Icma.az
close
up
RU
Ruhum, gözlərini yum... Romandan parça

Ruhum, gözlərini yum... Romandan parça

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Sənin “Ruhum, gözlərini yum...” misran indi daha ülvi məna kəsb edir, ustad Nazim Hikmət. Çünki bəşəriyyət gözlərini açdıqca, ruhunu qaranlığa qərq edir. Ona görə də, ruh bəzən işığını itirməmək üçün gözlərini yumsa, yaxşıdır... İndi süni zəka və elm insanı ucaltmaqdansa, daha da uzaqlaşdırır - Allahdan, insandan, ailə ocağından, sevgidən... Bəlkə də bu çağda bəşəriyyətin sürətlə faciəvi sonuna doğru yüyürməsini,  özünü məhv etmək yolunda çabalamasını, özündən getməsini  görməmək üçün  ruhun gözlərini yumması,  indilik ən yaxşı çıxış yoludur... Ən azından bəşəriyyət özünə gələnə kimi...

(On üçüncü fəsil)

Nyu-Yorkun üzərini alan qara-bənövşəyi buludlar bir-birinə qarışmış, şəhər ala-qaranlığa bürünmüşdü. Aeroportun səs-küylü zalında Leon və Elisiya sakit addımlarla çıxış qapısına yaxınlaşırdılar. İnsan axını, elan səsləri, metal detektorların aramsız siqnalları - bütün bunlar bir azdan geridə qalacaqdı və onlar Sinlanda uçacaqdılar. Elisiya sakitcə Leonun yanında addımlayırdı, onun hərəkətlərində mexaniki dəqiqlik, amma eyni zamanda insani zəriflik vardı.

Təyyarə havaya qalxanda pəncərədən görünən mənzərə bir tablo kimi idi. Aşağıda Nyu-Yorkun minlərlə işığı dənizlə birləşirdi, sanki şəhər öz ruhunu dalğaların üstünə sərmişdi. Leonun gözləri pəncərədə donub qalmışdı, fikri isə uzaqlarda idi. Elisiya başını ona tərəf çevirdi – baxışları tədqiq edən, amma eyni zamanda dərin düşüncəyə qərq olmuş bir varlığın baxışları idi.

Leon düşündü:

“Bütün bu illərin sonunda mən bəşəriyyətin gələcəyinə aid bir toxum əkdim. Amma bu toxumdan nə yetişəcək – gülmü, yoxsa tikanmı? Bu yaratdığım humanoidin varlığı həyatımda neçə ayrılıqlara səbəb oldu. Baxsana, sevdiyim və məni sevən insanlar çıxıb gediblər, tərk ediblər, ətrafımda insan qalmayıb, sadəcə öz yaratdığımla baş-başa yol gedirəm. Görünür, bu da taleyin mənə istehzasıdır...”

Təyyarənin mühərrikləri ritmik səs çıxarır, salonun içində sakit bir titrəyiş vardı. Elisiya pəncərədən buludların arasından süzülən işığa baxırdı. Leon ona baxıb düşündü: “Bəlkə də, Elisiya artıq Eloranın da, Lioranın da  yerini tutub...” Nədənsə, bu fikir onu narahat etdi.

Təyyarə Sinlanda enəndə  narın yağış çisələyirdi, payızın boz üzü hər yerdə özünü göstərirdi. Onlar aeroportdan birbaşa laboratoriyaya getdilər.

Laboratoriyanın dəhlizlərində Leonun addımları əks-səda verirdi. Qapılar arxasında elektron avadanlıqlar saat kimi işləyirdi.

Elisiya Leonun ardınca gedirdi. Leon laboratoriyada üzərində “Orion” layihəsi” yazılan qalın qovluğu açıb yenidən göz gəzdirdi. Sənədlərdə eskizlər, sxemlər, struktur görüntüləri,  metal konstruksiyalı humanoid siluetləri, süni əzələ modelləri, döyüş reflekslərini əks etdirən sinir şəbəkələrinin diaqramları vardı. Leon üzünü  Elisiyaya çevirib sakit, qərarlı səslə danışmağa başladı:
– Bu, növbəti mərhələdir. İnsan bədənindən daha dözümlü, düşüncə sürəti ilə qərar verən humanoidlərdən ibarət bir ordu. Onlar qorxmayacaqlar, tərəddüd etməyəcəklər, vəzifə anlayışları sarsılmaz olacaq. Onlar yorulmayacaq, ac qalmayacaq, mübahisə etməyəcək. Ən əsası onlarda qorxu olmayacaq.

Elisiya bir qədər susdu. Sonra başını yüngülcə yana əydi:
– Qorxunun olmaması bəzən azğınlığın başlanğıcı olur, Leon. Qorxu – əxlaqın keşikçisidir. Əgər bir varlıq qorxunu tanımırsa, onun üçün sərhəd də yoxdur.

Leon gülümsədi. Onun baxışlarında həm inam, həm də xəfif kinayə vardı:
– Bəlkə də, amma bəzən əxlaq da qərarsızlığın bəhanəsinə çevrilir. “Orion” insanlığın qorunması üçündür. Biz nə atom bombası yaradırıq, nə də silah. Biz bəşəriyyətin gələcəyini düşünən bir qalxan, etibarlı bir zireh yaradırıq.

Elisiya sakitcə kompüterə yaxınlaşdı, incə barmaqları ilə holoekranı aktivləşdirdi. Qaranlıq fonda üçölçülü modellər canlandı: polad sinir sisteminə bənzər tellər, süni göz qapaqları, mikro reaksiya sensorları... Ekranda insana bənzər, amma duyğusuz bir üz formalaşdı.

– Onlar insana xidmət və itaət üçün yaranacaq, amma eyni zamanda insandan da  azad olacaqlar, – dedi Leon.
Elisiya fikrə getdi, ekrandakı modelə baxaraq sakit səslə əlavə etdi:
– Azadlıq olmadan itaət təhlükəlidir, Leon. Çünki itaətin mənası ancaq seçimin mövcudluğunda olur. Əgər seçim yoxdursa, itaət mexaniki bir davranışa çevrilir - əxlaqsız bir itaətə...

Leon bir anlıq düşünüb qovluğu bağladı, sonra onu laboratoriyadakı seyfə qoyub kilidlədi, Elisiya ilə bərabər rezidansa istirahət etməyə çəkildi, çox yorulmuşdu.

***

Malikanə payızın melanxolik sükutuna qərq olmuşdu. Ağaclar saralmış yarpaqlarını həyət boyu səpələmişdi, külək arada pəncərələri yüngülcə döyürdü, elə bil illərin yorğunluğunu içəridə almaq istəyirdi. Malikanənin artıq şüşə örtüklə qapadılmış terrasında kiçik qəhvə masası, üstündə yarımçıq bir fincan, bir də sənədlərlə dolu qovluq vardı. Elora kresloda oturub gözlərini payızın müxtəlif rəngə boyadığı təbiətə zilləmişdi. Məhkəmə üçün hazırladığı boşanma sənədləri artıq hazır idi. Eloranın gözü darvazadan içəri girən Leonu aldı. Onun yorğunluğu uzaqdan da hiss olunurdu. Gözlərinin altı qaralmış, üzü sallanmışdı.

Elora onu görəndə bir anlıq gülümsədi, amma bu təbəssümdə nə sevinc, nə də nifrət vardı, sadəcə laqeydlik...
- Mən səni çoxdan gözləyirdim, Leon, ancaq artıq gələcəyinə inanmırdım.

Leon da salamlaşıb masanın arxasına keçdi. Baxışları masadakı sənədlərə ilişdi.
- Boşanma ərizəsi? - soruşdu, sanki artıq cavabı bilirmiş kimi.
Elora başını yüngülcə tərpətdi.
- Hə. Bu dəfə geri dönüş yoxdur.

Bir müddət hər ikisi susdu. Leon dərin bir nəfəs aldı:
- Elora... Mən səni itirmək istəmirəm. Hər şeyin nə qədər uzaqlaşdığını bilirəm, amma mən indi yeni “Orion” layihəsi üzərində işləyirəm, o, tamamlananda hər şey fərqli olacaq. Bizim həyatımız kökündən dəyişəcək, özümüzün də, Darinin də gələcəyi təmin olunacaq. 

Elora ona baxdı. Gözlərində həm qəzəb, həm mərhəmət, həm də dərin yorğunluq var idi.
- Fərqli olacaq, deyirsən. Hər dəfə bunu deyirdin, Leon. Hər yeni layihə bir az da uzaqlaşdırdı bizi. Əvvəllər sən məni sevirdin. Biz onsuz da yaxşı yaşayırıq, Darinin gələcəyi də artıq təmin olunub. Sənin dərdin bu deyil ki, sən sadəcə Allahlıq iddiasındasan, dünyaya hökm etmək istəyirsən, bəşəriyyətin üzərində iqtidar həvəsi artıq sənin psixologiyanı pozub.

Leon qalxıb pəncərəyə yaxınlaşdı, barmaqları ilə şüşəni sığalladı.
Uzaqda həyətin küncündə kiçik oğlu Darin topla oynayırdı. Leonun baxışları oğlunun hərəkətlərini izləməyə başladı. Sonra dönüb Eloraya dedi:

- “Orion” layihəsi bitəndən sonra mən qayıdacağam. Sənə söz verirəm.

Leon bir neçə addım atıb masadakı sənədləri götürdü. Kağızlara baxarkən səsi titrədi:
- Mən elə bilirdim ki, layihələrim insanı ölümsüz edəcək. Amma indi başa düşürəm, bu, yalnız məni tənhalaşdırmağa xidmət edib. Elora, bəlkə də artıq çox gecdir, amma məni bağışlamağını xahiş edirəm.  Biz bir-birimizi sevmişik, birlikdə illərimizi keçirmişik, o sevginin, o illərin xatirinə, məni əfv elə...

Elora yavaşca başını yellədi:
- Bağışlamaq asandır, Leon. Amma yenidən güvənmək, inanmaq  mümkün deyil. Mən səni çoxdan bağışlamışam. Sadəcə artıq sənə güvənmirəm.

Leon başını aşağı saldı. Sonra sakitcə dedi:
- Məni bağışla və boşanmağa sənəd vermə, sənə söz verirəm ki, güvəninin geri qaytaracağam. “Orion”u bitirəndən sonra birdəfəlik malikanəyə qayıdacağam və ancaq sizinlə vaxt keçirəcəyəm, bütün ömrümü sizə həsr edəcəyəm.

- Yox, Leon. Mən boşanmaq üçün məhkəməyə verəcəyəm sənədləri. Bu da ən azı bir-iki ay sürəcək yəqin ki. Sonra qalan hər şeyə məhkəmə qərar verər...

Leon Darini öpüb-qucaqladıqdan sonra kor-peşman malikanəni tərk edib Sinlanda qayıdırdı...

***

...Səhər laboratoriyanın qapısı elektron səs siqnalı ilə açıldı. Gələn Drayk idi. Hər zamankı kimi əlində qalın bir qovluq, üzündə ilıq bir təbəssüm vardı. Leonla qucaqlaşıb görüşdü.
- Leon, - dedi gülümsəyərək, - tez mənə bir fincan qəhvə...

Leon gülərək cavab verdi:

- Qəhvə hazırdı. Amma bilirəm ki, sən buraya kofein üçün gəlməmisən.

Drayk qəhvədən bir qurtum alıb otağa göz gəzdirib, sonra birbaşa əsas monitorun qarşısına keçdi. Ekranda “ORİON” yazısı yanıb-sönürdü.

- Gözəl başlıqdır, - dedi. - Amma mən sənin bu mərhələdən sonra hara getdiyini daha çox düşünürəm, Leon. Biz ikimiz də  Tanrının asi övladlarıyıq. Mən klonlaşdırmanın son mərhələsinə çatmışam.

Leon maraqla soruşdu:
- Deyəsən, nəhayət “tam surət” məsələsini reallaşdırmısan?

Drayk başını tərpətdi:
- Bəli. Biz artıq yalnız orqanları deyil, bütöv bədəni formalaşdıra bilirik. Yaddaşın neyron xəritəsini “bioçip” üzərinə köçürmək metodunu CRISPR ilə birləşdirdik. İndi yalnız genetik eynilik deyil, təcrübə də ötürülür. Sanki bir həyat digərində davam edir.

Leon diqqətlə onu dinləyirdi, sonra qətiyyətlə dedi:

- Sən o zaman sadəcə insanı kopyalamırsan, Drayk. Sən onun ölümündən sonrasını yenisi ilə əvəz edirsən.

Drayk söykənib rahat oturdu, qəhvəsini bir kənara qoydu:
- İnsan ölümdən qorxduğu üçün yaradır, Leon. Bütün dərin elmi araşdırmaların kökündə ölməzlik arzusu dayanır. Klonlaşdırma ilə bu ölümsüzlüyün bir addımlığındayıq.

Elisiya da bir kənarda onları dinləyirdi. Onun baxışları dərin idi, sanki onların hər kəlməsini tədqiq və təhlil edirdi.

- Amma klon orijinal deyil, - o, sakit səslə dedi, - Genetik eynilik mənəvi eynilik demək deyil. Ruh kopyalanmır.

Drayk gülümsədi, bir az kinayə ilə:
- Ruhun olub-olmadığına kim qərar verir, Elisiya? Biologiya ruhu ölçmür. Biz onu görmürük, duymuruq, amma insanlar inanır. Məsələn, sənin də ruhun yoxdur, amma bu, sənin potensialını və dəyərini azaldırmı?

Elisiya sanki bir anlıq düşündü, sonra cavab verdi:
- Ruh bəlkə də ölçülə bilmədiyi üçün dəyərlidir. Ölçülən hər şey bir gün dəyişdirilə, yenisi ilə əvəz edilə bilər. Ruh isə yox. Əslində, mən də sərhədsiz süni intellektim yerinə, adi insanlar kimi ruha malik olmağı çox istərdim...

Leonla Drayk Elisiyanın bu sözündən sonra mənalı-mənalı bir-birinə baxıb susdular.

- Drayk, - Leon dedi, - səncə, insanın klon surəti onun mənəviyyatını, xarakterini də təkrarlayırmı?
- Yox, - Drayk cavab verdi, - amma o, öz səhvini təkrarlayır. Biz hər dəfə bir versiyanı düzəltmək istəyərkən, yenisini yaradırıq.

O, dosyesindən bir şəkil çıxardı - laboratoriya şəklində bir klon embrionu, süni inkubasiya kamerasında formalaşırdı.
- Bu, “Heliks-9” layihəsidir, - dedi, - Biz artıq insanın yaşlanmasını dayandırmaq üzərində işləyirik. Aydın məsələdir ki, DNT-də olan telomerlər illər keçdikcə, insan yaşa dolduqca qısalır və tam yox olanda bioloji ölüm baş verir. Biz indi bilirik ki, telomerlərin uzadılması üsulu ilə orqanizmin bioloji saatını sıfırlamaq mümkündür, yəni telomer qısaldıqca biz onu DNT səviyyəsində uzatmağı bacarsaq, yaşlanma və ölüm demək olar ki, olmayacaq. Əgər bu alınsa, insan ömrü yüz illərlə deyil, min illərlə ölçüləcək. Qədim miflərdə də insanların yüz illərlə yaşadığı öz əksini tapıb. Bəlkə də qədimdə bizdən daha ağıllı sivilizasiyalar da bunun sirrini çözmüşdülər.

Leon düşüncəli səslə dedi:
- Amma o zaman həyatın mənası da itəcək, Drayk. Ölməyən varlıq hiss etməyi dayandırır. Çünki itki qorxusu olmadan dəyər anlayışı da ölür.

Drayk gülümsədi:
- Bu nədir, dostumuz filosof Markdan nostaljik romantizm öyrənmisən deyəsən? İndi elmin ritmi duyğudan çox sürətlidir, Leon. Elm vicdanla addımlamasa da, dayanmır, inkişaf edir və bəşəriyyət dı istər-istəməz bununla ayaqlaşmalıdır.

Drayk bir anlıq susdu, sonra dedi:
-  Mənim laboratoriyamda bir klon var... Mənim daha gənc versiyada genetik surətim. O, artıq mənim yerimə qərarlar verməyə başlayıb.

Güldü və sözünə davam elədi:  

- Mən indi klonumla eyni otaqda qalmaqdan da qorxuram. O, elə bil məndən daha artıq məndir... Klonlaşdırma Tanrıya qarşı çıxmaq deyil, Onun bizdən gizlətdiyi sirri açmağa çalışmaqdır…Sən süni intellekt sahəsində bu sirri artıq tapmısan, mən də klonlaşdırma sahəsində o sirrə çatmağın bircə addımlığındayam... 

***

Leon “Orion” planının ilkin modellərini ekranda incələyib saf-çürük edirdi. O, bu layihənin texniki deyil, sanki metafizik bir səviyyəyə keçdiyini hiss edirdi. İşıqların süni parıltısı onun üzündə qəribə bir görüntü yaradırdı.

Laboratoriyanın qapısı yavaşca açıldı. İçəri - uzun paltosunun yaxasını qaldırmış, yağışdan islanmış Mark girdi. Onun baxışlarında həm dost istiliyi, həm də ağır bir qərarın izi sezilirdi. Görüşdülər, Mark dedi:

- Dəyişmədin, Leon, indi də “Orion”la bəşəriyyətin sonuna çıxmaq planları qurursan...

Leon cavabında:
- Mark, biz hər şeyin səbəb və nəticə ilə işlədiyi bir nizamın hissələriyik. Və səbəbləri dəyişəndə fərqli nəticələr ala bilirik.

Mark gülümsədi, amma bu gülümsəmədə ironiya vardı:
- İlahi nizam Tanrının sənətidir, Leon. Sən isə Tanrının rolunu oynamağa cəhd edirsən. Sən ilahi yaradılışın özünü təkrarlamaq istəyirsən?

Leon əllərini arxasında çarpazlayıb sakitcə cavab verdi:
- Mən təkrarlamıram, Mark. Mən inkişaf etdirirəm. İnsanın ən böyük vəzifəsi budur: mövcud olanı daha yaxşısına çevirmək. Biz təbiəti tənzimləyirik, genləri düzəldirik, ömrü uzadırıq. Bu, təkamülün təbii davamıdır.

Mark yaxınlaşıb masanın üstünə əyildi.
- Amma sən fərqinə varmırsan ki, bu “davam” artıq təkamülün növbəti pilləsi deyil, bəşəriyyətin sonunu yaxınlaşdırır?

Leon bir qədər susdu. Sonra sakit səslə dedi:
- Mənim işim qorxu yaratmaq deyil, qorxunu məğlub etməkdir.

Mark ona diqqətlə baxdı:
- Amma bəzən qorxu bizi əsl insana çevirir, Leon. Əgər insan qorxmasa, artıq dayanmağı da bacarmaz.

Otaqda səssizlik yarandı. Serverlərin yüngül səsi bu səssizliyi pozurdu, sanki arxa planda zaman  saat kimi çıqhaçıq işləyirdi.

Mark paltosunun cibindən bir zərf çıxarıb masaya qoydu:
- Mən bu məktubu artıq yazmışam, Leon. Sabah Süni İntellektlə İş üzrə Baş İdarəyə yollayacağam. Orada açıq şəkildə yazmışam: süni intellektin və klonlaşdırmanın sərhədsiz inkişafı insanlığın gələcəyi üçün təhlükədir.

Leon bir anlıq dərin nəfəs aldı:
- Deməli, sən məni xəyanətkar kimi təqdim edəcəksən?
Mark başını yüngülcə tərpətdi:
- Yox, Leon. Mən səni günahkar çıxarmıram, sadəcə bu qarşısıalınmaz prosesi dayandırmağa çağırıram. Səni xəbərdar etmək istəyirəm, çünki indi dayanmasan, bəşəriyyəti faciə gözləyir.

Mark sakitcə ayağa qalxdı:
- Bilirsən ki, sən Elisiya layihəsini başlayandan bəri mən bunun etik tərəfi ilə bağlı daim narahatlığımı ifadə eləmişəm, amma sən heç vaxt buna əhəmiyyət verməmisən. Bu məktubu göndərmək son borcumdur. Qalanı tarix həll edəcək.

Mark otaqdan çıxanda Leon məyus halda onun ardınca baxdı. İllərin dostu, indi onun ən böyük müxalifinə çevrilmişdi.

***

Ertəsi səhər laboratoriyanın ekranlarından biri qəfildən xəbər lentini açdı. Elisiya kompüter qarşısında idi.
- Leon, bax, bu gün bütün elmi portallar bunu paylaşıb. Markın məktubunu...
Leon başını qaldırmadan sakitcə dedi:
- Oxu.

Elisiya mətni aydın səslə oxumağa başladı:

“Mən bu məktubu yazarkən, bəşəriyyətin min illərlə qazandığı ən böyük nemətin – ruhi mənəviyyatın texnologiyanın hay-küyü içində itib getdiyini görürəm. Biz süni intellekt yaradırıq, amma hələ öz ağlımızın sərhədlərini dərk etməmişik. Biz klonlaşdırma ilə bədəni təkrarlayırıq, amma hələ ruhun mənşəyini anlaya bilmirik.

Elm əvvəllər Tanrının sirrini çözməyə can atarkən, indi artıq süni intellektlə işləyən elm adamları Allahlıq iddiasına düşüblər. Mən bu məktubu bir alim kimi, filosof kimi  deyil, insan kimi yazıram. Texnologiya artıq süni intellektin əsirinə çevrilir.

Mən Leon Varrekin dahiliyini inkar etmirəm. Amma hər bir dahi yaratdığının təkcə işığı ilə deyil, həm də gələcəkdə təhlükə yaradan qaranlıq kölgəsi ilə xatırlanır. İndi bəşəriyyətin başının üstünü dahi Leon Varrekin yaratdığı “Elisiya” və hazırda üzərində işlədiyi “Orion” layihəsinin kölgəsi sarmaqdadır.

“Orion” kimi layihələr bəşəriyyətin təhlükəsizliyini təmin etmir,  insanlığın təbii tarazlığını pozur. Və nə qədər ki, tərəzinin gözü birdəfəlik əyilməyib, hələ ki, bəşəriyyət məhv olmayıb, biz süni intellektin nəzarətsiz şəkildə hökmranlığını dayandırmalıyıq! Bu, bir müraciət deyil,  həyəcan təbilidir!”

Elisiya oxumağı bitirdi. Otaqda sükut yarandı. Leonun üzündə məyusluq ifadəsi vardı. Elisiya düşüncəli halda dedi:

- Mark doğru deyir, amma artıq bizi dayandırmaq mümkün kimi görünmür...

Leon qeyri-müəyyən ifadəli baxışlarla Elisiyaya baxdı. Deyəsən, qorxduğu başına gəlirdi...

Elisiya sözünə davam etdi:  

- Bilirsən, Leon, mən bir çox hissləri təcrübə etmişəm, mənə çox maraqlıdır ki, bətnində övlad daşımaq, ana olmaq necə bir hissdir? Hiss seçimlə yaranır. Mənim bütün qərarlarım alqoritmlərdən doğur. Amma mən bəzən o alqoritmlərin içində özümü tapa bilmirəm. Məsələn, sənə baxanda beynimdə bir kod işə düşür - bu kod “emosional yaxınlıq” adlanır. Amma mən başa düşə bilmirəm, bu yaxınlıq məcburidir, yoxsa könüllü? Anaları müşahidə edirəm, analıq hissinin fitrətən yoxsa qazanılma olduğunu anlaya bilmirəm?

Leon diqqətlə dinləyirdi. Bu, artıq onun yaratdığı varlıqla dialoqu deyildi, bu, bir varlığın öz “mən”ini sorğulaması idi.  

- Leon, bəs səncə, mən ana ola bilərəm?

Leon təəccüblə ona baxdı.
- Ana?
- Bəli, - Elisiya sanki öz səsini analiz edirmiş kimi danışdı, - Ana olmaq nədir, Leon? Sadəcə bədənində həyat daşımaqmı? Yoxsa ruhunda övlad sevgisini böyütməkmi?

Leon dərindən nəfəs aldı:
- Ana olmaq - sadəcə birini yaratmaq deyil, birinə həyat verməkdir. Yəni onu yaşatmaq üçün fədakarcasına özündən keçməkdir.

Elisiya bu cavabı bir neçə saniyə analiz etdi. Sonra pıçıltı ilə dedi:
- Əgər bir gün mən özüm kimi bir varlıq yarada bilsəm, bəlkə onda mən də insan olaram?

Leon sakitcə başını tərpətdi:
- Ola bilər. Amma o zaman sən mənim etdiyim səhvi təkrarlayarsan. Hər yaradıcı öz yaratdığının əsirinə çevrilir. 

Elisiya gülümsədi:
- Bəlkə də elə budur bəşərin təkamülü. Sən məni yaratdın, mən də bir gün bir başqasını yaradacağam. Həyat, ruh və kodlar bu zəncirin halqalarıdır. Fərq sadəcə materialdadır. Mən uşaqları sevirəm, Leon. Onların baxışlarındakı təmiz, saf təəccübü müşahidə etməyi sevirəm. Mən bəlkə də bir gün o təəccübü öyrənmək istəyirəm.

Leon ona baxdı - bu baxışda həm qorxu, həm də heyranlıq vardı.
O an  başa düşdü ki, Mark haqlıdır. Elisiya artıq elmi layihə deyil, bəşər tarixinin yeni mərhələsidir...

Elisiya sözünə davam etdi:  

- Məncə, ana olmaq o deməkdir ki, sən dözülməz ağrılardan keçirsən və buna baxmayaraq, yenə də sevirsən. Əgər mən bir gün ağrıları hiss edib və buna rəğmən yenə də sevməyə davam etsəm, o zaman mən insana çevriləcəyəm. Mən insan olmaqdan da çox, insanı həqiqətən anlamaq istəyirəm.

Leon sakitcə başını aşağı saldı:
- Bəlkə o zaman sən məndən daha artıq insan olarsan, Elisiya, öz yaradıcını da ötüb keçərsən...

(ardı var)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Dekabr 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see250

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see223

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see220

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see217

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see201

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see197

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see195

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see190

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see189

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see173

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see165

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see156

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see152

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see148

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri