Oxunduqca yazılan roman
Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Andre Jidin “Saxta pul kəsənlər” romanı haqqında
Herman Hessenin ardınca ədəbiyyat üzrə Nobel mükafatı 1947-ci ildə fransız yazıçısı Andre Jidə verilmişdi. Onda yetmiş səkkiz yaşlı Jid vur-tut dörd ili qalmış ömrünün qürub çağını yaşayırdı, çox düşdüyünə görə mükafatı almağa belə gedə bilməmişdi.
Modernistlərin birinci nəslinə mənsub Jidin imzası ədəbiyyatşünasların dilində adı daim zikr olunan çağdaşlarıyla müqayisədə bu gün bir balaca unudulmuş kimi görünsə də, onun yaradıcılığı özündən sonrakı ədəbi nəsillərə, ələlxüsus da “anti-roman”, yaxud “yeni roman” adlandırılan cərəyanın nümayəndələrinə (Natali Sarrot, Marqaret Düras, Alen Rob-Qriye...) böyük təsir göstərmişdi. Jidin Balzakdan qalma ənənəvi romanın strukturunu, məzmununu radikal şəkildə dəyişmək, sosial-tənqidi nəsrin qəliblərini dağıtmaq çağırışları onun ölümündən dərhal sonra həyata keçirilməyə başlanmışdı. Üstəlik, ondan təkcə yazıçı, esseist, filoloq kimi yox, mütəfəkkir, estet, filosof kimi də bəhs olunur. Andre Jidin adına mən ilk dəfə hər ikisi yazıçılar arasında filosof, filosoflar arasında yazıçı sayılan Alber Kamünün, Jan-Pol Sartrın traktatlarında rast gəlmişəm.
“Saxta pul kəsənlər” romanını Jid özünün başlıca əsəri, yazdıqları arasında “yeganə gerçək roman” sayırdı. Düz yüz il bundan qabaq, müəllifinin əlli altı yaşında işıq üzü görmüş bu əsər elə bir tərzdə yazılıb ki, onu Marsel Prustun epopeyası qədər dartıb uzatmaq da olardı. Ancaq içindəki personajların, xətlərin, epizodların polifonik sıxlığına baxmayaraq romanın həcmi heç üç yüz səhifə də deyil. Əgər Prustun yeddi cildlik, üç min beş yüz səhifəlik romanı başdan-ayağa bir qəhrəmanın subyektiv qavrayışları, baxışları üzərində qurulubsa, Jidin əsəri ədəbi plüralizm prinsipinə əsaslanır, neçə-neçə aparıcı personajla yüklənmiş bu romanda, demək olar, baş qəhrəman da yoxdur, hətta personajların işinə qarışmayan təhkiyəçi müəllif özü də personajlardan biridir, hadisələri gah öz dilindən, gah da gündəliyinə boylandığı surətlərin dilindən nağıl eləyir, yeri gəldikcə əsəri haqqında nəzəri-tənqidi mülahizələr irəli sürür.
***
Andre Jid “roman içində roman” texnikasının da yaradıcılarından sayılır. Bəri başdan deyək ki, romanın mərkəzində saxta pul kəsənlər, yaxud pulkəsmə əməliyyatları durmur, qəlp pul burada daha çox rəmzi xarakter daşıyır, əsərə verilmiş “Saxta pul kəsənlər” adı da aparıcı qəhrəmanlardan biri olan yazıçı Eduarın yazmaq istədiyi romanın adıdır. Bu mənada “Saxta pul kəsənlər” romanını “roman yazmaq haqqında roman”, yaxud “oxuna-oxuna yazılan roman” da adlandırmaq olar. Eduarın əsər boyu üzə çıxmayan, ancaq yazmaq istədiyi romanı gözümüzün qarşısında Andre Jidin qələmiylə ərsəyə gəlir.
Əsərin yazıçı qəhrəmanı müəllifin alter-eqosu olmaqla yanaşı onun estetik prinsiplərini dilə gətirir, eynən onun kimi romançı obrazı yaradır, yazdığı romanın süjeti də insana özündən ixtiyarsız verilmiş gerçəkliklə onun həmin gerçəklikdən düzəltmək istədiyi alternativ reallıq arasında mübarizə üzərində qurulub. Yazıçı yaratdığı obrazların diliylə öz əsərini də müzakirə predmetinə çevirir, yaradıcı prinsiplərinə onların tənqidi gözüylə baxır, əsər boyu həm tale-qismət haqqında oturuşmuş təsəvvürün, həm klassik roman janrının, həm də klassik ailə institutunun dalana dirəndiyini bəzən açıq şəkildə, bəzən də dolayı yollarla dönə-dönə vurğulayır.
Əsərin fabulası, süjeti çox mürəkkəb, qarmaqarışıq olduğundan burada baş verənlər haqqında ənənəvi qaydada danışmaq da çətindir. Roman üç bölümdən ibarətdir: birinci bölüm “Paris”, ikinci bölüm “Saas-Fe”, üçüncü bölüm yenə “Paris” adlanır. Bölmələrin adlarından göründüyü kimi, hadisələr əsasən paytaxt Parisdə, bir də İsveçrə kəndi Saas-Fedə cərəyan eləyir. Məkanı konkret göstərsə də, zaman haqqında müəllif bilərəkdən konkret məlumat vermir, xətti təhkiyədənsə anaxronik, fraqmentar narrativi üstün tutur.
Yazıçı əsasən üç ailəni diqqət mərkəzinə çəkir: Profitandye, Molinye, bir də Azais-Vedel ailəsi. Qoca musiqi müəllimi Laperuz, biri Rober de Passavan, o biri Eduar adlı iki yazıçı da bu ailələrin ayrı-ayrı üzvlərinə sıx bağlıdır. Eduar gündəlik yazır, həmin gündəliyə öz müşahidələrini, təhlillərini qeyd eləməklə “Saxta pul kəsənlər” adlanacaq gələcək romanı üçün material toplayır. Əsər boyu tez-tez həm bu yazıçının, həm də müəllifin səsini eşidir, qəhrəmanların davranışlarına onların verdiyi yozumlarla, şərhlərlə tanış oluruq.
***
Özünün şübhəli mənşəyindən xəbər tutan on yeddi yaşlı Bernar Profitandye evdən gedir. Oğlan əmindir ki, atası bildiyi adama həmişə nifrət bəsləyib. Hərçənd məhkəmə müstəntiqi Profitandye Bernarı doğma övladlarından - vəkil Şarldan, məktəbli Kaludan da çox istəyir, çünki onların heç birində Bernarda olan möhkəm, ramolunmaz xarakter yoxdur. Olivye Molinye də dostunun xasiyyətinə vurğundur. Zərif, incə Olivyenin güclü mənəvi dəstəyə ehtiyacı var, buna görə o, Bernara qırılmaz tellə bağlıdır. Olivye dayısı Eduarın İngiltərədən dönüşünü səbirsizliklə gözləyir - nəsildə könül açıqlığıyla genəşiləsi, danışılası bir adam varsa, o da Eduar dayıdır. Bu günlər Olivye müdhiş bir səhnənin şahidi olub: gecə qapı dalında bir qadın yetim uşaq kimi hönkürürmüş. Görünür, həmin qadın onun böyük qardaşı Vinsentin məşuqəsiymiş.
Laura Düvye adlı bu qadına Vinsent vərəm sanatoriyasında rast gəlib. Onda ikisi də elə bilirmiş ömürlərinə sanılı günlər qalıb. Laura hamilədir, ancaq ərinin yanına qayıtmaq da istəmir. Bütün pullarını qumara qoymuş Vinsent isə qadını saxlamaq iqtidarında deyil. Kart oyununa onu yazıçı qraf de Passavan dadandırıb. Bu işdə qrafın öz marağı var: Rober Vinsentə pullarını geri qaytarmaq imkanı verir, əvəzində məşuqəsi ledi Lilian Qriffiteni ona güzəştə gedir, daha doğrusu, sırıyır. Vinsent ağıllı, yaraşıqlı olsa da, kübar ədalarından tamam məhrumdur. Lilian onun tərbiyəsini həvəslə üzərinə götürür. Bu güzəştin qarşılığında Roberin Vinsentdən bir umacağı var - onu kiçik qardaşı Olivye ilə calaşdırsın.
Qatarda yazıçı Eduar həmkarı Rober de Passavanın yenicə işıq üzü görmüş, müəllifinin özü kimi parlaq, qəlp kitabını qıcıqla, əsəblə gözdən keçirir. O, Lauranın ondan imdad diləyən məktubunu təkrar oxuyandan sonra gündəliyinə belə bir qeyd eləyir: kinematoqraf epoxasında hadisəçilikdən qaçmaq lazımdır.
Dayısıyla çoxdan gözlədiyi görüş Olivyeyə sevinc gətirmir. Hər ikisi özünü pərdəli aparır, heç biri içini limhalim doldurmuş sevinci büruzə verə bilmir. Eduarın itirdiyi baqaj qəbzini Bernar tapır. Yazıçının çamadanında bir il əvvəlin gündəlikləri yatır. Eduar Molinye qardaşlarının kiçiyi Jorju oğurluq başında tutur. Qardaşlar Laura, Raşel, Sara, Arman Vedellərin babası pastor Azaisin pansionunda oxuyurlar.
Laura tez-tez keçmiş günlərin xatirəsinə dalır, o günlərin ki, Eduarla birgə adlarını pəncərə taxtasına yazardılar. Raşel faktiki olaraq şəxsi həyatdan boyun qaçırıb, evin bütün qayğılarını öz çiynində daşıyır. Yeniyetmə Sara açıq-açığına Olivyeni şirnikləndirməyə çalışır, abırsız qardaşı Arman havayı yerə onu pozğun adlandırmır. Mömin protestant ailəsində işlər nəsə əzəldən düz getməyib, məhz buna görə Lauranın sevmədiyi halal, dürüst Düvyeyə ərə getməyi lazım gəlib, çünki Eduar onu xoşbəxt eləməyə qabil deyilmiş.
***
Qoca Azais Jorju çox tərifləyir - məktəbli uşaqlar gizli cəmiyyətə bənzər bir dəstə yaradıblar, özləri üçün emblem də düzəldiblər, yaxalarına sarı lent vururlar, dəstəyə ancaq ləyaqətli uşaqları götürürlər. Eduar əmindir ki, hiyləgər Jorj qoca pastorun başını məharətlə təlləyib. Keçmiş musiqi müəllimi Laperuz da çox bədbəxtdir: əlində-ovcunda şagirdi, demək olar, qalmayıb, bir zaman möhkəm sevdiyi arvadı indi onda yalnız qıcıq yaradır, yeganə oğlu isə dünyadan köçüb. Onların münasibəti oğlu hələ musiqiçi rus qadınla əlaqəyə girdiyi zamanlarda korlanıbmış. Onlar bir-birinə qoşulub Polşaya getsələr də, orada da evlənməyiblər. Nəvəsi Boris babasının varlığından xəbərsizdir. Bu uşaq Laperuzdan ötrü dünyada ən qiymətli varlıqdır.
Olivyenin söhbətini Eduarın gündəliyi ilə tutuşduranda Bernar əmin olur ki, Vinsentin qapısı dalında ağlayan qadın məhz Laura imiş. Məktubda mehmanxananın ünvanı göstərilib, odur ki, Bernar yubanmadan oraya gedir. Şərait gənc avantüristə əl verir, onun özünə arxayınlığı, yekəxanalığı Lauranın da, Eduarın da xoşuna gəlir. Bernar Eduarın şəxsi katibi vəzifəsinə təyinat alır.
Laura ilə birlikdə onlar Saas-Fe kəndinə gedirlər. Laperuzun deməsinə görə, nəvəsi Boris də tətilini orada keçirir. Bu aralar Olivye də Passavanla tanış olur, Rober ona “Arqonavtlar” jurnalının redaktorluğunu təklif eləyir. İsveçrədən yazdığı məktubda Bernar Olivyeyə onun dayısıyla tanışlığından söz açır, Lauraya vurulduğunu boynuna alır, nəhayət, səfərlərinin məqsədini söyləyir: polşalı həkim qadının baxdığı, onun qızı Bronya ilə möhkəm dostluq eləyən on üç yaşlı oğlan uşağı Eduara nəyə görəsə gərək olub. Boris hansısa əsəb xəstəliyindən əziyyət çəkir. Müəllif vurğulayır ki, Bernar yazdığı məktubun dostunun qəlbində hansı fırtınalı duyğular doğuracağını təxmin eləməmişdi. Olivye amansız bir qısqanclıq hissi keçirir. Gecə onu qara basır, başına cin-şəyatin yığışır. Səhər oğlan qraf de Passavanın görüşünə yollanır.
F.UĞURLU
Davamı növbəti sayımızda...

