Rafiq Əliyev: Məhərrəm ayında toy etmək olar
Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“İslamın heç bir əsas kitabında Məhərrəm ayında toyun olmaması barədə qeyd yoxdur. Bu, ancaq şiələrə mənsub adətdir. Məhərrəm ayı digər müsəlman ölkələrində Azərbaycandakı, İrandakı, Livandakı, İraqdakı kimi qeyd olunmur. Onlarda toy da, şənlik də olur. Məhərrəm ayında yas tutmaq şiəliyin əsasını təşkil edir. Bunu ortadan çıxarsan, onda şiəlik tamamilə dağılar. Şiəliyə inanan heç kim buna görə də bu adəti pozmaq istəmir. Ərəb ölkərində Məhərrəm ayında toylar, şənliklər keçirilir. Onlar şiəliyi özünə dinin bir məzhəbi kimi götürən başqa xalqların adətlərinə qarışmırlar. Kim toy etmək istəyirsə, etsin, kim istəmirsə, etməsin. Bu, insanların seçimidir, amma Məhərrəm ayında toy etməyə dinimizdə qadağa yoxdur”.
Bu sözləri Pravda.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyev deyib.
““Qurani-Kərim” hazırlanıb çap olunandan sonra, iki yüzə qədər səhih hədis ortaya çıxdı. Onlara baxanda görürük ki, Məhərrəm ayına aid adət-ənənələrin, İmam Hüseynin şəhadətinə aid mərhələlərin heç biri yoxdur. Məhərrəm ayında əməl edilən adət-ənənələr İslamdan xeyli sonra əmələ gəlib. Bu da İranın ərəb aləmindən ayrılıb, özünü dövlət kimi formalaşdırması ilə bağlıdır. Bilirik ki, İslamda millət yoxdur, ümmət, ümumi müsəlman icması var. Buna görə də millət də, millətçilik də formalaşmır. XVI əsrdə Şah İsmayıl Xətai tərəfindən şiəlik farsların ideologiyası kimi götürüldü, farsların millət kimi formalaşmasında ciddi rol oynadı. Şiəliyin əsasını təşkil edən İmam Hüseynin şəhadətidir. Bu, şiəliyin görünən tərəfidir, amma əsasən, İmam Əlindən başlayırlar. Sonradan isə Hüseynin şəhadəti insanları daha da cəlb edir və onların şüuruna artıq yeridilib. Yüz milyondan çox insan var ki, şiəliyə inanır. Müsəlmanların, təxminən, on faizi şiələrdir və bu adəti götürüblər, yəni öz ideologiyalarıdır. Beləcə, Məhərrəm ayında keçirdikləri mərasimlərə də inanırlar”, - professor bildirib.
Aytəkin Qardaşova


