Icma.az
close
up
RU
Rəsulzadənin pərən pərən salınan AİLƏSİ

Rəsulzadənin pərən pərən salınan AİLƏSİ

Icma.az bildirir, Modern.az portalına istinadən.

Ömrünü Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə fəda etmiş görkəmli ictimai-siyasi xadim, Şərqdə ilk demokratik respublikanın qurucularından biri olmuş Məhəmməd Əmin Rəsulzadənin həyat yolu qəhrəmanlıqla yanaşı, dərin şəxsi faciələrlə də hörülüb. O, Azərbaycanın istiqlalı naminə yalnız siyasi cəbhədə deyil, şəxsi həyatında da böyük itkilər vermişdi.
1918-ci ildə silahdaşları ilə Azərbaycan Xalq Cümhuriyyətini quraraq "Bir kərə yüksələn bayraq bir daha enməz!" deyən Rəsulzadə, bu uğur üçün təkcə siyasi risklərə deyil, ailəvi itkilərə də sinə gərdi. Sovet işğalından sonra Rəsulzadənin bütün ailəsi təqiblərə məruz qaldı. Onun yaxınları, doğmaları repressiya olunaraq sürgünlərə göndərildi, bir çoxları isə geri dönməmək üzərə yox oldular. Rəsulzadənin sevdikləri bir-bir əlindən alındı, o isə bunu susaraq deyil, mübariz duraraq qarşıladı.
Şübhəsiz ki, Rəsulzadənin xaricdə sürgündə yaşadığı dövrlərdə oğlunun güllələnməsi, ailə üzvlərinin acı taleyi onu içdən-içə məhv edirdi. Bunlar onun sadəcə siyasətçi kimi deyil, həm də insan kimi yaşadığı ağrılar idi, eyni zamanda, xalqı üçün mübarizə aparan bir şəxsin ən böyük sınağı idi.
Modern.az saytının təqdim etdiyi aşağıdakı şəkillərdə Məhəmməd Əmin Rəsulzadənin övladları, həyat yoldaşı və digər ailə üzvləri təsvir olunub. Şəkillər tanınmış alim, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin arxivindəndir.
"Şəkillərdə Məhəmməd Əmin bəyin 4 övladının qəmli, tutqun, gərginlik və nigarançılıq dolu baxışlarını sakitcə seyr etmək mümkün deyil... Bütöv bir xalqı dövləti olan millət edən və yaratdığı dövlətin ilk başçısı olan bir Kişinin övladları beləmi baxmalı idilər ətrafa... Bütöv bir xalqın siyasi taleyini həll etmiş Ataları haqda körpəlikdən eşitdikləri nahaq tənələr idimi onları belə gözüqıpıq edən...”, - deyə Solmaz Rüstəmova-Tohidi .əkilləri şərh edərkən bildirib.
O, Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə olarkən ailəsini öz yanına aparmaq istədiyini, lakin buna nail ola bilmədiyini də xatırladıb.
“Rəsulzadə 20-ci illərdə uzaq İstanbuldan Parisə, Ceyhun bəy Hacıbəyliyə yazdığı məktublarda qeyd edirdi: “Mən də ailəmi buraya gətirmək istəyirəm. Baxalım mümkün olacaqmı? Uşaqlarımın hamısı bu yaz isitmə xəstəliyinə tutulmuşdular. Həyat yoldaşım da ürəyindən şikayət edirdi. İndi bir az özünü yaxşı hiss edir”.
Bu sətirlərin arasından süzülən nisgildən, ağrıdan xəbərləri vardımı o uşaqların... Ara-sıra atalarının göndərdiyi paltarları, çəkmələri geyəndə “İlk görəcəyim işlərdən biri ailəmi yanıma gətirməkdir” yazan Məhəmməd Əmin bəyin fikrinin daim onların yanında olduğunu heç olmasa hiss edirdilərmi...

Təqiblərdən azca da olsa qurtula bilmək üçün həyat yoldaşı Ümbülbanu xanımın “daha bizə məktub yazma” xahişini oxuyanda nələr keçirmişdi Məhəmməd Əmin bəy...

Qurtula ki, bilmədilər! Tale niyə məhz bu ailəyə qarşı bu qədər amansız oldu?! Suallar çoxalır...”, - tarixçi alim qeyd edib.
Aşağıda Məhəmməd Əmin Rəsulzadənin ailə şəkillərini təqdim edirik:



Məhəmməd Əmin Rəsulzadənin övladları - böyük qızı Lətifə (1910-cu il), qucağında Rəsulzadənin kiçik oğlu Azər (1920), oğlu Rəsul (1914) və qızı Xalidə (1916).

Arxada ayaq üstə: Rəsulzadənin böyük qızı Lətifənin həyat yoldaşı Məşədi Damad Əliheydər oğlu Müslümzadə (1940-cı ildə həbs olunub, 1943-də güllələnib);
Oturanlar: Məhəmməd Əmin bəyin həyat yoldaşı Ümbülbanu xanım, böyük qızı Lətifə, kiçik qızı Xalidə; (Qazaxıstana sürgün olunublar, Ümbülbanu xanım və Lətifə sürgündə soyuqdan və acından ölüblər, Xalidə gizlincə Bakıya qayıdıb, az sonra burada itkin düşüb)
Öndə ayaq üstə: Məhəmməd Əmin bəyin oğulları: Rəsul (1938-ci ildə həbs edilib və güllələnib) və Azər (ailəsi ilə sürgün olunub, ömrü boyu Qazastanda yaşayıb).

Rəsulzadənin həyat yoldaşı Ümbülbanu xanım ilk övladı Lətifə ilə.



Məhəmməd Əmin bəyin kürəkəni Damad Müslümzadə, Rəsulzadənin böyük oğlu Rəsul (sağda) və kiçik oğlu Azər (solda).

Rəsulzadənin nəvəsi - böyük qızı Lətifənin ilk övladı Firuzə sürgündən Bakıya qayıtdıqdan sonra.
 


Məhəmməd Əmin bəyin kiçik oğlu Azər Rəsulzadə (1960-cı il).
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti devriləndən sonra Məhəmməd Əmin Rəsulzadə məcburiyyət səbəbindən vətəni tərk edib. Onun Novxanı kəndində yaşayan ailəsi olmazın məşəqqətlərə qatlaşıb.
Rəsulzadənin 4 övladı olub: qılzadı Lətifə və Xalidə, oğlanları Rəsul və Azər. Məhəmməd Əminin həyat yoldaşı Ümbülbanu xanım onun əmisi qızı idi.
Məhəmməd Əmin Rəsulzadə mühacirətdə olarkən 1932-ci ilə qədər müxtəlif adamlarla ailəsinə maddi yardımlar göstərib, hətta geyim, paltar da alıb çatdırıb. Sonradan sərhədlər bağlandığından bu da mümkün olmayıb. 
Ailədən ilk olaraq Rəsulzadənin böyük oğlu Rəsulu həbs ediblər. O zaman onun 19 yaşı vardı. Sonra da yerdə qalan ailə üzvlərini həbs edib Qazaxıstan çöllərinə yolladılar. Sürgündə olarkən böyük oğlu Rəsulun Bakıda güllələnməsinə dözməyən Ümbülbanu xanımın ürəyi partlamışdı. 
Rəsulzadənin kiçik oğlu Azər sonralar xatirələrində anasını bu cür təsvir edib:
"Anam soyuğa da dözərdi, aclığa da. Amma o qürbət elə gedən gündən Rəsulun adı dilindən düşmürdü. "Oğlumu nahaq güllələdilər" deyib ağlayırdı. Elə bu dərdlə də dünyadan köçdü. Tez-tez atam haqqında kinayəli sözlər eşidirdik. Bizə deyirdilər: "Məhəmməd Əmin sizi burada qoyub özü aradan çıxdı. İndi xaricdə kefi kök, damağı çağ yaşayır. Siz heç yadına da düşmürsünüz". Bu sözlərə anam əhəmiyyət vermirdi. O, atama inanırdı. Atamın heç bir günahının olmadığını da hərdən danışırdı".
Ümbülbanu xanım 1940-cı ildə sürgündə vəfat edəndə 51 yaşında idi. 
Rəsulzadənin ilk övladı Lətifə faciələrin ən ağırını yaşamalı olub. 1912-ci ildə anadan olan Lətifə atasını sonuncu dəfə 8 yaşı olarkən görmüşdü. 1930-cu ildə isə bu xanıma ailə qurmaq nəsib olmuşdu. O, üç qız uşağı dünyaya gətirmişdi. Lətifə xanımı iki qızı ilə birgə Qazaxıstana sürgün ediblər. O, uzaq Qazaxıstanın soyuğuna və işgəncəli şəraitə dözə bilməyib. 1944-cü ilin soyuq yanvar gecəsində qızı Evşənlə birlikdə vəfat ediblər. O zaman ortancıl qızı Firuzə 13 yaşında idi. 
Lətifə xanımın sürgünə göndərilməyən 3-cü qızı Sonanın Bakıda itkin düşdüyü bildirilir. Onun sonrakı taleyi məlum deyil. Ortancıl qız Firuzə çox sonralar Bakıya qayıda bilib. Qaradağda neft mədənlərində telefonçu, sonra poçtalyon işləyib, bir neftçi ilə ailə qurub, 5 övladı olub.
Rəsulzadənin kiçik qızı Xalidə də itkin düşüb. 1940-cı ildə Ümbulbanu xanımın vəfatından sonra kiçik övladları  Azərlə Xalidə tək qalmışdılar. Xalidə sürgündə vəfat edən nənəsi Maral xanımı (Rəsulzadənin anası), anası Ümbülbanu xanımı qürbət torpaqda dəfn etmişdi. Bundan sonra 24 yaşlı bu qız Qazaxıstandan baş götürüb Bakıya qaçmışdı. O, Bakıya gəlib çatsa da, az keçməmiş itkin düşüb. İndiyə kimi də haqqında hər hansı məlumat yoxdur.
Qardaşı Azər Xalidəni hər yanda axtarsa da, heç bir xəbər ala bilməyib. Azər Rəsulzadə ölən günə qədər bacısını axtarıb, amma istəyinə çata bilməyib. 
Azər Məhəmməd Əmin bəyin uzun ömür yaşayan yeganə övladı olub. O, atasını sonuncu dəfə iki aylıq olanda görmüşdü. 
Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin axırlarında qürbətdə son nəfəsində üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyərək dünyasını dəyişəndə ailəsindən yalnız kiçik oğlu Azər sağ idi. 1937-ci ildə sürgünə göndərilən Azər 1993-cü ildə Qazaxıstanda - Karaqanda şəhərində dünyasını dəyişib. 
Azər Rəsulzadənin oğlu Rais Rəsulzadə hazırda Bakıda yaşayır.
Məhəmməd Əmin Rəsulzadə mühacirətdə olarkən ikinci dəfə ailə qurmağa məcbur olub, polşalı Vanda Rozanska ilə evlənib.

Vanda Rozanska 23 iyun 1895-ci ildə Varşavada, Polşa çarlığı ərazisində anadan olub. Varşava Universitetinin fransız filologiyası fakültəsini bitirib. Məhəmməd Əmin Rəsulzadə 1931-ci ildə Türkiyədən sürgün edildikdən sonra Polşada məskunlaşıb və Vanda ilə tanış olub. Onlar 1936-cı il mayın 3-də Parisdə evləniblər. Məhəmməd Əmin onun adını dəyişərək Leyla edib. 

İkinci dünya müharibəsi illərində Məhəmməd Əmin bəy və Leyla (Vanda) xanım Rumıniyada məskunlaşıb. 

1945-ci ilin fevralında keçirilən Yalta konfransında əldə olunan razılığa görə, Qərb müttəfiqləri nəzarətə götürdükləri keşmiş sovet vətəndaşlarını SSRİ-yə təhvil verməli idilər. Məhəmməd Əmin də həmin kateqoriyaya aid idi. O zaman cütlük ABŞ qoşunlarının nəzarət etdiyi əraziyə keçməyə məcbur olur. Burada Rəsulzadənin SSRİ-yə təhvil verilməsi təhlükəsi bir müddət sürür, lakin sonra həyata keçmir. 

SSRİ-Türkiyə münasibətlərinin pisləşəndən sonra Rəsulzadə və Leyla xanım Türkiyəyə qayıdıb Ankarada məskunlaşırlar və ömürlərinin sonuna qədər orada yaşayırlar. Leyla xanım Ankara Milli Kitabxanasında çalışır. 

Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin axırlarında vəfat edəndən sonra Leyla xanım ehtiyac içində yaşayıb.

O isə 1974-cü ildə vəfat edib. Leyla Rəsulzadəni həyat yoldaşınının dəfn olunduğu Əsri məzarlığının xristian bölümündə dəfn ediblər.

Rəsulzadənin ailə faciəsi sadəcə bir şəxsin dramı deyildi. Bu, bütöv bir xalqın üzləşdiyi müsibət idi. Onun həyatında yaşanan ağrılar — ata kimi oğul itkisi, ər kimi həyat yoldaşının əzabları və rəhbər kimi xalqının əsarəti - bütövlükdə bir millətin 20-ci əsrdə yaşadığı faciənin portretidir.


Ə.Qafarlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 İyun 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see354

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see345

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see340

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see338

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see337

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see334

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see312

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

12 Sentyabr 2026 19:28see297

FAO nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

12 Sentyabr 2026 18:32see291

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see286

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see256

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see256

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see249

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

12 Sentyabr 2026 18:35see243

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see241

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see219

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see219

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see218

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see211

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri