Regional inkişafın Azərbaycan modeli
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.



Azərbaycanın dünyada nümunə kimi qəbul olunan inkişaf modeli bir sıra fərqli cəhətləri ilə fərqlənir. Burada bütün ölkə boyunca tarazlı inkişafın prioritetliyi xüsusi yer tutur. Biz ayrı-ayrı ölkələrin timsalında inkişafın paytaxtların və yaxud digər iri şəhəllərin ətrafında təmərküzləşməsinin kədərli nəticələrini izləmişik. Belə hallarda ölkələrin potensialından səmərəli şəkildə istifadə olunmur və regionlar inkişafdan kənada qalırlar.
Azərbaycan isə fərqli yol tutub. Belə ki, Prezident İlham Əliyevin imzaladığı regional inkişaf proqramlarına uyğun olaraq bölgələr də sosial-iqtisadi inkişaf proseslərinə cəlb olunub. Bunun da nəticəsi olaraq bütün respublika üzrə şəhər kimi regionlarımız formalaşıb. O da diqqət çəkən məqamdır ki, Prezident İlham Əliyev regionların tarazlı şəkildə inkişaf etdirilməsinə həssas yanaşma sərgiləyir. Dövlətimizin başçısının bölgələrə artıq ənənə halını alan ardıcıl səfərləri bunun əyani təsdiqidir. Elə bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhərinə və işğaldan azad olunmuş ərazilərə növbəti dəfə səfərə gedərək burada bir sıra yeni açılış və təməlqoyma tədbirlərinə qatılıblar.
Müvafiq Dövlət proqramlarının uğurlu icrası
Respublikamızda bütün ölkə boyunca tarazlı inkişafın təmin edilməsi təşəbbüsü bilavasitə Prezident İlham Əliyevdən gəlib ki, bunun da özəl tarixi var. 2003-cü ildə ilk dəfə prezident seçkiləri marafonuna qatılan İlham Əliyev bəyan etdi ki, dövlət başçısı seçiləcəyi təqdirdə Azərbaycanın regionlarının hərətərəfli inkişafına nail olacaq. Xalq Ona inandı və səs verdi. Eyni zamanda, son 20 ildən artıq müddətdə Prezident İlham Əliyev öz vədinə yüksək səviyyədə əməl edib. Respublikamızda dövlətimizin başçısının müvafiq Fərmanı əsasında 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramı qəbul olunub və beləliklə də, uğurlu bir ənənənin əsası qoyulub. Regional inkişafa dair ilk Dövlət Proqramı 2004 - 2008-ci iləri əhatə edirdi. Sonrakı mərhələdə isə 2009 - 2013, 2014 - 2018, 2019 - 2023-cü illəri əhatə etməklə daha üç Dövlət Proqramı qəbul olunub.
Ölkənin bütün regionlarının hərtərəfli inkişafını hədəfləyən müvafiq Dövlət proqramları dərindən əsaslandırılmış konseptual sənədlər olmaqla yanaşı, həm də geniş praktiki məzmuna malikdirlər. Onlar hazırlanarkən dünyadakı qabaqcıl təcrübə və müasir çağırışlar nəzərə alınıb. Eyni zamanda, regional inkişaf proqramları hazırlanarkən bölgələrin ənənələri, əmək ehtiyatları, insanların arzu və istəkləri diqqət mərkəzində saxlanıb. Bütün bunlar da sözügedən Dövlət proqramlarının işlək olmasını təmin edib.
Regionların sosial-iqtisadi inkişafına dair indiyədək qəbul olunan bütün Dövlət proqramlarının icrası yüksək səviyyədə təmin olunub. Bunun da nəticəsində ölkə üzrə Ümumi Daxili Məhsul (ÜDM), o cümlədən də qeyri-neft məhsulları istehsalı əhəmiyyətli dərəcədə artıb, regionlarımız iqtisadi güc amilinə çevrilib, əksəriyyəti daimi olmaqla yeni iş yerləri yaradılıb, həmçinin bütün bölgələrimizdə genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilib, insanlar üçün rahatlıqlar artırılıb, kommunal xidmətlərin səviyyəsi yüksəlib. Bütün bunlar isə, təbii ki, vətəndaş məmnunluğu yaradır, kənd yerlərində yaşayan əhalinin məcburi miqrasiyasının qarşısını alır, xüsusilə də iş yeri tapan, sosial rahatlıqlarla əhatə olunan gənclərimiz iri şəhərlərə köç etmək barədə düşünmürlər, gələcək həyatlarını doğulub boya-başa çatdıqları yerlərdə qururlar.
Yaradılan sənaye parkları və nümunəvi aqrar təsərrüfatlar
Regional inkişaf strategiyasının ən mühüm məqamlarından biri, heç şübhəsiz ki, bölgələrdə iqtisadi fəallığın artırılmasıdır. Azərbaycanın bütün bölgələrinin özünəməxsus zənginlikləri var. Elə bölgələrimiz var ki, orada turizm cəlbediciliyi yüksəkdir. Digər regionlarda sənayenin və aqrar sektorun ayrı-ayrı sahələrini inkişaf etdirmək üçün güclü potensial var. Dövlət proqramlarında bütün bunar nəzərə alınmaqla ayrı-ayrı bölgələr üzrə müxtəlif tədbirlərin görülməsi təmin edilib.
Son 20 ildən artıq müddətdə Azərbaycanın yeni regional sənaye xəritəsinin formalaşması çox böyük uğurdur. Bəhs olunan dövrdə ölkə üzrə 9 sənaye parkı, həmçinin Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələri yaradılıbki, bu da regionlarda sənaye sahəsində fəaliyyət göstərən sahibkarların, o cümlədən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, əlverişli biznes və investisiya mühitinin yaradılması, yeni iş yerlərinin açılması baxımından mühüm əhəmiyyətə malikdir. Regional sənayenin inkişafının dəstəklənməsi davam etdirlir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva regionlara son səfərləri çərçivəsində avqustun 20-də “Hacıkənd” İstirahət Kompleksinin tikintisi ilə tanış olublar, həmçinin Gəncə şəhərində “Azerbazalt” MMC-nin bazalt məhsullarının istehsalı müəssisəsinin təməlqoyma mərasiminə qatılıblar. Eyni vaxtda 452 qonağın qəbulu üçün nəzərdə tutulan “Hacıkənd” İstirahət Kompleksi müxtəlif kateqoriyalı 133 nömrədən, 19 birmərtəbəli standart və 10 ikimərtəbəli VIP kottecdən ibarət olacaq.
“Azerbazalt” MMC-nin bazalt məhsullarının istehsalı müəssisəsi yerli xammal əsasında fəaliyyət göstərəcək. İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu layihədə 30 faiz paya malikdir. Ümumi sahəsi 4 hektar olan zavodda ildə 360 min ton orqanik gübrənin istehsalı planlaşdırılır. İsveç və Türkiyə texnologiyaları əsasında qurulacaq müəssisədə əsas xammal kimi Göygöl rayonunun “Çaykənd” yatağından çıxarılan yüksəkkeyfiyyətli bazaltdan istifadə ediləcək. Layihənin birinci mərhələsində 200 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
Dövlət proqramları çərçivəsində aqrar sahənin inkişafı da əsas prioritet istiqamətlərdəndir. Aqrar sahənin vergilərdən azad edilməsi, subsidiyaların, güzəştli kreditlərin verilməsi və digər dövlət dəstəyi mexanizmlərinin tətbiqi regionlarda bu sahənin innovativ əsaslarla inkişafına münbit zəmin formalaşdırıb. Azərbaycan əhalisinin təxminən yarısı bölgələrdə yaşayır. Bu baxımdan regionlarda əmək bazarının inkişafı, məşğulluğun təmin olunması müstəsna önəm daşıyır. O cümlədən regionlarda ənənələrə uyğun təsərrüfat sahələri canlandırılıb, kənd təsərrüfatının pambıqçılıq, baramaçılıq, tütünçülük kimi əmək tutumu böyük, gəlir imkanları daha çox olan istiqamətləri inkişaf etdirilib. Bütün ölkə üzrə aqrar sektorun yeni yanaşmalar və innovasiyaların tətbiqi yolu ilə inkişaf etdirilməsinə xüsusi diqqət göstərilir. Qeyd edək ki, bəhs olunan dövrdə respublika üzrə 51 aqropark yaradılıb.
Ölkəmizdə indiyədək yaradılan aqroparkların sırasına cari ildə daha bir nümunəvi təsərrüfat əlavə lunub. Prezident İlham Əliyev iyunun 23-də Yevlax pilot aqroparkının açılışında iştirak edib. Ümumi sahəsi 2.807 hektar, illik istehsal gücü 20 min tondan çox qarışıq meyvə, 20 milyon ədəd damazlıq yumurta və 1 milyon ədəd ting olan bu aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan dövlət aqroparkıdır. Aqroparkda 36 sahibkarlıq subyektinə rezidentlik tatus verilib. Hazırda 21 rezident tərəfindən həyata keçirilən layihələr çərçivəsində burada meyvə, meyvə tingi, damazlıq yumurta, taxıl məhsulları istehsal olunur. Məhsulların daxili bazarla yanaşı, ixracı da nəzərdə tutulur. Rezidentlər tərəfindən bu günədək aqroparka 57 milyon manatadək investisiya yatırılıb, 200-ə yaxın daimi, 500-ə yaxın mövsümi iş yeri yaradılıb.
Bütün ölkə üzrə müasir infrastruktur quruculuğu
Aydın məsələdir ki, zəruri infrastruktur yaradılmadan regionlarda iqtisadi inkişafdan və sosial rifahdan söhbət açmaq mümkün deyil. Yaxşı haldır ki, yuxarıda xatırlatdığımız regional inkişaf proqramlarının hər birində yüksəksəviyyəli infrastruktur quruculuğu ilə bağlı mühüm müddəalar yer alıb. O cümlədən son 20 ildən artıq müddətdə Prezident İlham Əliyev bütün ölkə üzrə müxtəlif infrastruktur layihələrinin icrası ilə bağlı çoxlu sayda Fərman və sərəncamlar imzalayıb. Həmin layihələrin icrası sayəsində bu gün Azərbaycan infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Dövlət proqramlarının icrası çərçivəsində Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə su anbarları, Baş Mil-Muğan kollektoru kimi nəhəng layihələrin icrası böyük uğurdur. Bu qəbildən olan su layihələrinin həyata keçirilməsi sayəsində regionlarda dövriyyəyə yeni torpaqlar cəlb olunub, eyni zamanda, əhalinin içməli su təminatı yaxşılaşıb. Hazırda ökə üzrə qazlaşdırmanın səviyyəsi 95 faizi ötüb. Sevindirici haldır ki, bu gün ucqar dağ kəndlərimiz də mavi yanacaqla təmin olunurlar. Bəhs olunan dövrdə ölkə üzrə yol infrastrukturunun yenilənməsi də müstəqil Azərbaycanın böyük uğurudur. 2004- 2024-cü illərdə ölkə Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən respublikamızda 6593,7 km respublika əhəmiyyətli, 11643,6 km yerli əhəmiyyətli, 2529,8 km Bakı şəhər yolları olmaqla ümumilikdə 20 767,1 km uzunluğunda yeni yollar tikilib və yaxud mövcud yollar əsaslı şəkildə təmir edilərək yenidən qurulub. Bundan başqa, bəhs olunan dövrdə ölkə ərazisində 727 körpü - yol ötürücüsü, 73 avtomobil tuneli, 163 yeraltı və yerüstü piyada keçidi inşa olunub. Bu zəngin statistika müstəqil Azərbaycanın dinamik inkişafının göstəricisi olmaqla yanaşı, həm də respublikamızın gücünü, nə qədər geniş imkanlara malik olduğunu təcəssüm etdirir.
Son illərdə ölkə üzrə reallaşdırlan infrastruktur layihələrinin böyük bir qismi sosial təyinatıdır. Bu sırada respublikanın ayrı-ayrı bölgələrində 3 mindən çox məktəbin inşasını və yaxud əsaslı şəkildə yenidən qurulmasını xüsusi olaraq qeyd edə bilərik. Regionlarda təhsil infrastrukturunun yenilənməsində həmçinin Heydər Əliyev Fondu da yaxından iştirak edir. Bundan başqa, regional inkişaf proqramlarının icrası çərçivəsində bölgələrimizdə ən müasir tələblərə cavab verən xəstəxanalar, diaqnostika mərkəzləri, idman kompleksləri inşa olunub.
Mübariz ABDULLAYEV


