Rusiya Ukrayna müharibəsinin ərazi dilemması: Danışıqlar niyə dalana dirənib?
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Əbu-Dabidə keçirilən Rusiya-Ukrayna-ABŞ danışıqları başa çatıb və müəyyən nəticələrin əldə olunduğu bəyan edilib. İkigünlük danışıqlar zamanı Rusiya və Ukrayna nümayəndə heyətləri ABŞ sülh planındakı mühüm məsələləri müzakirə ediblər. Danışıqlar hərtərəfli razılaşmaya doğru irəliləyişi asanlaşdırmağa yönəlmiş etimad tədbirlərini də əhatə edib. Növbəti danışıqlar raundunun fevralın 1-də yenidən Əbu-Dabidə keçiriləcəyi ilə bağlı razılıq əldə edilib. Lakin məsələ burasındadır ki, Rusiya Donbasın öz nəzarətində qalması şərti ilə münaqişənin dondurulmasını təklif edir, Zelenski isə ərazilərlə bağlı mövqeyinin dəyişməz qaldığını, Ukraynanın heç vaxt öz torpaqlarını Rusiyaya verməyəcəyini bildirir və başqa kompromis axtarmağın tərəfdarı olduğunu diqqətə çatdırır. Bunun fonunda isə münaqişə hələ də davam edir və tərəflər bir-birini sülhdə maraqlı olmamaqda ittiham edirlər.
Bəs belə olan halda münaqişə necə, hansı güzəştlər və şərtlərlə bitə bilər ki, əsas problem - ərazi məsələsi hələ də qeyri-müəyyənliyini qoruyub-saxlayır?
Mövzu ilə bağlı Oxu.Az-a danışan ukraynalı politoloq Aleksandr Kovalenko bildirib ki, müharibənin ultimatum dili ilə səslənən şərtlərlə və ərazilərin işğal altında olduğu müddətdə bitməsi mümkün deyil:
"Bu, nonsensdir. Ümumilikdə isə bütün detallar açıqlanmasa da, son dərəcə çətin şəraitdə danışıqlar aparılır və tərəflər barışmaz mövqelərini qoruyub-saxlayırlar. Müsbət inkişafdan bəhs etmək isə sadəcə olaraq, işçi qrupların mediaya verdiyi açıqlamalardır ki, guya baş verən proseslər pozitiv kimi təqdim edilsin. Halbuki bunları müsbət adlandırmaq mümkün deyil və bunun çox sadə bir səbəbi var: Rusiya sülhə hazır deyil və Ukraynanın hətta bu günə qədər tam ələ keçirə bilmədiyi ərazilərini tələb edir. Yəni Rusiya Ukraynadan Donetsk vilayətini, xüsusilə də Ukrayna ordusunun nəzarətində olan və ən möhkəmləndirilmiş ərazilərdən geri çəkilməsini istəyir. Halbuki bu ərazilər uğrunda Rusiya qoşunları ən azı daha bir neçə il ağır döyüşlər aparmalı və ciddi itkilər verməli olardı.
Başqa sözlə, Rusiya heç bir itki vermədən Donetsk vilayətinin ən möhkəmləndirilmiş hissəsini öz nəzarəti altına almaq istəyir. Halbuki tələb edilən ərazilər vaxtilə ələ keçirilən Baxmut, Avdeyevka, Uqledar və hətta Pokrovsk-Mirnoqrad aqlomerasiyası ətrafındakı mövqelərdən dəfələrlə daha möhkəmdir. Söhbət Slavyansk-Kramatorsk aqlomerasiyasından gedir - bu gün döyüşlərdə ən güclü möhkəmləndirilmiş mövqelərdən birindən. Ukrayna isə buna heç vaxt razı olmayacaq. Məhz buna görə də bu görüşlərin nəticəsi, demək olar ki, hər zaman eyni olur. Rusiya ultimativ mövqeyini davam etdirir ki, bunu faktiki olaraq Ukraynanın kapitulyasiyası tələbi adlandırmaq olar. Ukrayna isə buna heç vaxt razılaşmayacaq".
"Reallığa açıq gözlə baxmaq lazımdır. Rusiya dörd illik genişmiqyaslı işğal dövründə iqtisadi baxımdan zəifləyib, son dərəcə ağır itkilər verib və buna baxmayaraq, cəbhədə ciddi uğurlar əldə edə bilməyib. Bəli, onlar hər gün meşə zolaqları, əkin sahələri boyunca irəliləyir, tamamilə dağıdılmış, artıq uzun müddətdir ki, heç kimin yaşamadığı 10-15 evdən ibarət kəndləri ələ keçirirlər və faktiki olaraq xarabalıqlar üzərindən irəliləyirlər. Lakin bunu edərkən itkiləri də böyükdür. Müqayisə etsək, hətta İkinci Dünya müharibəsi dövründə sovet ordusunun nasist Almaniyasına qarşı verdiyi itkiləri belə üstələyir.
Əgər Rusiya eyni temp və üsulla döyüş əməliyyatlarını davam etdirsə, onun tükənməsi və daha da ağır nəticələr verməsi qaçılmaz olacaq. Bu səbəbdən də Ukrayna hazırda Rusiyanın tam zəiflədiyi və tükəndiyi anı gözləyir ki, öz ərazilərini geri qaytarsın. Bu, kifayət qədər sadə strategiyadır. Əgər Rusiya indiki mərhələdə kompromislərə hazır olsa, Ukrayna onları nəzərdən keçirməyə hazırdır. Lakin mövcud vəziyyət onu göstərir ki, Rusiya buna hazır deyil", - deyə analitik vurğulayıb.
Müsahibimiz hesab edir ki, Əbu-Dabidəki danışıqlar konstruktiv qərar və addımlar olmadan davam edəcək:
"Yəni bu, danışıqlar naminə aparılan danışıqlardır. Tərəflər kompromisə hazır deyillər".
Türkiyəli siyasi şərhçi İsmail Cingöz isə Oxu.Az-a bildirib ki, Rusiya-Ukrayna müharibəsində Amerika Birləşmiş Ştatlarının Ukraynaya verdiyi dəstəyin azaldılması gündəmdədir:
"Avropa ölkələrinin Ukraynaya göstərdiyi dəstəkdə də ciddi boşluqlar müşahidə olunur. Avropa dövlətləri, bir tərəfdən, Ukraynanın müharibəni davam etdirməsini istəsələr də, digər tərəfdən, maddi və hərbi yardımlarını minimum səviyyəyə endiriblər. Bu vəziyyət isə Ukrayna qarşısında Rusiyanın üstün mövqe qazanmasına gətirib çıxarıb".
"Mövcud şəraitdə Rusiya işğal altında saxladığı Ukrayna ərazilərinin öz nəzarətində qalmasını ilkin şərt kimi irəli sürür, həmçinin Krımın ilhaqının Ukrayna tərəfindən tanınmasını tələb edir. ABŞ tərəfindən yetərli dəstək olmadığı təqdirdə Ukraynanın bu müharibəni uzun müddət davam etdirmək imkanları xeyli məhdudlaşır. Avropa ölkələrinin də öz daxili problemləri səbəbi ilə dəstəyi zəifləyib. Belə bir durumda Prezident Volodimir Zelenski ərazi itkilərini qəbul etməyəcəyini bəyan etsə də, bu mövqe onun üçün demək olar ki, mümkünsüz görünür. Əgər Zelenski ərazi itkilərini qəbul etməzsə, hər hansı bir sülh razılaşmasının əldə olunması çətinləşəcək. Rusiya isə böyük ehtimalla işğal etdiyi ərazilərin əhəmiyyətli bir hissəsinin özündə qalması şərti ilə razılaşmaya yaxınlaşacaq. Bu baxımdan, əgər Zelenski ərazi itkiləri ilə razılaşmaqdan imtina edərsə, onun yerinə belə bir razılaşmanı qəbul edəcək yeni liderin hakimiyyətə gətirilməsi yollarının axtarılması ehtimalı gündəmə gələ bilər", - Cingöz vurğulayıb.
O, Zelenskinin müxtəlif üsullarla, məsələn, siyasi təzyiqlər, legitimlik mübahisələri və ya digər mexanizmlər vasitəsilə vəzifədən uzaqlaşdırılması və onun yerinə ərazi itkilərini qəbul edəcək bir rəhbərliyin formalaşdırılması ssenarisindən də danışıb:
"Zelenski artıq Rusiya tərəfindən legitim lider kimi qəbul edilmir. Müharibə səbəbi ilə seçkilərin təxirə salınması isə onun legitimliyi ətrafında müzakirələri daha da gücləndirib. Ukraynada seçkilərin keçirilməsi yolu ilə Zelenskinin əvəzlənməsi, yaxud ölkədəki korrupsiya iddiaları bəhanə edilərək hökumətin istefaya məcbur edilməsi ehtimalları da istisna olunmur. Həmçinin Zelenskiyə qarşı daxili siyasi proseslər nəticəsində hakimiyyətdən uzaqlaşdırılma ssenariləri də gündəmə gələ bilər. Nəticə etibarilə, mövcud şərtlər daxilində Ukraynanın ABŞ və Avropanın yetərli dəstəyi olmadan bu müharibəni uzun müddət davam etdirmək imkan və qabiliyyətləri hər keçən gün azalır, buna paralel olaraq isə Rusiyanın mövqeləri güclənir".
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 26 Yanvar 2026 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















