlamaqda müəyyən boşluqlarımız var, bəlkə də problem məhz bundan qaynaqlanır. Həmçinin unutmayaq ki, liderlərə qarşı oynayan istənilən rəqib daha yığcam və möhkəm müdafiə olunur. Bu, onların əsas oyun fəlsəfəsidir. Bütün bunlara baxmayaraq, yenə də yaxşı hücumlar qurmağı bacardıq. Hər halda, hücum xəttindəki ustalığı daha da artırmalıyıq.
– Uzun müddətdən sonra yenidən bu arenada oynadınız. Matçın nəticəsinə məhz stadionun dəyişməsi təsir edə bilərdimi?
– Xeyr, deməzdim. Biz dəfələrlə bu stadionda oynamışıq, bura bizim doğma arenamızdır. Axı biz Tofiq Bəhramov adına Respublika stadionunda da məğlub olmuşuq. Bu, futboldur, hər cür nəticə ola bilər. Əksinə, dediyim kimi, hər şeyə pozitiv yanaşmalıyıq.
– Heyətə qoşulan yeni transferlərin bir-birinə və komandanın oyun üslubuna adaptasiya prosesinin bu qədər uzun çəkəcəyini gözləyirdinizmi?
– Düzünü desəm, xeyr, belə uzun çəkəcəyini gözləmirdim. Amma hazırda müsbət məqamlar da var. Yeni futbolçularımız artıq özlərinə gəlməyə başlayıblər. Mövsümün əvvəlində müəyyən çətinliklərimiz oldu. Oyunçular fərqli vaxtlarda qoşuldular, biri gələn kimi digəri zədələndi. Ümumiyyətlə, bu qədər uzun proses olacağını ehtimal etmirdim, lakin son vaxtlar komandada daha müsbət dinamika və oyun görürəm. İnşallah, hər şeyi qaydasına salacağıq.
Ayxan Zayıdzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 06 Noyabr 2026 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















