Icma.az
close
up
RU
Menu

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

Marsda “kartof çipsi” dalğaları tapıldı

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Bakıda 28 istiqamətdə sıxlıq var

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Roman qəhrəmanları səhnəyə adlayanda III yazı

Roman qəhrəmanları səhnəyə adlayanda III yazı

Icma.az, 525.az saytına istinadən bildirir.

Məryəm ƏLİZADƏ
Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor

Xalq yazıçısı Elçinin "Ağ dəvə" romanı elə bil yaşantılar, ovqatlar krujevası kimi nazik, zərif ilmələrlə toxunub. Ona görə də romanın fakturasını səhnəyə gətirmək, səhnə məkanında canlandırmaq çox çətindir. Hətta vaxtilə Elçinin özü də romanın səhnəyə gətirilməsi məsələsinə ehtiyatla yanaşdığını söyləmişdi: "Mən "Ağ dəvə"ni səhnədə təsəvvür edə bilmirdim. Yəni bu çoxşaxəli, çoxplanlı romanı birdən-birə səhnədə təsəvvür etmirdim. O biri nəsr əsərlərim kimi, bunun da alınıb-alınmayacağına dair şübhələrim vardı. Amma doğrusunu deyim ki, həm teatrın yaradıcı kollektivinin bacarığı, həm rejissorun istedadı bu şübhələrimi aradan qaldırdı. Hesab eləyirəm ki, çox dəyərli tamaşa alınıb" (Hüseynli H., Kərimov L. Bəzən mənə elə gəlir ki, iki min yaşım var // "Bizim əsr" qəz. - 20 aprel 2003-cü il).

Həqiqətən, rejissor əsərin uğurlu səhnə həllini tapa bilmişdi: o, romanı, Elçinin özünün səhnələşdirməsinə əsaslanaraq, fraqmentlərə bölmüş və əgər belə demək mümkünsə, mətni səhnədə mozaikləşdirmişdi, bir təəssüratlar kaleydoskopu yaratmışdı. Teatrşünas A.Talıbzadə bu haqda özünün "Şəhər və qəbiristanlıq" məqaləsində romanın dramatik fraqmentlər kimi Gənc Tamaşaçılar Teatrının səhnəsində sərgiləndiyini qeyd edib yazırdı: "Beləliklə, silsilə qapanır: Elçinin üç ayrı-ayrı romanı bir teatrın repertuarı çərçivəsində tamaşa-tamaşa oynanılıb, trilogiya statusu qazanır. Loğman bədii materiala son dərəcə həssasdır. Gərçi belə olmasaydı, o, düzüb-qoşduğu səhnə trilogiyasının yekun hissəsi kimi "Ağ dəvə"ni götürməzdi. Burada mən Loğmanın şərikiyəm. Lakin məsələ bu ki, "Mahmud və Məryəm"dən "Ölüm hökmü"nə, "Ölüm hökmü"ndən "Ağ dəvə"yə, "Ağ dəvə"dən "Mahmud və Məryəm"ə açılan teatral "qapı" və "pəncərələri", subyektiv-psixoloji "lağımları" ilk görən sənətçi Loğman olub və onların vasitəsilə əsərin birindən digərinə ustufca adlayıb keçib, Elçinin roman dünyasının sakininə çevrilib: ən azı nağılçı, qiraətçi qismində. Nə səbəbə mən fikrimi bu qısa əlavə ilə bitirdim? Ona görə ki, Elçin prozasının ənənələri birbaşa hədis, rəvayət, ibrətli hekayə estetikasına söykənir, nağılçı teatrının parametrlərində gəlişir. Bəlkə də elə bunun nəticəsidir ki, "Ağ dəvə" tamaşasının gözəgörünməz qəhrəmanı pərdə arxasında müəllif mətnini oxuyan Loğmanın səsidir və nədənsə onu dinlədikcə dinləmək istəyirsən. Çünki bu səs, bu ifa mətnin bütün energetikasını seyrçilərə ötürə bilir"  (Talıbzadə A. Şəhər və qəbiristanlıq: məhəllə rapsodiyaları //  "Bizim əsr" qəz. - 27 mart 2003-cü il. - s.6).

Bu rəy fraqmentindən göründüyü kimi, tamaşanın quruluşçu rejissoru L.Kərimov romanı drama çevirməyə, təhkiyəni dialoqlarla üstələməyə, dramatizmin yükünü çoxaltmağa çalışmamışdı. Əksinə, o, cəhd göstərmişdi ki, romanın epik gözəlliyini olduğu kimi saxlasın və bu narrativliyin poeziyasını Diktor-nağılçının ifası ilə seyrçi salonuna istiqamətləndirsin. Tamaşada məhz diktor mətni sanki epizodları zərgər ustalığı ilə bir-birinə calayıb, bütöv bir şəbəkənin əmələ gəlməsinə yardımçı olurdu. Bu şəbəkə isə yaddaşdır, müəllif mətninə hopmuş yaddaşın özüdür və bu yaddaşı istənilən kiçik detal, ötəri bir assosiasiya belə oyada bilər. Odur ki, tamaşanın fraqmentlərini təkcə L.Kərimovun oxuduğu müəllif mətni deyil, həm də mütəmadi şəkildə təkrarlanan tütək səsi bir-birinə bağlayırdı.

Tamaşa Elçinin səhnələşdirmədə yazdığı kimi, müəllif remarkasına tam uyğun bir şəkildə başlayırdı: seyrçi salonunda işıqlar zəifləyib sönməyə başlayanda lap uzaqlardan bir tütək səsi eşidilirdi və bu səs getdikcə daha yaxından gəlirdi. Bu səs bitər-bitməz müəllif mətni L.Kərimovun səsləndirilməsində seyrçi salonuna "axırdı". Müəllif mətni tamamlanınca zəif işıq topasının altında Balakərim (A.Salmanlı) görünür və o, Ağ dəvəni təsvir etməyə, onun rəvayətini danışmağa başlayırdı. Məhz bu nitqdən bəlli olurdu ki, Ağ dəvə romanın məxfiləşdirilmiş gizlin, ölümsüz qəhrəmanıdır, çünki hamının yanınca gedir, hamını müşayət edir və hər şeydən xəbərdardır... və lazım olanda bir-bir hamını özüylə aparacaq. Əslində, Ağ dəvə məxfiləşdirilmiş, xəyali bir qəhrəman olmaqla yanaşı, həm də romanın və tamaşanın ən müdrik qəhrəmanıdır.

"Ağ dəvə" tamaşasında tərtibatçı rəssam E.Babayev dekorlardan faydalanmayıb, pavilyon qurmağa meyillənməyib. O, səhnə içində Bakı məhəlləsini də, Təhlükəsizlik Komitəsinin giriş qapısını da, Sarı hamamı da, onun ətrafını da, "provodnik" Ağakərimin mənzilini də həmin zaman kəsiminin simvolları, nişanələri, əlamətləri kontekstində görükdürüb.

Gəlin, bir epizoda diqqət eləyək. Səhnənin arxa planında çarpaz, səliqəsiz zivələr çəkilib və zivələrdən ağ mələfələr, ara-sıra isə paltarlar asılıb. Aktyorlar səhnəyə çıxıb danışan andaca aydın olur ki, bura ya Çənbərəkənddir, ya da Bakının Dağlı məhəlləsindəki həyətdir. Balaca Ələkbər də məhz bu həyətin, bu məhəllənin oğludur, çünki onun atası "provodnik" işlədiyindən həmişə yollarda olur və evə az-az gəlir. Ələkbər isə gününü elə məhəllədə keçirib özünün bütün yaşantılarını  yaddaşına hopdurur. R.Sərkərovun ifasında Ağakərim Qori Seminariyasının məzununa bənzəyən Ələkbərin fiziki atasıdır, məhəllə, fağır-biçarə Balakərimsə (A.Salmanlı) - mənəvi atası. Elçin bəlkə də elə bu mətləbi xüsusi qabartmaqdan ötrü Ağakərimlə Balakərim adlarını həmqafiyə eləyib.

L.Kərimov tamaşada romanın epik vüsətini qoruyub saxlaya bilmiş və demək olar ki, roman personajlarının (epizodik rolları nəzərə almasaq) heç birindən imtina etməmişdi, epik genişliyi rəssamla birgə səhnə məkanında görükdürməyi bacarmışdı. Tamaşanın davamiyyət müddəti boyunca səhnəyə 40 bədii surət çıxırdı və onların hər birinin öz üzü, öz xarakteri, öz davranış tərzi vardı. Buna baxmayaraq L.Kərimov əlbəsələrdən də bol-bol faydalanmırdı, o, səhnədə yalnız 30-50-ci illərdə Bakı camaatının məişəti üçün səciyyəvi əşyalardan istifadə edirdi. Ona görə səhnədə butafor və rekvizitin sayı minimal idi. Haqqında danışılan dövrün dəbinə uyğun taxta dördkünc masa və NKVD zirzəmilərində istintaq zamanı istifadə edilən kətillər səhnədə sovet tarixinin stalinizm mərhələsi üçün səciyyəvi bir mühit əmələ gətirirdi. Mizanlar frontal və qövsvari şəkildə qurulmuşdu. Bu şəkildə qurulmuş mizanlar tamaşanın dinamikasının, tempo-ritminin tənzimlənməsinə yardımçı olur, hadisələrin, ovqatların ardıcıllığını təmin edirdi.

Quruluşçu rejissor bu tamaşada fırlanan səhnədən yetərincə mükəmməl bəhrələnmişdi və bununla da hadisələrin çevik dəyişməsinə, epik təəssüratların saxlanılmasına, ovqat yaradacaq detalların itməməsinə nail olmuşdu. Belə ki, tamaşa boyu səhnə planşetinin ağ bezlə örtülmüş dairəvi müstəvisi fırlandıqca personajların sevgi, höcət, alicənablıq, nifrət, hikkə, xəyanət, əclaflıq, şəfqət, mərhəmət dolu münasibətlərini, bu münasibətlərdə, rəftarlarda, davranışlarda obrazlaşmış Zamanı, Dövrü, Ruzgarı işıqlandırırdı. Bizə - seyrçilərə elə gəlirdi ki, sanki Bakı küləklərindən səhnədə Ruzgar dəyişəcək, Bakı küləyinin nəfəsilə üfürülüb həyətləri gəzib-dolaşacaq, bütün Bakını qoynuna alacaq və bu Rüzgarın, Zamanın içindən yazıçı Ələkbərin xatirələri görünəcək, onun xəyalından, düşüncələrindən çıxıb səhnədə məkani formalara bürünəcək, vizuallaşacaq. Lakin müəyyən məqamlarda isə seyrçidə belə təsəvvür yaranacaq ki, guya səhnə sirk meydançasıdır - manejdir.

Bu yozum, bu təfsir versiyası, bu təəssürat xüsusilə tamaşanın finalında gücləndirilir. Bilmirəm, bəlkə ola bilsin ki, bu təsadüfdür, ola da bilsin ki, rejissor özü bilərəkdən buna can atıb. Çünki tamaşanın finalında Bakı həyətlərinin nişanəsi olan səhnənin döşəmə örtüyü qəfildən iri bir çadıra çevrilir. Bu çadırı Ağ dəvənin şərti işarəsi kimi də qəbul etmək olar, şapito kimi də. Vaxtilə teatrşünas A.Talıbzadə də öz məqaləsində (Talıbzadə A. Şəhər və qəbiristanlıq: məhəllə rapsodiyaları //  "Bizim əsr" qəz. - 27 mart 2003-cü il. - s.6.) bu məqama toxunmuşdu və bu təfsirin öz teatrşünas təxəyyülünün məhsulu ola biləcəyini də qeyd eləmişdi. Hərçənd ki, Elçinin "Ağ dəvə" romanında bir sirk motivi var: balaca Ələkbərin sirk tamaşasına heyranlığı, onun sirk tamaşalarına getməkdən məhrum edilməsi və s. Yəni bu motiv də Elçinin içindən gəlmədir. Dövr, zaman Ələkbərin uşaqlıq sevinclərini, ilıq, işıqlı yaşantılarını onun əlindən alır. Düşünürsən ki, Ələkbər öz uşaqlıq sevinclərini tam, normal şəkildə yaşasaydı, bilmək olmaz, bəlkə də o zaman bu insanda "xatirə ağacı" bir o qədər də şaxələnib budaqlanmayacaqdı.

Mən də hörmətli həmkarım A.Talıbzadənin tamaşaya verdiyi konseptual yozuma qatılıram. Hadisələr, həqiqətən, bir sirk meydançasında olduğu kimi dinamik oynanılır, lakin bu meydançada (manejdə) baş verənlər seyrçidə gülüş yox, acı, kövrək təəssüratlar oyadır. Çünki məhz bu meydançada qara "Emadin"in sahibi, NKVD işçisi, firavan yaşayışdan "kökəlib, porsuğa dönmüş" M.Kərimli (E.Hacıoğlu) misilsiz bir məhəllə nakişiliyinə qeyri-rəsmi "imza atıb", Xanım xalanın oğlunu tutdurduğuna görə "xar olacaq", "ölüb, yerə girəcək" və Xanım xala onun üzünə "bir parça tüpürəcək"... Məhz bu meydançada məhəllə anası Xanım xala (S.Qurbanova) bir "tükəzban" diktatorluğu göstərib sirk tamaşasından qayıdan zərif, köməksiz, duyğusal Ədiləni (V.Məmmədova) oğlu Qocadan (V.Mehrəliyev) həmişəlik ayıracaq, Ədilə ilə Qocanın görüşməsini yasaqlayıb, "könüllü poçtalyon" Ələkbəri də sirk üzünə həsrət qoyacaq... məhz bu meydançada Ədilə bir sevgi kəndirbazı kimi sanki müvazinətini itirib, "manej dairəsi"nə yıxılaraq, intihar edəcək, üçmərtəbəli binanın M.Kərimliyə mənsub mənzilində qalıb, ona arvad olmaq istəməyəcək... məhz bu meydançada "məhəllə fahişəsi" Şövkət balaca Ələkbərin ona diqqətlə baxdığını görüb zarafatyana uşağa acıqlanacaq, onu utandıracaq və bu, Ələkbərin yaddaşından heç vaxt silinməyəcək... məhz bu meydançada qızıl üstündə anasına göz verib işıq verməyən "zaraza" İbadulla (N.Kazımov) özünün daxilən çürük, əqidəsiz, zavallı bir əyyaş olduğunu hamıya göstərəcək... məhz bu meydançada Əliabbas kişini (T.Qarayev) hökumət adamlarına şeytanlamış nanəcib Məmmədbağırın (C.Məmmədov) urvatsız ölüm səhnəsi oynanılacaq... Məhz bu meydançada saatsaz Gülağa (E.Rüstəmov) ilə arvadı Sonanın (Ş,Babayeva) ailə faciəsi yaşanılacaq. Sən demə, bir məhəllə "Ağ dəvə"də olduğu kimi, lap elə bir manejə də çevrilə bilərmiş və əgər romanın son hadisələrindən çıxış etsək, bu assosiativ bağlantı, həqiqətən də, güclü mənalar cərgəsi yaratmağa qadirdir.

Başqa bir rakursdan yanaşdıqda isə, aşkar görünür ki, səhnənin belə dinamik, kompakt həlli romanın strukturu və təhkiyənin quruluşu ilə diktə olunub. Rejissor bunu bacarıqla gerçəkləşdirə, ümumilikdə bir xüsusilik, xüsusilikdə isə bir ümumilik tapıb aşkarlaya bilib. Görkəmli ədəbiyyatşünas-alim Nərgiz Paşayevanın yazdığı kimi, "Elçinin qəhrəmanları xaraktercə dinamik nəzərə çarpırlar, yazıçı bu dinamikanı göstərmək kontekstində bəzən elə bir üsuldan istifadə edir ki, burada fərqli cəhətlər eynilik müstəvisində, eyniliyin özü isə az qala bir-birinin "içinə keçən" fərqlərin düzümündə aşkarlanır. "Ağ dəvə" romanında Xanım xala və onun oğlanları (Cəfər, Adil, Əbdüləli, Qoca, Cəbrayıl, Ağarəhim) bəzən bir tam kimi, bir şəxs kimi çıxış edirlər. Bu, bir tərəfdən ailənin bütövlüyünü, tamlığını göstərirsə, digər tərəfdən onların baş verən bu və ya digər hadisəyə münasibətini ifadə edir. Böyük vəzifə sahibi Muxtar Kərimli ilə Xanım xalanın münaqişəsi məhz xarakterlərin dinamikasını əks etdirir; bir-birindən kəskin şəkildə fərqlənən və qütbləşməyə, üz-üzə durmağa gəlib çıxan insanların əsl xarakteri bir andaca məlum olur. Muxtar Xanım xalanın oğlu Əbdüləlini tutdurur; səbəbi isə çox sadə məntiqlə izah olunur. Muxtar Kərimli səhər qara "Emadin"də işə gedərkən Əbdüləli "Polutorka" ilə sürüb onu keçib və bütün gecəni yağış yağdığına görə küçənin çirkab suyu "Polutorka"nın təkərləri altından sıçrayıb, "Emadin"in  üstünə tökülüb. Muxtar Kərimli üçün bu, təhqirdir. Ona görə də Əbdüləlini tutdurmaqla o, bütün məhəllədə bir xof və vahimə hissi yaratmaq istəyir. Ancaq onun heç xüsusi bir qadın hesab eləmədiyi, bəlkə heç adam yerinə qoymadığı Xanım xala həmin təsəvvürü hamının  gözü qarşısında yoxa çıxarır" (Paşayeva N.A. Yeniləşən ədəbiyyatın yeni insanı: Xalq yazıçısı Elçinin yaradıcılığı əsasında. - Bakı: ATİ, 2004. - s.134).

Quruluşçu rejissor L.Kərimovun tərtibatçı rəssam E.Babayevlə birgə səhnə məkanı üçün tapdığı vizual həll tamaşanın bütün epizodlarını bir bütöv halına gətirə bilmişdi, çünki Elçinin özü də romanı səhnələşdirərkən hazırladığı dramaturji mətni janr etibarı ilə "dramatik fraqmentlər" adlandırmışdı. Çadır-şapito isə bu fraqmentləri məkan müstəvisində bir-birinə sanki möhkəm montaj yapışqanı ilə yapışdırmışdı. Səhnədə romanın bəzi təfərrüatları itsə də, "Ağ dəvə" əsərinin emosional-suggestiv ovqatı, Bakı məhəllələrinin romantikası olduğu kimi qalmışdı.

Romanın dramatik fraqmentləri ardıcıllıqla oynanıldıqca tamaşanın  finalı yaxınlaşırdı. Finalda seyrçi görürdü ki, səhnənin arxa planında Xanım xalanın oğlanları  dayanıblar, daha dəqiq desək, Xanım xalanın qəbrinin ziyarətinə yığışıblar. Rejissor bu mizanı kürək-pərdə kimi gerçəkləşdirmişdi, yəni aktyorlar arxası seyrçilərə dayanmışdılar. Səhnənin ön planında isə balaca Ələkbər (bu rolu Əmrah adlı on yaşlı uşaq oynayırdı) səhnə önündə əyləşib ağlayırdı. Bu balaca oğlan aktyor Əmrahı ağayana "cumbulu məhəllə kişisi" kimi oynayırdı.

Bir qədər sonra, yəni Ələkbər ağlayıb kiriyincə, öz uşaq dünyasında qorxunc 37-nin, müharibə illərinin ağrı-acılarından göz yaşları ilə qurtulunca, rejissor tamaşanın partiturasında sanki "son akkordu" vururdu: əyninə yamaqlı şalvar geyinmiş Ələkbər ayağa qalxırdı. Elə bu an kürək-pərdə pozasında dayanmış Cəfər, Adil, Əbdüləli, Qoca, Cəbrayıl, Ağarəhim çönüb ona baxırdılar və məlum olurdu ki, Xanım xalanın məzarının yerində Bayır şəhərin tanış məhəllələrindən birinin kiçik maketi qəbir əvəzinə işıqlanır. Bu maket bir-birinə qısılmış çıqqılı, alçaq evlərdən, bu evlərin öləzimiş işıqlarından, Təzə Pir məscidinin gümbəzindən və minarəsindən ibarət idi. Uzaqda isə, səhnənin arxa divarına çəkilmiş örtükdə sanki Şər gecəsinin ulduzları sayrışırdı. Bununla da quruluşçu rejissor L.Kərimov elə bil demək istəyirdi ki, Xanım xalanın oğlanları onun məzarını yox, şəhəri, məhəlləni, dalanı, həyəti, keçmiş günləri ziyarətə gəliblər.

Romanın son epizodundan göründüyü kimi, quruluşçu rejissor diqqətini əsərin təkcə hadisələrinə yönəltməmişdi. L.Kərimov, ilk növbədə, romanın ruhunu, ovqatını hədəfləmişdi və o, bu ruhu, bu ovqatı səhnə məkanında vizual obrazların köməyilə görükdürməyi bacarmışdı. Bunun xüsusi çətinliyi onda idi ki, rejissor 40 nəfərlik bir aktyor heyətilə tamaşa yaratmışdı. O, belə bir heyətlə işləyərkən tempo-ritm balansını, kövrək yaşantılar ovqatını saxlamaq, işığı personajların hər birinə görə paylaşdırmaq, ansamblın vahid bir orqanizm kimi nəfəs almaq, eyni bir üslubda oynamaq və eləcə də  hamının səhnədən aydın görünməsini təmin etmək qayğısına qala bilmişdi. Bu baxımdan da rejissor öz boynuna düşən missiyanı yerinə yetirmişdi. Eyni sözü aktyorlar haqqında da demək olardı: Elçinin təklif etdiyi mövzular, yaşantılar, emosiyalar, "xeyirxahlıq", "alicənablıq", "kişilik" və "nakişilik", "satqınlıq", "sevgi", "pozğunluq" kimi anlayışlar ətrafında gedən dialoqlar aktyorlara son dərəcə yaxın idi. Onlar elə bil səhnəyə yox, Bakının hansısa bir məhəlləsinə yığışmışdılar və öz köhnə tanışları arasında əyləşib danışırdılar. Odur ki, tamaşa uğurla oynanılmış və tənqid də "Ağ dəvə" tamaşasını Gənc Tamaşaçılar Teatrının 75 illik yubileyinə ən layiqli hədiyyə hesab eləmişdi.

L.Kərimov Gənc Tamaşaçılar Teatrında "Ağ dəvə" romanını tamaşaya hazırlamaqla bir trilogiya müəllifi oldu. Ancaq onun Şuşa Dövlət Musiqili Dram Teatrında 2001-ci ildə Elçinin "Şuşaya duman gəlib" povesti əsasında quruluş verdiyi "Şuşa dağlarını duman bürüyüb" tamaşası bizə imkan verir ki, "trilogiya" sözünü "tetralogiya" ifadəsi ilə əvəzləyək. Təbii ki, "Şuşa dağlarını duman bürüyüb" tamaşasını "Mahmud və Məryəm", "Ölüm hökmü", "Ağ dəvə" tamaşaları ilə həm müəyyən motivlərə görə, həm də Elçin nəsrinin xüsusiyyətlərinə, Elçinin təhkiyə tərzinə görə, əlbəttə ki, bağlamaq, əlaqələndirmək olar. Amma gəlin, qəbul eləyək ki, "Şuşaya duman gəlib" povesti öz epik masştabına, polifonikliyinə, duyğular qammasına görə digər üç irihəcmli romanla oxşarlıq təşkil eləmir. 1977-ci ilin avqustunda yazılmış bu hekayə mahiyyətcə, duyğular qammasına görə daha çox Elçinin "Poçt şöbəsində xəyal" dramatik povestilə səsləşir. Məncə, elə bu səbəbdən də Şuşa Teatrının "Şuşa dağlarını duman bürüyüb" tamaşasını Gənc Tamaşaçılar Teatrının tamaşaları ilə əlaqələndirib, bunu "tetralogiya" adlandırmaq bir o qədər də düzgün sayılmaz. Çünki baxmayaraq ki, L.Kərimovun rejissor üslubu bu tamaşaların hamısını bir-birinə kifayət qədər yaxınlaşdırmış, doğmalaşdırmışdı. Gəlin etiraf edək ki, Gənc Tamaşaçılar Teatrındakı trilogiya bütövdür, tamdır, "Şuşa dağlarını duman bürüyüb" tamaşası isə xüsusidir, təkdir.

Görkəmli ədəbiyyatşünas-alim Nərgiz Paşayeva "Şuşaya duman gəlib" əsərini "hekayə" (Paşayeva N.A. Yeniləşən ədəbiyyatın yeni insanı: Xalq yazıçısı Elçinin yaradıcılığı əsasında. - Bakı: ATİ, 2004. - s.98.) kimi təsnif edir və yazır ki, "təbiət təsvirlərinin, kolorit yaradılmasının, səmimiliyin, hisslər aləmindəki təmizliyin yüksək bədii ifadəsi baxımından ən gözəl Azərbaycan hekayələrindən biri olan "Şuşaya duman gəlib" hekayəsində da biz eyni prosesi izləyə bilərik. Hekayənin qəhrəmanı Cavanşir həmyaşıdı Dilarənin səmimi münasibətinə, bu münasibətdən doğan ilk məhəbbət qığılcımlarına biganədir, Şuşada - bu gözəl təbiət qoynunda o, tənhalıqdan qaçmağa can atır və bu gözəl günlərin birində Mədinə xanımla tanış olur.

Mədinə xanım ondan xeyli yaşlı olsa da, gözəlliyini, şuxluğunu itirməyib və dünyanın çox gizli mətləblərinə yaxşı bələd olan, özü də ziyalı bir qadındır. Və elə ilk tanışlığında Mədinə xanım bu cavan oğlana çox real məzmunlu görüş təyin edir. Cavanşir üçün bu görüş gözlənilməz olur.

Oxucu elə güman edir ki, az sonra erotik, ya da hissi-bayağı bir səhnənin şahidi olacaq. Amma Cavanşir bu təklifdən sonra "qəti addımdan" - Mədinə xanımın o açıq qapısından imtina edir və bu gənc oğlan birdən-birə, bəlkə də təhtəlşüur olaraq dərk edir ki, içindəki yağış həsrəti - bu həsrəti isə Elçin böyük sənətkarlıqla oxucuya göstərə bilib - çirkaba bata bilər, Mədinə xanımın gözəlliyi, o çılpaq, o təmiz baldırları fiziki bir təzyiqlə Cavanşiri özünə çəkirsə də, Cavanşir o görüşdən qaçır" (Paşayeva N.A. "Yeniləşən ədəbiyyatın yeni insanı": Xalq yazıçısı Elçinin yaradıcılığı əsasında. - Bakı: ATİ, 2004. - s.98-99). "Yeniləşən ədəbiyyatın yeni insanı" adlı  dəyərli elmi-tədqiqat əsərinin müəllifi görkəmli ədəbiyyatşünas-alim Nərgiz Paşayeva sitatlaşdırdığımız abzasla, demək olar ki, hekayə barəsində oxucuda bütöv və dolğun bir təəssürat yaradır.

Göründüyü kimi, bu hekayə üç gündən sonra 19 yaşı tamam olacaq bir cavan oğlanın intim duyğuları, iç yaşantıları, gizli həyəcanları və əndişələri üzərində qurulub. Hekayədəki dramatizm, əslində, qəhrəmanın daxili aləminə aiddir, zahirən isə ciddi heç nə baş vermir. Əsər Şuşa sanatoriyasında yaşanılan həyatın təsviridir. Olsun ki, 2001-ci ildə Şuşa Dövlət Musiqili Dram Teatrında bu hekayəni səhnələşdirmək ideyasını L.Kərimova diktə eləyən də əsərin adındakı "Şuşa" toponimi olub. Çünki artıq Şuşa işğal edilmiş Azərbaycan torpağı idi və bütün azərbaycanlılar "Şuşa"nın adını eşidəndə təbii ki, hədsiz duyğusal və həyəcanlı olurdular. Görünür ki, elə bu məqam da L.Kərimovun seçiminə təsirsiz ötüşməmişdi.

Tamaşanın ilk akkordları mənim fikrimin doğruluğunu təsdiqləyirdi.  Yarıqaranlıq səhnənin pərdə arxasından məşhur "Şuşanın dağları" mahnısını ürəklə, həvəslə oxuyan xanəndənin səsi eşidilirdi. Xanəndənin ifası bitən kimi aparıcı sanki mahnının oyatdığı kövrək duyğulara, nostalji hisslərə köklənərək bu günümüzün həqiqətini danışmağa, "Şuşaya duman gəlib" hekayəsində yazılmamış sözləri söyləməyə başlayırdı. Deyirdi ki, "...bir zamanlar Qarabağ adlı bir məmləkətimiz var idi... Bir torpağımız var idi... indi də var... Amma o şəhər... hələ ki... bu gün bizim deyil... Amma bizim olacaq..."

Təbii ki, bu, Elçin mətninə əlavə olunmuşdu. Rejissor tamaşanı publisistika ilə, gündəmə, siyasi duruma işarə ilə başlayırdı. Və Elçin mətninə məhz bu publisistikadan keçid alırdı, yəni o biri tamaşalarda olduğu kimi, burada da epik başlanğıcı gücləndirirdi, ustufca müəllif "mən"ini önə çəkirdi: "... gözəl şəhər nə vaxtsa qoynunu bütün insanlara açmışdı və o zamanlar mən uşaq idim. Mən də həmin şəhərdə istirahət edirdim... Şuşa sanatoriyasında... O vaxt gördüyüm hadisələrin birini indi danışmaq istəyirəm. Bu sözlər... bu hadisə... mənim yaddaşıma yazılıb... mənim... Elçinin..." ...bu sayaq passaj, keçid birbaşa publisistika ilə bədii mətnin özü arasında əlaqə yaradırdı. Rejissor öz üslubuna axıracan sadiq qalırdı və tamaşanı yenə publisistika ilə tamamlayırdı. Finalda işıqlar bir daha söndürülürdü və yenə Aparıcıya söz verilirdi: "Bu həmin Şuşadır... Bu həmin Qarabağ torpağıdır... Azərbaycan və dünya mədəniyyətinə dahi insanlar bəxş edən Qarabağ torpağı... qan yaddaşımıza... varlığımıza, zehnimizə həkk olunmuş Qarabağ... İndi o məkanı duman bürüyüb... bürüyüb... bürüyüb".

Elə bu çərçivəyə görə də tamaşa gözümüzün qarşısında indi baş verən bir hadisə kimi yox, xatırlanan, anılan bir hadisə kimi oynanılırdı. Rejissor öz işini epik teatr estetikası ilə gerçək teatr estetikası sərhəddində balanslaşdırmışdı. Yetərincə romantik alınmış bu tamaşa rejissor partiturasındakı lirik-psixoloji məqamlarıyla yadda qalırdı.

Quruluşçu rejissor L.Kərimov səhnədə Şuşa idilliyasının, Şuşa nostaljisinin yaradılmasına nail olmuşdu. Hətta belə də demək mümkündür ki, tamaşada hər şey Şuşa ilə nəfəs alırdı. Səhnədən yaşananlar keçmişin uzaq xəyalları, Şuşa isə bir cənnət kimi seyrçiyə təqdim olunurdu. Rejissor əsərin ruhuna sadiq qalmışdı, çünki Elçin hekayəsinin də əsas qəhrəmanı Şuşanın özü idi.

Səhnədə müəllifi təmsil edən aparıcı rolu Şuşa Teatrının aktrisası M.Əhmədovaya tapşırılmışdı. Bu aktrisanın çox məlahətli səs tembri, səs modulyasiyaları seyrçiləri bir nostalji ab-havasına kökləyir və beləliklə də, sanki Şuşaya lap yaxınlaşdırırdı...

Burada süjet xətti gənc Cavanşirin sevgiyə münasibətinin formalaşması və onun Şuşa qavrayışı üzərində qurulurdu. Tamaşada iştirak edən aktyorlar yetərincə peşəkar oyun sərgiləyirdilər.

L.Kərimovdan sonra bir müddət  rejissorlar Elçin nəsrini səhnəyə gətirməyə cəhd (cəsarət!) eləmir. Bu, anlaşılası bir şeydir, çünki Elçin nəsri əsasında həm səhnələşdirmə aparmaq, həm də bu çoxsakinli nəsri səhnəyə çıxarmaq olduqca çətin bir işdir. Görünür, elə bu səbəbdən də 2003-cü ildən 2012-ci ilədək teatr rejissorları Elçin nəsrinə müraciət etmir. Bu, başqa bir səbəblə, yəni Elçin prozasının uğurlu kinematoqrafik həlli ilə də izah oluna bilər.

2012-ci il fevralın 18-də Gənc Tamaşaçılar Teatrında Elçin nəsrindən seçmələr əsasında "Buzovna kəndinin əhvalatları" tamaşası oynanılır. Tamaşanı görkəmli rejissor, Xalq artisti C.Səlimova ikihissəli komediya kimi hazırlamışdı və Xalq yazıçısı Elçinin "Dolça" povestinin və "Toyuğun diri qalması" hekayəsinin motivlərinə müraciət etmişdi. Tamaşanın rəssamı T.Tahirov, bəstəkarı isə F.Allahverdi idi. Görkəmli teatr rəssamı T.Tahirov səhnəni seyrçilərə Buzovnanın əncirli-üzümlü bir bağ fraqmenti qismində təqdim eləmişdi və rejissor C.Səlimova tamaşanı gerçək teatr estetikasına uyğun prinsiplər zəminində qurmağa çalışmışdı. Bu tamaşada Elçin nəsrinin dərinliklərində gizlənmiş mərdanə sadəliyi, şeiriyyəti duymaq və tamaşaçıya duydurmaq kifayət idi ki, görünsün ki, Elçin təkcə personajlar, konfliktlər, vəziyyətlər yaratmır, o, bir rəssam kimi ovqatların rəsmini çəkir.

Seyrçilər çox yaxşı tanıdıqları Elçin personajlarını böyük rəğbətlə qarşılayırdılar... Elçinin bədii qəhrəmanlarına və hər şeydən öncə, Elçinin özünə əl çalırdılar, bu qəhrəmanlara olan sonsuz sevgilərini izhar eləyirdilər.

Elçin nəsrinin, demək olar ki, paralel şəkildə Azərbaycan teatrlarının səhnəsinə çıxarılması göstərdi ki, onun nəsri və dramaturgiyası istər diskurs, istərsə də mətn baxımından yetərincə fərqlidir. Elçin nəsrini səhnəyə gətirərkən yarımtonlar, pauzalar, bir ovqatla o biri ovqat, bir fraqmentlə digər fraqment arasındakı keçidlər aktuallaşır. Elçin dramaturgiyası majorda yazılmış dramaturgiyadır, onun prozasında isə minor üstünlük təşkil edir. Elçinin komediyaları, dramları qeyri-adi, orijinal situasiyalar üzərində qurulan əsərlərdir. Elçinin hekayələrində, povestlərində, romanlarında isə hər şeydən öncə ovqat, xarakter dayanıb. Əgər onun dramaturgiyasında vəziyyətin xarakterə təsiri böyükdürsə, vəziyyət xarakteri formalaşdırıb, öz ardınca aparırsa, Elçinin nəsrində xarakter vəziyyətdən böyükdür, yüksəkdədir, ona görə də xarakter vəziyyətə öz şərtlərini diktə edir.

Elçinin nəsri Azərbaycan teatrının səhnəsinə tamam fərqli personajlar tipi gətirdi. Elə personajlar ki, onlar hər dəfə müxtəlif ola bilir və hər dəfə də öz daxili dünyalarına qulaq asaraq rəftar eləyə bilirdilər. Elçinin dramaturgiyasında sərt ifadələrə, sərt dönüşlərə, sərt rəftarlara, sərt replikalara rast gəlmək mümkündür ki, bunu da onun öz pyeslərində təklif olunan vəziyyət şərtləndirir, vəziyyətin çıxılmazlığı şərtləndirir. Elçinin nəsri isə məxmər kimidir, orada hətta söyüş də sığallıdır, poetikdir və hər cür qabalıq o andaca cəzalandırılır.

Elçin dramaturgiyasının dili də Elçin nəsrinin dilindən fərqlidir: Elçinin nəsr dünyasının sakinləri bir cür danışırlar, onun pyeslərinin personajları isə bir ayrı cür. Bu da ona görə belədir ki, sanki "Elçin hekayələrini, romanlarını yazmayıb, sadəcə, əyləşib, ağ vərəği qarşısına qoyub və öz-özü ilə danışıb; danışdıqca onları yazıya köçürüb. Əbəs deyil ki, bədii dil yalnız səmimiyyətin maksimal ifadəçisi olacaq həddə qədər yazıçını ilgiləndirir. Ondan o yanası ədibi bir elə də maraqlandırmır. Odur ki, Elçin bir dəfə də olsun dili üsluba çevirmir, dil qatında xarakiri eləmir, dillə ustufca, ehmalca davranır. Elçin öz ədəbi dilini yüyənsiz atı çəmənliyə buraxan kimi sərbəst buraxır və heç vədə üslub xatirinə buxovlamır bu dili... Buxovlamır ona görə ki, yazıçı öz səmimiyyətinə xələl gələcəyindən ehtiyatlanır" (Talıbzadə A.A. El üçün yaşamış Elçin və ya Bakı - Buzovna marşrutunun ədəbi şedevrləri. - "Azərbaycan" jurnalı,  № 5, 2013. - s.27). Elçin dramaturgiyasında isə hər şey müəllifin nəzarəti altındadır: o, situasiyanı qurur, kimi istədi danışdırır, kimə istədi söz verir və hər şeyi öz ali ideyasına tabe etdirir. Elçinin nəsr aləminin sakinləri isə daha sərbəst və daha azaddırlar, daha məğrur, bütöv, daha ləyaqətlidirlər. Ona görə də hesab edirəm ki, Elçinin nəsr nümunələrinin Azərbaycan teatrının səhnəsinə gəlməsi çox mühüm bir addım, çox mühüm bir hadisə idi. Ən başlıcası da, dil baxımından... danışıq tərzi baxımından... fikrin ifadə mədəniyyəti baxımından... diskurs çərçivəsində ovqatların, yaşantıların bir-biriylə "toxunuşu" baxımından... səhnə fəaliyyətində epik başlanğıcın gücləndirilməsi baxımından... aktyorlara zaman distansiyasını duymaq, eyni bir hadisəyə müxtəlif vaxt "pəncərələri"ndən baxmaq və yanaşmaq üçün yaradılan imkan baxımından... yeni diskurs baxımından, adiliyi, gündəlik məişəti poetikləşdirmək, çamurdan saflığa, paklığa yüksəlmək baxımından...

Odur ki, Azərbaycan teatrında yeni üslub özəlliklərinin meydana gəlməsi aspektində Elçin nəsrinin misli-bərabəri yoxdur! Əbəs deyil ki, istedadlı tədqiqatçı İ.Piriyev "Elçin teatrı" dedikdə bu anlamın mahiyyətini "yeni teatr mərhələsi" (Piriyev İ. Elçin teatrı - yeni teatr mərhələsi  // "525-ci qəzet". - 3 iyun 2011-ci il. -  s.6.) kimi yozur...

...Elçinin nəsr qəhrəmanlarının səhnəyə adlaması prosesi uğurla davam etməkdədir... Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı M.Ələkbərzadənin quruluşunda uğurla oynanılan "Baş" tamaşası  (Azərbaycan ədəbiyyatının "baş romanı" olan "Baş" əsəri,  26 sentyabr 2025, Akademik Milli Dram Teatrı) buna bariz bir nümunədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Noyabr 2026 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see738

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see591

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see305

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see302

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see294

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see293

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see281

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see271

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see256

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see254

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see251

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see248

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see248

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see246

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see244

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see228

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see222

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see214

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see209

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri