Quruculuqla başlanıb hərblə tamamlanan dövlət suverenliyi
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
əvvəli https://xalqqazeti.az/az/siyaset/285662-quruculuqla-baslanib-herble-tamamlanan-dovlet
Ötən əsrin 90-cı illərinin müharibə və işğalından doğma yurdunu tərk etməyə məcbur olmuş ailələrin yaddaşında, illərlə geridönüş ümidi ilə yaşayan məcburi köçkünlərin həyatında, ata-baba məzarlarını yalnız xatirələrdə qoruyan insanların taleyində ən ağır izlər qaldı. Təxminən üç onillik ərzində Qarabağ və ətraf rayonlardan didərgin düşmüş yüz minlərlə azərbaycanlı üçün münaqişə yalnız xəritədə dəyişən sərhədlər, dağıdılmış şəhərlər və hərbi statistika, gündəlik siyasi mövzu deyil, şəxsi və ailə tarixinin ağrılı bir hissəsi idi. Zaman keçdikcə, yeni nəsillər yetişir, yurd itkisi kollektiv yaddaşı isə cəmiyyətdə ərazi bütövlüyünün bərpasını həm dövlət siyasətinin, həm də milli ədalət və tarixi məsuliyyət məsələsinin tərkib hissəsinə çevirirdi.
2020-ci ilin payızında baş verənlər məhz buna görə Azərbaycan cəmiyyətində həm hərbi qələbə, həm də uzun illər geridönüşü gözləyən insanlar üçün işğaldan azad edilən hər şəhər, hər kənd şəxsi yaddaşla dövlət suverenliyinin yenidən qovuşması mənasını daşıdı. Xalqımız eyni vaxtda həm müharibənin ağır bədəli olan şəhidlərini, yaralılarını, dağıntıları yaşayır, həm də itirilmiş torpaqlara qayıdış imkanının reallığa çevrilməsinin sevincini hiss edirdi. Vətən müharibəsinin Azərbaycan cəmiyyətində yaratdığı güclü emosional və siyasi təsiri iki hissin – itkinin ağrısının və geridönüşün sevincinin vəhdətindən ibarət oldu.
Xəbərdarlıqlar
2020-ci ilin avqust və sentyabr aylarında baş verən hadisələr belə bir qənaəti daha da gücləndirirdi ki, hərbi gərginlik artıq epizodik xarakter daşımır və yeni eskalasiya riski qalmaqdadır.
Avqustun 23-də Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu Goranboy istiqamətində Azərbaycan mövqelərinə keçməyə cəhd edərkən saxlanıldı. Qrupun komandiri kimi təqdim edilən baş leytenant Qurgen Alaverdyanın Azərbaycan hərbçilərinə və hərbi infrastruktura zərər yetirmək tapşırığı ilə hərəkət etdiyi bəlli oldu.
Həmin dövrün təhlükəli xüsusiyyətini göstərən bu hadisəni nəzərə almayan ATƏT-in Minsk qrupunun həmsədrləri isə 27 sentyabra cəmi 13 gün qalmış Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrıca danışıqlar apardıqlarını və məqsədin “ciddi substantiv danışıqları ilkin şərtlər olmadan” bərpa etmək olduğunu bildirmişdilər. Beynəlxalq vasitəçilər ya real vəziyyəti düzgün qiymətləndirmədən səriştəsizliklə, ya trivial biganəliklə, ya da real iş aparmaq əvəzinə, imitasiya ilə kifayətlənməklə hələ siyasi həll imkanının mövcud olduğunu sadəlövhcəsinə təlqin edirdilər.
Lakin real mənzərə də artıq hadisələrin başqa istiqamətdə inkişaf etdiyini göstərirdi. Prezident İlham Əliyev sentyabrın 24-də müharibədən cəmi üç gün əvvəl ən yüksək beynəlxalq tribunadan – BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında, Ermənistanın yeni hərbi təcavüzə hazırlaşdığı barədə beynəlxalq ictimaiyyətə xəbərdarlıq etdi və BMT-ni, eləcə də beynəlxalq birliyi növbəti eskalasiyanın qarşısını almağa çağırdı.
Məcburi köçkünlük və yurd itkisi kimi faciəli yaddaşı ailə tarixində daşıyan insanlar üçün belə təhlükəsizlik məsələləri isə mücərrəd geosiyasi kateqoriya deyil, xüsusi həssaslıqla yanaşılan növbəti hərbi təhlükə barədə xəbərdarlıq idi. 2020-ci ilin yayından etibarən Azərbaycan cəmiyyətində psixoloji dəyişiklik müşahidə edilirdi. Belə ki, əvvəlki onilliklərin ümid dolu “nə vaxtsa həll olunacaq” gözləntisi getdikcə “mövcud vəziyyət nə qədər davam edə bilər?” sualı ilə əvəz olunurdu.
Sentyabrın son günlərinə doğru iki bir-birinə zidd proses paralel gedirdi. Bir tərəfdə diplomatik mexanizm və vasitəçilərin formal danışıqlara qayıdış çağırışı, digər tərəfdə isə yeni hərbi eskalasiya riskinin açıq yüksəlişi. Bu iki xətdən hansının üstün gələcəyini müəyyən edən dönüş nöqtəsi artıq zərurət idi.
Uzunmüddətli böhrandan genişmiqyaslı müharibəyə
27 sentyabr 2020-ci il Azərbaycan tarixində yalnız hərbi əməliyyatların başlandığı tarix deyil, təxminən, üç onillik davam etmiş ədalətsizliyin siyasi-diplomatik müstəvidən genişmiqyaslı müharibə müstəvisinə keçdiyi sərhəddir.
Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 27-si səhər saatlarında yaydığı məlumatda Ermənistan silahlı qüvvələrinin döyüş fəallığının qarşısının alınması və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bütün cəbhə boyu əks-hücum əməliyyatına başladığını açıqladı. Prezident İlham Əliyev həmin gün xalqa müraciətində Ermənistan qüvvələrinin müxtəlif istiqamətlərdən ağır artilleriya da daxil olmaqla Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, ölən və yaralananların olduğunu bildirdi. Prezident fərmanında da əks-hücumun bu hücumların qarşısını almaq məqsədilə başladıldığı Azərbaycan dövlətinin rəsmi hüquqi mövqeyi kimi təsbit edildi.
Həmsədrlər “təmas xətti boyunca genişmiqyaslı hərbi əməliyyatlar barədə məlumatlardan” narahat olduqlarını bildirdilər və tərəfləri döyüşləri dayandırmağa çağırdılar. Yəni onların bacardığı öz aktuallığını və legitimliyini artıq çoxdan itirmiş belə bir fikirlərin ifadə olunmasından ibarət idi.
Azərbaycanın 27 sentyabr əməliyyatları əvvəlki hərbi təxribatlar, nəticəsiz qalan siyasi proses və artan təhlükəsizlik risklərinin fonunda müdafiə xarakterli əks–hücum idi. Həll olunmamış ərazi münaqişəsi, onilliklərlə dəyişməyən faktiki vəziyyət, nəticəyə çevrilməyən vasitəçilik mexanizmi və 2020-ci ilin yayından etibarən sürətlə artmış hərbi risk genişmiqyaslı müharibəni mümkün edən struktur səbəblərdəndir.
Məhz bu səbəblərdən də Azərbaycan cəmiyyətində 27 sentyabr hadisələri adi növbəti sərhəd toqquşması kimi qəbul edilmədi. Müharibənin ilk günündən siyasi diskurs ərazi bütövlüyünün bərpası, məcburi köçkünlərin doğma yurd yerlərinə qayıtması və uzun illər davam edən münaqişəyə son qoyulması məqsədləri ətrafında formalaşdı. Bizim əks-hücum əməliyyatı isə haqq işimiz, torpaqlarımızı işğaldan azad etmək üçün başlanan Vətən müharibəsi idi. Prezident İlham Əliyev də həmin gün xalqa müraciətində bunun haqq işi və ərazi bütövlüyünün bərpası məsələsi olduğunu bəyan etdi.
Yurdunu itirməyin nə demək olduğunu yaşamış ailələrin və Qarabağdan məcburi köçkün düşmüş yüz minlərlə insanın talelərinin ağrıları bir-birinə yad olmamaqla ayrı mənəvi ölçülərə malikdir. İki fərqli tarixi faciəni eyniləşdirməyin düzgün olmadığı prizmadan baxaraq deyə bilərik ki, onların yaratdığı vətən itkisi hissi həmin günlərdə Azərbaycan cəmiyyətində bir-birini qarşılıqlı anlaşma ilə tamamlayan ümumi yaddaş formalaşdırdı.
Münaqişənin mahiyyəti artıq dəyişmişdi. Diplomatik masada illərlə müzakirə olunan məsələlər həmin gündən döyüş meydanında həll olunmağa başladı. Bunun Azərbaycan dövləti və cəmiyyəti üçün hansı siyasi və sosial səfərbərlik yaratdığı isə Vətən müharibəsinin növbəti, bəlkə də ən mühüm xüsusiyyətini – dövlət, ordu və cəmiyyətin bir məqsəd ətrafında konsolidasiyasını meydana çıxardı.
Ordu, dövlət və cəmiyyət vəhdəti
44 günlük Vətən müharibəsinin Azərbaycan cəmiyyətində yaratdığı əsas siyasi-sosial hadisəni diqqətdən kənarda qoyaraq yalnız hərbi əməliyyatlar prizmasından izah edilməsi düzgün olmazdı. Çünki 2020-ci ilin payızında meydana çıxan ən mühüm amillərdən biri uzun illər ərzində toplanmış ülvi hisslərin cəmiyyətin müxtəlif təbəqələrini bir məqsəd – ölkənin ərazi bütövlüyünün bərpası ətrafında birləşdirməsi idi.
Bütün sahələrdə mövcud qüvvələrin həmrəyliyinin əlamətləri hələ Tovuz hadisələrindən sonra görünməyə başlamışdı. Müharibə dövründə isə proses daha geniş vüsət aldı. Azərbaycanın müxtəlif etnik və dini icmalarının nümayəndələri ayrıca və birgə bəyanatlarla dövlətə və orduya dəstək ifadə etdilər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2020-ci ilin yekunlarına dair rəsmi məlumatında da müsəlman və qeyri-müsəlman vətəndaşların, ölkədəki müxtəlif dini konfessiyaların Vətən müharibəsi zamanı vahid mövqe və həmrəylik nümayiş etdirdiyi qeyd olunub.
Bu, yalnız ümumi siyasi fon deyildi. Müharibədən dərhal sonra cənab Prezidentə ünvanlanan və ölkəmizdə fəaliyyət göstərən müxtəlif icmaların nümayəndələri tərəfindən imzalanmış müraciətdə də onların Vətənin müdafiəsi və ərazi bütövlüyünün qorunması məsələsində ortaq mövqeyi ifadə edilirdi. Hələ 2020-ci ilin iyulundan milliyyətindən və dini etiqadından asılı olmayaraq ölkə vətəndaşlarının həmrəyliyi xüsusi diqqətə layiq idi.
Yurd itkisini ailə yaddaşında daşıyan insanlar yaxşı bilirlər ki, dövlətin ərazisi xəritədəki rəngdən ibarət deyil. Bu, insanların doğulduğu ev, ata-baba qəbiristanlığı, uşaqlıq xatirəsi və gələcək nəsillərə ötürülən mənsubiyyət hissidir. Buna görə Qarabağdan didərgin düşmüş azərbaycanlıların doğma yurdlarına qayıtmaq arzusu ölkənin digər bölgələrində yaşayan insanlar üçün də yad məsələ olaraq qalmadı.
Bu kontekstdə Prezident İlham Əliyevin müharibə günlərində xalqa müraciətləri yalnız hərbi məlumatların çatdırılması funksiyası deyil, həmçinin siyasi səfərbərlik və ictimai ruh yüksəkliyinin qorunması vasitəsi kimi çox böyük dəyər kəsb edirdi. 8 noyabrda Şuşanın azad olunmasını elan edərkən dövlət başçısının “bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib” sözləri sonradan “Dəmir yumruq” anlayışının siyasi-simvolik məzmununu ifadə edən əsas narrativlərdən birinə çevrildi.
Beləliklə, hərtərəfli birlik yalnız hərbi və ya siyasi şüar deyildi. Azərbaycan təcrübəsində bu, dövlət idarəçiliyi, ordunun döyüş fəaliyyəti və ictimai həmrəyliyin eyni strateji məqsəd ətrafında cəmləşməsini ifadə edən mühüm bir rəmzə çevrildi.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bütün sahələrdəki qüvvələr, əməli fəaliyyət imkanları vahid məqsəd ətrafında səfərbər edilərək böyük Zəfər qazanıldı.
Hərbi üstünlükdən yeni regional reallığa
Vətən müharibəsinin əsas siyasi nəticəsi azad edilmiş şəhər və kəndlərin siyahısı ilə yanaşı, döyüş meydanında dəyişmiş qüvvələr nisbətinin diplomatik sənədə çevrilməsi idi. Bu prosesdə 8 noyabrda Şuşanın Azərbaycan Ordusunun nəzarətinə keçməsi həlledici dönüş nöqtəsi oldu. Həmin gün Prezident İlham Əliyev Şuşanın azad edildiyini rəsmən elan etdi. Cəmi iki gün sonra Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti 10 noyabr üçtərəfli Bəyanatını imzaladılar. Bu, birmənalı şəkildə Ermənistan üçün kapitulyasiya aktı idi.
Azərbaycan üçün həmin sənədin ən mühüm nəticələrindən biri döyüş aparılmadan üç rayonun qaytarılması oldu. Bəyanata əsasən Ağdam noyabrın 20-də, Kəlbəcər noyabrın 25-də, Laçın isə dekabrın 1-də Azərbaycanın nəzarətinə keçdi. Prezident İlham Əliyev 1 dekabr müraciətində bu üç rayonun “bir güllə atmadan, bir şəhid vermədən” qaytarılmasını döyüş meydanında əldə edilmiş üstünlüyün siyasi nəticəsi kimi dəyərləndirdi.
Kapitulyasiya aktının əhəmiyyəti bununla bitmirdi. Sənəd məcburi köçkün və qaçqınların BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti ilə geri qayıtmasını, hərbi əsirlərin və saxlanılan şəxslərin mübadiləsini, eləcə də regiondakı iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tuturdu. Beləliklə, 44 günlük müharibənin nəticəsi təkcə yeni hərbi xəritə yaratmadı, uzun illər diplomatik müzakirələrdə ilişib qalan bir sıra məsələlərin konkret icra müddəalarını müəyyənləşdirdi.
2020-ci ilin noyabrında Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici dönüş baş verdi, lakin burada bir tarixi faktı da qeyd etmək vacibdir. Həmin vaxt Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bütün ərazisi üzərində tam dövlət nəzarəti hələ bərpa edilməmişdi. Qarabağın bir hissəsində Rusiya sülhməramlı kontingenti yerləşdirilmişdi və bir sıra postmünaqişə məsələləri açıq qalırdı. Məhz buna görə 2020-ci ilin hərbi-siyasi nəticəsini ərazi bütövlüyünün və suverenliyin tam bərpasına aparan əsas hərbi-siyasi dönüş kimi qiymətləndirmək daha dəqiqdir.
2023-cü il sentyabr ayının 19-da lokal antiterror tədbirləri zamanı 23 saat ərzində əldə olunan parlaq Qələbə siyasi, tarixi və mənəvi əhəmiyyətinə, mahiyyətinə, qürur çəkisinə görə 2020-ci il 44 günlük Vətən müharibəsində qazanılan Zəfərə bərabər və onu tamamlayan tarixi hadisədir. Yəni bu mütləq eyniyyət bərabərliyi yox, mahiyyət bərabərliyidir.
Burada söhbət sırf zaman bərabərliyindən deyil, həmin müddətlərdə baş verən proseslərin arasındakı əhəmiyyət baxımından, qarşılıqlı birqiymətli uyğunluqdan və ya proyeksiyalanmadan gedir.
Doğrudan da, 2020-ci ildəki Vətən müharibəsi və 2023-cü ildə 23 saat davam edən antiterror əməliyyatı işğala və separatçılığa birdəfəlik son qoydu. 30 il kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.
Vətən, torpaq sevgisi yaddaşını daşıyan vətənpərvər üçün bu qələbənin mənəvi mənası da bununla bağlıdır. Qarabağdan didərgin salınmış insanların doğma yurdlarına qayıdış perspektivinin reallığa çevrilməsi göstərdi ki, uzun illər xəritədə itirilmiş görünən yurd insanın kollektiv yaddaşından silinmir. Lakin Vətən müharibəsinin dərsi yalnız hərbi güc haqqında deyil. O həm də göstərdi ki, diplomatiyanın dayanıqlı nəticə verməsi üçün siyasi iradə, dövlət imkanları, hərbi hazırlıq və cəmiyyətin strateji məqsədlər barədə geniş konsensusu bir-birindən ayrılıqda deyil, bütöv sistem kimi işləməlidir.
Məhz buna görə 44 gün Azərbaycan tarixində sadəcə qalibiyyət xronologiyası deyil. Bu, uzun illər ərzində davam edən münaqişənin qüvvələr nisbətini dəyişdirən, danışıqlar masasının şərtlərini yenidən formalaşdıran və sonrakı regional proseslərin istiqamətini əsaslı şəkildə müəyyən edən tarixi mərhələ oldu.
Vətən müharibəsindəki Zəfərimizin təminində ordunun texniki üstünlüyü, iqtisadi imkanlar və dövlətin siyasi iradəsi ilə yanaşı, Prezident İlham Əliyevin də müxtəlif çıxışlarında qeyd etdiyi kimi, Qələbəni şərtləndirən əsas amillər sırasında müstəqillik dövründə yetişmiş yeni vətənpərvər nəslin formalaşması da əsas amillərdəndir. Dövlət başçısı 2022-ci ildə Kəlbəcərdə hərbçilərlə görüşündə vurğulamışdı ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədli siyasət olub və Vətən müharibəsi bunun nəticəsini nümayiş etdirib. Müharibədə döyüşənlərin mühüm hissəsi artıq müstəqil Azərbaycanda formalaşmış gənclər idi. 2024-cü ildə Şuşada çıxışı zamanı Prezident bu fikri daha konkret ifadə edərək qeyd etmişdi ki, Azərbaycan “savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam” bir nəsil yetişdirib və məhz həmin gənclər 44 günlük müharibədə torpaqların azad olunmasında əsas insan qüvvəsinə çevriliblər.
2020-ci ildə döyüşən hərbçilərin böyük hissəsi işğal dövründə doğulmuş, Qarabağı və digər işğal olunmuş rayonları heç vaxt görməmiş gənclər idi. Prezident
İlham Əliyev də sonrakı çıxışlarında məhz bu xüsusiyyəti ayrıca vurğulayaraq, həmin torpaqları görməyən nəslin onları azad etmək üçün döyüşməsini milli yaddaşın və vətənə bağlılığın gücü ilə əlaqələndirib. Bu baxımdan Vətən müharibəsi mühüm tarixi fenomen ortaya qoydu: doğma ərazi ilə fiziki təmas kəsilsə də, onunla mənəvi və kollektiv bağlılıq yeni nəsildə itməyib. Qarabağ həmin gənclərin bir çoxu üçün şəxsi xatirə deyil, ailədən, məktəbdən, ictimai yaddaşdan və dövlətçilik düşüncəsindən ötürülmüş milli məkan idi.
Məhz buna görə yeni nəslin rolu Qələbənin yalnız mənəvi tərəfi kimi deyil, Azərbaycanın uzunmüddətli dövlət strategiyasının mühüm nəticələrindən biri kimi qiymətləndirilə bilər. Müasir silah və texnika döyüş və manevr imkanları yaradır, iqtisadi güc ordunun maddi bazasını təmin edir, siyasi iradə strateji qərarı formalaşdırır, lakin bütün bu imkanları real nəticəyə çevirən insan amilidir. 44 günlük müharibədə müstəqillik dövründə yetişmiş nəslin döyüş meydanında göstərdiyi iradə bu üç komponenti – dövlətin gücünü, ordunun peşəkarlığını və milli yaddaşı vəhdət halına gətirdi, vahid nəticədə birləşdirdi. Prezidentin “bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi” fikrinin siyasi deyil, həm də sosial-tarixi məzmunu məhz bundadır.
Dinamik və gerçək sülh
Bu gün Azərbaycanın siyasəti sülh siyasətidir. Əslində, bütün münaqişələrin, müharibələrin sonu çox çətin və mürəkkəb danışıqlar masasından keçir. Siyasi konsepsiyaların, ideologiyaların mübarizəsi olan sülh siyasəti mübarizliyin və sayıqlığın dayandırılması kimi anlaşılmamalıdır. Müasir dövrdə sülh tam qarşılıqlı anlaşma və maraqların adekvat uyğunluğu deyil. Dövlətlərarası münasibətlərdə sülh vəziyyəti mütləq yox, nisbi anlayışdır. Yeri gəlmişkən, qeyd edək ki, ötən əsrin sonunda münaqişələrin çox olması baxımından BMT əsrin son ilini “sülh mədəniyyəti” ili elan etmişdi. Hazırda Ermənistan tərəfi də sülhün mürəkkəb dinamik daxili quruluşunu, dramatizmini, coğrafi-iqtisadi ticarət imkanlarını dərk etməlidir.
Ötən ilin avqustunda, sonuncu münaqişədən təxminən iki il sonra ABŞ-da paraflanmış sülh sazişinin təşəbbüskarı da ölkəmiz olmuşdur. Müharibələr tarixinə diqqət etsək, məlum olur ki, belə nümunələr nadir hallardandır. Bu baxımdan cənab Prezidentin Bakıda 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında dedikləri daha təqdirəlayiqdir: “Azərbaycan təcrübəsi, – ədalətli müharibədə Qələbə qazanmağımız, məğlub tərəfin kapitulyasiya etməsi, bundan sonra isə irəli getməyərək dayanmaq – lazım olan məqamda dayanmağımız və sülh təklif etməyimiz mühüm əhəmiyyət daşıyır”.
Mürəkkəb və dinamik sülh prosesinin tərkib hissəsi olan müharibə kimi, sülh də səfərbərlik tələb edir. Buna görə də qarşı tərəf dinc-yanaşı yaşamaq üçün xalqının iqtisadi, intellektual və mədəni-mənəvi potensialını səfərbər etməlidir. Səfərbərlik sırf hərfi mənada deyil, ilk növbədə, milli-mənəvi vətənpərvərlik hisslərinin, ictimai təşkilatların, mütəxəssislərin, ziyalıların, bir sözlə, cəmiyyətin bütün təbəqələrinin səfərbərliyini əhatə etməlidir.
Təhlilçi tarixə üstünlük verənlərin nöqteyi-nəzərindən yanaşaraq deyə bilərik ki, müharibəsiz dövrlərdə ölkənin maddi sərvəti və bütün potensialı insan-təbiət münasibətlərinin və sosial-iqtisadi problemlərin həllinə yönəldilir, elmi-texniki tərəqqi əldə olunur. Doğurdan da, müharibədən ötən 5 ildən artıq müddətdə sadaladığımız sahədə əldə olunanlar, “Böyük Qayıdış” göz önündədir.
Siyasi-tarixi müstəvidə məlumdur ki, iki ölkə arasında baş vermiş müharibələrin və gərginliklərin mənbəyi ənənəvi qaydada ərazi iddiaları və etnik-dini problemlərdir. Üçüncü ölkələrin bu münasibətlərə müdaxiləsi isə münasibətləri daha da gərginləşdirir və sülhün əldə olunmasını çətinləşdirməklə kövrəkliyini artırır. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının qalması onun iqtisadi maraqlarına uyğun gəlməməklə qonşu dövlətlərlə münasibətlərdə gərginliyə və sülhün reallaşmamasına səbəb olur.
Hazırda Ermənistanda revanşist qüvvələr iqtisadi maraqları nəzərə almadan etnik-milli və tarixi-siyasi müstəvilərdəki ənənəvi düşmənçilik mövqelərini qabardır, milli eqoizmi gücləndirməyə çalışırlar. Belə olanda da sülhün daxili gərginliyi artır, real sülh təhlükə ilə üzləşir. Dinamik və gerçək sülh prosesi reallaşa bilmir. Kiçik dövlətlər arasında sülhün olmaması və ya kövrək olması isə bəzi güc dövlətlərinin regionda gərginliyi saxlamaq istəyi ilə üst-üstə düşür və həmin dövlətlərə regionda öz geosiyasi maraqlarını həyata keçirmək üçün manevrlər imkanı yaradır. Neçə ki, Ermənistanın siyası elitası regional problemlərə böyük coğrafi-siyasi maraqlar kontekstində deyil, onları səciyyələndirən xarakterlərinə uyğun olaraq başqasına ziyan vurmaq maraqları kontekstində yanaşırlar, sülhün gerçəkləşməsi ideyası irrasional olaraq qalacaqdır.
Bugünlərdə Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Görüşündə dövlətimizin başçısı bu fikirləri daha korrekt ifadə etmişdir: “Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır”.
Qloballaşan, rəqəmsallaşan və getdikcə süniləşən (süni intellekt nəzərdə tutulur) dünyamızda qarı düşmənin xəstə təxəyyülünün qartmış milli eqoizm, millətçi-şovinist və zərərdidəlik ideologiyasına qarşı müharibəni özündə ehtiva edən sülhün daxili potensialından maksimum istifadə olunmalıdır.
Hümbət MUSAYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 30 Oktyabr 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















