“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Prezident İlham Əliyevin avqustun 21-də Kəlbəcərə növbəti səfərindən sonra bu dağlar diyarının tərifi dillərdən düşmür. Hamı və hər kəs bir daha gördü ki, artıq bu cənnətməkan yer təkcə Azərbaycanın və Qafqazın coğrafiyasında yox, dünya miqyasında unikal inkişaf məkanına çevrilir. Həmin gün 27 ildən çox yurd həsrəti çəkmiş ulu diyarın övladları, nəhayət, ata-baba ocaqlarına qayıdaraq, orada həyatın yeni nəfəsini hiss etdilər. Prezident İlham Əliyev onlarla görüşündə “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!” – deyərək, tarixi gün – Böyük Qayıdış münasibətilə təbriklərini çatdırdı.
Həmsöhbətimz əslən bu diyardan olan, gənclik illərindən rayonun idarəetmə orqanlarında fəaliyyət göstərmiş, sonra isə uzun illərdən bəri Nazirlər Kabineti Aparatının məsul vəzifələrdə çalışan, qaçqınların və məcburi köçkünlərin məsələləri üzrə məsul şəxs olan Qurban Sadıqovdur. O vaxt işi ilə əlaqədar Kəlbəcərin bütün ərazisini, dağları, yaylaqları addım-addım gəzib, hər kənddə insanlarla yaxın ünsiyyət qurub, hər kəsin qayğısını özününkü bilib. Xeyli müddət bir yerdə çalışdığı yazıçı-publisist, fəlsəfə doktoru Akif Əli demişkən, dağları qədər vüqarlı insanların yaşadığı Kəlbəcərin füsunkar təbiəti də gənc kadrın əsl yurdsevər bir vətəndaş kimi formalaşmasına mühüm vəsilə olub. El-obanın səmimiyyəti, saflığı onun da canına-qanına hopub. Amma 1993-cü il aprelin 2-də hərbi təcavüzə məruz qalan səfalı Kəlbəcər oda bələnib işğal olununca, Murovun sərt aşırımlarına üz tutan el-obanın əzablı günlərində Qurbangilin ailəsi də isti ocağını tərk etməli olub. O özü həmin ilin iyulundan Bakıda, Azərbaycan Respublikası Nazirlər Kabinetində Qaçqınların və məcburi köçkünlərin işləri üzrə şöbədə sıravi referent kimi fəaliyyətə başlayıb və dövlət qulluğunda pillə-pillə irəliləyib.
Ən çətin günlərdə belə ruhdan düşməyən Qurban müəllim dəfələrlə “Biz o yerlərə mütləq qayıdacağıq” – deyən ulu öndər Heydər Əliyevə, dahi şəxsiyyətin layiqli varisi Prezident İlham Əliyevə öz varlığı qədər inanıb. Bu iqtidarın Qarabağda, gözəlliklər diyarı Kəlbəcərdə də möcüzə yaradaraq torpağı azad edəcəyinə, həyatı dirçəldəcəyinə inamı sarsılmaz olub. Nəhayət, bu inam özünü doğrultdu, dağlar diyarının ən uca zirvələrində Azərbaycan bayrağı dalğalanmağa başladı. İndi artıq o ulu yerlərə də köç başlayıb.
Qurban Sadıqovla söhbətimiz azad olunduqdan sonra sürətlə dirçəldilən, cənnətə çevrilən Kəlbəcərin bugünkü növrağı barədədir.
– AXC–Müsavat cütlüyü hakimiyyəti zəbt edən vaxt ölkə rəhbərliyində gedən daxili çəkişmələr, qətiyyətsizlik, təcrübəsizliklə bağlı təbəddülatlar səbəbindən Kəlbəcər kimi məğrur qala əldən getmişdi. Amma bir neçə ay sonra ulu öndərin hakimiyyətə gəlməsi sönməkdə olan ümidi inama, kövrək inamı məqsədə, hədəf amalına çevirdi. Düz 27 il “Kəlbəcərə qayıdacağıq” dedik, buna günbəgün daha ürəkdən inandıq və nəhayət, 44 günlük Zəfər Yürüşü zamanı düşmənə sərt, barışmaz üzümüzü göstərməyimiz hesabına Laçın və Ağdam kimi, Kəlbəcər də bir güllə belə atılmadan geri alındı, – deyə Qurban müəllim söhbətə başladı. – Bu gün artıq həmyerlilərimin bir qismi Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində tikilmiş fərdi və çoxmərtəbəli evlərə köçüb. Qətiyyətlə deyirəm: əlçatmaz zirvələri qəhrəmancasına fəth etməyimizin kökündə 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli liderin siyasi hakimiyyətə qayıtması, 1994-cü ildə Qarabağ münaqişəsində atəşkəsə və karbohidrogen ehtiyatları üzrə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması, sonrakı dövrlərdə iqtisadiyyatımızın və hərbi gücümüzün artırması, eyni zamanda xalqımızın işğala məruz qalmış tarixi torpaqlarımızın azadlığı naminə hər cür fədakarlığa hazırlıq əzmi, qələbəyə möhkəm inamı durur. Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi, möhtərəm Ali Baş Komandanımız İlham Əliyevin siyasi qətiyyəti, sərkərdəlik bacarığı, dövlət–xalq–ordu birliyinin sarsılmazlığı, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması haqq işimizin böyük qalibiyyətlə başa çatmasını təmin edib.
– Sakinlərlə görüşündə cənab İlham Əliyev bu nüansa bir daha toxundu...
– Doğrudur. Orada dövlət başçısının dediklərinin bir qismini olduğu kimi təkrarlamaqdan məmnunluq duyuram. Möhtərəm Prezidentimiz dedi: “Azərbaycan dövləti və Azərbaycan xalqı bir yumruq kimi birləşdi və biz Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdik... Kəlbəcər bir güllə atılmadan azad edildi. Siz kəlbəcərlilər bu bölgənin relyefini, iqlimini çox yaxşı bilirsiniz. Mən də çox yaxşı bilirəm, çünki dəfələrlə burada olmuşam və əvvəlki dövrlərdə buraya Ömər aşırımından keçmişəm. Kəlbəcəri 2020-ci ilin sonunda, – artıq qış başlanmışdı, – hərbi yolla azad etmək böyük itkilərlə nəticələnərdi. Təbii ki, biz azad edəcəkdik. Çünki Ermənistan ordusunu biz o vaxt, demək olar ki, məhv etmişdik. Ancaq onların güclü istehkamları var idi. O vaxt Ağdərə rayonu bizim nəzarətimizdə deyildi. Tək yeganə yol Murov istiqamətindən idi və yenə də deyirəm, biz böyük itkilər verə bilərdik. Ona görə tarix bir daha göstərdi ki, 2020-ci il noyabrın 10-da müharibənin dayandırılması ən düzgün addım idi”. Bax, belə alındı Kəlbəcər.
– Qurban müəllim, doğma yurdda azad nəfəs almaq, qayıdış iftixarını yaşamaq necə bir hissdir?
– Sevinc, qürur dolu kövrək bir hissdir. İlk növbədə, Prezidentimiz İlham Əliyevin tarixi və çoxşaxəli fəaliyyətinin sayəsində bizə bu səadət bəxş olunub. Dövlət başçımızın Kəlbəcərə növbəti səfərində görülən işlərlə tanışlıqlardan, təməlqoymalardan, açılışlardan sonra sakinlərə mənzillərin açarlarını təqdim etməsi, onlara ən səmimi, ən xoş sözlər söyləməsi hər birimizin ürəyini dağa döndərdi. Kəlbəcər azad ediləndən sonra oraya etdiyi ilk qalibiyyət səfərindəcə cənab İlham Əliyev bəyan etmişdi ki, Kəlbəcəri cənnətə çevirəcəyik... Budur, həmin cənnətin qapıları artıq kəlbəcərlilərin üzünə açıldı.
Necə ki, Vətən müharibəsində qazanılan qələbə dünya miqyasında analoqu olmayan möhtəşəm Zəfərdir, eləcə də bu Zəfərin nailiyyətlərinin, bəhrələrinin dünyada bənzəri yoxdur. Bu gün Qarabağı, Şərqi Zəngəzuru başdan yaradan qurucu lider İlham Əliyev Kəlbəcəri də artıq Azərbaycan və Qafqaz timsalında yox, dünya miqyasında unikal inkişaf məkanına çevirir. Rekord müddətdə rahat yolların, uzun-uzun tunellərin çəkilişi, su-elektrik yarımstansiyalarının hər tərəfi nura qərq etməsi, yaşayış komplekslərinin artıq insan nəfəsi ilə isinməsi... bütün bu layihələrin gerçəkləşməsi əsl möcüzələrdir. Təkcə yol, işıq infrastrukturu deyil, eyni zamanda bütün digər sahələrdə böyük işlər görülür. Kəlbəcər şəhərinin Baş planı Prezidentin tapşırığı ilə hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Buna uyğun olaraq işlər davam etdirilir. 1-ci və 2-ci yaşayış komplekslərinin təməlqoymasından sonra orada nələr yaradılmayıb! Avqustun 21-ə təsadüf edən son tarixi səfər zamanı isə artıq 3-cü və 4-cü komplekslərin, şəhər parkının özülləri qoyuldu. Vəng kəndində “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışı reallaşdı. Sakinlərlə heç vaxt unudulmayacaq təsirli bir görüş oldu...
– Sözünüzü balla kəsim, hətta Prezident İlham Əliyev “Balland–Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak etdi.
– Bəli. Arıçılıq Kəlbəcər əhalisinin əsas məşğulluq sahələrindən biri olub və bu peşə nəsildən-nəslə ötürülərək bu günə qədər qorunub saxlanılıb. Vətən müharibəsindən sonra bu sahə üzrə ixtisaslaşan kəlbəcərlilər doğma torpağa qayıdaraq ailə təsərrüfatlarını yenidən qurublar. Onların istehsal etdiyi bal Kəlbəcərin ən ucqar və səfalı yaylaqlarında bitən çiçəklərdən toplanır. Rayonun dağlıq relyefi, nadir və çoxçeşidli florası, yüksək dağ çaylarının ətrafındakı əlverişli mikroiqlim burada istehsal olunan balın həm dad, həm keyfiyyət, həm də müalicəvi xüsusiyyətlərinə müsbət təsir göstərən əsas amillərdir. Ötən dəfə arıçılarla görüşündə cənab İlham Əliyevin zarafatla “Bu arılar bizə dəyməz” deməsinin necə xoş ovqat yaratması da yadımızdadır. Gələcəkdə Kəlbəcər arıçılıq məhsullarının “Made in Azerbaijan” brendi ilə dünya bazarlarına çıxarılması və onlayn satış platformasının yaradılması planlaşdırılır. Bu kimi layihələr təkcə arıçılığın inkişafı baxımından deyil, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi dirçəlişin təmin olunması, ekoloji cəhətdən təmiz məhsulların istehsalı və regionun kənd təsərrüfatı potensialının gücləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir.
– Artıq “İstisu” geniş coğrafiyada mağazalarda satılır...
– Elədir. Sizə deyim ki, Kəlbəcərdə 3 mindən çox mineral bulaq var. “İstisu” onlardan yalnız biridir. 2022-ci ilin yayında Prezident İlham Əliyev “İstisu” mineral su zavodunun təməlini qoyub, “İstisu”ya öz əvvəlki şöhrətini qaytarmağı qarşıda duran vəzifələrdən biri kimi xarakterizə edib. Ötən il artıq bu zavodun açılışı oldu. İndi bu məşhur su Azərbaycanla bərabər, xarici bazarda – Gürcüstanda və başqa yerlərdə də satılır.
Onu da qeyd edim ki, öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, “İstisu” dünyada məşhur olan Karlovı Varı bulaqlarının (Çexiya) eynidir, lakin bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir. 34 hektar ərazidə salınan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfəri qəbul etmək imkanına malik olacaq. Burada sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, müasir kotteclər də tikiləcək. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və şəfa mənbəyinin əvvəlki şöhrəti özünə qaytarılacaq.
Təsdiqlənmiş müfəssəl Baş plana əsasən, Kəlbəcərin özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələrinin tətbiqi nəzərdə tutulub və həllini tapır. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunur. Məktəb, xəstəxana, sosial obyektlər də öz yerində. Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisinin 237 hektara, əhalisinin sayı isə təxminən 17 min nəfərə çatacaq. Ümumilikdə isə rayon əhalisi təxminən 95300 nəfər təşkil edir, sakinlərin 1 şəhər, 1 qəsəbə və 56 kənddə yerləşdiriləcəyi planlaşdırılır. Yəni əvvəlki 124 kənd yeni 56 kənd miqyasında birləşdiriləcək və ilk növbədə 13 yaşayış məntəqəsi bərpa olunacaq.
Kəlbəcər şəhəri Gəncə və Laçın arasında yerləşən regional məkan kimi nəzərdə tutulub və gələcəkdə şəhər növbəti urbanizasiya mərkəzinə çevriləcək. Kəlbəcər şəhərinə nəqliyyat xətlərinin, dəmir yolunun çəkilməsi, həmçinin “yaşıl enerji” və “ağıllı şəhər” konsepsiyalarından istifadə olunması gündəmdədir.
Bildiyimiz kimi, bu səfər zamanı cənab İlham Əliyev Kəlbəcər şəhər parkının da təməlini qoydu. Baş plana uyğun olaraq layihələndirilən yeni park kompleksi təxminən 11 hektar ərazini əhatə edəcək. Bu sahənin təxminən 9 hektarında yaşıllıqlar salınacaq. Parkda rayonun ictimai və mədəni həyatında baş verən tədbirlərin təşkili üçün xüsusi zonalar, idman və sağlamlıq guşələri, həmçinin uşaqlar üçün əyləncə və ekstremal macəra sahələri yaradılacaq. Prezidentin 3 il əvvəl təməlini qoyduğu Kəlbəcər Zəfər və İşğal muzeyləri də şəhərin mərkəzində qərar tutacaq. Bu muzeylər 27 illik işğal zamanı mənfur düşmənin törətdiyi vandallıqları, eyni zamanda torpaqlarımızı azadlığına qovuşduran qəhrəman ordumuzun şücaətini özündə əks etdirəcək. Dağlarla əhatələnmiş Kəlbəcər şəhərində inşa olunacaq yeni istirahət mərkəzi bölgənin gözəlliyinə yeni rəng qatacaq və turizm potensialını daha da gücləndirəcək.
Kəlbəcərdə doğulan, illərlə burada yaşayan və məcburi köçkün düşmüş biri kimi hər zaman deyirəm ki, hətta bu rayonda 70 il ərzində sovet dövründə görülməyən mühüm işləri belə çox qısa müddətdə Azərbaycan Prezidenti sürətlə gerçəkləşdirir. Məsələn, ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq, Murovdağ silsiləsinin altından 12 kilometrə yaxın tunel tikintisinin həyata keçirilməsinin özü möhtəşəm və möcüzəvi işdir. Belə tunelin çəkilməsi hələ sovet dövründən kəlbəcərlilərin böyük arzusu idi, təəssüf ki, ona çatmadıq. Amma bu möcüzəyə bənzər möhtəşəm layihəni indi İlham Əliyev çox sürətlə reallaşdırır və tezliklə əhalimiz yay, qış demədən rayona bu yollarla rahat şəkildə gəlib-gedə biləcək...
Fərəhli və qürurverici haldır ki, torpaqlarımız işğaldan azad ediləndən sonra Şərqi Zəngəzuru və Qarabağı böyük quruculuq meydanına çevirən Prezident İlham Əliyev bu ərazilərdə görülən bütün işləri şəxsi nəzarəti altında saxlayır. Mütəmadi olaraq, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə həmin bölgələrə səfər edən dövlət başçımız yeni layihələrin təməlini qoyur, gerçəkləşdirilən işlərin gedişatı ilə yerindəcə tanış olur.
Onu da deyim ki, yaylaqlar diyarı Kəlbəcərdə aqrar sektorun da ilkin nümunələri uğurla realizə olunur. Dörd ildən bəridir ki, arıçılıq təsərrüfatları ilə bərabər, heyvandarlıq da inkişaf etdirilir. Sovet vaxtında da 30-dan çox ətraf rayonda fəaliyyət göstərən aqrar sahə adamları Kəlbəcər yaylaqlarına qalxmağa üstünlük verirdilər. Çünki son dərəcə zəngin bitki örtüyünə, yem ehtiyatına malik olub…
– Sizin də, mənim də dostumuz olmuş sevimli şairimiz, söz sərrafı Məmməd Aslan yurd itkisi ağrısının təsiri ilə belə misralar yazmışdı:
O Kəlbəcər qayıtmaz,
Qayıtsa yüz Kəlbəcər.
– Oxumuşdum. Rəhmətlik o misraları Kəlbəcər işğal edilən zaman yazıb. Təbii ki, ustad “O Kəlbəcər” deyəndə fiziki Kəlbəcəri yox, mənəvi Kəlbəcəri nəzərdə tuturdu. O Kəlbəcər də əksər ştrixləri ilə qaytarılacaq. “Böyük Qayıdış” Konsepsiyasının növbəti mərhələlərində adət-ənənələr, tarixi vərdişli yaşayış tərzi, ilkinlik rəmzləri də qayıdacaq. Çünki Kəlbəcər dəyərlərini varlığında daşıyan ağsaqqallarımız, ziyalılarımız hələ çoxdur. Şükürlər olsun ki, Kəlbəcəri görməsələr də, Kəlbəcər dəyərləri və əxlaqı qanına, ruhuna hopmuş çoxsaylı gənclərimiz də var. Deməli, Məmməd Aslanın dediyi Kəlbəcər bərpa ediləcək. Heyf ki, işğal dövründə Kəlbəcər həsrətli ziyalılarımız arasında da itkilərimiz olub. Xatırlatdığınız Məmməd Aslan, Bəhmən Vətənoğlu, Sücaət, Qəmkeş Allahverdi, Şamil Dəlidağlı və onlarla digər dəyərlilərimiz Kəlbəcər həsrəti ilə dünyadan köç etdilər. Amma tam əminəm ki, bu gün onların ruhu şaddır.
Yeri gəlmişkən, şairlərimizin nikbin ovqatlı şeirləri də çox olub. Məsələn, elə o günü Kəlbəcərdə Prezidentin yeni mənzillərin açarlarını təqdim etdiyi sakinlərdən birinin də xatırlatdığı kimi, Sücaət yazırdı:
Sücaət, neyləyək, baxt belə baxtdır,
Darıxma, hər şeyi həll edən vaxtdır.
Bir gün gülə-gülə qayıdacaqdır
Ağlaya-ağlaya köçən Kəlbəcər.
Beləcə, tezliklə arzular, necə deyərlər, çin oldu. Özü də, Qarabağ və Şərqi Zəngəzur bütünlüklə azad edildi. Bilirsiniz ki, bəzi siyasi dairələr, xüsusilə də ATƏT-in Minsk qrupunun münaqişə bölgəsinə tez-tez “turist səfərləri”nə gələn, əməli bir iş görməyən, amma işğalçı ermənilərin nəfinə məntiqsiz, mənasız təkliflər irəli sürən üzvləri “hissə-hissə alver” söhbətləri aparırdılar. Vasitəçilər tərəfindən bizə müxtəlif variantlar təklif edilirdi. Amma həm ulu öndər, həm də Prezidentimiz heç vaxt buna getmədən, torpaqlarımızın yalnız bütövlüklə azad olunması tələbini qoyurdular və son nəticədə də biz məsələnin məhz bu cür həllinə nail olduq.
– Kəlbəcərin turizm imkanları da çox böyükdür…
– Əlbəttə. Azərbaycanın ən füsunkar təbiətə malik guşələrindən birinin mərkəzinin bayaq qeyd etdiyimiz Baş planında bu amil nəzərdən qaçırılmayıb. Layihəyə əsasən, parkların ərazisində yerüstü avtomobil dayanacağı, relsli xizək yolu, restoranlar, kafelər, amfiteatr və digər zəruri infrastruktur obyektlərinin inşası nəzərdə tutulur. Bir sözlə, burada həm şəhər sakinlərinin, həm də qonaqların asudə vaxtlarını mənalı və rahat keçirmələri üçün hərtərəfli şərait təmin olunacaq. Gəlirli sahə olan turizm xeyli genişlənəcək.
Cənnətməkan rayon ərazisi 30 mindən çox bulağı, 4 mindən artıq müxtəlif növ bitkisi, sahəsi 30 min hektardan çox meşələri, 4 min metrə qədər yüksəkliyi olan zirvələri, ucsuz-bucaqsız çəmənlikləri ilə təkrarolunmaz təbiət incisidir. Bütün bu sadalanan zənginliklər Kəlbəcəri turizmin ən cazibədar ünvanına çevirməyə imkan verir. Əminəm ki, Kəlbəcər unikal və fasiləsiz turizm imkanları baxımından da ölkədə əsas investisiya mərkəzlərindən biri olacaq. Xüsusilə sağlamlıqla yanaşı, turizmin bütün növləri üçün əvəzolunmaz mühitə malik olan Kəlbəcər hündür dağlıq əraziləri və digər heyrətamiz təbii zənginliyi ilə təbiət qoynunda dincəlməyi sevən turistlər üçün böyük potensiala malikdir. “Burada olan təbii gözəllik heç bir yerdə yoxdur” söyləyən cənab Prezident də əmin olduğunu bildirib ki, bu zəngin bölgə həm də ən böyük turizm zonası olacaq.
Vaxtilə Kəlbəcərin öz azadlığına qovuşacağına, kəlbəcərlilərin öz yerlərinə, yurdlarına qayıdacaqlarına qəti əminliyini bildirən Ulu öndərin fikirləri artıq aşkar gerçəkliyə dönüb. Biz möhtərəm Prezidentimizin, Ali Baş Komandanımızın rəhbərliyi ilə o xoşbəxtliyə yetişmişik və gedişat da göstərir ki, Kəlbəcərə rayon əhalisinin köç karvanlarının axını daha intensiv olacaq.
Hazırladı:
Əli NƏCƏFXANLI
XQ

