Icma.az
close
up
RU
Rəşid Ağamalıyev: Bizim qlobal məqsədimiz Azərbaycan animasiyasını dünya səviyyəsinə çıxarmaqdır MÜSAHİBƏ

Rəşid Ağamalıyev: Bizim qlobal məqsədimiz Azərbaycan animasiyasını dünya səviyyəsinə çıxarmaqdır MÜSAHİBƏ

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 8 may, Anara Axundova, AZƏRTAC

Animasiyanı sevməyən heç olmasa bir nəfər tanıyırsınızmı? Hansı uşaq cizgi filminə baxmaqdan imtina edər? Əslində böyüklər də, sizə bir sirr deyim, uşaqlara qoşulmaqdan və ya uşaqlıqdan bir cizgi filminə yenidən baxmaqdan çəkinməzlər ...

“Yaxşı cizgi filmi həm böyüklər, həm də uşaqlar üçün eyni dərəcədə maraqlıdır”, – deyə həmsöhbətimiz rejissor, prodüser, Azərbaycan Animasiya Assosiasiyasının sədri,“ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyev bildirir.

Rəşid Ağamalıyev AZƏRTAC-ın müxbirinə müsahibəsində milli animasiya, ANİMAFİLM Festivalı və Bakıdakı Animasiya Evində fəaliyyət göstərən və yeni nəsil animatorlar yetişdirən Animasiya məktəbi haqqında danışır.

- Rəşid, sizcə, insanlara cizgi filmləri niyə lazımdır? Təkçə uşaqlar üçün deyil, böyüklər üçün də.

- Uzaqdan başlayacağam. Özüm-özümə tez-tez sual verirəm – incəsənət nədir? Adətən deyilir ki, incəsənət, ilk növbədə, təhsil və mədəniyyət deməkdir. Amma mənim üçün, ilk növbədə, bu, mənəvi təcrübədir. Bu sirdir. İncəsənət bizə özümüzü, Kainatı, Tanrını tanımağa köməklik edir. İncəsənət Tanrıya xidmət etməyin bəlkə də ən yaxşı yoludur. Animasiya da bizə mənəvi təcrübə yaşamağa, ən vacib olanlar haqqında düşünməyə imkan verən böyük bir sənətdir. Bu baxımdan “animasiya” sözü “multiplikasiya”dan daha düzgün addır, çünki o, latın “anıma” – ruh sözündən əmələ gəlir. Cizgi filmləri, əlbəttə ki, təkcə uşaqlar üçün nəzərdə tutulmayıb. Məncə, yaxşı cizgi filmi həm böyüklər, həm də uşaqlar üçün eyni dərəcədə maraqlıdır. Animasiya kinematoqrafiyanın bir formasıdır. Amma onun özünəməxsus orijinal kino dili var. Bədii, sənədli və cizgi filmləri arasındakı çərçivələr çox vaxt silinir. Müasir texnologiyaların peyda olunması ilə biz çox vaxt canlı aktyoru 3D modelindən ayırd edə bilmirik... Məsələn, həmin o “Avatar” filmi.

- Yenə də niyə məhz animasiya? Siz əvvəlcə kinoşünas, sonra isə kino prodüseri kimi təhsil almısınız. Yəni, yəqin ki, fəaliyyətiniz daha çox kino ilə bağlı olmalıdır...

- Uşaqlıqda bədii, oyun filmləri ilə məşğul olmaq istəyirdim və əslində, məhz bu məqsədlə Çexiyaya təhsil almağa getdim. Orada mən bir sıra bədii, sənədli və cizgi filmlərində müxtəlif vəzifələrdə işləmişəm. Sonra isə elə oldu ki, mən çox xəstələndim. İki dəfə ürək əməliyyatı keçirdim. İki il xəstəxanada yatdım və, demək olar ki, hərəkətsiz idim. Bu müddət ərzində “Azərbaycan animasiyası” kitabı üzərində işləyirdim. Mən kinoşünas kimi borcumu yerinə yetirmək, Azərbaycan kino tarixi ilə bağlı əsər yazmaq istəyirdim. Animasiya mövzusunu seçdim. Biz həmkarlarımız ilə kitabımız üzərində işləyərkən başa düşdük ki, sovet dövründə Azərbaycan animasiya sənəti az-çox yaxşı səviyyədə idi: özünün zirvəsində – haradasa 70-80-ci illərdə. İldə səkkizə yaxın film çəkilirdi, müəyyən bir məktəb var idi.

- Bu məktəb nəyə əsaslanır? Azərbaycan cizgi filminin parlaq, fərqli cəhəti nədən ibarətdir?

- Azərbaycan animasiyası uzun bir yol keçib. Məsələn, çoxları bilmir ki, Azərbaycan animasiyasının qabaqcıllarından biri Müslüm Maqomayevin atası Məhəmməd Maqomayev olub, o, 1935-ci ildə “Abbasın bədbəxtliyi” adlı ilk cizgi filmində rəssam kimi çalışıb. Təəssüf ki, bu film itib. Sonra “Dənizçi Sindbadın sərgüzəştləri” filmini çəkmək cəhdi oldu, lakin İkinci Dünya Müharibəsinin başlaması ilə əlaqədar iş dayandırıldı. 50-ci illərdə animasiya bədii filmlərdə element kimi istifadə olunurdu, məsələn, “Bir qalanın sirri”. 1965-ci ildə isə “Azərbaycanfilm” kinostudiyasında animasiya kursları açıldı. Orada Ağanağı Axundov, Bəhmən Əliyev, Nazim Məmmədov dərs deyirdilər. Bu insanlar Moskvada “Soyuzmultfilm”də təcrübə keçmişdilər və öz təcrübələrini yeni nəslə ötürməyə hazır idilər. Kurslarda Elçin Axundov, Rauf Dadaşev, Gennadi Tişşenko, Vaqif Məmmədov və başqaları kimi yeni nəsil ustadlar yetişib - ümumilikdə orada 15-ə yaxın insan təhsil alıb. 1969-cu ildə həmin kursun məzunları rejissor Ağanağı Axundovun rəhbərliyi ilə “Azərbaycanfilm” kinostudiyasında uşaqlar üçün ilk “Cırtdan” cizgi filmini çəkiblər.

Bununla paralel olaraq 1965-ci ildə rejissor Rasim İsmayılov, Vaqif Behbudov və Rafiz İsmayılov da “Danışan işıqlar” (1965), “Qırmızılar, qaralar və başqaları” (1969) cizgi filmlərinin istehsalına başlayıblar.

Baxın. (Kitabı açır.) “Cırtdan” filmində rejissor Ağanağı Axundov Azərbaycan xalçası üslubuna müraciət edib. Cizgi filmində Azərbaycan musiqisi, muğam səsləndirilir. Süjet isə Azərbaycan folkloru, Cırtdan haqqında hekayə üzərində qurulub. Ancaq buradakı Cırtdan bizim gözümə tamamilə qeyri-adi görünür, görürsünüz? Burada o, daha mücərrəddir, özü də xalça naxışına bənzəyir.

Çoxları bu filmin əbədi olaraq itirildiyini düşünürdü. Biz onu Kino Fondunda tapdıq və ingilis və polyak mütəxəssisləri ilə birlikdə 2021-ci ildə bərpa etdik. O, ikinci dəfə dünyaya gəldi – bərpa olunmuş versiyanın premyerası bizim ANİMAFİLM Beynəlxalq Animasiya Festivalımızda baş tutdu. Sonra isə film İtaliyada, Bolonyada, Il “Cinema Ritrovato” ən böyük arxiv film festivalında nümayiş etdirildi.

Sualınıza qayıdaraq qeyd etmək istəyirəm ki, sovet dövrünün Azərbaycan animasiya məktəbi tez-tez Azərbaycan təsviri sənətinə, ədəbiyyatına, xalq yaradıcılığına, musiqisinə müraciət edirdi. Həqiqətən də geniş rəğbət qazanan filmlər ənənəvi sənətlə o dövrün sənətini üzvi şəkildə birləşdirən filmlər idi. Məsələn, Məsud Pənahinin “Tıq-Tıq xanım” əsərini götürək – burada həm şifahi folklor, həm Təbriz miniatürləri, həm “Nəlbəki” rəqsi, həm də Vaqif Mustafazadənin caz muğamı, Ramiz Rövşənin şeirləri, danışıq Azərbaycan dili və ən əsası güclü rejissorluq var – bütün bunlar filmə böyük ad qazandırdı. Fərqli milli rəngə malik digər görkəmli nümayəndələr Bəhmən Əliyev (“Cırtdan-pəhləvan haqqında”), Hafiz Əkbərov (“Kirpi və alma”), Nazim Məmmədov (“Şah və xidmətçi”).

Sovet dövrü və 90-cı illərin Azərbaycan animasiya məktəbi həm də janr-texniki eksperimentlər və müəllif yanaşması ilə seçilir. Vaqif Behbudov “stop-motion” kukla texnikasında çalışıb, Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi onun “Qayıdış” filmi beynəlxalq festivallarda böyük rəğbət qazanıb. Rejissor, bakılı Gennadi Tişşenko elmi-fantastik filmlər (“İyon Tixinin gündəliklərindən”), Vahid Talıbov ictimai-siyasi filmlər (“Arzular... arzular...”), Firəngiz Qurbanova həm uşaqlar, həm də böyüklər üçün filmlər çəkirdi, yeni kino dili axtarışında idi (“Anam ağaca çıxıb”, “Seans”). Rejissorlar Elçin Axundovun (“Dəniz səyahəti”), Şamil Nəcəfzadənin (“İthaf”), Arif Məhərrəmovun (“Münnəcimin şagirdi”) çox güclü orijinal əsərləri var... Bu siyahını mən davam etdirə bilərəm...

– Hazırda ölkəmizdə animasiya (multiplikasiya) sahəsində vəziyyət necədir?

– 90-cı illərdə Azərbaycan animasiyası tənəzzülə uğradı. Bir çox istedadlı animatorlar müxtəlif səbəblərə görə ölkəni tərk etdilər. Kimi İsrailə, kimi isə ABŞ-a, Rusiyaya köçdü… “Azanfilm” dövlət studiyası bir neçə dəfə fəaliyyətini dayandırdı və nəhayət 2023-cü ildə tamamilə bağlandı. Studiyanın son filmi rejissor Aleksandra Şirinovanın “Oğurlanmış bahar” adlı işi oldu. Uzun müddət özəl sektorun sistemli maliyyələşdirilməsi və dəstəklənməsi demək olar ki, yox idi.

Amma müsbət məqamlar da var, belə ki, özəl studiyaların səyləri ilə çəkilən qısametrajlı filmlər beynəlxalq festivallarda böyük uğurlar qazandı. Məsələn, 2023-cü ildə çəkilmiş “Hədis” filmini qeyd etmək istəyirəm. Bu film 45 beynəlxalq festivalda iştirak edib (onlardan 7-si “Oskar” kvalifikasiyasına malikdir) və 9 mükafat qazanıb.

Peri Film, OB Film, 3 Dost, “Harmony of Chaos” kimi yeni animasiya studiyaları yaranıb. “Kookla TV”, Manat kimi uğurlu “YouTube” və “Instagram” kanalları da meydana çıxıb, həmçinin rejissor Rüstəm Bəşirovun “İnanna” (2024) kimi çox parlaq tələbə filmləri də çəkilib.

Kitab üzərində işləyərkən bu sənəti ölkəmizdə yenidən necə dirçəltməyin mümkün olması barədə düşündüm. Nəticədə qərara gəldik ki, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalını təşkil edək. Bu festival hər il keçirilir, bu il isə 3–7 sentyabr tarixlərində səkkizinci dəfə baş tutacaq. ANİMAFİLM artıq Azərbaycanda ən böyük kino festivalına çevrilib, hər il 3000-dən çox tamaşaçı iştirak edir.

Son vaxtlar dövlətin animasiya sahəsinin inkişafı istiqamətində müsbət addımlarını görürəm. 2022-ci ildə Prezidentin Sərəncamı ilə Azərbaycan Respublikası Kino Agentliyi – ARKA yaradıldı. Bu, ölkəmizin kino sənayesində ən böyük inqilab və ən düzgün addım oldu. ARKA müsabiqə əsasında özəl şirkətlərə bədii, sənədli və animasiya filmlərinin istehsalı üçün vəsait ayırır. Allahın köməyi ilə, ARKA sayəsində azərbaycanlı müəlliflər hər il onlarla, bəlkə də yüzlərlə film çəkə biləcəklər. Elə filmlər çəkilməlidir ki, onları bütün ölkə izləsin. Uzunmüddətli perspektivdə isə əlbəttə, bütün dünya.

Bundan əlavə, Mədəniyyət Nazirliyi animasiyanı yaradıcı sənayelərin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib, bu sahədə fəaliyyət göstərən QHT-lər üçün müsabiqələri bərpa edib. Nazirlik həmçinin “Animator’s Accelerator” animasiya kurslarını açıb və hər il ANİMAFİLM Beynəlxalq Animasiya Festivalını, habelə assosiasiyamızın digər təşəbbüslərini dəstəkləyir.

Əlavə olaraq, bir neçə digər dövlət qurumu da animasiya kinosunun inkişafına getdikcə daha çox diqqət ayırır. Məsələn, bu il QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nəticələrini elan etdiyi yeni müsabiqə çərçivəsində assosiasiyamıza uşaqlar üçün yeni animasiya filminin istehsalı üçün vəsait ayrılıb.

– ANİMAFİLM festivalı bu sahənin inkişafına necə təsir göstərdi?

– Festivalımız beynəlxalq xarakter daşıyır. Biz həm yerli, həm də xarici filmlərin müsabiqə və nümayişləri keçiririk. Hər il xaricdən qonaqlar gəlir, çoxu dünya miqyasında tanınır. Məsələn, yaxınlarda “Oskar” laureatı Mixael Düdok de Vit qonağımız olmuşdu. Festival çərçivəsində biz master-klass dərsləri təşkil edirik ki, gənclərimiz ən yaxşı mütəxəssislərdən öyrənsinlər. Bu səkkiz il ərzində təxminən 100 nəfərlik bir animasiya icması formalaşıb. Ötən il isə Azərbaycan kino tarixi üçün çox vacib hadisə baş verdi. ANİMAFİLM” festivali Britaniya Kino və Televiziya Sənətləri Akademiyası (BAFTA) tərəfindən kvalifikasiya aldı. Bu, çox yüksək səviyyədə tanınmadır. Növbəti hədəfimiz – Amerika Kino Akademiyasından (“Oskar”) kvalifikasiya almaqdır.

Digər məqam budur ki, festivallar yeni animasiya filmlərinin yaradılmasına stimul verir. Animasiya filmi çox bahalı istehsal prosesidir. Buna baxmayaraq, bir çox istedadlı gənc öz imkanları çərçivəsində çox maraqlı işlər ərsəyə gətirir və onları festivalımıza təqdim edir. Onların motivasiyası budur ki, işləri geniş auditoriya tərəfindən izləniləcək və “Ən yaxşı Azərbaycan animasiya filmi” kateqoriyasında qalib gəlsələr, dünyanın ən böyük animasiya festivalı olan Fransadakı “Annecy” festivalına yollana biləcəklər. İndiyədək festivalımızın 5 qalibi artıq Ansi festivalında iştirak edib.

– Festivaldan əlavə siz həm də animasiya məktəbi yaratmısınız. Bu barədə danışın.

– Dərslər Animasiya Evində keçirilir. Bizim üçün əsas məsələ odur ki, bizdə təhsil alan gənclər Azərbaycanda qalıb film çəksinlər. İstedadlı məzunları işlə təmin edirik. Bu, tələbələrimizi çox motivasiya edir, onlar anlayırlar ki, əldə etdikləri bilikləri dərhal tətbiq edə biləcəklər.

– Rəşid, bu sahənin inkişafı üçün daha nələr edilməlidir?

– 2022-ci ildə biz “Azərbaycan Animasiya Assosiasiyası” adlı ictimai təşkilat yaratdıq. Hazırda bu təşkilatın 46 üzvü var. Məqsədimiz qlobaldır, belə ki, Azərbaycan animasiyasını dünya səviyyəsinə çıxarmaq, sənayenin inkişafı üçün şərait yaratmaq. Peşəkar prodüserlər, animatorlar və rejissorlar hazırlanmalıdır. Bu insanlar bir araya gəlib studiyalar və layihələr yaratmalıdırlar. 2023-cü ildə ARKA-nın istehsal üzrə ilk müsabiqəsinə cəmi 10 animasiya layihəsi təqdim olunmuşdu və nəticədə cəmi bir “Nərgiz” filmi çəkildi. İldə bir film əlbəttə bizi qane etmir. Layihələrin sayını artırmaq lazımdır. Yəni, 10 yox, heç olmasa 50 layihə olsun.

Bizim çox istedadlı gənclərimiz var, amma bir çoxu animasiya layihəsinin necə hazırlanmalı olduğunu belə bilmir. Açıqlayım… Layihə sənədlər toplusudur, yəni ilk növbədə ideya, ssenari, sinopsis, loqlayn, pitç-təqdimat, şirkətin hesabatları, müqavilələr və digər hüquqi sənədlər. ARKA müsabiqəsinə tam sənəd paketi hazırlanmalıdır. Bunu çox adam bacarmır, onları istiqamətləndirmək lazımdır.

Yeni nəsil peşəkar prodüserlər, vizioner insanlar yetişdirilməlidir, yəni istehsalın bütün komponentlərini birləşdirə bilən şəxslər. Təbii ki, bunun üçün də kurslar lazımdır. Bu məqsədlə assosiasiyamız yaxın zamanda yeni kurslar təşkil edəcək. Biz yeni layihələrin beynəlxalq platformalarda inkişafını hədəfləyirik. Kursların məqsədi studiyaları yönləndirmək, yaradıcı insanlara yeni studiyalar formalaşdırmaqda yardım etməkdir. Bu çox vacibdir. Bax, bu şəkildə tədricən animasiya sənayesi qurulacaq.

Müsahibədən sonra Rəşid Ağamalıyev bizi Animasiya Evində saxlanılan dəyərli eksponatlarla tanış etdi: arxiv materialları, kitablar, köhnə cizgi filmlərində istifadə olunmuş kuklalar... Həmsöhbətimiz bu unikal, illərin sınağından çıxmış əşyaların saxlanılacağı bir Animasiya Muzeyinin yaradılmasını arzulayır.

Ekskursiyamızdan sonra isə dərslər başladı. Animasiya məktəbinin tələbələri masalar arxasına keçib planşet və bloknotlarını çıxarıb həmin o söhbətimizin əvvəlində bəhs etdiyimiz sehrli prosesi başlatdılar...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 ci ildönümü ilə əlaqədar “Sən elə bir zirvəsən” adlı konsert proqramı keçirilir

07 May 2025 20:28see204

Almeda Survivor dan QOVULDU

07 May 2025 02:18see150

Çoxları bizə inanmırdı Əşrəf Hakimi

08 May 2025 01:38see135

Yalnız bu şərtlə Paşinyanın növbəti seçkilərdə qələbə əldə etməsi mümkündür

07 May 2025 15:08see128

Yaponiya klubu Bakıya gəlir

07 May 2025 14:16see128

“İnter”in tarixində 7 ci final

07 May 2025 08:55see124

Selin Dion 37 ildən sonra Avroviziya da səhnə ala bilər

07 May 2025 13:11see122

Alimlər fiziki ölümdən sonra insanı nələrin gözlədiyini müəyyən edib

07 May 2025 17:21see122

İngiltərə Premyer Liqasında mediaya daha çox diqqət ayrılacaq

06 May 2025 23:20see121

Qazaxıstanda paradı çəkən qadına dron xəbərdarlıq etdi: Pəncərədən uzaqlaşın

08 May 2025 03:14see121

Malları sərnişinlərə paylayıb gömrükdən keçirdi

07 May 2025 17:28see120

Türkiyədə yaşayan azərbaycanlı aktrisadan eyvanda açıq saçıq FOTOSESSİYA

08 May 2025 02:02see119

ABŞ Qrenlandiya ilə bağlı kəşfiyyat məlumatlarının toplanmasını gücləndirir

07 May 2025 06:18see118

Türkiyədə zəlzələ oldu

07 May 2025 09:41see118

Qoz hansı xəstəliyin riskini azaldır? Həkim açıqladı

07 May 2025 00:53see117

Daha bir hava XƏBƏRDARLIĞI Leysan yağacaq, sel keçəcək

07 May 2025 16:18see117

Toy üstündə dava: Gitaraçı müğənnini BIÇAQLADI

07 May 2025 09:42see116

ABL: Neftçi yenidən Sabah la qarşılaşacaq

08 May 2025 09:22see115

Paraüzgüçümüz şəxsi rekordunu yeniləyib

07 May 2025 14:37see113

Analitik: Rusiya Paşinyanı devirməkdə maraqlıdır

07 May 2025 08:48see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri