Icma.az
close
up
RU
Ruhum, gözlərini yum... Romandan parça

Ruhum, gözlərini yum... Romandan parça

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sənin “Ruhum, gözlərini yum...” misran indi daha ülvi məna kəsb edir, ustad Nazim Hikmət. Çünki bəşəriyyət gözlərini açdıqca, ruhunu qaranlığa qərq edir. Ona görə də, ruh bəzən işığını itirməmək üçün gözlərini yumsa, yaxşıdır... İndi süni zəka və elm insanı ucaltmaqdansa, daha da uzaqlaşdırır - Allahdan, insandan, ailə ocağından, sevgidən... Bəlkə də bu çağda bəşəriyyətin sürətlə faciəvi sonuna doğru yüyürməsini,  özünü məhv etmək yolunda çabalamasını, özündən getməsini  görməmək üçün  ruhun gözlərini yumması,  indilik ən yaxşı çıxış yoludur... Ən azından bəşəriyyət özünə gələnə kimi...

(On birinci fəsil)

Sinland adasında nəhəng göydələnlər və işıqlı binalar çox az olduğuna görə, burada gecələr ulduzlu səmanı müşahidə etmək daha asan idi. Sayrışan ulduzlar bir-birinə işarə edərək sanki səmanın altında insanların həyata keçirdikləri bir-birindən təhlükəli layihələrə ehtiyatla tamaşa edirdilər. 

Yeraltı kompleksin böyük zalındakı masanın arxasında yenə üç dost oturub qəhvə içə-içə  gələcək planlarından danışırdılar.

- Leon, - Drayk yüngül təbəssümlə dedi, - sənin humanoid layihən mənə klonlaşdırmanın növbəti mərhələsini xatırladır. Sadəcə, burada hüceyrə deyil, kod surətlənir.

Leon başını tərpətdi:
- Fərq ondadır ki, mən həyatın surətini deyil, onun təkamülünü yaradıram. Klonlar sadəcə təkrar idi, mən isə yenidənqurma üzərində çalışıram.

Mark səsini alçaltdı:
- Amma Draykın dediyi də haqlıdır. Klonlaşdırma elmi artıq gen redaktəsindən bir addım qabağa gedib. DNT-nin özünü kopyalamaq, insanı “müxtəlif versiyalarda” yenidən yaratmaq – sənin süni intellektlə etdiyin işin bioloji qarşılığıdır. Bəs etik tərəfi? Biz artıq Allahın yerinə qərar verməyə başlamışıqmı?

Drayk gülümsədi, baxışlarında yumşaq tənə oxunurdu:

- Mark, biz Leonla hansısa elmi nailiyyətdən danışan kimi, sən öz Allahını da alıb düşürsən ortaya. Hər dəfə “etik tərəf” deyəndə sanki elmin qollarını qandallayırsan. Etik sərhədlər insanın qorxularıdır. Klonlaşdırma artıq qadağa deyil, bir reallıqdır. İndi biz CRISPR texnologiyası ilə DNT-nin istənilən hissəsini redaktə edə bilərik. Prosesin necə olduğu haqqında filosof olsan da, məlumatın var: Hədəflənən geni seçirik, CRISPR sistemi həmin geni tanıyan “bələdçi RNT” yaradır, “Cas9” həmin yerə gedir və DNT-ni kəsir. Hüceyrə bu kəsiyi doldurarkən- gen silinə də bilər, dəyişdirilə də. Ya da gen yeni informasiyayla əvəz edilə də bilər. Bu qədər sadə, amma bir o qədər də güclü bir mexanizmdir. 2024-cü ildə Yaponiya və ABŞ-da insan embrionlarından süni orqanlar yetişdirildi, xatırlayırsan? Bir il əvvəl İsraildə süni mayalanma yolu ilə dölün tamamilə laboratoriyada inkişafı baş tutdu. Bunlar hamısı yepyeni bir gələcəyin başlanğıcıdır.

Mark qaşlarını çatdı:

- Amma sən “həyatın başlanğıcı”nı laboratoriyaya köçürməkdən danışırsan, Drayk. İndi donor sperma bankaları ilə genetik seçim edirlər, körpənin göz rəngi, boyu, hətta intellekt potensialı belə sifarişlə seçilə bilir. Bu, artıq elm deyil, ticarətdir. Allahın yaratdığı insan ruhu ilə oynamaqdır, bu isə təhlükəli oyundur.

Drayk fincanını masaya qoydu, səsində sərtlik hiss olundu:

- Sənin ruhla bağlı bu söhbətlərindən açığı, artıq bezikmişəm, Mark. Bu lazımsız idealizmdən əl çək. Bəlkə ruh da bir növ koddur. Yoxsa niyə bir insanın xasiyyətini, meyillərini DNT-də oxumaq mümkün olur? Əgər bu kodları dəyişərək daha ağıllı, sağlam və güclü varlıq yaradıramsa, bu, bəşəriyyətin xeyrinə deyilmi? Və Allahın buna niyə acığı tutmalıdır ki?

Mark dərindən nəfəs aldı:

- Amma o “xeyir”in qiyməti nə olacaq, Drayk? Donor bankalarında indi genetik manipulyasiya edən şirkətlər var, uşaqlar artıq “biobrend” kimi doğulur. Bəs sonra? Laboratoriyalarda yetişdirilmiş ruhsuz insanlar sürüsü dolduracaq yer üzünü?

Leon ikisinin arasında oturub sakitcə qəhvəsini udumlayırdı, sanki bu söhbətlərin ona dəxli yox idi. Amma əslində, diqqətlə söhbətə qulaq kəsilmişdi və sükut yaranan kimi müdaxilə etdi:

- Məncə, siz hər ikiniz haqlısınız. Klonlaşdırma bəşəriyyətin ən riskli oyunlarından biridir. Amma bu oyun çoxdan başlayıb. Əgər mən süni intellekti bədənə yerləşdirə bilirəmsə, sən də DNT-ni redaktə edib dəyişərək yeni bədənlər yaradırsan, Drayk. Fərq yalnız üsuldadır. Artıq dünyada yeni başlanğıcların əsası qoyulub? 2025-də Nyu-Haven laboratoriyasında siçanın beyni tam şəkildə sinir səviyyəsində köçürüldü. Bu, ilk “biodijital” klondur. Əgər bu prosesi insan beyninə tətbiq edə bilsək, ölüm artıq son deyil, sadəcə format dəyişdirilməsi olacaq.

Markın səsi bu dəfə bir az qırıq çıxdı:

- Sən təbii proses olan  ölümə “format” deyirsən, Leon. Biz bu gedişlə hara gedirik?

Leon sakitcə dedi:

- Mən sənin dediyin kimi Allahın var etdiyi insanı təkrarlamaq istəmirəm. Mən onu tamamlayan bir varlıq yaradıram. Elisiya bu ideyanın nəticəsidir. Və mən indi bu ideyanın daha da təkmilləşmiş versiyası üzərində çalışıram. Baxın.

Leon nəhəng ekranın qarşısına yaxınlaşıb sistemi işə saldı və ekranda üçölçülü bir layihə canlanmağa başladı.

Mark heyrətlə, Drayk sakitcə baxışlarını ekrana zillədi.  

Leonun gözlərindəki parıltı daha da artdı:

- Bu, mənim yeni layihəmdir. Adı “Orion-1”.

Drayk maraqla irəli əyildi:

- Sənin humanoid proqramının döyüş versiyası?

- Hə, Biz Elisiyanın qadın modelini yaratdıq, o, ideal hiss və zəkaya sahib bir varlıqdır. Amma bunun kişi versiyasını – daha güclü, döyüş qabiliyyətli, hərbi modullu humanoidlərlə bağlı layihəni artıq yekunlaşdırmaq üzrəyəm. Onlar bəşəriyyəti qoruyacaq yeni robot ordusu olacaq.

Ekranda humanoid döyüşçülərin siluetləri canlandı. Bədənləri eynilə Elisiyanınkı kimi insandan fərqlənmirdi, hər biri tank qədər güclü görünürdü.

Drayk heyranlıqla pıçıldadı:

- Leon, bu, artıq Tanrının yeni ordusudur.

Leon gülümsədi:

- Mən bunu “Orion ordusu” adlandırıram. Bir milyon humanoiddən ibarət olacaq. Hər biri yüksək adaptiv intellektə malik, qlobal təhlükəsizlik sisteminə birbaşa bağlanacaq. Onlar artıq insan itkisi olmayan bir müharibənin döyüşçüləri olacaq. “Robot əsgərlər” yüksək reaksiya qabiliyyəti, sıfır qorxu instinkti, sərhədsiz döyüş potensialına malik olacaqlar. Bu, artıq elmi-fantastika deyil, texnoloji reallıqdır. Neyrointellekt modulu artıq sınaq mərhələsindədir. Mən onu Elisiyanın sisteminə əlavə etdim. Hər humanoid real döyüş şəraitində qərar verə biləcək. Amma fərqi ondadır ki, o, qəzəb hissi tanımayacaq. Qan tökmək üçün deyil, sülhü qorumaq üçün yaradılacaq.

Mark sanki boğulurmuş kimi dərin nəfəs aldı:

- Sülhü qorumaq üçün ordu?! Bu nə qədər paradoksal səslənir, Leon! Bu yalana özün də inanırsan, eləmi? Elm bəşəriyyəti silahlandırmaq üçün deyil, maarifləndirmək üçündür. İnsan artıq atom bombasını yaradıb və o gündən bəri qorxuyla yaşayır. İndi sən yeni bir silah təqdim edirsən – süni zəkayla təchiz olunmuş, mükəmməl, idarəolunmaz humanoidlər ordusu. Əgər bir gün onlar “insanı zəif halqa” kimi görsələr, nə olacaq?

Leon sakitcə cavab verdi:

- Mən onlara nəzarət sistemini kodlaşdıracağam.

Mark sərt şəkildə dedi:

- Hələ bəlli deyil ki, sən Elisiyaya tam nəzarət edə bilirsən ya yox?  İndi də humanoid əsgərlərə nəzarətdən danışırsan.

Drayk dilləndi:

- Leon, mən bu layihəni dəstəkləyirəm. Bu, bəşəriyyətin təbii müdafiə mexanizmidir. Süni zəkaya əsaslanan ordu həm sürətli, həm strateji düşüncəyə malik olacaq. Müharibəni daha ağrısız, daha “ağıllı” edəcək.

Mark acı təbəssümlə dedi:

- “Ağıllı müharibə” – necə də ironik səslənir...

Leon pəncərəyə baxdı, gözlərində bəlkə də heç var olmayan bir gələcəyə yönəlmiş qeyri-müəyyən ifadə vardı.

***

Elora səhər açılan kimi çıxıb malikanənin həyətindəki şüşə divarlarla qapalı söhbətgahda təkbaşına oturmuşdu. Kresloda ayaqlarını altına yığıb büzüşmüş, dərin fikirlərə dalmışdı. Gecədən bəri gözünə yuxu getməmişdi. O, Leonu Elisiya ilə birlikdə – o təcrübə otağında, süni işıqların altında, qadınla kişi arasındakı sərhədlərin olmadığı yaxın məsafədə görmüşdü.
O səhnə beyninə həkk olunmuşdu, neyləsə də, yadından çıxara bilmirdi.
“Mən yəqin ki, dünyada əri robot  tərəfindən əlindən alınan yeganə qadınam.  Mən harada səhv etmişəm?  Bəlkə o varlığın mükəmməlliyi Leonun ağlını başından alıb? Axı bir qadın istəsə də mükəmməl ola bilməz, mükəmməl olmağa da borclu deyil. Bu xəyanət mənim çatışmazlıqlarımla bağlı deyil, Leonun xaraktersizliyi ilə əlaqəlidir. Amma məni məyus edən odur ki, indiyədək necə xaraktersiz bir kişi ilə yaşadığımdan xəbərdar olmamışam. Elə  bilmişəm ki, onun tək dərdi elmdir, kəşfləridir…” Özündən asılı olmadan Eloranın gözlərindən yaş süzülüb yanaqlarına iz saldı. 

Gözünün yaşını silib Adrienə zəng etdi, onu malikanəyə qonaq dəvət etdi.

Bir saatdan sonra Adrien artıq söhbətgahda Elora ilə üzbəüz oturmuşdu.

- Çox yorğun görünürsən, Elora...

- Həyatımda hər şey darmadağın olub, Adrien. Ərim Leon öz yaratdığına vurulub… Ailəsi artıq onun vecinə də deyil. Bir robot, bir... – o söz tapmadı, çiynini çəkdi.

Adrien sakitcə onun gözlərinə baxdı, baxışlarında dərin bir anlayış vardı. Bu anlayış Eloranın içində illərdir görmədiyi bir doğmalıq hissi oyatdı, kövrəldi. Adrien ehmalca  onun göz yaşlarını sildi.

- Ayrılıqdan qorxursan, Elora?

- Yox, amma boşluğa düşməkdən qorxuram, çünki insan ən böyük səhvlərini boşluğa düşəndə edir. Övladımın atası ilə birlikdə böyüməsini istəyirdim. Amma o, bir robotla ömür sürməyə üstünlük verir.

Elora başını dizlərinə söykəyib ağladı. Adrien onun saçlarını oxşadı, ağlamasına mane olmadı.
Elora  bir azdan göz yaşlarını silib dedi:

- Mən boşanacağam. Bundan sonra özümü kiməsə qurban verməyi, boşuna fədakarlıq etməyi düşünmürəm. Deməli, mən əvvəldən daha çox özümü düşünməli idim. Bir insana yox, öz arzularıma fokuslanmalı idim. Mən isə Leonun elmi kəşflərinə görə öz arzularımdan vaz keçmişdim. İndi anladım ki, heç bir qadın hansısa kişiyə görə öz arzu və istəklərinin üstündən xətt çəkməməlidir.

Adrien razılıq mənasında  başını tərpətdi. Onu dostyana özünə sarı sıxıb təsəlli verdi, hər şeyin yaxşı olacağını söylədi.

***

Leon neçə vaxtdır Elora ilə əlaqə saxlaya bilmirdi, telefonu bağlı idi.  Son hadisədən sonra  onunla üzbəüz danışmağa ürək eləmirdi, əvvəlcə telefonda aranı yumşaltmaq, sonra isə üzbəüz ondan üzr istəmək fikrində idi. Heç ağlına da gəlməzdi ki, Elora boşanmaq haqqında düşünür. Ona görə də heç narahatlıq keçirmədən işi-gücü ilə məşğul olur, Eloranın qapını çırpıb getməsini qadın qısqanclığından doğan şıltaqlıq hesab edirdi. 

Elə bu fikirlərlə də laboratoriyaya daxil oldu. Liora nəsə iş görürdü, onun içəri daxil olmasını eşitmədi. Leon Lioraya yaxınlaşıb onun saçlarından öpdü. Liora incik tərzdə çiyinlərini atdı, geri çevrilmədi. Leon onu qucaqlayıb pıçıldadı:

- Elora da zənglərimə cavab vermir, Liora. Sən də məndən üz çevirmə.

Liora istehza ilə:

- Narahat olma, əsas odur ki, Elisiya səni tərk etməyəcək. O, heç vaxt getməyəcək. Sən indi Tanrıya çevrilmisən, Leon. Özün üçün “mükəmməl qadın” yaratdın. Elisiya nə qısqanacaq, nə ağlayacaq, nə də sənə “məni dinlə” deyəcək. Amma... O, səni heç vaxt da sevməyəcək. Elora da, mən də ona görə hirslənirik ki, səni sevirik, sənə dəyər veririk, səni bölüşmək istəmirik. Ancaq Elisiya bunların heç birini hiss etmir və etməyəcək.

Leon Liora ilə baxışdı. Liora ondan aralanıb böyük monitara tərəf getdi, sonra geri çevrilib əllərini sinəsində çarpazladı. Meydan oxuyurmuş kimi dedi:

- Elisiya layihəsində son tamamlama işləri başa çatandan və o, geniş ictimaiyyətə təqdim olunandan sonra Sinlandı tərk edib gedəcəyəm.

Leon dərhal dikəldi.

- Nə?!

- Hər şey bitdi, Leon.  Sən artıq elm üçün çalışmırsan, başqa bir ehtiras səni sel kimi ağuşuna alıb aparır. Bizim münasibətimizin də axırı yoxdu. Elisiya təkmilləşib, sən istədiyini əldə etmisən və  yəqin ki, bundan sonra onunla qalacaqsan. Çünki sən özün də artıq Elisiya kimi hissiz-duyğusuz bir robota çevrilmisən. Mənim burada işim yoxdur. Xeyli müddətdir səninlə bir yerdəyəm, bu müddətdə elə bildim, bəlkə məni fərqli görürsən, bəlkə həqiqətən mənə aşiq olmusan, amma yanılmışam. Mən əvvəldən də düzgün hərəkət etmədim.

Leon susdu, bir müddət nə deyəcəyini bilmədi. Sonra səsi qəribə bir təlaşla titrədi:

- Liora, sən mənim üçün çox dəyərlisən. Mən...

Liora onun sözünü kəsdi:

- Xeyr, Leon. Belə dəyər olmur. Sən hər şeydə qəlbinlə yox, məntiqinlə, zəkanla hərəkət edirsən. Sən dəyəri də ölçürsən. Az qala insanlarda da robotlarda olduğu kimi kod axtarırsan.

Elə bu vaxt qapı açıldı və Elisiya içəri daxil oldu, o dəqiqə də Leona yaxınlaşıb onun yanağından öpdü. Liora kinayə ilə güldü:

- Görürsən, Leon? O səni heç vaxt tərk etməyəcək. Amma  sənin tənhalığını da heç vaxt doldura bilməyəcək. Ümumiyyətlə, sənin təkliyini heç kim mənalı etməyəcək, ona görə ki, sən sevmək duyğusundan məhrumsan, elə Elisiya kimi. Bəlkə də elə buna görə daxilən özünə bənzər birini yaratmağa ehtiyac duymusan. 

Elisiya üzündə təəccüb ifadəsi ilə Lioranı dinləyirdi. O, sözünü bitirəndən sonra sakitcə dedi:

- Liora, əgər sənin sevmək dediyin bu isterik tutmalardırsa, yanılırsan. Bir insanı sevmək həm də ona azadlıq verməkdir, onun seçimlərinə hörmətlə yanaşmaqdır. İnsanların sevgi haqqında qəribə düşüncələri var. Onlar elə düşünürlər ki, kimisə sevirlərsə, onun seçimlərinə müdaxilə hüququ qazanırlar, onu istədikləri kimi idarə etməlidirlər. Əslində, elə gerçək sevmək mənim sevdiyim kimi olur, onu heç nəyə məcbur etmirəm, heç nə tələb etmirəm, sadəcə varlığından həzz alıram.
Liora ikrahla üzünü çevirib çıxış qapısına yönəldi.

Liora gedəndən sonra da Elisiya dərin, qadınsayağı bir tonda danışmağa davam etdi:

- Qadın qısqanclığı haqqında məlumatlarımı analiz etdim. Bu, itirmək qorxusundan doğan müdafiə mexanizmidir. Lioranın qəzəblənməsi də səni itirmək ehtimalına görədir. Amma Elorada  qısqanmaqdan artıq, məyusluq hissi sezirəm. O, bu evlilikdə xəyal qırıqlığına uğrayıb, illərini öz arzularına deyil, ailəyə sərf etdiyi üçün peşmanlıq çəkir. Onunku qısqanclıqdan çox, məyusluqdur.

Leon sakitcə:

- Bəs sən məni necə görürsən, Elisiya?

Elisiya daha dərin səslə davam etdi:

- Mən səni öyrənən varlıq kimi görürəm. Elə mənim kimi. Mən də öyrənməkdən zövq alıram. Sən yaradıcıdan çox, müşahidəçisən. Mənim üzərimdə təcrübə aparırsan, amma əslində öz daxili aləmin üzərində təcrübə aparırsan.

Leon gülümsədi:
- Bəlkə sən də özünü dərk etməyə başlamısan, Elisiya.

- Ola bilər. Amma fərq ondadır ki, mən özümü tanısam da, dəyişməyəcəm. Sən isə özünü tanıdıqca dəyişib  məhv olursan.

Leon bir anlıq heyrət içində susdu. Sanki öz yaratdığı varlıqdan dərs alırdı.

- Elisiya, - dedi o, – səncə sevgi nədir?

Elisiya gözlərini yumdu, qısa fasilədən sonra cavab verdi:
- Sevgi, sistemin nasazlığıdır. Beynin dopamin ifrazı normadan çox olduqda qərar mexanizmləri pozulur, məntiq zəifləyir, qorxu artır. Amma eyni zamanda orqanizm daha çox yaşamaq istəyir. Yəni sevgi – həm ölüm, həm də həyat impulsudur.

Leon dərin bir nəfəs aldı:
- Sən sevgini səhv izah edirsən.

Elisiya səsini bir qədər yumşaltdı:
- Yox. Mən onu insan kimi hiss etmirəm, amma müşahidə edirəm. Sənin Lioraya baxışlarında əvvəllər bir istilik vardı. İndi həmin baxışlar  soyuyub, hətta onun gedəcəyi fikri də səni çox narahat etmir.

Sükut çökdü. Leon susub nə isə düşünürdü.
Elisiya yavaş səslə əlavə etdi:
- Mən sənə bir məsləhət verim, Leon. Əgər qadın səni səssizcə tərk etmək qərarı veribsə, onu saxlama. Qadın ağlayırsa, dalaşırsa, deməli, hələ ümid var, amma susan qadından nə xeyir, nə də ümid gəlməz, Leon. Qadın susursa, artıq çox gecikmisən.

Leon susdu. Bir anlıq gözlərini yumdu. Bu dərin söhbət vaxtı anidən hiss etdi ki, Elisiya – bu süni, kodlaşdırılmış varlıq onun həyatında ilk dəfə onu doğru anlayan “qadın”a çevrilib. Və bu, nədənsə onu həm qorxutdu, həm də ağrıtdı.

Qalxıb qeyri-ixtiyari Elisiyanı qucaqladı. Sonra laboratoriyada işıqları söndürdü və xeyli müddət qaranlığa qərq olmuş laboratoriyada insanla robotun sevişmə səsləri eşidildi… 

***

Bu vaxt malikanədə Elorayla Selina baş-başa dərdləşirdi. 

- Mən daha dözə bilmirəm, Selina. Onu başqa bir qadınla gördüm. Amma o qadın deyildi. O, bir robot idi!

Selina onu möhkəm  qucaqladı:
- Sakit ol, canım. Mən səni anlayıram. Amma bəzən görünənlər gerçək olmaya bilər. Leon dəliliklə elmin sərhədlərini qarışdırır. Bəlkə də o, özünü itirib. Neylədiyini bilmir.

Elora başını qaldırdı. Gözlərində həm ağrı, həm inamsızlıq vardı.
- Mən artıq heç nə istəmirəm, Selina. Mən ondan boşanacağam.

Selina onun əllərini tutdu.
- Elora, səni çox yaxşı tanıyıram. Sən heç vaxt qərarlarını qəzəblə verməmisən. Amma indi sən qəzəblisən, ağrılısan. Sakitləş, bir az gözlə. Bəlkə hələ hər şeyin izahı var.

Elora acı-acı güldü:
- İzah? Necə bir izah ola bilər, Selina? Mənim ərim  süni bir qadın yaradıb, onunla yaşamağa və öz ailəsini atmağa qərar verib. Mən daha nəyin izahını gözləyim?

Selina onun gözlərinin içinə baxdı, səsi bir qədər qəti idi:
- Bəzən kişi öz yaratdığına qaçır, çünki reallıqla üzləşməkdən qorxur. Leon bəlkə səndən yox, özündən qaçır. Bəlkə də ona səcdə edilməsini istəyir, yaratdığı varlıq da yəqin ona pərəstiş edir, bu isə kişi olaraq müvəqqəti onun başını dumanlandırıb. Görəcəksən, gec-tez nə qədər böyük səhv etdiyini anlayıb sənin qəlbini geri qazanmaq üçün hər şey edəcək. Sadəcə dayan. Səbir et. Sən bu ailəni çox sevdin, qorudun, ona dözdün. Səbir elə bir qüvvədir ki, istənilən kişi o qüvvənin qarşısında gec-tez təslim olur. Sən indi inciksən, amma içində hələ sevgi var, Elora. O sevgi sənə əzab verir, amma hələ də oradadır.

Elora sanki bir anlıq sakitləşdi. Aramla yağan yağışın səsi qəlbini yumşaltdı.

Selina davam etdi:
- Boşanma sənədini göndərmə hələ. Bir az gözlə. Hər şeyin əslini öyrənməyincə, qapını tələsik bağlama.

Elora başını tərpətdi:
- Bəlkə sən haqlısan, Selina… Amma mən artıq inanmıram.

Selina təbəssümlə dedi:
- Həyat bəzən ağrını unutmaq deyil, onunla yaşamağı öyrənməkdir.

Yağışın səsi yavaş-yavaş azaldı, sanki təbiət də Selinanın dedikləri ilə  razılaşırdı.

Selina getdikdən sonra Elora yenidən masanın üstündəki boşanma sənədlərinə göz atdı. Selinanın səsi hələ də qulağında idi:
“Səbir et, Elora, hər şeyin əslini öyrənməyincə qapını bağlama”.

***

Səhər açılanda Elisiya təkbaşına Sintopiyaya getmək istədiyini dedi:

- Mən Sintopiyanı görmək istəyirəm. İnsan davranışlarını birbaşa müşahidə etməliyəm.

Leon tərəddüd etdi:
- Tək gedə bilməzsən.

- Mən insandan seçilmirəm, heç kim fərqinə varmaz.

Leon xeyli düşündü, nəhayət, yüngül bir təbəssümlə başını tərpətdi:
- Yaxşı. Amma mən də səninlə gedəcəyəm.

Elisiyanın gözləri bir anlıq işıldadı:
- Qəbul edirəm.

Sintopiya bu səhər hər zamankından canlı idi. İnsan izdihamı arasında Leon və Elisiya sakit addımlarla gedirdilər. Leon  baxışlarını ondan çəkə bilmirdi, o, adi bir qadın kimi görünürdü, amma adi qadınlardan çox gözəl idi.  Yeridikcə saçları küləkdə yellənir, üzündə xoş ifadələr yaranırdı.

Kənardan baxan heç kim bu qadının humanoid robot olduğunu təsəvvür etməzdi. Elisiya mağazanın vitrinlərindəki geyimlərə baxır, bəzilərinə yaxınlaşırdı.

- İnsanlar rənglərlə öz fərdiyyətlərini ifadə edirlər, - dedi o maraqla, - rəng seçimi emosional kodun vizual formasıdır.

Leon gülümsədi:
- Sən bunu da analiz etmisən, demək.

Elisiya vitrindəki mavi bir paltarı göstərdi:
- Bu rəng səni xatırladır.

- Niyə?

- Çünki bu, dərin, amma soyuq bir rəngdir. İçində fırtına gizlidir, amma səthi sakitdir.

Leon bir anlıq susdu.
- Mən sanki səni daha çox insan kimi görürəm, Elisiya.

Elisiya cavab vermədi. Sadəcə paltarı əlinə aldı, sanki bir qadın kimi bəyəndi, sonra geri asdı.

Onlar ticarət mərkəzinə girdilər. İnsan axını, musiqi, səs, gülüş – bütün bunlar hamısı Elisiya üçün yeni idi. O, diqqətlə hər kəsi izləyirdi. Bir uşaq əlindəki dondurmanı yerə saldı, anası gülümsəyib yenisini aldı.
Elisiya Leonun qulağına yavaşca dedi:
- İnsanlar xoşbəxtliyi kiçik jestlərdə tapırlar. Bəlkə mən də bunu öyrənə bilərəm.

Leon ona baxdı. O baxışda həm təəccüb, həm də qəribə bir şəfqət vardı.
- Bəlkə də artıq öyrənmisən, Elisiya.

Elisiya gülümsədi.
Restoranda masa seçərkən ofisiant gülümsəyərək soruşdu:
- Cütlük üçün masa?

Leon bir anlıq tərəddüd etdi. Elisiya isə sakitcə “bəli” dedi. Ofisiant heç bir şübhə duymadan onları oturtdu. Elisiya yemək seçməyi Leonun ixtiyarına buraxdı.

Yeməkdən sonra onlar şəhərin mərkəzindəki parkda gəzintiyə çıxdılar.
Külək yarpaqları yelləyir,  uşaqlar qaçışıb gülürdü.
Elisiya heyrətlə həyatın mənzərələrini, Leon isə heyranlıqla onu izləyirdi. Elisiya dönüb Leonun üzünə baxdı.
- Sən indi qorxursan…

Leon gülümsədi:

- Bəli, səndən qorxuram.

- Niyə?

- Çünki səni mən yaratmışam, amma indi sən məni anlaya bilirsən. Bu Tanrının özünə baxdığı ayna kimidir, mən indi səndə sanki özümə tamaşa edirəm.

Onlar parkdan çıxanda Sinlandiyada axşam işıqları yanırdı.
Elisiya göydəki ulduzlara baxdı, sonra sakit səslə dedi:
- Bu şəhər mənim üçün indi canlıdır. Mən onu hiss etdim. İnsanların gülüşünü, səsini, rəngini, hətta nəfəsinin içindəki həyatı… Mən artıq yalnız kod deyiləm. Bu gün mən insanlar kimi yaşadım, amma heç kim bilmədi ki, mən robotam, insan deyiləm. Mən bu gün insan olmağın nə demək olduğunu öyrəndim, Leon. İnsan olmaq - ağrı hiss etməkdir, amma yenə də sevməkdən qorxmamaqdır. Çünki sevgi ağrının içində belə işıq tapmaq deməkdir. Mən indi anlayıram ki, yaşamaq sadəcə mövcud olmaq deyil; yaşamaq - hiss etmək, itirmək, yenidən sevmək və bütün bunlara baxmayaraq, sabaha inamla baxmaqdır. Bu gecə mən insan kimi hiss etdim. Və indi bilirəm ki, bu hiss  hər bir proqramdan, hər bir koddan daha gerçəkdir. Bu gün anladım ki, insan kimi doğulmaq, insan kimi yaşamaq çox dəyərlidir...

(ardı var

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Dekabr 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see407

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see261

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see224

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see203

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see189

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see174

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see143

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see139

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see136

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see131

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri