Ruhum, gözlərini yum... (Romandan parça)
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hüseynbala MİRƏLƏMOV
yazıçı-publisist
Sənin "Ruhum, gözlərini yum..." misran indi daha ülvi məna kəsb edir, ustad Nazim Hikmət. Çünki bəşəriyyət gözlərini açdıqca, ruhunu qaranlığa qərq edir. Ona görə də, ruh bəzən işığını itirməmək üçün gözlərini yumsa, yaxşıdır... İndi süni zəka və elm insanı ucaltmaqdansa, daha da uzaqlaşdırır - Allahdan, insandan, ailə ocağından, sevgidən... Bəlkə də bu çağda bəşəriyyətin sürətlə faciəvi sonuna doğru yüyürməsini, özünü məhv etmək yolunda çabalamasını, özündən getməsini görməmək üçün ruhun gözlərini yumması, indilik ən yaxşı çıxış yoludur... Ən azından bəşəriyyət özünə gələnə kimi...
(İkinci fəsil)
Malikanənin pəncərələrindən ay işığı süzülürdü. Həyətdəki güllərin ətri açıq pəncərədən içəri dolurdu, okeandan gələn yüngül külək pərdələri asta-asta tərpədirdi.
Elora yatağın solunda uzanmışdı, dirsəklənib ərinə baxdı. Leonun qətiyyətlə sərtləşmiş çöhrəsi elə bil ay işığında yumşalmışdı. Onun gərgin alın xətlərinə, sanki düşüncələrdən sərtləşmiş yanaqlarına ayın işığı xəfifcə sığal çəkirdi.
Elora yavaşca əlini uzadıb Leonun sinəsinə qoydu. Əri dərin nəfəs aldı, sonra gözlərini açmadan onun əlini sıxdı. Elora bütün ürəyi ilə hiss etdi ki, Leon indiki halda səmimidir, hələ də ruhən onun yanındadır.
Qadın yavaşca ərinin üstünə əyildi, saçları Leonun üzünə toxundu. Arvadının ilıq nəfəsini boyun-boğazında hiss edən Leon diksindi, amma onu itələmədi. Əksinə, qollarını açıb Eloranı özünə çəkdi. Onların bədənləri bir-birinə toxundu, ay işığı altında sanki iki kölgə birləşdi.
Elora yataqdan qalxdı, əynindəki qara penüarın nazik bağlarını çiyinlərindən sürüşdürdü. Nazik, incə alt paltarı yavaşca Eloranın zərif, cazibəli bədənindən sürüşdü və əndamı ay işığında gümüş kimi parıldadı. Qadının yarımqaranlıqdakı silueti incə bir ilahəni xatırladırdı. Dolğun döşlərinin giləsi, mütənasib baldrılarının gözəlliyi, incə belinin gözəlimli xətləri ay işığında daha cazibəli görünürdü. Bunu görən Leon özünü saxlaya bilmədi, tez yataqdan qalxıb Eloranı qucaqladı, sol əliylə incə belini qucaqlayıb, sağ əliylə səbirsizliklə arvadının əynindəki nazik alt paltarını çəkib çıxardı.
- Leon - Elora pıçıldadı, - biz niyə bir-birimizdən bu qədər uzaqlaşırıq? Mən hələ də sənin Eloranam və həmişə də elə qalacağam...
Leon qaranlıqda onun üzünə baxdı. Üzündə yuva salmış sərtliyi itmişdi, dodaqlarını arvadının dodaqlarına yaxınlaşdırdı. Öpüşləri dərinləşdi. Elora gözlərini yumdu, Leonun nəfəsi ilə qarışan nəfəsində uzun illərin istiliyini tapdı.
Otaqda səssizlik vardı, yalnız ürəklərinin döyüntüsü eşidilirdi. Elora barmaqları ilə Leonun saçlarını oxşayır, Leon isə onun belindən möhkəm-möhkəm qucaqlayırdı. Hər ikisi bilirdi: bu yaxınlıq sabahdan başqa bir məna daşıyacaq.
Elora göz yaşlarını gizlətmək istəsə də, Leon onun yanağında yaş damlalarını hiss etdi. Əlini qadının üzünə qoyub pıçıldadı:
- Niyə ağlayırsan? Mən buradayam. Həmişəlik çıxıb getməyəcəyəm ki... Vaxtaşırı gələcəyəm, avtomobillə cəmi bir saatlıq yoldur.. Ürəyini sıxma, mən yaxınınızda olacağam həmişə…
- Sabahdan başlayaraq bizimlə bir yerdə olmayacaqsan - Eloranın səsi titrədi, - Sən bizdən getmək istəyirsən. Mən səni qucaqlayarkən hiss edirəm ki, ürəyin o cansız robotların yanındadır…
Leon susdu, qadının saçlarına sığal çəkdi. Bir tərəfdən onun yaxınlığından güc alırdı, digər tərəfdən isə içindəki səs onu çəkib Sinlandın dərinliklərinə aparırdı.
- Elora, sən mənim həyatımın parlaq işığısan, - dedi Leon, - Darin mənim qanımdır, nəfəsimdir. Amma içimdə başqa bir istək də var. Mən onu boğa bilmirəm. Mənim beynim daim yeni bir şey yaratmaq istəyir. Elmin yenilikləri, yeni nələrsə kəşf etmək ehtirası məni hər gün daha dərinə çəkir, bunsuz yaşaya bilmirəm. İnsanlığın bilmədiyi yeni şeylər ixtira etmək ehtirası məni bir dəqiqə də rahat buraxmır, sən bunun nə demək olduğunu anlayırsan?
Elora qollarını ərinin boynuna dolayıb ona baxdı:
- Elm üçün ailəni qoyub getmək, Leon? Axı bu, sənin arzun deyildi. Bu, sənin bəhanəndir. İnsan öz arzusu ilə ailəsindən ayrılmaz.
Leon dərindən nəfəs aldı. Onların nəfəsi bir-birinə qarışmışdı. Əlləri hələ də Eloranın belində idi. Amma arvadının sözlərindən sonra baxışlarında yenə də o sərhəd yarandı - ailə sevgisi ilə sonsuz elmi istək arasındakı sərhəd...
- Bilirsən, mənim üçün bu, sadəcə arzu olmaqdan da çıxıb artıq, Elora. Bu, artıq bir məcburiyyətdir. Bilirsən ki, artıq bu layihəyə dövlət səviyyəsində diqqət ayrılıb, bundan sonra geri çəkilmək də mümkün deyil, həm də heç geri çəkilmək də istəmirəm. Bu layihə mənim varlığımdır. Əgər mən bunu etməsəm, bundan imtina etsəm, özüm olmayacağam, başqa birinə çevriləcəyəm...
Elora başını onun sinəsinə söykədi. Qadın onun ürək döyüntüsünü dinlədi. Qəlbi bir tərəfdən qəzəb, digər tərəfdən sevgisi ilə çırpınırdı.
- Mən səni sevirəm, Leon. Mən sənə qadın kimi də, dost kimi də, oğlunun anası kimi də bağlıyam. Amma sən elə danışırsan ki, sanki biz sənə yükük...
Leon onun saçlarından öpdü, amma cavab vermədi.
Bir müddət onlar sadəcə susdular. Bədənləri bir-birinə qısılmışdı. Elora bütün ürəyi ilə istəyirdi ki, bu gecə bitməsin, sabah heç gəlməsin. Amma hər keçən dəqiqə sabahı yaxınlaşdırırdı.
Leon bir anlıq onun üzünə baxdı və dedi:
- Mən sabah gedəcəyəm. Amma sən və Darin hər dəqiqə mənim qəlbimdə olacaqsınız...
Elora gözlərini yumub pıçıldadı:
- Mən sənin qəlbində olmaq istəmirəm, Leon. Mən sənin yanında olmaq istəyirəm.
Onlar yenidən öpüşdülər. Amma bu öpüşün içində həm sevgi, həm də ayrılıq vardı. Sanki hər ikisi anlayırdı: bu gecə onların son səmimi gecəsi ola bilər...
Səhərin alatoranında Sinland sahillərindən əsən yüngül meh özü ilə hələ gecənin sərinliyini daşıyırdı.
Malikanənin həyəti obaşdan adətən sakit və sərin olurdu - yalnız quşların səsi, okeanın uğultusu eşidilərdi. Amma bu gün səhərin sakitliyini iri, nəhəng maşınların səsi yardı.
Həyətdə parlaq işıqlar yandı, elə bil günəş hələ doğmamış, haradansa süni günəş artıq özünü göstərmişdi. İri, xüsusi təchizatlı yük maşınları bir-bir malikanənin həyətinə daxil oldu. Onların üstlərində robot qolvari kranlar, yanlarında pultlarla idarə olunan metal manipulyatorlar vardı. Maşınların gövdələri gümüşü rəngdə idi, üstlərində isə incə mavi xətlər çəkilmişdi - bu xətlər işıq saçır, qəribə bir parıltı yaradırdı.
Hər maşının içində vibrasiyasız daşıma üçün hazırlanmış xüsusi kapsullar vardı. Bu kapsullar şəffaf şüşədən idi, amma kənarları qalın, titrəməyə davamlı çərçivələrlə bərkidilmişdi. Onların içinə laboratoriyadan çıxarılan ən həssas avadanlıqlar yerləşdiriləcəkdi.
Malikanənin həyəti bir anda futuristik bir filmin çəkiliş meydançasına çevrilmişdi. Ağ geyimli texniki işçilərin təlimatı ilə dəmir robot manipulyatorlar qollarını havada incəliklə hərəkət etdirir, sanki canlı əllər kimi avadanlıqları qaldırıb ehtiyatla kapsullara yerləşdirirdi. Bəzən onların mexaniki oynaqları xışıltı ilə tərpənirdi.
Laboratoriyadan çıxarılan ilk əşyalar şüşə kapsullara yerləşdirilmiş yarımçıq robot skeletləri idi. Onların bəzilərinin yalnız baş hissəsi vardı - göz çuxurları boş idi, üzləri ifadəsiz, donuq idi. Bəzilərinin yalnız qolları, yalnız ayaqları vardı. İşıqlar altında bu skeletlər həyatla ölüm arasında dayanmış qəribə varlıqlara bənzəyirdi.
Sonra iri server qüllələri gətirildi. Onların səthi güzgü kimi parıldayırdı, amma işçilər hər qülləni xüsusi amortizasiya örtüklərinə bükür, vibrasiyadan qoruyurdular. Bu serverlərin hərəsində Leonun illərlə topladığı elmi araşdırmalar, süni intellekt alqoritmləri, robotların şüur kodları saxlanılırdı.
Həyətin səssizliyi artıq texnologiyanın ritmi ilə dolmuşdu: metalın xışıltısı, robotların mexaniki səsi, uzaqdan gələn siqnallar, kapsulların bağlanma "klik"ləri... Bütün bunlar bir orkestr kimi səslənirdi.
Darin həyətin kənarında dayanmışdı. Onun iri, heyrətlə dolu gözləri bu səhnəni izləyirdi. O, öz dünyasında hər şeyi nağıl kimi görürdü. Robot manipulyatorların hərəkətləri onun gözünə böyük oyuncaqlar kimi gəlirdi. O, bəzən əlini yelləyib onlara salam verirdi. Bəzən də anasına baxırdı, soruşurdu: "Ana, bu nədir? Niyə atamın oyuncaqlarını götürürlər? Onları hara aparırlar? Ana, olar gedim onlara əlimi vurum?"
Elora isə evin eyvanında dayanmışdı, hərdən də oğlunun ardı-arası kəsilməyən suallarına nəsə anlaşılmaz cavablar verirdi. O, bütün bu mənzərəni bir tamaşaçı kimi izləyirdi, amma onun üçün bu tamaşa bir fəlakət idi. Gözləri dolmuşdu, amma ağlamırdı - sanki göz yaşlarını saxlayırdı ki, oğlu görməsin. Hər dəfə laboratoriyadan çıxarılan bir əşyanı görəndə ürəyi sızlayırdı: bu, onun ərinin həyatının bir parçası idi. Amma indi bu parça evdən, ailədən qoparılır, yad bir dünyaya aparılırdı.
Bəzən robot manipulyatorun parlaq qolları pəncərənin qarşısından keçəndə Eloranın üzünə qəribə işıq düşürdü. Bu işıq onun göz yaşlarında əks olunurdu. Elora anlayırdı: Leon artıq bu evə məxsus deyil, onun ürəyi, ruhu, zehni artıq Sinland adasının qaranlıq dərinliklərinə köçüb.
Bütün həyət ağır texnologiyanın səsi altında titrəyirdi. Bu mənzərə sanki başqa bir əsrdən gəlmişdi - keçmişlə gələcəyin sərhədində dayanmış bir ev vardı.
Nəhayət, sonuncu kapsul da maşına yükləndi. Robot manipulyatorların işıqları zəiflədi, hərəkətlər yavaşladı. Həyətdə yenidən səssizlik yarandı. Amma bu, artıq əvvəlki sükut deyildi - bu səssizlikdə boşluq vardı, bu evdən alınmış, aparılmış doğmalıqların izi vardı.
Darin hələ də həyətin ortasında dayanmışdı, gözləri dolmuşdu, amma nə baş verdiyini tam anlaya bilmirdi. Elora isə eyvandan aşağı endi. O, artıq göz yaşlarını gizlətmirdi - çünki Leon da həyətə çıxmışdı və bu, ayrılığın başlanğıcı idi.
Nəhayət, bütün avadanlıqlar yığıldı. Robot manipulyatorların işıqları söndürülmüş, texniki laboratoriya işçiləri onların özünü də nəhəng maşınlara yerləşdirmişdilər. Həyət bir anlıq qəribə səssizliyə qərq oldu - elə bil bu evin ürəyi sökülüb aparılırdı. Divarlar, qapılar, pəncərələr belə boşalmış kimi görünürdü.
Leon həyətin ortasında dayanıb son dəfə ətrafa nəzər saldı. O, burda keçirdiyi illəri - ilk dəfə bu malikanəyə köçdüyü günü, Eloranın gülüşünü, Darinin ilk dəfə həyətdə qaçaraq "ata!" deyə səslənməsini xatırladı. Amma xatirələr yalnız bir anlıq qığılcım kimi canlandı və dərhal Sinland adasının qaranlıq, cazibəli çağırışı ilə əvəz olundu. Onun baxışları yenidən sərtləşdi.
Elora Darini qucağına alıb Leona yaxınlaşdı. Hər ikisinin gözləri yaşla dolmuşdu. Elora göz yaşını gizləməyə çalışdı, amma bu dəfə bacarmadı - göz yaşı yanaqlarından süzüldü, Darinin saçlarına damladı.
Darin atasını görən kimi anasının qucağından sıyrılıb çıxdı, atasının üstünə yüyürdü, cingiltili, məlahətli, saf səsiylə səsləndi:
- Atacan, sən hara gedirsən?
Leon donub qaldı. Oğlunun səsi okeanın uğultusunu, maşınların səsini, hətta öz qəlbinin döyüntüsünü belə susdurdu. Diz çökərək balaca oğlunu qucağına aldı. Darinin iri, günahsız gözləri atasının üzündə cavab axtarırdı.
Leonun baxışları bir anlıq yumşaldı. O, oğlunun balaca əllərini tutub sinəsinə sıxdı. İçində gizli bir ağrı vardı - bu evdən gedərkən ən çox nəyini itirdiyini sanki dərk edirdi. Amma dərhal yenə də özünü toparladı. Onun siması yenidən sərtləşdi. Səsi titrədi, amma gizlətməyə çalışdı:
- Mən böyük işlər görməyə gedirəm, oğlum. Darin, sən hələ balacasan, anlamırsan. Bir gün böyüyəndə məni yaxşı başa düşəcəksən.
Darin yenidən cingiltili səslə dedi:
- Yox, ata, bax, mən böyümüşəm, gör nə boydayam, - deyib balaca əlini başından yuxarı qaldırdı.
Uşaq təbiəti ilə atasının boynuna sarıldı, getməməsi üçün möhkəm yapışdı. Onun kiçik barmaqları atasının paltarına sıx-sıx ilişmişdi.
Elora yanlarına yaxınlaşdı. O, səsi titrəyə-titrəyə, amma çox incə bir ahənglə dedi:
- Leon, əzizim, getmə, ürəyimə çox pis şeylər gəlir, elə bilirəm ki, getsən, bir də görüşməyəcəyik...
Onun sözləri havada asılı qaldı. Elora danışdıqca səsi gücdən düşür, sanki qəlbinin qapısı bir az da qapanırdı.
Leon əvvəlcə heç nə demədi. Bir anlıq gözləri Eloranın gözlərinə tuş gəldi. O gözlərdə həm sevgi, həm qınaq, həm də ümidsizlik vardı. Amma Leon gözü ilə Darinə işarə edərək Eloraya sözlərinə diqqət yetiməsinə işarə verdi.
Sonra yavaşca oğlunun hər iki yanağından öpüb öz qucağından arvadına doğru uzatdı. Darinin barmaqları atasının paltarından sürüşüb boşluğa düşdü.
Elora oğlunu qucağına aldı, balacanın üzü atasına tərəf çevrilmişdi - gözlərində anlaşılmaz bir kədər vardı. Leon Eloranın saşlarından öpüb onu yavaşca qucaqlayıb xudahafizləşdi, "gələcəyəm" deyib ən son model elektromobilinə doğru yönəldi.
Onun addımları həyətdəki daş cığırda sərt səslə əks-səda verdi. Bu səs elə bil vidalaşmanın təsdiqi idi...
Maşının qapısı açıldı, içəridə soyuq neon işıqlar yandı. Leon son dəfə arxaya çevrilib baxdı. Elora oğlunu sinəsinə sıxmış, göz yaşları ilə islanmış yanaqlarını gizlətməyə çalışırdı. Darin isə hələ də atasının ardınca baxırdı, sanki atasının bircə işarəsi ilə onun yanına qaçmaq istəyirdi.
Amma artıq gec idi. Leon maşına mindi. Qapı bağlandı. Malikanənin geniş darvazaları açıldı, öndə Leonun avtomobili, ardınca laboratoriyanın yük maşınları küçəyə doğru istiqamətləndi, həyət yenidən ağır səssizliyə qərq oldu...
...Sinland adasının ortasında sıx meşələrin kölgəliyində, kənardan sadəcə təpə kimi görünən qəribə bir relyef vardı. Amma bu təpənin altı, əslində, dünyanın ən gizli qapılarından birinə aparırdı.
Giriş elə ustalıqla gizlədilmişdi ki, ilk baxışda təbiətin bir parçası zənn edərdin: yosun basmış qayalıqlar, üstü mamırla örtülmüş daşlar, sanki əsrlərlə orada dayanmışdı. Amma yaxınlaşanda orada sanki son dərəcə yüksək texnologiyanın gizli nəfəsi duyulurdu. Qayanın ortasında, demək olar ki, görünməyən bir xətt açıldı və içəridən nəhəng metal qapılar süzülərək yanlara çəkildi. Qapının səthində lazer xətləri qaçışdı, biometrik kodları oxudu və vahiməli bir uğultu ilə yeni, yeraltı dünyaya yol açıldı.
Maşınlar sırayla içəri daxil oldu. Leonun gözləri parlayırdı - bura artıq onun yeni evi, min bir ümidlə gəldiyi təzə "sığınacağı" idi.
Kompleksin içərilərinə doğru irəlilədikcə dəmir divarların arasındakı son dərəcə geniş tunel maşınların işıqları altında parıldadı. Tunelin sonunda nəhəng lift vardı. Hər biri onlarla ton avadanlıq daşıya biləcək bu lift, şüşə divarlarla əhatələnmişdi. Yük maşınları liftə daxil oldu, qapılar bağlandı və aşağı eniş başladı.
Eniş sanki başqa bir dünyaya düşmək idi. Şüşə divarlardan aşağıda uzanan dəhlizlər, işıqlar, paralel borular görünürdü. Liftin hər metr enişi ilə yeni bir səviyyə açılırdı - elə bil bir qalaktikanın qatı kimi...
Yaşayış bloku - lift əvvəlcə buranı göstərdi. Burada insanı təəccübləndirən lüks vardı: geniş salonlar, şüşə pəncərələrdə süni panoramalar, virtual günəş işığı ilə işıqlandırılan bağlar. Divarlarda texnologiya ilə yaradılmış rəsm əsərləri, süni göy üzündə uçan quşların illüziyası vardı. Yerin altında olmağı hiss etdirməyən bir "saray" idi.
Sonra lift laboratoriya blokuna endi. Burada isə texnologiyanın hökmranlığı açıqca görünürdü: yüzlərlə kvadratmetrlik zalda nəhəng kvant serverləri yan-yana düzülmüşdü, işıqları titrəyir, sanki minlərlə beyin eyni anda düşünürdü. Hər serverdən çıxan borular, kabellər parıltı ilə döşəmədən keçərək digər bölmələrə uzanırdı.
Robot istehsalı üçün ayrılmış sexdə isə möhtəşəm, amma eyni zamanda vahiməli bir mənzərə vardı: qırmızı işıqlar altında insan cildinə bənzər silikon üzlər şüşə çərçivələrdə sırayla düzülmüşdü. Hər üz fərqli idi - kimisi gülümsəyir, kimisi qəzəbli idi.
Bu mənzərəni görəndə Leonun ürəyi daha da sürətlə döyündü. Bu, onun xəyallarının gerçəkləşmiş forması idi - insanla texnologiyanın kəsişdiyi məqam idi.
Maşınlardan avadanlıqlar endiriləndə Leonu qarşılamağa kompleksin idarəçilərindən biri yaxınlaşdı. Yanında gənc və zərif bir qadın vardı. Onu təqdim edərkən səsi gur səsləndi:
- Professor Varrek, bu xanım sizin yeni köməkçinizdir - Liora Venn.
Liora irəli addımladı. Onun qara saçları tarım şəkildə arxaya yığılmışdı, gözlərində dərin bir zəka işıldayırdı - həm elmə vurğun bir alimin baxışları, həm də sətiraltı bir hiyləgər parıltı. Əyninə kişisayağı kostyum geyinmişdi, amma bu belə onun zərifliyinə xələl gətirə bilmirdi.
O, Leonun qarşısında incə əlini uzatdı:
- Sizinlə işləmək mənim üçün şərəfdir, Leon... Haqqınızda çox oxumuşam, elmi araşdırmalarınızı jurnallardan izləyirəm. Sizin rəhbərliyiniz altında bu önəmli layihədə birgə işləyəcəyim haqqında mənə xəbər veriləndə çox sevindim.
Leon onun əlini sıxdı. Bu sadə toxunuşun içində izaholunmaz bir enerji vardı. Bir anlıq baxışları qadının baxışlarına ilişib qaldı, Lioranın qəribə və diqqətçəkən göz rəngini müəyyənləşdirməyə çalışdı, amma sonra dərhal baxışını çevirdi. İlk söhbətləri sırf işgüzar mövzularda oldu - layihənin mərhələləri, süni intellektin keçdiyi səviyyə, robot istehsalının detalları... Amma cümlələrin arasında sanki başqa bir cazibə dolaşmağa başlamışdı...
Söhbətləşdikdən sonra xudahafizləşib hər kəs kompleksdə ona ayrılmış şəxsi lüks rezidansına doğru yönəldi, yaxşıca istirahət edib ertəsi gündən ardıcıl çalışmalara başlamalı idilər. Liora ayrılıb gedəndə çevrilib Leona baxdı. Bu zaman Leonun da dönüb onun arxasınca baxdığını gördü. Gülümsəyib üzünü çevirdi, yeraltı rezidansa aparan geniş liftə doğru yönəldi...
Leon üçün isə hələ yatmaq tez idi. Çünki yaxın dostu yeraltı kompleksə - onun yanına gələcəkdi. Yeraltı kompleksə yalnız Leonun şəxsi razılığına əsasən girib-çıxmağa icazə veriləcəkdi. Burada bütün səlahiyyət ona aid idi.
Leon xüsusi telefon vasitəsilə yaxın dostu, insan klonlaşdırılması üzrə tanınmış alim Drayk Solta zəng etdi.
Drayk qırxa yaxın yaşı olan, ömründə evlənməmiş, heç evlənməyə niyyəti də olmayan ağıllı, hündür və yaraşıqlı adam idi. Ölkədə onun da şöhrəti heç Leonun şöhrətindən geri qalmırdı.
Bir saatdan sonra Drayk addımlarından qətiyyət, baxışlarından soyuq bir əzm yağa-yağa yeraltı elmi kompleksin lifti ilə aşağı - dostu Leonun yanına enirdi...
Onlar laboratoriyanın əsas zalında görüşdülər. Kvant serverlərinin uğultusu fonunda Drayk Leonun çiynindən tutdu, gülümsədi:
- Leon! Əziz dostum, səni təbrik edirəm! Bu, möhtəşəm addımdır. Sən artıq yalnız bir alim deyilsən, dünyanın gələcəyinin memarısan!
Leon gülümsəməyə çalışdı:
- Amma bəziləri deyir ki, mən bu iş üçün, elm üçün ailəmi qurban verirəm...
Draykın üzündə sərt ifadə yarandı:
- Qurban olmadan böyük kəşf yoxdur. Dünya yalnız qətiyyətlilərin əlində dəyişir. Hisslər? Duyğular? Onlar gözəldir, amma onlar səni şöhrətin, gücün, iqtidarın zirvəsinə çıxmaqdan saxlayırsa, onlardan da imtina etməyi bacarmalısan! Duyğular böyük uğura gedən yolda maneəyə çevrilirsə, onlardan vaz keçməlisən! Sənin yolun elm yoludur. Sənin missiyan var - bütün dünyada tanınmaq, insanlığın tarixində əbədi iz qoymaq, ona görə də heç kimin düşüncələrinə əhəmiyyət vermə!
Leon dərindən nəfəs aldı. Bu sözlər ona həm təsəlli verdi, həm də ürəkləndirdi. Draykla ordan-burdan etdikləri söhbət düz gecəyarısınacan uzandı...
...Həmin vaxt malikanədə Elora oğlunun otağında onu qucaqlayıb uzanmışdı. Dili Darinə nağıl söyləsə də, fikri haradasa bilinməyən uzaqlarda dolanırdı. Darin tezliklə yuxuya getdi, Eloranın gözləri boş-boş oğlunun otağının mavi naxışlı divarlarına zillənib qalmışdı. Malikanədə səssizlik hökm sürürdü, yardımçılar da çoxdan öz otaqlarına çəkilmişdilər.
Elora yavaşca ayağa qalxıb oğlunun üzündən öpdü, işığı söndürüb öz yataq otağına yönəldi. Otağa girəndə orada Leonun izləri gözünə sataşdı. Yatağın yanındakı qızılı rəngli tumbanın üzərində onun nə vaxtsa oxuduğu kvant fizikası haqqında bir kitab atılıb qalmışdı, yanında unudulmuş qələmlər... Bəzək güzgüsünün qarşısında Leonun ətir şüşəsi vardı. Elora güzgüyə yaxınlaşıb tünd göy rəngli flakonu alıb qapağını açdı, burnuna yaxınlaşdırıb ətri sinədolusu qoxladı, qeyri-iradi gözləri yumuldu. Birdən-birə ona elə gəldi ki, Leon lap yanındadır, indicə onu qucaqlayıb öpəcək. Gözünün açanda isə yenə yataq otağında tək olduğunu daha dərindən dərk etdi, kədərləndi, gözləri doldu... Bu malikanədə hər şey var idi, bircə sevgidən savayı... Darin elə bu gün neçə dəfə soruşmuşdu:
- Ana, atam nə vaxt gələcək?
Elora isə oğluna necə cavab verəcəyini bilmirdi. Onun boğazı qəhərdən düyünlənir, gözləri yaşla dolurdu, amma oğlunun qarşısında güclü görünməyə çalışırdı...
Yerinə uzanıb yorğanı üstünə çəkdi, bundan sonra bu geniş yataqda da, bu böyük malikanədə də oğlu ilə bərabər yalqız yaşayacaqdı... Buna öyrəşmək Elora üçün çox çətin olacaqdı...
...Gecəyarısı Drayk gedəndən sonra Leon məxsusi liftlə Sinland kompleksinin lap üst qatına qalxdı. Qapılar aralandı və o, meşənin sərin qoxusu ilə dolu havaya çıxdı. Qaranlıq səmanın qoynunda parlaq, əbədi, əlçatmaz olan milyonlarla ulduz yanırdı...
Leon bir siqaret yandırdı. Alov onun sifətində anlıq parıltı yaratdı. Tüstünü havaya buraxaraq düşündü: "İnsanlıq min illər boyu özünü təbiətin əsiri hesab etdi. Əllə torpaq şumladı, sonra maşınlar icad etdi, indi isə beynini texnologiyaya köçürür. Süni intellekt - bu, sadəcə bir alət deyil. O, bəşəriyyətin ikinci nəfəsidir. Bir gün, bəlkə də, bu ulduzların arasında ilk addımı atan məhz o olacaq... Bəlkə də süni intellektlə bəşəriyyət tamamilə yeni mərhələyə addım atacaq, bütün kainatın sirrini də çözəcək, kim bilir? Mənim qurduğum laboratoriya, mənim yaratdıqlarım sadəcə mexanika deyil. Onlar insanın davamıdır. Əgər süni intellekt insanı tamamlayırsa, bəlkə də gələcəyin əsl varisi artıq doğulub. İnsan ölümlüdür, amma süni zəka sonsuz ola bilər. Bəlkə də bununla həm də ölümsüzlüyün sirri açılacaq? Mən süni intellektlə təchiz olunan humanoid robota yalnız kodlar öyrətmirəm, gün gələcək mən ona iradə, seçim azadlığını da yükləyəcəyəm, onun üçün elə kodlar yaradacağam ki, insan kimi ruha, cana sahib olacaq. Bu, insanlıq tarixində böyük çevriliş olacaq... Mən bunu edəcəyəm!"
Leon siqaretin kötüyünü yerə atdı, ani qığılcım otların arasında söndü. O, dərindən nəfəs aldı və içində qəribə bir rahatlıq hiss etdi. Düşüncələrini reallaşdıracağına əmin idi... Ulduzlar milyard illik sükut içərisində yanıb-sönərək elə bil onun düşüncələrini oxuyurdular və bu düşüncələr qarşısında sayrışaraq sanki sirli bir kinayə ilə bir-birilərinə göz vururdular...


