Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Roma nın Raspadori planı

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Rəşad Məcid, məhz belə elçilərdəndir Kamal Abdulla

Rəşad Məcid, məhz belə elçilərdəndir Kamal Abdulla

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Kulis.az Xalq yazıçısı Kamal Abdullanın "Yaşantı: sözdən-sözə" yazısını təqdim edir.

İstedad Allahın lütfüdür. Bu, həm də böyük iztirablardan keçir. İnsan öz zəhmətinin, əzab və iztirablarının yetirməsidir. İstedad da əzabla reallaşdırılır. Böyük, bəşəri, yenilməz ruhlar, adətən bu iztirablara səssizcə sinə gərir, özünü reallaşdırır, öz içindəki möcüzələri izhar eləyir və fərdi özünüdərkini cəmiyyətin üstün dəyərləri ilə birləşdirib yaşantılarına çevirir. Bu, xüsusən, yaradıcı zümrəyə aid keyfiyyətlərdir. Yaradıcı insan, sanki ilahi vəhyləri cəmiyyətə, həmyaşlarına yetirir, onların bəsirət gözünün işıqlandırılmasında elçi rolunu oynayır. Rəşad Məcid, məhz belə elçilərdəndir. Öz sözü, öz nəfəsi, poetik-publisistik ruhu ilə soydaşlarına, əsrdaşlarına işıq bəxş eləyən işıqgəzdirəndir.

Rəşad Məcidin 60 yaşı tamam olub. Bu, müdriklik yaşıdır, hesabat dövrüdür. Rəşad bu vaxta, bu vədəyə mərhələ-mərhələ yetişmiş, həmdaşlarını heyrətə salan yaradıcı bar-bəhərlə ləbələb dolu bir ömür yaşamışdır. Rəşad öz yaradıcı ömrü, zəhmətlə yoğrulmuş tərcümeyi-halı, zəngin həyat mənzərəsinə görə ilk növbədə istedadına borcludur. Bu istedadı reallaşdırmaq isə onun zəhməti, fəaliyyəti, ədəbiyyat qarşısında böyük məsuliyyəti ilə başa gəlmişdir.

Onun ədəbi fəaliyyəti, uzun illərin çarpışmaları 60 illik yubileyi münasibətilə çap olunmuş "Qala adam" adlı samballı kitabda toplanmışdır. Kitabda Rəşadın çoxşaxəli yaradıcılıq yolu, publisistikası, ədəbi-bədii görüşləri, səfər qeydləri və poetik nümunələri yer almışdır. Hər bir sahədə özünəməxsus iz qoymuş, dərin istedad nümayiş etdirmiş Rəşad Məcid çağdaş ədəbi prosesin həm iştirakçısı, həm də salnaməçisi qismində çıxış edir. Hər yazısında, irəli sürdüyü hər bir fikirdə bir boy da böyüyən Rəşad Məcid adı, siravi insandan, düşünə bilən, mühakimə yürüdən, ədəbi mühitə qiymət verən təcrübəli ekspertə, səriştəli orbitrə çevrilir. Onun ayrı-ayrı ədəbi şəxsiyyətlər haqqında oçerkvarı yazıları mündəricəsində ciddi tədqiqat mahiyyəti daşıyan bədii-elmi mülahizələrdir.

Bu düşüncələrdə Rəşad heç kimi təkrar etmir, yaxud heç kimə bənzəmir. Ədəbi mülahizələrində, elmi yanaşmalarında o, tam özüdür, öz fikirlərini söyləyir, yeni, orijinal qənaətlərinə söykənir. Vaqif Səmədoğlu, İsa Həbibbəyli, Anar, İsi Məlikzadə, Şirməmməd Hüseynov və başqaları haqqında yazdığı elmi-publisistik məqalələrində o, problemə yanaşma tərzi ilə seçilir, bu insanların görünməyən, yaxud qələmə alınıb ictimailəşdirilməyən cəhətlərini üzə çıxarır, onların yaradıcılığını yeni rakursdan, yeni bucaq altında qiymətləndirir. Rəşad Anara yazıçı, ictimai xadim, işıqlı bir vətəndaş kimi yüksək qiymət verir və yazır: "O, Azərbaycan ədəbiyyatının canlı klassiki, bir neçə nəslin ictimai şüurunun, bədii zövqünün formalaşmasında mühüm rol oynamış böyük ziyalımızdır". Dəqiq qiymətdir, həm də sonsuz məhəbbətlə yoğrulmuş münasibətdir.

Kitabda Azərbaycan elminin, ədəbiyyat korifeylərinin portret cizgilərini bütün incəliklərinədək çözələyən qeydlər çox qiymətli nümunələrdir. Əslində, Rəşad korifeylər haqqında söz açdıqca öz portret cizgilərinə yeni ştrixlər əlavə edir, özünün mənəvi və intellektual səviyyəsi ilə yadda qalır. Vaqif Səmədoğlunu böyük məhəbbət və nisgillə xatırlayan müəllif yazır: "Elə insanlar var ki, onların xatirəsi özləri qədər işıqlı və aydındır. Həmin xatirələr lentini yaddaşın xəyali ekranından izlədikcə ötən günlər üçün qəribsəyirsən və yaşanılan onca gözəl hadisəni, doğma simaları kədərli-sevincli hisslərlə yad edirsən. Vaqif Səmədoğlu da mənim yaddaşımın ən müqəddəs yerində xatirəsi həkk olunan şairlərdən, dostlardan biridir".

Rəşadın yaradıcılığında Azərbaycan dilinin ədəbi, poetik və akademik qatları zəngin çalarlarda laylanır. O, sözə həssas yanaşır, hər ifadənin məqamını duyur, hiss edir, fikrin məntiqi yükünü dərindən qiymətləndirir. Azərbaycan dilinin folklor incələmələri onun dilinə şirin ahəng qatır, ifadələrinin, deyimlərinin poetik yükünü vüsətləndirir, fikirlərinə hamını ahənrüba kimi bürüyən bir istilik, doğmalıq, səmimiyyət gətirir. Onun əsərlərində Azərbaycan ədəbiyyatı bütöv görünür. Bu, ədəbi prosesin özünə hörmət cizgiləri süsləndirir. Onun yazılarında ədəbi proses heyrətamiz şəkildə canlı və dinamik görünür. O, müraciət elədiyi hər hansı obyektə, insana, yaradıcı şəxsiyyətə böyük sevgi və heyrətlə nəzər salır, toxunduğu mövzuları xüsusi məhəbbət və qayğı ilə təqdim edir. Bu istiliyi, hərarəti həm onun özünün yazdığı, həm də onun haqqında söylənən, ona ünvanlanan məqalələrin ruhunda hiss edirsən. "Ürəkdən gələn yazılar - Rəşad Məcidin publisistikası", "60 yaşa yazı hədiyyələri", "Rəşad Məcidin sözü haqqında", "60 ilin söhbəti", "Bir il Ağdam-Bakı qatarında gecələmişəm...", "Qələmsiz yazılanlar", "Qələmsiz yazılanlar"dan yazılanlar", "Şuşa dəftəri" və başqa bölmələrin hər birində bu isti, səmimi nəfəsi dərindən hiss edirsən.

"Qələmsiz yazılanlar" Rəşad Məcidin müasir ədəbi aləmə yeni bir töhfəsidir. Bunu Rəşadın kəşfi də adlandırmaq olar. Belə ədəbi nümunələrə dünya çapında, beynəlxalq ədəbi sferada rast gəlinir. Məsələ burasındadır ki, Rəşad SMS səviyyəli virtual ədəbiyyata Azərbaycan təfəkkürü işığında yanaşmış, orijinal bir janra imza atmışdır. Hər biri poetik nümunəni xatırladan bu virtual düşüncələr, əslində, dərin məna ilə yüklənmiş müdrik aforizmlərdir. Məsələn, "Xeyirxah niyyətlə deyilən iradları qəzəblə söyləməzlər", "Susmaq da istedaddır, çoxlu keyfiyyətlər tələb edir", "Lap cüzi şeylərlə də olsa, insanları sevindirmək mümkündürsə, buna qızırqanmayın", "Fədakarlıq rəğbət yaradır, təsirləndirir, gözləri yaşardır", "Hamıyla dil tapmaq, hamının dilini bilmək gözəl keyfiyyətdir. Düzdür, istedad, enerji, səbir tələb edir. Zorakılıqdansa, çalışıb dil tapmaq daha yaxşıdır" və sair və ilaxır. Rəşadın qələmsiz yazılan külliyyatı başdan-başa belə qiymətli düşüncələr üzərində qurulub.

Bu mükəmməl kitabda ən maraqlı bölmələrdən biri "Şuşa dəftəri" adlanır. Bu şeirlər Şuşa sevgisi, Şuşa həsrətilə yoğrulmuşdur. Hiss olunur ki, Rəşad Şuşanın qoynunda da Şuşa həsrətilə yaşayır. Bu qovuşuğu çox həssaslıqla qoruyan Rəşad, onu itirməkdən qorxan bir uşaq həyəcanı yaşayır. O, uşaqlıqdan Şuşanın qoynunda boy atmış, onunla nəfəs almış, bu doğma yurdla qəlbi bir döyünmüşdür. Odur ki, bu şeirlərdə təcrübəli qələm sahibinin oturuşmuş düşüncəsindən daha çox, uşaq xiffəti, uşaq həsrəti və uşaq kürlüyü vardır. İllər ötsə də, Rəşad Şuşanı yenə dəli bir məhəbbətlə sevir və ən əsası odur ki, onu itirməkdən qorxur. İllər onun Şuşalı ruhuna toxuna bilməmiş, əksinə, ötən hər il onun Şuşa məhəbbətinə güc-qüvvət vermiş, yaşantılarını cilalamış, yaradıcı ehtirasını bir az da coşdurmuş, oyaq saxlamış, ovqatına ovqat, poetik düşüncəsinə genişlik, məhəbbətinə məhəbbət qatmışdır. Şair yazır:

Şuşa səni bulaq kimi duruldar,

Körpəliyin gül çağına dönərsən.

Xəyalına beşik olar buludlar,

Əbədiyyət yarpağına dönərsən.

Bu şeirlər Şuşanın poetik etnoqrafiyası, hissi-emosional təqdimidir. Bu şeirlərdə müəllifin poetik palitrası çox zəngindir. Şuşaya ünvanlanmış söz boğçasının ən qiymətli butaları xalq deyimləri, folklor ilmələri, dildən çıxdaş olunmuş, itib-batmaqda olan el deyimləri, frazeoloji birləşmələr, təşbehlər, qanadlı sözlər, obrazlı ifadələr və poeziya üçün vacib başqa elementlər yurdun şəninə oxunan nəğmələri süsləndirir. Rəşad bu nümunələrdə sözü zərrə-zərrə, cümlə-cümlə, misra-misra toplayır, bədii biçimə salır, oxucunu Şuşanın sehrli aləminə aparmaq üçün poetik elementlərə çevirir:

Büllur kimi yanır par-par, göyə, yerə bax!

Pərvanəsi olana bax, səməndərə bax!

Cıdır düzü bələnibdi nəğmələrə, bax,

Çal-çağırlı səadətdi Şuşaya getmək!

Bu misraların hər birində Rəşad Məcidin Şuşaya olan saf məhəbbəti uşaq heyrəti kimi boy göstərir. Şuşa həsrəti sevinc dolu heyrət kimi yaşanır, sonsuz məhəbbətin tərcümanına çevrilir.

Rəşadın yaradıcılığı çoxşaxəli, rəngarəng, çoxspektrlidir. Onun qələmindən publisistik məqalələr də, resenziyalar, hekayələr, şeir, esse də eyni istedad və dərin düşüncənin məhsulu kimi boy göstərir. Rəşadın qələminin ən vacib məntiqindən biri xalqın keçmişi, bu günü və gələcəyi üçün narahatlıq notlarıdır. O, əsl xalq adamıdır. Dili, düşüncəsi, bədii-poetik istiqaməti ilə xalqın kökündən qaynaqlanır. Onun əsərlərində xalqın mübariz gücünə böyük inam var. Bu hiss həmişə sevgi ilə birləşir: həyata, yaşamağa, xalq uğrunda mübarizəyə əbədi bir sevgi ilə.

P.S. Kitabda Rəşad Məcidin mənim haqqımda yazdığı "Kamal Abdullanın sirli müdrikliyi" adlı bir yazısı da yer alır. Orada belə bir fikir var: "Sonralar Feysbukda on il boyunca paylaşdığım statuslarımdan, sms-esselərimdən ibarət "Qələmsiz yazılanlar" kitabımda Kamal Abdullanın esselərini xatırladım. Düşündüm ki, statusların bəzilərində akademik Kamal Abdullanın həmin o yığcam və dərin mənalara sahib esselərinin təsiri hiss olunur. Bununla bağlı Kamal müəllimə öz təşəkkürümü də çatdırdım. Onun münasibəti də məni mütəəssir etdi":

Əzizim Rəşad! Sənin isti etirafını vəfa borcu kimi qəbul edib eyni səmimiyyətlə minnətdarlıq hissimi bəyan edirəm. Qədirşünaslığına görə çox sağ ol.

Qaldı, sözügedən kitaba... "Qala adam" adlanan bu kitaba, bəlkə, 60 yaşın hesabatı da, demək olar. Rəşadın bir şeirindən götürülmüş "Qala adam" ifadəsi ona çox yaraşır. O, həqiqətən də, dəyanəti, ləyaqəti, ən nəhayət, rəşadəti ilə həmişə qala ömrü yaşamış - mərd, mübariz, dönməz... Və özünə sözdən bir qala biçmişdir.

Bloqer Hüseyn Həsənov yenidən axtarışa verildi "Beş hecaçılar"dan biri - Onun hansı şeiri Zəki Mürenin ifasında məşhurlaşmışdı? İntiqam - Qılman İlkinin hekayəsi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 Noyabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see268

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see222

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see148

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see144

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see140

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri