Ruhum, gözlərini yum... Romandan parça
525.az saytına istinadən Icma.az xəbər verir.
Hüseynbala MİRƏLƏMOV
yazıçı-publisist
Sənin “Ruhum, gözlərini yum...” misran indi daha ülvi məna kəsb edir, ustad Nazim Hikmət. Çünki bəşəriyyət gözlərini açdıqca, ruhunu qaranlığa qərq edir. Ona görə də, ruh bəzən işığını itirməmək üçün gözlərini yumsa, yaxşıdır... İndi süni zəka və elm insanı ucaltmaqdansa, daha da uzaqlaşdırır - Allahdan, insandan, ailə ocağından, sevgidən... Bəlkə də bu çağda bəşəriyyətin sürətlə faciəvi sonuna doğru yüyürməsini, özünü məhv etmək yolunda çabalamasını, özündən getməsini görməmək üçün ruhun gözlərini yumması, indilik ən yaxşı çıxış yoludur... Ən azından bəşəriyyət özünə gələnə kimi...
(Üçüncü fəsil)
Sinland adasının dərinliklərində qurulmuş bu nəhəng yeraltı kompleksin gecəsi yer üzünün gecəsindən tamamilə fərqli idi. Burada nə ayın nurunu, nə ulduzların sayrışmasını görmək olurdu. Lakin divarlardan süzülən işıq xətləri, serverlərin mavi işıqları və cihazların fasiləsiz uğultusu bu qaranlıq məkana özünəməxsus bir “kosmik gecə” bəxş edirdi.
Leon laboratoriyanın mərkəzində dayanmışdı. Ətrafda hər şey robotik intizamla nəfəs alırdı: kvant serverlərinin uğultusu dəniz dalğası kimi gah qalxır, gah enirdi, naqillərdəki zərrəciklərin hərəkəti isə sanki nəhəng bir orqanizmin damarlarında dolaşan qan axınına bənzəyirdi.
Onun qarşısında qara büllur çərçivəli kapsul vardı. İçində titaniumdan hazırlanmış maket dayandığı yerdə cansız görünürdü, amma Leon üçün bu, gələcəyin körpə rüşeymi idi. Hər oynaq yerində yerləşdirilmiş mikro-sensorlar insan əlinin, barmağın, sinirin ən xırda hərəkətini təqlid edirdi. Bu, sadəcə texnologiya deyildi – bu, bəşəriyyətin gələcəyini göstərən güzgü idi.
Leon konsolun üzərinə əyildi. Barmaqlarının toxunuşu ilə sistem işə düşdü. Robotun boş göz yuvalarında zəif işıq titrədi, elə bil kiminsə çox uzaqdan gələn nəfəsi idi.
- Bu, hələ başlanğıcdır, - Leon pıçıldadı, - Sən gələcəyin toxumu olacaqsan.
Monitorlarda rəqəmsal sinir şəbəkəsinin maketi canlandı. İşıq şırnaqları sinirlər kimi bir-birinə bağlanır, sanki canlı bir beyinin əmələ gəlməsini xatırladırdı. Leonun gözləri o an geniş-geniş açılmışdı, nəfəsi sürətlənmişdi. O, dünyada indiyədək eşidilməyən bir nəğməni yazan bəstəkar kimi hiss edirdi özünü.
Bir anlıq dayandı. Yuxarı, görünməz səthlərin arxasında ulduzların işıldadığını təsəvvür etdi: “İnsanlıq öz sərhədini aşmaq üçün yaradılıb. Mən isə o sərhədi aşacaq ilk insan olacağam”.
Bu fikir onun damarlarından gur axan isti qan kimi qaynayırdı.
Laboratoriyanın şüşə dəhlizləri ilə addımlayaraq Leon rezidans hissəsinə keçdi. Buradakı lüks həyat sanki bütün texniki soyuqluğu unutdurmaq üçün düşünülmüşdü.
Qapılar açıldı və Leon mərmər döşəməli, işıq xəttləri ilə bəzədilmiş yüksək tavanlı salona daxil oldu. Divarlardakı holoqram ekranlar istənilən mənzərəni canlandırırdı. Leon dəniz panoramasını seçdi. Pəncərələrin o tərəfində sonsuz okean yayılıb, dalğalar çırpılırdı. Səs süni olsa da, insanı valeh edirdi.
Salonda yumşaq dəri kreslolar, kristal şamdanlarda parlayan işıqlar vardı. Yuxarıdan enən işıq zolaqları otağın hər guşəsinə mistik bir aydınlıq verirdi. Yemək otağında isə avtomatlaşdırılmış robot qolları istənilən yeməyi saniyələr içində süfrəyə düzə bilərdi.
Yataq otağı isə saray dəbdəbəsi ilə düzəldilmişdi: tavanın ortasında büllurdan asılmış holoqram lampalar fırlanır, işığı incə dalğalarla divarlara yayılırdı. İsti, pastel çalarlar otağı qucaqlayır, sanki insanı öz içində əridirdi.
Leon yatağa uzandı. Yorğunluq bütün bədənini bürümüşdü. Amma beynində qığılcım kimi yanıb-sönən bir fikir var idi: Sabah köməkçisi Liora Venn ilə ilk dəfə özünün layihəsi ilə bağlı geniş söhbət edəcəkdi…
Süni günəş işığı laboratoriyanı işıqlandıranda Leon artıq səhər yeməyini yeyib zala getmişdi. Qapı açıldı və Liora Venn içəri daxil oldu. Gümüşü rəngli bədəninə yapışan radiasiya keçirməyən kip laboratoriya geyimində idi, əndamının xətləri gözəl bir şəkildə ortaya çıxmışdı. Yığılmış qara saçları və kəskin baxışları ilə o, həm elm adamı, həm də əsrarəngiz, cazibəli bir qadın kimi görünürdü.
- Professor Varrek, - o, heyranlıqla səsləndi, - bura sanki gələcəyin ürəyidir.
Leon təbəssümlə başını tərpətdi.
- Xoş gəlmisiniz, doktor Venn. İndi sizə ən gizli sirrimi göstərəcəyəm.
- Sadəcə, Liora deyə bilərsiniz, professor.
Onlar zalın ortasında dayanan nəhəng kapsulun yanına gəldilər. Üzərində iri hərflərlə yazılmışdı: ELİSİYA.
Leonun səsi həyəcandan, coşqudan titrəyirdi:
- Bilirsiniz, Liora, bu, yalnız bir humanoid layihəsi deyil. Bu, insanlığın öz güzgüsüdür. Mənim məqsədim sadəcə mexaniki bədən düzəltmək deyil. Mən elə bir varlıq yaradıram ki, o, insanın davamı olacaq. İnsanın keçmişini də, gələcəyini də özündə daşıyacaq.
Ekranlarda insan beyninin rəqəmsal korteks modeli canlandı. Leon izah etdi:
- Bu süni korteks, real insan beynindən fərqli olaraq, özünü fasiləsiz təkmilləşdirəcək. Onun öyrənmə sürəti bizimkindən min qat çox olacaq. Emosiyaları isə kodlaşdırılmış rəqəmlər deyil, neyro-kimyəvi analoqlarla idarə olunacaq. Bu deməkdir ki, o, sevinə, kədərlənə, sevə biləcək. Yəni, insanın keçirə bildiyi hissləri daha dərindən, daha əhatəli duya biləcək.
Lioranın baxışları işıldadı. O, özünü sanki yeni bir dinin peyğəmbərinin kəlamlarını dinləyən murid kimi hiss edirdi.
Leon ekranın lap qarşısında dayandı. Ekranda insan beyninin rəqəmsal korteksi dördölçülü model şəklində titrəyirdi, neyron yollarının işığı yanıb-sönürdü. Hər bir sinaps simulyasiya edilmiş elektrik impulsları ilə qovuşur, məlumatlar saniyədə milyardlarla dəfə ötürülürdü.
- Liora, bax, - dedi Leon, barmağı ilə modelin ön lobuna toxundu - bu ön lob, qərar vermə və problem həll etmə mərkəzidir. Biz bunu humanoidimizdə süni çoxxətli neyron qovşaqları ilə əvəz etdik, amma onların öyrənmə sürəti normal insan beynindən min dəfə sürətlidir. Hər təcrübə, hər qarşılıqlı təsir onun bilik xəritəsini dərhal yeniləyir.
Sonra barmağını limbik sistemin üzərinə gətirdi, gözlərini monitordan ayırmadan:
- Burada emosiyalar formalaşır. Ancaq bizim modelimizdə neyro-kimyəvi simulyasiya istifadə olunur - dopamin, oksitosin və serotonin analoqları nano-reaktorlar vasitəsilə aktivləşdirilir. Bu, onun sevinməsini, qorxmasını, kədərlənməsini və hətta sevgi hissini yaşaya bilməsini təmin edir. Fərqi budur ki, bu emosiyalar kodlaşdırılmış rəqəmlər deyil, kimyəvi və elektrik qarşılıqlı təsir ilə birbaşa yaranır, həm də idarə edilə biləcək.
Lioranın gözləri ekrana ilişdi. Onun üçün bu izah sanki bir elmin müqəddəs sirri idi. Leon isə danışmağa davam etdi:
* Beynin bu lobu isə onun məkan düşüncəsini idarə edir. Robotun vizual və motor sistemləri ilə sinxron işləyir, beləliklə o, yalnız əşyaları “tanımayacaq”, həm də hərəkətlərini təbii, insan kimi koordinasiya edəcək, özündəki bilgi deposu vasitəsilə tanıma əməliyyatlarını icra edəcək. Motor qovşaqları hər əzələ impulsunu simulyasiya edir, buna görə də əl hərəkətləri və mimikası insan davranışına həqiqətən bənzəyir.
O, modelin temporal lobuna toxundu:
* Burada yaddaş mərkəzi yerləşir. Humanoidin yaddaşı hipokampus analoqları ilə işləyir; hər təcrübə onun beynində yeni sinapslar kimi yazılır, keçmiş təcrübələr isə yenidən işlənir. Yəni o həm dərindən öyrənəcək, həm də keçmişi kontekstində istifadə edərək gələcəyə qərar verəcək. Sinapslar nəticəsində bəzi “xatirələri” silmək də mümkün olacaq.
Sonra frontal və prefrontal korteksi göstərdi:
* Bu hissələr onun planlaşdırma, analitik və etik qərar vermə qabiliyyətini təmin edəcək. Yəni, təkcə emosional reaksiya verməyəcək, həm də kompleks ssenarilərdə ağıllı seçim edə biləcək. Biz bunu kvant hesablama və neyro-simulyasiya birləşməsi ilə etdik. Sadəcə istədiyimiz bütün bunları daha da inkişaf etdirərək ümumi bir sinxron proqramlaşdırmaya tabe etməliyik. Bunun üçün hələ bizə vaxt lazımdır.
Leon gözlərini qadının üzünə çevirdi, yumşaq səsilə davam etdi:
- Sən sadəcə texnologiyanı görmürsən, Liora. Burada biz insanın bütün duyğularını, bilik qabiliyyətini və iradəsini bir nano-ölçülü mexanizmə yerləşdirmişik. Bu humanoid özünü davamlı təkmilləşdirəcək, öyrənəcək, ehtiyac olduqda etik qərarlar verəcək və zamanla insanın ən dərin davranış nüanslarını təqlid edəcək, daha sonra isə özü yenilərini də yaratmağa qabil olacaq.
Ekranda göz qamaşdıran sinaps qrafikləri yanıb-sönürdü. Hər bir impuls sanki canlı bir beynin ritmini əks etdirir, robotun gələcək həyatının və öyrənmə qabiliyyətinin simfoniyasını yazırdı.
Liora nəfəsini tutdu, bir anlıq Leonun sözlərinin ağırlığı altında dondu. Amma eyni zamanda ürəyində bir heyranlıq və coşqu qığılcımı doğdu. O an anladı ki, sadəcə bir layihənin şahidi deyil, həm də gələcəyin müəllifi ilə eyni səhifədə dayanır.
- Bəs etik tərəfi? - o soruşdu. - Belə bir varlıq insanla eyni hüquqlara, eyni mənəvi statusa sahib olacaqmı?
Leon gözlərində parıltı ilə cavab verdi:
- Mənim işim gələcəyi mümkün etməkdir. O gələcəyin necə idarə olunacağına isə tarix qərar verəcək.
Bu sözləri deyərkən Leonun səsində elə bir güc vardı ki, Liora yalnız alim deyil, həm də insanlıq taleyini öz əllərində saxlayan bir missioner gördü qarşısında.
Qadın asta səslə dedi:
* Mən sizin yanınızda olacağam, professor. Nə olursa, olsun…
Leonun gözləri onun üzündə ilişdi. Bir anlıq sükutda sanki onların baxışlarının arasında qığılcımlar çaxdı.
Onlar birgə “A kapsulu”na doğru getdilər. Qapılar biometrik kodla açıldı və içəridə sıra ilə düzülmüş şüşə kapsullar göründü. Öndəki şüşə kapsulun içindəki qadın humanoid o qədər həqiqi görünürdü ki, hətta ilk baxışda insanla robotu ayırd etmək çox çətin idi.
Silikon dərisinin altından nazik damarlar kimi sensor şəbəkələri uzanırdı. O, gözləri bağlı dayansa da, sanki bütün varlığı ilə nəfəs alırdı.
Liora kapsulun yanına yaxınlaşıb robotun əlini toxundu. Dərisi isti idi. Qadının gözləri heyrətlə açıldı:
* Bu, inanılmazdır. Əli insan əli kimi hərarətlidir.
Leon qürurla dedi:
* Hər santimetrində nano-sensorlar var. Onun toxunuş hissi, ağrı və həzz duyğusu insan qədər həqiqidir. O, tam hazır olandan sonra insan təcrübəsini tam şəkildə yaşayacaq.
Onlar birlikdə qeydlər apardılar, sinir şəbəkəsinin reaksiyalarını ölçdülər. Laboratoriyanın işıqları altında bu mənzərə elə idi ki, sanki tarix öz yeni səhifəsini yazırdı.
Laboratoriyada işıq gecənin qaranlığını unutdururdu. Zaman sanki dayanmışdı – nə saatın tıqqıltısı eşidilirdi, nə də günün axşam və ya səhər olduğunu göstərən bir işarə vardı. Yalnız monitorların parıltısı, kapsullardakı yumşaq işıq və iki nəfərin ara-sıra bir-birinə qarışan nəfəsi.
Leon ekranların qarşısında dayanmışdı, qeydlərini aparırdı. Liora isə kənarda dayanıb humanoidin üz cizgilərinə baxırdı. Sanki bu üz yalnız silikon maska deyildi, qadın onun gözlərində ora yüklənəcək gələcək taleləri görürdü.
Bir müddətdən sonra sükut çəkildi. Sonra Leon başını qaldırmadan soruşdu:
- Yorulmursan?
Liora gülümsədi:
* Əksinə. İlk dəfədir ki, elm məni belə canlı və gümrah hiss etdirir.
Bu sözlər Leonun qəlbinin dərinliklərində hansısa ilıq bir hissi oyatdı. O, qadının səsində yalnız bir iş yoldaşının marağını deyil, həm də onun layihəsinin gələcəyinə ürəkdən gələn bir inamı duydu. Qələmini stolun üstünə qoyub qəhvə aparatına tərəf getdi.
Bir azdan əlində iki fincan qəhvə ilə qayıtdı. Fincanlardan biri Lioranın qarşısına qoyanda qadın gülümsəyib minnətdarlıq etdi.
Liora fincanı əlləri ilə qucaqladı, barmaqları isinən kimi Leonun baxışlarını yaxaladı. O baxışlardan qaçmaq istədi, amma bacarmadı. Gözləri Leonun gözlərində ilişdi qaldı.
İş günü uzandıqca onlar qeydlər aparır, parametrləri yoxlayır, bəzən çiyin-çiyinə dayanaraq kapsuldakı fiqura baxırdılar. Onların bir-birinə hər toxunuşu təsadüfi idi, amma hər ikisi bilirdi ki, bu təsadüflər artıq çox şey danışır.
Bir dəfə Liora kağızlara əyilərkən saçları Leonun qoluna toxundu. Leon tərpənmədi, sadəcə gözlərini yumdu və içində anidən qopan istiliyi gizlətdi.
Bir başqa an isə Leon humanoidin sinir şəbəkəsini yoxlayarkən Liora yaxınlaşdı, barmaqları ekrandakı qrafikləri göstərmək üçün Leonun əlinin üstünə toxundu. Əlləri bir anlıq üst-üstə düşdü. Nə qadın, nə də kişi geri çəkildi. Onların nəfəsi eyni ritmlə dərinləşdi.
- Professor… - Liora asta səslə pıçıldadı, amma sözünü bitirmədi.
Leon baxışlarını ondan çəkmədən cavab verdi:
- Burada, bu sükutun içində… bəzən insan özü ilə də qarşılaşır. Mən indi elə bir an yaşayıram.
Lioranın dodaqlarını aralandı, amma cavab verə bilmədi. Yalnız gözlərində parlayan qığılcım çox şey deyirdi…
Saatlar keçdikcə onlar artıq alim və köməkçi deyildilər – sanki birgə ən azı 10 il işləyib bir sirri açmaqla məşğul olmuşdular. Elm onları yaxınlaşdırmışdı, amma indi aralarında elmdən daha güclü bir şey vardı – sözdən kənar, dərin və qarşısıalınmaz bir cazibə hiss olunurdu.
Liora fincanındakı soyumuş qəhvədən bir udum alıb sakitcə dedi:
- Professor, həmişə sizin yanınızda olmaq istəyirəm.
Bu sözlər otaqda səslənəndə sanki bütün ekranların işığı gücləndi. Leon qadının üzünə baxdı və o an anladı ki, onun həyatına yeni bir sehr daxil olub. Qadın həm elm dostu, həm də taleyin göndərdiyi sınaq idi.
Axşamüstü Leon işlərini bitirdikdən sonra Liora ilə sağollaşıb rezidansa getmək istədi, amma fikrini dəyişdi. Rezidansın salonunda onu filosof dostu Mark Deyl gözləyirdi. Qucaqlaşdılar. Sonra Leon qədəhdə likör gətirib Marka uzatdı, qədəhlərini toqquşdurub söhbətə başladılar.
Mark sakitcə dedi:
* Leon, Tanrı insanı yaratdı. Onun bütün qüsurları ilə. Qüsur - mükəmməlliyin bir parçasıdır.
Leon gözlərində alovla cavab verdi:
- Amma insan zəifdir, ölümlüdür. Mən yeni varlıq yaradıram – üstün güc, üstün zəka, üstün davamlılıq. Təsəvvür et, humanoid qadın övlad dünyaya gətirə bilsə… Həmin övlad insanla texnologiyanın hibridi olacaq… Onun zəkası, genetik potensialı indiki insanı çoxdan geridə qoyacaq. Bunu təsəvvür edə bilirsən? Humanoid robotla insanın birləşməsindən dünyaya gələn uşaqda əvvəlcədən bütün genetic xəstəlikləri, anormal gen kombinasiyalarını idarə etmək , onlara müdaxilə etmək mümkün olacaq.
Mark qətiyyətlə:
* Sən neynirsən elə, lap humanoidin ən üstününü yaradıb onu insanla fiziki birliyindən yeni insan yarada bilsən belə, onun ruhu olmayacaq, Leon. Ruh kodla yazılmır, ruh Allahdan gəlir.
* Bəlkə də Allahın müasir insana verdiyi missiya budur, — Leon etiraz etdi. — Mövcud baryerləri aşmaq, daha böyük, daha kamil bir varlıq yaratmaq.
Onların söhbəti ağır fəlsəfi sükutla uzandı.
Leon qədəhini dodaqlarına yaxınlaşdırdı, içki sanki boğazından keçib ürəyinin dərinliklərinə yayıldı. Yarımqaranlıq salonun küncündə işıqlar yumşaq yanır, şüşə qədəhlərin parıltısı sanki onların söhbətinə gizli şahidlik edirdi.
Mark ağır-ağır sözə başladı, sanki min illərin hikmətini çiynində daşıyırdı:
* Leon, Tanrı insanı torpaqdan yaratdı. Qanını da, zəifliyini də, sevgisini də öz nəfəsi ilə var elədi. Zəiflik və qüsur bəşərin təbiətinin ayrılmaz parçasıdır. Qüsuru çıxarsan, insanı da itirərsən. Qüsursuz varlıq - artıq insan deyil.
Leon dodaqlarının kənarında sərt bir təbəssümlə dilləndi:
- Amma insan kövrəkdir, Mark! Bax özümə - bircə qəza ilə illərlə qurduğum layihələr kül ola bilər. Beynim yorular, bədənim qocalar, amma mənim yaratdığım humanoidlər heç vaxt əldən düşməyəcək. Onlar bəşəriyyətin tarixində ilk dəfə həqiqi ölümsüzlüyü daşıyacaqlar. Təsəvvür et: bir qadın humanoid öz bətnində həyat daşıya bilsə… O doğulacaq körpə artıq nə sırf insan, nə də sırf texnologiya olacaq — o, yeni bir varlığın başlanğıcı olacaq.
Mark qaşlarını çatdı, qədəhini mizin üstünə qoydu:
- Leon… Sən genləri düzəldə bilərsən, zəkanı proqramlaşdıra bilərsən, hətta hissləri belə simulyasiya edə bilərsən. Amma ruh… Ruh heç bir laboratoriyanın məhsulu ola bilməz. Ruh alqoritm deyil. Ruh ilahi bir nəfəsdir, müəllifi isə yalnız Allahdır…
Leon həyəcanla ayağa qalxdı, geniş addımlarla salonun ortasında gəzişərək sözlərinə davam etdi:
- Bəlkə də sən yanılırsan, Mark! Bəlkə də ruh dediyimiz şey sadəcə daha mürəkkəb bir kodlaşdırmadır, bizim hələ çözə bilmədiyimiz nəhəng bir kvant düsturudur? İnsan zehninin ən dərin qatları da nəticədə sinapsların oyunudur. Əgər biz onları modelləşdirə biliriksə, bəlkə də “ruh” dediyimiz o anlaşılmaz mahiyyətin özünü də bir gün kodlaşdıracağıq!
Mark dərin nəfəs aldı, sanki dostunun sözlərinin ağırlığını qəlbinə çəkirdi:
- Leon, sən indi Allahın sirlərinə toxunmaq istəyirsən. Sən deyirsən ki, biz Onun yaratdığı təbiəti təkrar edə bilərik. Amma yadında saxla: ilahi olanın gücü məhz anlaşılmazlığında və dərkolunmazlığındadır. Əgər sən hər şeyin düsturunu yazsan, bəşərin mənası qalacaqmı? İnsan olmaq nədir? Zəifliyin içində güc tapmaq. Faniliyin içində əbədiyyəti hiss etmək. Əgər bu zəifliklər yoxdursa, insan da yoxdur.
Leon dayandı, üzünü dostuna çevirdi. Gözlərində həm qürur, həm də bir növ yalvarış vardı:
* Bəs əgər Tanrının bizə verdiyi missiya məhz budursa? Bizi qüsurlu yaradıb ki, özümüzü aşaq. Daha güclü, daha kamil bir nəsil yetişdirək. Mənim gördüyüm bu yol, bəlkə də onun gizli planının bir parçasıdır?
Mark yavaşca başını yellədi:
* Allah heç vaxt insandan daha üstün insan yaratmağı əmr etməyib. O, bizə düşünmək, sevmək, yaratmaq qabiliyyəti verib. Amma həm də məhdudiyyət verib. Bu məhdudiyyətlər insanı insan edən sərhədlərdir. Sərhədləri pozanda sən başqa bir şey yaradırsan, Leon. Bəlkə də çox güclü, çox ağıllı, amma insan olmayan və qorxunc bir varlıq… Və o varlıq bir gün bütün bəşəriyyətin sonu ola bilər… Bunun nə olduğunu təsəvvür edə bilirsən?
Leonun səsi alovlandı, sanki içindəki ideya bütün salonu işıqlandırırdı:
* Amma bəlkə də məhz insan olmayan bir şey bəşəriyyəti xilas edə bilər! Dünyamız xəstədir, Mark! Müharibələr, xəstəliklər, məhdudiyyətlər... Bunlar bizi əsrlərdir geri saxlayır. Mən yeni nəsil yaradıram. Onlar bizim səhvlərimizi təkrarlamayacaqlar. Onlar üçün nifrət, xəyanət, ölüm anlamını itirəcək.
Mark gözlərini yumdu, sakit, amma qəti səslə dedi:
* Bəlkə də onlar səhv etməyəcəklər. Amma bilirsənmi, Leon? Xəta bəzən sevgiyə yol açır. Ölüm həyatın dəyərini artırır. Nifrət bəzən mərhəməti doğurur. Əgər bunlar yoxdursa, bəlkə də sevgidən də danışmaq olmaz.
Leon stola söykəndi, gözlərində dərin bir işıltı vardı:
* Mən risk edirəm, Mark. Çünki inanıram ki, gələcəyin insanı ya da artıq insan deyil, bəlkə də daha yüksək bir varlıq - bu dünyanın xilası olacaq. Mənim vasitəmlə bəşərin taleyi yenidən yazılır.
Mark qədəhini götürüb yavaşca dedi:
* Yadında saxla, dostum. Əgər bir gün o “yeni varlıq” doğularsa, bəlkə də o zaman ancaq bir sual qalacaq: onu yaradan Allah əslində kim olacaq - sənmi, yoxsa yenə O?
Salonda ağır bir sükut çökdü. Tünd likörün yaratdığı yanğıdan daha çox indi hər iki dostun qəlbində daha ağır bir yanğı vardı: biri gələcəyin dəmir inamı, digəri isə əzəli sualın cavabsızlığı idi…
Gecə Mark gedəndən sonra Leon rezidansına çəkilib ekrandakı holoqramlı nəhəng ekrandan görüntülü zəng etdi. Tezliklə ekranda Elora ilə Darin göründü. Elora kövrək halda Leonu salamladı, Darin ekrandan “ata, ata” deyə sevinclə qışqırdı. Leon Eloranın əhvalını xəbər aldı, malikanənin işlərini soruşdu, Darinlə bir az zarafatlaşdı. Sağollaşanda Elora dedi:
* Leon, sənin varlığın bizə lazımdır. Bu ekrandakı təsvirin sənin isti qucağını əvəz eləmir. Darinə də, mənə də bu monitordakı görüntün kifayət etmir. Artıq bir neçə gündür getmisən, deyirdin bircə saatlıq yoldur, niyə heç gəlib bizə baş çəkmirsən?
Leon gözlərini yayındıraraq dedi:
* Yaxın günlərdə evə gələcəyəm, Elora. Xahiş edirəm, yenə şikayətlənmə. Axı bu mövzunu dəfələrlə danışmışıq. Bütün gün işləmişəm, çox yorğunam. Gedin yatın, mən də yatıram. Gələcəyəm, narahat olmayın.
Elora küskün tərzdə sağollaşıb görüntünü bağladı.
Leon geyimini soyundu, mərmər döşəməli hamama ehmalca daxil olub dişlərini fırçaladı, kətan pijamasını geyinib yatağa qayıtdı. Gözlərini yummağa çalışdı, amma günün bütün görüntüləri, laboratoriyadakı işlər, robotların titrəyən sensorları və dostu Markla söhbətləri hələ də beynində dolaşırdı.
Birdən rezidansın sükutunu pozan qapı şəngi eşidildi. Elə möhkəm səslənirdi ki, sanki yeraltı kompleksin geniş, boş dəhlizlərində bu zəngin əks-sədası dolaşırdı. Leon bir anlıq dondu, sonra ayağa qalxdı.
Dəhliz boyunca addımlayarkən zəngin səsi israrla yenidən təkrarlandı. Leon qapıya yaxınlaşdı. Giriş panelinin üzərindəki monitorun düyməsini basan kimi kimi kimin gəldiyi kiçik smart ekranda görünəcəkdi. Leon bilərəkdən ləngidi. Gələns yeraltı kompleksin işçiləri, növbətçiləri yaxud mühafizəçiləri ola bilməzdi. Nəsə düşündü, ağlına kim gəldisə, birdən duruxdu.
Anladı ki, indi qapının açılması ilə ömür kitabında da yeni bir səhifə açılacaq. Axı gələn kim ola bilərdi?..
(ardı var)

