Icma.az
close
up
RU
Rəqəmsal savadlılıq və texnoloji cəmiyyət

Rəqəmsal savadlılıq və texnoloji cəmiyyət

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bu mövzuda maarifləndirmə həyatın bütün sahələrini əhatə edir

Müsahibimiz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudovadır.

– Rəqəmsal savadlılıq nəyə görə hazırda cəmiyyət üçün bu qədər önəmli hesab olunur? Bu qabiliyyət insanların gündəlik həyatına necə təsir göstərir?

– Biz hazırda informasiyanın sürətlə yayıldığı, xidmətlərin getdikcə rəqəmsallaşdığı bir dövrdə yaşayırıq. Belə bir şəraitdə insanların texnologiyanı düzgün, təhlükəsiz və məqsədyönlü şəkildə istifadə edə bilməsi yalnız şəxsi inkişaf üçün deyil, eyni zamanda, milli təhlükəsizlik və ictimai rifah üçün də həyati əhəmiyyət daşıyır.

Rəqəmsal savadlılıq, insanların yalnız kompüter və İnternetdən istifadə bacarıqları deyil, həm də lazımi informasiyanı axtarıb tapmaq, informasiya resurslarını təhlil etmək, saxta xəbərləri ayırd etmək, kibertəhlükələrdən qorunmaq və onlayn etik davranış qaydalarına əməl etmək bacarığıdır. Mütəxəsislər bunları XXI əsrin yeni "oxuma-yazma" bacarıqları da adlandırırlar.

Məsələn, COVID-19 pandemiyası dövründə dünyanın bir çox ölkəsində təhsil və iş prosesləri onlayn mühitə keçdi. Azərbaycanda da tələbələr, müəllimlər və bir sıra dövlət orqanlarının əməkdaşları "Microsoft Teams", "Zoom", "e-təhsil" kimi platformalardan istifadə etməyə başladılar. Bu, onların rəqəmsal savadlılıq səviyyəsini aktuallaşdırdı. Bəzi insanlar bu prosesə tez uyğunlaşdılar, lakin yaşlı nəslin nümayəndələri və regionlarda yaşayanlar çətinliklərlə üzləşdilər. Bu, əhalinin rəqəmsal savadlılığının nə qədər vacib olduğunu göstərdi.

Digər tərəfdən, bu gün bank xidmətlərindən tutmuş, vergilərin ödənilməsinə, hətta həkim qəbuluna yazılmağa qədər bir çox proseslər onlayn müstəviyə keçib. ASAN Xidmət, Elektron Hökumət kimi platformalar vətəndaşlara rahatlıq təqdim etsə də, bu imkanlardan faydalana bilməyən insanlar cəmiyyətdə geri qalırlar. Bunun əsas səbəbi onların rəqəmsal bacarıqlarının yetərli olmamasıdır.

Dünya miqyasında aparılmış araşdırmalara əsasən, UNESCO və OECD qeyd edir ki, 2030-cu ilə qədər peşələrin 90 faizi rəqəmsal bacarıqlar tələb edəcək. Bu o deməkdir ki, əmək bazarında rəqabətədavamlı olmaq üçün hər bir fərd bu bacarıqlara yiyələnməlidir.

Eyni zamanda, rəqəmsal savadlılıq informasiya təhlükəsizliyini təmin etmək baxımından da əhəmiyyətlidir. Kibercinayətlərin, fırıldaqçılıq hallarının artması göstərir ki, texnologiyadan düzgün istifadə qaydaları ilə bağlı maarifləndirmə əvvəlki dövrlərlə müqayisədə daha vacibdir. Məsələn, Azərbaycanda son zamanlar bir sıra vətəndaşlar aldadıcı telefon zəngləri, SMS-lər və fişinq məktubları vasitəsilə aldadılaraq bank hesablarından pul itiriblər. Əgər bu şəxslər rəqəmsal təhlükəsizlik qaydalarını bilsəydilər, bu cür hadisələrin qarşısı alına bilərdi.

Digər tərəfdən, rəqəmsal savadlılıq sosial şəbəkələrdə yayılan dezinformasiyaya qarşı immunitet kimi də çıxış edir. İnsanlar hər hansı bir məlumatı qəbul etməzdən əvvəl onu təhlil etməyi, mənbəsini yoxlamağı və tənqidi düşünməyi bacarmalıdırlar. Bu, gənc nəslin formalaşdırılmasında xüsusilə vacib rol oynayır.

Bir sözlə, rəqəmsal savadlılıq hər bir fərd üçün vacibdir – istər tələbə, istər müəllim, istər həkim, istərsə də sahibkar olsun. Bu, yalnız texnoloji yeniliklərə uyğunlaşmaq baxımından deyil, həm də müasir cəmiyyətdə fəal iştirak etmək üçün zəruridir. Nəzərə almaq lazımdır ki, rəqəmsal savadlılıq texnoloji cəmiyyətin inkişafının və təhlükəsizliyinin əsasını təşkil edir

– Mütəxəssislər hesab edirlər ki, rəqəmsal savadlılıq kiçik yaşlardan başlayaraq formalaşdırılmalıdır. Necə düşünürsünüz, bunun üçün uşaqlara və gənclərə hansı əsas bacarıqları öyrətmək lazımdır?

– Müasir dövrdə uşaqlar və gənclər, demək olar ki, texnologiya ilə sıx ünsiyyət şəraitində böyüyürlər. Onlar informasiyanı qəbul edir, sosial şəbəkələrdə əlaqələr qurur, onlayn təhsil platformalarında biliklər əldə edir və gündəlik həyatlarında rəqəmsal alətlərdən geniş yararlanırlar. Bu səbəbdən, onlara rəqəmsal savadlılıq bacarıqlarının öyrədilməsi təkcə təhsilin deyil, həm də təhlükəsizliyin təmin olunması baxımından son dərəcə vacibdir.

İlk növbədə, uşaqlara İnternetdəki faydalı və ziyanlı məzmunları müəyyən etməyi, tanımadıqları insanlarla şəxsi məlumatları paylaşmamağı və onlayn davranış qaydalarına əməl etməyi öyrətmək lazımdır. Məsələn, kiberzorakılıq halları ilə bağlı yeniyetmələr tez-tez psixoloji gərginlik hallarını yaşaya bilərlər. Belə halların qarşısının alınması üçün onların daxili güvəni artırılmalıdır və müdafiə mexanizmləri gücləndirilməlidir.

Gənclər bilməlidirlər ki, ad, soyad, yaş, məktəb, şəkillər və s. kimi şəxsi məlumatların kimə və necə təqdim edilməsi təhlükəli ola bilər. Onlara “Paylaşdığın hər bir şey iz qoyur” prinsipi, informasiya təhlükəsizliyi öyrədilməlidir. Bu, onların şəxsi həyatlarını və gələcək karyeralarını da qoruyacaq.

İnternetdə yayılan hər bir məlumat doğru olmaya bilər. Ona görə də gənclərə dezinformasiyanı ayırd etməyi, məlumatları yoxlamağı və tənqidi yanaşmanı öyrətmək vacibdir. Sosial şəbəkələrdə tez-tez yayılan saxta xəbərlər onların dünyagörüşünə təsir göstərə bilər. Bu məqsədlə “məlumatı qəbul etməzdən əvvəl araşdır” prinsipi formalaşdırılmalıdır.

Uşaqlara təkcə “istehlakçı” deyil, həm də yaradıcı olmaq öyrədilməlidir. Bu, rəqəmsal təqdimatlar hazırlamaqla, həmçinin blog və video-kontent yaratmaqla mümkündür. Rəqəmsal dizayn, montaj və təqdimat bacarıqları onların indiki və gələcək peşə fəaliyyətlərində mühüm rol oynaya bilər.

Eyni zamanda, proqramlaşdırmanın əsaslarının tədrisi də mühüm yer tutur. Scratch, Python və ya HTML kimi sadə kodlaşdırma bilikləri uşaqlarda analitik düşüncəni və problem həlletmə bacarığını inkişaf etdirir. Texnologiyanın necə işlədiyini anlamaq onlara müasir dünyaya daha asan uyğunlaşmaq imkanı verir.

Son olaraq, uşaqlara və gənclərə kiberhücumlara qarşı müdafiə üsulları öyrədilməlidir. Onlara etibarlı parollar yaratmaq, şübhəli mənbələrə keçid etməmək, proqramları vaxtında yeniləmək və antivirus proqramlarından istifadə qaydaları praktiki şəkildə izah olunmalıdır. Bu, onların rəqəmsal mühitdə özlərini daha güvənli hiss etmələrinə şərait yaradacaq.

Nəticə olaraq, bu bacarıqlar yalnız məktəb təhsili üçün deyil, həm də gündəlik həyat üçün faydalıdır. Gənclər artıq rəqəmsal dünyada böyüyürlər və bu biliklər onların həm təhlükəsizliyini təmin edəcək, həm də rəqəmsal dünyada özlərini daha inamlı hiss etmələrinə kömək edəcək.

– Azərbaycanın rəqəmsal savadlılıq səviyyəsi haqqında nə deyə bilərsiniz? Əhalinin rəqəmsal savadlılığının artırılması istiqamətində dövlət tərəfindən hansı işlər görülür?

– Azərbaycanda texnologiya ilə ayaqlaşan, yeni cihazları və proqramları sürətlə mənimsəyən, internetdə aktiv olan, əsasən, orta və gənc nəsildən ibarət olan böyük bir əhali təbəqəsi mövcuddur. Onlar üçün rəqəmsal dünya artıq həyat tərzinin ayrılmaz bir parçasıdır. Sosial şəbəkələrdə ünsiyyət qurmaq, onlayn alış-veriş etmək, müxtəlif rəqəmsal xidmətlərdən istifadə etmək onlar üçün adi bir haldır. Əhalinin texnoloji cəhətədən fəal təbəqəsi smartfonlardan təkcə ünsiyyət üçün yox, həm də sənəd göndərmək, ödəniş etmək, xidmət sifariş vermək üçün istifadə edirlər. Bu, böyük irəliləyişdir.

Amma gəlin etiraf edək ki, bu inkişaf ölkə və sosial qruplar üzrə bərabər səviyyədə getmir – şəhərlə kənd arasında, gənc və yaşlı nəsil arasında müəyyən fərqliliklər hələ də qalır. Cəmiyyətin bir hissəsi bu dəyişikliyə çevik şəkildə uyğunlaşır, amma bəzi təbəqələr – xüsusilə də yaşlı nəsil, kənd yerlərində yaşayanlar və sosial baxımdan həssas qruplar bu prosesdə bir qədər geridə qalır.

Dövlət bu sahədəki gerilikləri və qeyri-bərabərlikləri aradan qaldırmaq üçün mühüm, səmərəli addımlar atır. Son illərdə bu istiqamətdə xeyli iş görülüb. Dövlət tərəfindən, "rəqəmsal inkişaf" prioritet istiqamət kimi müəyyən edilib və bu sahəyə əhəmiyyətli investisiyalar yatırılıb. İnternet infrastrukturu gücləndirilib, ölkə əhalisinin 80 faizindən çoxu genişzolaqlı İnternet xidmətlərindən istifadə edir. Mobil İnternet istifadəçilərinin sayı isə maksimum həddədir. Yəni əhali 100 faiz mobil İnternetlə təmin olunub.

ASAN Xidmət və DOST mərkəzləri rəqəmsallaşmada, vətəndaşların rəqəmsal bacarıqlarının artırılmasında böyük rol oynayır. İnsanlara elektron hökumət xidmətlərindən istifadə qaydaları öyrədilir. İstəyirsən şəxsiyyət vəsiqəsini yenilə, istəyirsən pensiya üçün müraciət et – artıq bunların əksəriyyətini kompüter arxasından etmək mümkündür və vətəndaşa bunları necə etmək lazım olduğu da izah edilir.

Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” da əhalinin rəqəmsal savadlılığının artırılması baxımından mühüm əhəmiyyətə malikdir. Bu sənəd, əslində gələcəyin rəqəmsal cəmiyyətini formalaşdırmaq üçün yol xəritəsidir və burada əhalinin rəqəmsal savadlılığı məsələsi mərkəzi yer tutur.

Bu konsepsiya rəqəmsal savadlılığı, sadəcə, bir hədəf kimi yox, davamlı inkişafın əsas şərti kimi qəbul edir. Yəni rəqəmsal texnologiyaların inkişaf etdirilməsi nə qədər vacibdirsə, cəmiyyətin bu texnologiyalardan təhlükəsiz, şüurlu və bacarıqlı istifadə etməsi bir o qədər zəruridir. Burada dövlətin əsas məqsədi yalnız internet və avadanlıqları əhaliyə təqdim etmək yox, o texnologiyanı dərk edən və ona uyğunlaşa bilən vətəndaş modeli yaratmaqdır.

Konsepsiyada açıq şəkildə göstərilir ki, rəqəmsal bacarıqların inkişafı əmək bazarının gələcəyi üçün həyati əhəmiyyət daşıyır. Süni intellekt, avtomatlaşdırma, rəqəmsal xidmətlər – bunların hamısı yeni peşələr, yeni bacarıqlar tələb edir. Konsepsiya bu dəyişikliklərə uyğun olaraq əhalinin təlim proqramları ilə əhatə olunmasını, xüsusilə də gənclər, müəllimlər, dövlət qulluqçuları və digər hədəf qruplarını rəqəmsal təlimlərə cəlb edilməsini nəzərdə tutur.

Digər mühüm məsələ regional bərabərlikdir. Konsepsiyanın əsas istiqamətlərindən biri odur ki, şəhərdə yaşayan vətəndaşla kənddə yaşayan vətəndaş arasında texnoloji imkanlar baxımından fərq minimuma endirilsin. Bu həm internet infrastrukturu ilə, həm də yerli əhali üçün rəqəmsal təlimlərin təşkili ilə həyata keçirilir. Məsələn, ASAN könüllüləri və DOST mərkəzləri bu sahədə əhəmiyyətli rola malikdir.

Konsepsiyada həm də kibertəhlükəsizlik və fərdi məlumatların qorunması məsələsinə yer ayrılır. Yəni vətəndaş yalnız texnologiyadan istifadə etməyi yox, özünü bu mühitdə necə qorumalı olduğunu da öyrənməlidir.

Rəqəmsal transformasiyanın uğurla həyata keçirilməsi birbaşa əhalinin və mütəxəssislərin rəqəmsal hazırlığından asılıdır. Konsepsiyada əhalinin rəqəmsal savadlılığının, kiberməlumatlılığının artırılması, müasir İKT mütəxəssislərinin hazırlanması və kadr potensialının gücləndirilməsi kimi tədbirlərin nəzərdə tutulması strateji uzaqgörənliyin göstəricisidir. Bu sənəddə Azərbaycanda rəqəmsal inkişafın əsas prioritetlərindən biri kimi kadr hazırlığı və rəqəmsal bacarıqların artırılması vurğulanır.

– Rəqəmsal savadlılıqla bağlı cəmiyyətin maarifləndirilməsi üçün hansı uğurlu nümunələri və ya layihələri qeyd edə bilərsiniz?

– Rəqəmsal savadlılıq elə bir məsələdir ki, bu sahədə maarifləndirmə işləri təkcə sinif otaqlarında yox, parklarda, metroda, sosial şəbəkələrdə, televiziyada, kənd kitabxanalarında da aparılmalıdır. Yəni məqsəd odur ki, bütün cəmiyyət – gəncdən yaşlıya, kəndlidən şəhərliyə kimi hər kəs bu prosesin içində olsun. Sevindirici haldır ki, son illərdə Azərbaycanda bu sahədə uğurlu və yaradıcı təşəbbüslərin sayı artıb.

Bu sahədə uğurlu dövlət təşəbbüslərindən biri “Rəqəmsal bacarıqlar” layihəsidir. Bu layihə Elm və Təhsil Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşlığı ilə həyata keçirilir və artıq 300-dən çox məktəbdə tətbiq olunur. Məqsəd məktəblərdə uşaqlara təkcə kompüterdə işləməyi yox, həm də rəqəmsal düşüncəni, alqoritmik bacarıqları və texnologiyanın etik istifadəsini öyrətməkdir.

Daha bir uğurlu nümunə “ASAN İnnovasiyalar Mərkəzinin” və “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə keçirdiyi “Rəqəmsal gələcək” kampaniyasıdır. Bu kampaniya çərçivəsində regionlarda maarifləndirici seminarlar, uşaqlar və valideynlər üçün interaktiv təlimlər keçirilmişdir. Bu layihənin də məqsədi o idi ki, təkcə gənclər yox, bütün ailə rəqəmsal mühitə uyğunlaşsın.

Bundan əlavə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən dəstəklənən “Cyber Smart Ol” adlı təşəbbüs də təqdirəlayiqdir. Bu, məktəblilər və valideynlər üçün kibertəhlükəsizlik və rəqəmsal gigiyena mövzusunda keçirilən təlimlər silsiləsidir. Bu layihə ilə uşaqlar başa düşürlər ki, “İnternetdə hər paylaşım təhlükəsiz deyil”, “fərdi məlumatlar nədir” və ya “fişinq linkləri necə tanımaq olar”.

Cəmiyyətin daha geniş seqmentlərini əhatə edən təşəbbüslərdən biri də DOST Agentliyi və ASAN könüllülərinin təşkil etdiyi “Rəqəmsal Könüllü” proqramıdır. Bu proqram çərçivəsində gənclər yaşlı insanlara müasir rəqəmsal xidmətlərdən – məsələn, e-gov, ASAN ödəniş, onlayn müraciətlər – necə istifadə etməyi öyrədir. Bu, sadəcə texnoloji deyil, həm də cəmiyyətlərarası körpü qurmaq baxımından möhtəşəm təşəbbüsdür.

Sevindirici haldır ki, artıq media vasitələri də bu işə qoşulub. Hazırda bir çox telekanalda və İnternet resurslarındasa “rəqəmsal təhlükəsizlik”, “fake news”, “internetdə davranış etikası” kimi maarifləndirici rubrikalar və videolar yayımlanır. Bunlar cəmiyyətin geniş təbəqəsini əhatə edir və informasiyanı quru dil yox, əyləncəli və başa düşülən formada çatdırır.

Yeri gəlmişkən, “Xalq qəzeti”nin bu cür mövzulara xüsusi diqqət yetirməsi və tez-tez səhifələrində geniş yer ayırması da çox təqdirəlayiqdir.

Ümumiyyətlə, rəqəmsal savadlılıq məsələsi Azərbaycanda, sadəcə, “tədris proqramı” səviyyəsində deyil – artıq bir ictimai hərəkat səviyyəsinə qalxıb. Dövlət qurumları, gənclər təşkilatları, könüllülər və media əl-ələ verərək bu işə öz töhfələrini verirlər. Bu da onu göstərir ki, biz təhlükəsiz və rəqəbətədavamlı texnoloji cəmiyyət quruculuğu yolundayıq.

Müsahibəni aldı:
Səbuhi MƏMMƏDOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 May 2025 04:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişi qadın münasibətində balansı necə qorumaq olar?

03 May 2025 06:35see172

“Qalatasaray” Davinsona yeni müqavilə təklif edəcək

02 May 2025 10:21see135

Rubiodan İrana XƏBƏRDARLIQ: “Dayandırın…” KONKRET

02 May 2025 20:57see132

Tramp bu kanalların maliyyəsini dayandırdı

02 May 2025 11:48see127

Rusiyada dəhşətli qəzanın görüntüləri: Cənazə maşını yeraltı keçidə çırpılıb, sürücü ölüb

02 May 2025 17:29see126

İki ildə göndərdiyi 6 məktubun heç birinə cavab vermədi

02 May 2025 10:02see125

Dollar bu gün neçəyə satılacaq?

02 May 2025 09:32see125

Afaq narıncıya büründü Fotolar

02 May 2025 09:41see125

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum keçirilir

02 May 2025 10:19see124

“28 May” stansiyasının bağlanması ilə bağlı vacibAÇIQLAMA

02 May 2025 14:34see123

Kəpəz də qalmaqal: Baş məşqçi komandanı meydana çıxartmaq istəmir

02 May 2025 11:57see122

Ali məktəblərə ərizə qəbulu: Artıb, ya azalıb?

02 May 2025 11:33see121

Okolie Milana keçə bilər

02 May 2025 13:02see121

Koroğlu da nasaz avtomobilə görə bir neçə maşın qəza törətdi HADİSƏ ANI

02 May 2025 10:23see120

Türk dünyasının liderləri Avropada TOPLAŞIR

02 May 2025 13:01see120

Zaxarova bu məsələyə aydınlıq gətirdi

03 May 2025 15:55see117

Abituriyentlərin nəzərinə Bu qrup üzrə qəbul qaydası dəyişdi

02 May 2025 15:39see117

Təkcə çips və qazlı içkilər deyil: Faydalı kimi təqdim edilən zərərli DÖRD MƏHSUL

03 May 2025 02:33see117

Azərbaycan Səudiyyə Ərəbistanı: İqtisadi əməkdaşlığın yeni gündəliyi

02 May 2025 09:37see117

Ramid Namazov: İnformasiya resurslarına haker hücumlarına ölkə daxilindən də dəstək verilib

02 May 2025 15:32see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri