Quru sərhədlər niyə bağlıdır?
Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.
İsrail və İran arasında yaşanan hərbi qarşıdurma Azərbaycanın quru sərhədlərinin bağlı qalması məsələsini yenidən gündəmə gətirib. Hətta əvvəllər sərhədlərin bağlı saxlanılmasına narazılıq edənlər belə indi bu addımın doğru olduğunu təsdiqləyir və Azərbaycan hökumətinin bu yöndə yürütdüyü siyasəti təqdir edir.
İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumlarına ABŞ-nin də qoşulması və İranın İsrailə cavab zərbələri endirməsi bölgədə gərginliyin hələ uzun müddət davam edəcəyini göstərir. Bu isə həm də qonşuluqda yerləşən Azərbaycanın milli təhlükəsizliyinə təhdidlər yaradır.
Bu mənada quru sərhədlərin bağlı saxlanılması Azərbaycanın milli maraqlarının qorunması baxımından strateji əhəmiyyət kəsb edir. Bütövlükdə regionda baş verən geosiyasi təlatümlər hələ 5 il əvvəl pandemiyanın yayılması ilə bağlı qəbul edilmiş bu qərarın indiyədək qüvvədə olmasının nə qədər düşünülmüş və strateji baxımdan əsaslandırılmış olduğunu göstərir.
Azərbaycanın Şimal və Cənub qonşuları hazırda hərbi qarşıdurma və gərginlik içərisindədir. Qonşu ölkələrə endirilən hava hücumları, dron zərbələri, nüvə obyektlərinin hədəfə alınması bundan da ciddi regional təlatümlərə səbəb ola bilər.
Bu baxımdan sərhədlərin açılması kütləvi miqrant axınına, ictimai-siyasi sabitliyin və sosial-iqtisadi tarazlığın pozulmasına yol aça bilərdi.
Bununla yanaşı, sərhədlərin bağlı olması qeyri-sabit qonşu ölkələrdən müxtəlif təxribatların, radikal qrupların və kəşfiyyat şəbəkələrinin ölkəyə sızmasının qarşısını alır, ideoloji təsir risklərini minimuma endirir. Həmçinin sərhəd bölgələrində yaşayan əhalinin təhlükəsizliyini və sosial sabitliyini təmin edir.
İşğalçı Ermənistanla müharibə vəziyyətindən yenicə çıxmış və hələ də müəyyən təhdidlərlə üz-üzə olan Azərbaycan üçün bunun nə qədər vacib olduğu demək çətin deyil.
Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə bu mövzuya toxunaraq bildirib ki, Azərbaycanın daxili sabitliyi və ictimai təhlükəsizliyi hər şeydən önəmlidir və sərhəd məsələsində qərar verilərkən məhz bu prioritetlər əsas götürülüb:
"Prezident, milli təhlükəsizlik məsələləri ilə gündəlik məşğul olan bir şəxs kimi deyə bilərəm ki, biz sərhədlərimizi bağladıqdan sonra milli təhlükəsizliyimiz üçün çox böyük faydalar gördük və bu reallıqdır. Bəli, insanlar bunu nəzərə almalıdırlar. Biz başa düşürük ki, Azərbaycanda insanlar üçün, eləcə də qonşuluğumuzda yaşayan azərbaycanlılar və başqa millətlər üçün narahatlıq var, lakin milli təhlükəsizlik bütün digər hisslərdən və ya bütün digər səbəblərdən üstün olmalıdır. Xüsusən də şimal sərhədimizdə müharibə, cənub sərhədimizdə böhran olduğu bir vaxtda". (Aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumdakı çıxışından).
Lakin bu, o demək deyil ki, Azərbaycan qonşu ölkələrdə yaranan böhranlı humanitar vəziyyətdən narahatlıq keçirmir. Həmişə olduğu kimi rəsmi Bakı bu dəfə də humanitar məsələlərə qarşı xüsusi həssaslıq göstərir və prosesin önündə gedir. Elə bu günlərdə İrandan xarici ölkə vətəndaşlarının məhz Azərbaycan üzərindən öz ölkələrinə təxliyə edilməsi də fikrimizin əyani sübutudur.
"Report" İnformasiya Agentliyi


