“Reqbi ilk növbədə güclü şəxsiyyət, daha sonra idmançı formalaşdırır”
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Azərbaycan Reqbi Federasiyasının prezidenti və U-14 milli komandasının baş məşqçisi Eldar Kərimovun “Futbolpress.az“a müsahibəsi:
– Azərbaycanda reqbinin mövcud durumunu necə ifadə edərdiniz?
– Reqbinin inkişaf prosesləri plan üzrə davam edir. Oyunçuların və klubların sayı artmaqdadır. Sentyabra qədər daha iki komandanın yaradılması nəzərdə tutulub. Hazırda dörd klub fəaliyyət göstərir. Bu il biz ilk dəfə “Reqbi Union” üzrə respublika birinciliyini təşkil etdik və sentyabrda da “Reqbi Sevens” Olimpiya növü üzrə ilk respublika çempionatının keçirilməsini nəzərdə tutmuşuq. Yeniyetmələrdən ibarət milli komandamız Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Çexiyada beynəlxalq yarışda iştirak edib və kifayət qədər yaxşı təcrübə qazanıb. Ümumilikdə hər şey qaydasındadır və plan üzrə davam edir.
– Reqbi ölkədə populyar idman növü deyil. Uzun illər bu sahədəsiniz. Reqbinin özünəməxsusluğu nələrdədir?
– Reqbinin özünəməxsus fəlsəfəsi var. O fəlsəfəyə uyğun olaraq, reqbi ilk növbədə güclü şəxsiyyət, daha sonra idmançı formalaşdırır. Bu idman alicənabların oyunudur və sırf idman prinsipləri üzərində qurulan bir növdür. Burda qarşılıqlı hörmət əsas prinsiplərdəndir. Reqbi ilə məşğul olanlar şəxsiyyət kimi də tez formalaşır. Bunu söz olaraq demirəm, müşahidələrimiz və təcrübəmiz bunları söyləməyə əsas verir. Bir çox uşaqlar reqbiyə gələndə dəcəl olurlar, intizamlarında müəyyən problemlər müşahidə edilir. Ancaq reqbi ilə məşğul olduqdan sonra onların məsuliyyət hissi, intizamı daha yaxşılaşır. Bunu tək biz yox, uşaqların valideynləri də bildirir. Ona görə əminliklə deyə bilərəm ki, reqbi əsl şəxsiyyətlər yetişdirir. Bu idman növünün Azərbaycanda olması və inkişaf etməsi olduqca vacibdir.
– Federasiya bu növün inkişafı üçün hansı işləri görür?
– Azərbaycan Reqbi Federasiyasının başlıca məqsədi Azərbaycan reqbisinin dayanıqlı sistem üzərində inkişafını təmin etməkdir. Yəni iki il öncə bir klubumuz var idisə və həmin klubun maliyyə dəstəyi yox idisə, bu gün artıq dörd klubumuz var. Bu dörd klubdan ikisi tam olaraq, ikisi isə qismən maliyyələşdirilir. Sevindirici haldır ki, şirkətlər, yəni təşkilatlar reqbi ilə maraqlanırlar, reqbiyə, reqbinin perspektivinə inanmağa başlayırlar və klublarımıza dəstək olurlar. Bu, çox vacibdir. Eyni zamanda Gənclər və İdman Nazirliyinin də son iki ildə federasiyamıza göstərdiyi dəstək, kömək bir qədər də bizim inkişaf prosesimizi gücləndirən amildir. İnkişaf tərəfi ilə bağlı isə yenə də klubların, oyunçuların, yarışların sayının artırılması və oyunçuların oyun təcrübəsi qazanmasına daha yaxşı şəraitin yaradılmasıdır. Bunlar daha güclü olmağımıza, yəni görünən gələcəkdə daha keyfiyyətli oyunçuların və komandaların yaradılmasına şərait yaradan əsas məsələlərdir.
– Müsbət məqamları qeyd etdiniz. Bəs çatışmazlıqlar nələrdir?
– Reqbi populyar olmasa da, perspektivi olduqca yüksəkdir. Mən bunu sizə sadəcə xoş görsənsin və yaxud səslənsin deyə demirəm. Həyatının son 12 ilini bu idman növünə həsr edən bir adam kimi tam məsuliyyətimlə qeyd edirəm, reqbinin Azərbaycanda perspektivi olduqca yüksəkdir. Çünki bu idman növünün xüsusiyyəti və burda tələb olunan keyfiyyətlər Azərbaycan kişilərində, qadınlarında, yeniyetmələrində, gənclərində kifayət qədər var. Biz fiziki güc, iradə, belə deyək, cəsarət tələb edən idman növlərində hər zaman uğurlu olmuşuq və reqbi də istisna olmayacaq. Şübhəsiz ki, müəyyən qədər vaxt lazımdır ki, reqbinin populyarlığı bir qədər də artsın. Amma nəticə baxımından bu sahə bir neçə ildən sonra uğurla inkişaf edən idman növləri arasında öz layiqli yerini tutacaq mütləq.
– Şərait və infrastruktur necədir?
– İnfrastrukturun qurulması ən mürəkkəb və ən çox maliyyə və vaxt tələb edən amildir. Bu gün uşaqlar və yeniyetmələrlə çalışırıq. Məşqlərin keçilməsi üçün məktəblərin meydançalarından istifadə edirik. Bəzən icarə variantı da istifadə olunur. Ötən aydan etibarən isə SOCAR yeniyetmələrdən ibarət milli komandanın “SOCAR Polymer Arena”da məşqləri üçün təmənnasız şərait yaratmışdı. Fürsətdən istifadə eləyib “SOCAR Polymer” təşkilatının rəhbərliyinə bir daha təşəkkürümü bildirmək istəyirəm . Yeniyetmələr böyüyənədək milli üçün bazanın yaradılmasını da planlaşdırırıq.
– Reqbinin uşaqların şəxsiyyət kimi formalaşmasına təsirlərindən danışdınız. Bu növ daha sərt oyundur. Bəs reqbinin sağlamlığa necə təsirləri olur?
– Reqbi insanların hər tərəfli fiziki inkişafını təmin edən idman növüdür. Çünki burda müxtəlif idman növlərinin elementləri birləşib və bu da idmançılarda müxtəlif əzələ qruplarının inkişafını təmin edir. Eyni zamanda oyun çox maraqlı və cəlbədici olduğu üçün uşaqlar bu idman növü üzrə məşqlərə və oyunlara tam böyük həvəslə yanaşırlar. Əvvəlki sualda toxunduğumuz məsuliyyət və intizam hissi onları vadar edir ki, məşqlərə tam ciddi yanaşsınlar və əsasən də təhlükəsizlik texnikasına əməl etsinlər. Çünki belə bir stereotip mövcuddur ki, reqbi təhlükəli idman növüdür. Əslində elə deyil. Bəli, oyunun xarakteri sərt ola bilər, amma eyni zamanda reqbi oyunlarında hakimlər tam ciddi nəzarət edirlər ki, oyunçular bir-birinə qarşı kobud rəftar etməsinlər. Və belə olan halda oyunçular sarı və əksər hallarda hətta qırmızı vərəqə ilə cəzalandırılırlar. Uşaqlar artıq erkən yaşdan anlayır ki, sərt oynamaq olmaz. Çünki qırmızı vərəqə alıb komandanı azlıqda qoymaq mümkündür. Və bu, şüuraltı uşaqlara yeridilir və onlar reqbinin daha bir fəlsəfəsini rəhbər tutaraq reqbini oynayırlar: özünü və rəqibini zədədən sığortalamaq. Bu, reqbinin fəlsəfi yanaşmasıdır. Yəni oyunçular həm özlərini, həm də rəqiblərini zədədən qorumalıdır.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:204
Bu xəbər 24 İyun 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















