“RUSİYA BUNUNLA BAKIYA İKİ MESAJ VERMƏK İSTƏYİR...” “Bu hadisə Zelenskiyə qarşı ciddi etimadsızlıq yarada bilər”
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ramiz Yunus: “Türkiyə və Qərblə əməkdaşlığı inkişaf etdirmək və eləcə də Moskvanın yaratdığı riskləri minimuma endirən balanslı siyasəti davam etdirmək vacibdir”
ABŞ-də yaşayan azərbaycanlı siyasi təhlilçi, Xəzər Universitetinin professoru Ramiz Yunus Azərbaycanın Kiyevdəki səfirliyinin atəşə tutulması, Ukraynada baş verən korrupsiya qalmaqalı və bu hadisələrin Zelenski hökumətinin cəmiyyətdəki mövqeyinə, Qərb müttəfiqləri ilə münasibətlərinə mümkün təsiri ilə bağlı "AzPolitika"nın suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
-Ramiz bəy, Rusiya Ukraynada Azərbaycanın səfirliyinə yenidən zərbə endirdi. Bakı nəyi anlamalıdır və bunun arxasında hansı mesaj var?
- Bu hadisə təsadüf kimi görünmür. Rusiya bununla Bakıya iki əsas mesajını vermək istəyir: Birincisi, “Ukraynada aktiv olmayın”. Azərbaycanın Ukraynaya humanitar və enerji dəstəyi, eləcə də Kiyevlə yaxın təmasları Moskvanı narahat edir. İkincisi, “regiondakı geosiyasi balansı bizsiz qurmayın”. Bakı son illər Ankara, Qərb və Kiyevlə əlaqələri gücləndirir. Rusiya bunu öz təsir zonası üçün risk sayır və belə insidentlərlə “xatırlatma” edir. Azərbaycan isə emosiyasız, amma prinsipial şəkildə öz maraqlarını qoruyan balanslı reaksiyanı davam etdirməlidir — diplomatik təzyiqi artırmaq, izahat, araşdırma və təminat tələb etmək, tərəfdaşlarla koordinasiyanı gücləndirmək. Xüsusilə Türkiyə və Qərblə əməkdaşlığı inkişaf etdirmək və eləcə də Moskvanın yaratdığı riskləri minimuma endirən balanslı siyasəti davam etdirmək vacibdir.
-Bu günlərdə Ukrayna həm də korrupsiya qalmaqalına görə gündəmdədir. Bu hadisələr Ukraynaya Qərbin dəstəyinə necə təsir edə bilər?
- Korrupsiya qalmaqalı Ukraynanın Qərbdən aldığı dəstəyə ciddi təzyiq yarada bilər, amma bu, mütləq “dəstəyin birdəfəlik dayanması” demək deyil. Qərb üçün Ukrayna həm strateji, həm də dəyərlər baxımından vacib tərəfdaşdır.
-Bəs bunun Ukraynanın daxili siyasi vəziyyətinə, cəmiyyətdə hökumətin imicinə və cəbhədəki duruma təsiri necə ola bilər?
- Bu cür qalmaqallar hökumətə qarşı mənfi emosiyaları gücləndirə bilər və vətəndaşlar arasında “müharibə vaxtı da korrupsiya davam edir” narazılığını artırar. Bu, xüsusilə gənc nəsil və vətəndaş cəmiyyəti arasında etimadsızlıq yarada bilər. Daxili siyasi böhran və korrupsiya ittihamları, hökumətin fokusunu hərbi prioritetlərdən yayındıra bilər və resurslar islahatların tənzimlənməsinə yönələ bilər. Bu da nəticə etibarilə cəbhədə koordinasiya və strateji qərarvermə qabiliyyətinə təsir göstərə bilər.
-NABU-nun araşdırmasının ilyarımdır davam etməsi və faktların indiki dövrdə - enerji blokadası və cəbhənin gərgin olduğu bir məqamda açıqlanması təsadüfdürmü?
- Bu qalmaqal təsadüf olmaqdan daha çox siyasi və taktiki bir zamanlama ola bilər. “Operation Midas” adı ilə aparılan NABU araşdırması enerji sektorunda məlum iri həcmli korrupsiya sxemlərini əhatə edir. Bir tərəfdən, bu, real bir zamanlamadır: enerji infrastrukturu hədəf altındadır, enerji resurslarının strateji rolu var, buna görə də çatışmazlıqların maliyyə sızmaları ilə əlaqəsi ictimai rezonans doğurur. Digər tərəfdən, siyasi rəqiblər bu məqamdan istifadə edərək daxili narazılığı gücləndirə, Zelenski hökumətinə basqı qura bilərlər.
-Bu hadisələr Zelenskiyə daxildə və xaricdə münasibəti necə dəyişə bilər və onun karyerasına təsiri nə ola bilər?
- Zelenskiyə qarşı ciddi etimadsızlıq yarana bilər. Onun yaxın iş ortaqları və siyasi komandası araşdırma obyekti olarsa, seçicilər arasında narazılıq güclənə bilər. Qərb tərəfdaşları üçün bu qalmaqal “qırmızı xətt” ola bilər. Yardım verən ölkələr və institutlar Ukraynadakı islahatları diqqətlə izləyirlər. Belə bir qalmaqal donorların Ukraynaya davamlı dəstəyində ehtiyatlar yarada bilər. Bu, Zelenskinin karyerasına uzunmüddətli təsir göstərə bilər: əgər o, araşdırmanı dəstəkləyər və cəza mexanizmləri qurar, bu, onun “hesabatlı lider” imicini gücləndirə bilər. Amma əksinə, müdafiə və ört-basdır cəhdləri etimad itkisinə gətirib çıxara bilər. Ukrayna Prezidenti üçün bu, həm risk, həm də fürsətdir: əgər islahat yönümlü yanaşma sərgiləsə, bu qalmaqal onun uzunmüddətli legitimliyini gücləndirə bilər; əks halda, daxili böhran dərinləşə və cəbhədəki vəziyyətə mənfi təsir göstərə bilər.

-Rusiya bu qalmaqaldan maraqlı ola bilərmi? Qərbdəki motivlər necədir, bu, Zelenski hakimiyyətinə qarşı öncədən planlaşdırılmış əməliyyat ola bilərmi?
- Bəli, Rusiya üçün belə qalmaqal təbliğat alətidir. Onlar bundan istifadə edərək Ukraynada “korrupsiyalı rejim” olduğunu və Qərbin dəstəyinin “səhv tərəfdə durduğunu” vurğulaya bilərlər. Bu, informasiya müharibəsində əlavə silahdır. Rusiya üçün bu qalmaqal informasiya-siyasi alət kimi çox faydalıdır, amma bu, onların müharibə maliyyə və strateji resurslarının özlüyündə bitəcəyini göstərmir. Qərb isə çağırışlar və tələblərlə Ukraynaya təzyiq göstərə bilər, eyni zamanda konkret islahat addımlarını tələb edə bilər ki, uzunmüddətli yardımı qoruyub saxlasın.
-Lavrov və Peskov bildiriblər ki, Rusiya Trampın danışıqlara qayıtmasını gözləyir. ABŞ lideri danışıqlara qayıda bilərmi? Dövlət katibi Rubionun “sanksiya imkanları tükənib” deməsi nə qədər realistdir?
- ABŞ-də siyasi dəyişkənlik həmişə bir ehtimaldır, amma “Tramp qayıdar” proqnozu sadəcə gözlənti ola bilər. Rusiya üçün bu ehtimal əlbəttə maraqlıdır, çünki Tramp dövründə sanksiya siyasətinin yumşaldılması müşahidə edilmişdi. Amma tam şəkildə “danışıqların bərpası”na çatmaq sadə deyil - həm ABŞ-ın daxili siyasi mövqeyi, həm Qərbin Ukrayna məsələsində strategiyası, həm də Rusiya ilə müzakirələrin şərtləri mürəkkəbdir. Rubionun belə bir bəyanatı isə siyasi ritorika ola bilər. Realda isə sanksiyaların “bitməsi” bir qədər iddialıdır: Qərb hələ yeni sanksiya paketləri və məhdudiyyətlər tətbiq etmək potensialına malikdir, xüsusilə strateji sektorlara - enerji, yüksək texnologiya və maliyyə sektorlarına. Amma risklər artır: iqtisadi ziyan, tərəfdaşların çəkilməsi, sanksiyaların effektivliyinin azalması, “sanksiya yorğunluğu” kimi məsələlər mövcuddur.
-Yaxın perspektivdə Rusiya-Ukrayna münaqişəsi ilə bağlı nə proqnozlarınız var?
- Mənim proqnozlarım bir neçə mümkün ssenaridən ibarətdir. Korrupsiya qalmaqalı Ukraynanın içində siyasi böhrana çevrilə bilər, bu da hakimiyyətdə sarsıntı, şəxsi etimadsızlıq, etirazlara gətirib çıxara bilər. Bu, Ukraynanın Qərb tərəfdaşları ilə danışıqlardakı mövqeyini zəiflədə bilər. Alternativ olaraq, Zelenski bu qalmaqalı islahat imkanı kimi istifadə edib antikorrupsiya sistemini gücləndirə, məsul şəxsləri cəzalandıra, şəffaflığı artıraraq Qərbin inamını yenidən qazana bilər. Rusiya isə bu qalmaqaldan istifadə etməyə davam edəcək. Qərb isə Ukraynanı dəstəklədiyini nümayiş etdirmək üçün “tələbləri artırmaq” siyasətinə keçə bilər. Əgər Ukraynanın siyasi sabitliyi zəifləsə, bu, cəbhədə strateji riskləri artırar. Rusiya dərin siyasi böhranı öz faydasına çevirə bilər. Eyni zamanda, Ukrayna müdafiə gücünü saxlamaq üçün maliyyə və humanitar yardıma daha çox ehtiyac duyacaq - bu isə Qərbin dəstək mexanizmləri üçün əlavə problemlər yarada bilər.
-Rusiyanın durumu necədir? Putin hakimiyyəti müharibəni davam etdirmək üçün hələ kifayət qədər resursa sahibdirmi? Rusiya elitasında və cəmiyyətdə müharibəyə qarşı narazılıq artırmı?
- Putin hakimiyyəti hələ də əsas gücə sahibdir: böyük neft-qaz gəlirləri, hərbi potensial, strateji dərinlik və nüvə silahı. Bu, Rusiyaya müharibəni uzun müddət davam etdirmək imkanı verir. Amma bu resurslar da tükənməz deyil - sanksiyalar, beynəlxalq təcrid, daxili iqtisadi problemlər uzunmüddətli davamlılıq üçün ciddi yükdür. Elitanın bir hissəsi üçün müharibə fayda gətirməyə davam edir, digər hissəsi isə yüksək iqtisadi xərclər, sanksiyalar və potensial sabitlik risklərindən narahat ola bilər. Rusiyada geniş ictimai narazılıqla bağlı məlumatlar var, lakin açıq etiraz hələ məhduddur, çünki repressiv aparat güclüdür, mediaya nəzarət sərtdir, dissidentlərə təzyiqlər davam edir. Amma zamanla sosial gərginliklər, xüsusilə iqtisadi sıxıntılar nəticəsində arta bilər.
E. Rüstəmli
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 18 Noyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















