Qaynar bulaqlı, qızıl taclı Kəlbəcərim!
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mən Kəlbəcəri görməmişəm. Amma onu hiss etmişəm. Mən kəlbəcərli deyiləm, lakin işğal illərində Kəlbəcər üçün yanıb-qovrulanlardanam. Mən Kəlbəcəri Məmməd Aslanın Kəlbəcər sevgisindən duyğulanaraq sevdim. Düz 27 il Kəlbəcər dedikdə bir qaya üstündə oturaraq dalğın və nisgilli baxışları ilə işğal altında olan Kəlbəcər dağlarını seyr edərək için-için yanan Məmməd Aslan, bir də bir körpəsini kürəyinə sarıyan, ayağıyalın, başıaçıq, canını götürüb qaçan Kəlbəcər qaçqını analar gəlirdi gözlərim önünə.
Məmməd Aslan 20 Yanvara həsr etdiyi “Ağla, qərənfil, ağla” şeirini yazanda bizi gözləyən faciələrdən hələ xəbərsiz idi. Xəbərsiz idi, lakin şair qəlbi artıq necə bir faciələr yaşayacağımızı hiss edirdi.
Vətəndə vətənsiz qalmaq özgə bir dərddir. Haqlı olduğun halda haqsız duruma düşmək, bütün dünyanın səni bu haqsızlıqla barışmağa məcbur etməsi, başda oturanların milli mənlikdən uzaq olması, hələ saymadığım bu kimi onlarla səbəb üzündən ötən əsrin 90-cı illərində nəinki Qarabağ, Qarabağa daxil olmayan bir çox yaşayış yerlərimiz, o cümlədən Kəlbəcər işğal olundu.
Rusiya mənbələrinə görə, Ermənistanda yerləşdirilən 128-ci alayın (7-ci Rusiya ordusu) dağ qoşunları Kəlbəcəri ildırımsürətli əməliyyat ilə işğal etdi. Dörd istiqamətdə hücum edən erməni qüvvələri Kəlbəcər döyüşündə 1900 kvadratkilometrdən çox ərazini ələ keçirdi. Bununla da Ermənistan Dağlıq Qarabağa yardım göndərmək üçün ikinci “dəhliz” açdı. İşğal zamanı Ermənistan silahlı qüvvələri tərəfindən 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 53 mindən artıq insan öz dədə-baba torpaqlarından qovulub.
İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib. Bunları nəinki yazmaq, düşünmək belə ağır idi, müzəffər ordumuz 2020-ci ilin noyabrında Kəlbəcərdə Azərbaycan bayrağını dalğalandırana kimi. Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr 2020-ci il Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli Bəyanatda Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Ağdam və Laçın rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etmələri öz əksini tapdı. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciət etdi.
Yenə çiçək fəslidir...
O gün Murova azadlıq günəşi doğdu, Azərbaycanın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqın kimi məskunlaşan kəlbəcərlilər bu günəşin istisinə sığınmağa can atdılar, ekran qarşısında doğma Kəlbəcəri tərk edən düşmən eşelonunu təkcə kəlbəcərlilər deyil, bütün Azərbaycan xalqı sevinc göz yaşları ilə izlədilər. Kəlbəcər dağlarının ən hündür zirvələri – Camışdağ (3724 m) və Dəlidağ da (3616 m) bu günəşin zərrin şəfəqlərinə büründü.
Sanki, bir möcüzə baş vermişdi. Kəlbəcəri tərk edən ermənilər rüsvayçı hərəkətləri və barbar davranışları ilə diqqəti cəlb etdilər. Ermənilər evlərə, digər tikililərə od vurur, elektrik yarımstansiyalarını, restoranları, bir sözlə, yararlı nə varsa hamısını talayıb dağıdır, evlərə, bağlara od vurub yandırır, öz vəhşi, dağıdıcı xislətlərini nümayiş etdirirdilər. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Ermənistan tərəfi törətdiyi bütün cinayətlərə görə mütləq cavab verəcəkdir.
Ana torpaq rahat nəfəs aldı, dağların əzəməti, qüruru yerinə qayıtdı, işğalçının izini təmizləmək, torpağa məlhəm olmaq üçün ağappaq-bəmbəyaz qar yağdı, Murov öz sərtliyini gizlətdi, Tərtər çayı çağlayıb-daşdı. Üzü qışa doğru olduğu üçün quşlar göydə qıy vuraraq qanad çalmağı yaza qədər gözləməli oldu. Altı da, üstü də sərvət olan Kəlbəcər, o dağlar gözəlinin çəmənləri, yaylaları gül bitirdi, bənövşə ətrinə büründü. Bu bənövşəni mərhum şair Məmməd Aslan çox axtarmışdı, lakin bənzərini tapmamışdı. Çünki şair tapdığı bənövşələrdə Kəlbəcər dağlarının ətrini duya bilməmişdi.
İnsan torpağı gözəlliyinə görə deyil, məhz Vətən olduğuna görə sevir. Kəlbəcər həm qeyri-adi relyefə, həm də sərvətlərə və gözəlliyə malikdir. Buranın ən qədim insan məskəni olmasını arxeoloqlar çoxdan təsdiq ediblər. 1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilib. Bura ilk insan məskəni olub. Kəlbəcərin dağ-çəmən və qonur dağ-meşə torpaqları bura gələnləri heyran edir.
Bu gün əgər Fransa kimi bir ölkə bizə qarşı kin qusursa, işğalçını açıq-aşkar müdafiə edərək torpaqlarımızı azad etməyimizlə barışmırsa, bu gözəlliklərdə, bu sərvətdə ağzının dadı qalmasındadır. Kəlbəcərdə isə şair demişkən, “Yenə çiçək fəslidir, hava gül nəfəslidir”.
Açılmamış xəzinə
Kəlbəcərin təsviri hər zaman belə olub: “Kəlbəcər başdan-başa açılmamış bir xəzinədir”. Ötən əsrin 70-ci illərində dağların zirvəsində yerləşən Kəlbəcəri müxtəlif bəhanələrlə düzən yerlərə köçürmək istəyiblər. Ulu öndər Heydər Əliyev bu köçürmə planının həyata keçirilməsinə mane olub. Düşmənin hər zaman bu qədim Oğuz yurdu haqqında məkrli planları olub və bu planları yerinə yetirmək üçün zaman-zaman cəhdlər göstərib. Ermənistan 1993-cü ildə işğal nəticəsində buna nail oldu və təbii sərvətlərimizi Fransa şirkətlərinin iştirakı ilə talamağa başladı. Bu talan düz 27 il davam etdi. Obsidian, travertin, mərmər, bazalt, tuf, qabbro, gümüş, xrom, mis, tellur, selen, bir sözlə, Mendeleyev cədvəlinin ən nadir elementləri olan yataqlar rayon ərazisindəki qiymətli yataqların, sadəcə, bir qismidir.
Göyçə silsiləsinin suayrıcında, Misqaynaq dağının yamaclarında yerləşən Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan “Ağduzdağ” və “Tutxun” kimi qızıl yataqları vəhşicəsinə talandı. Bu gün Kəlbəcər torpağı azad nəfəs alır. İstismar nəticəsində çirklənən təbiət tullantılardan təmizlənir. Bu yataqlardan istifadə olunacaq, lakin təbiətin qorunmasına dair beynəlxalq tələblərə əməl edilərək, gələcək nəsillər nəzərə alınaraq. Bu qiymətli yataqların yerləşdiyi dağ silsilələrinin təbii halı qorunaraq, o gözəlliyə gözəllik qatılaraq, əvəzsiz fauna və floranın qeydinə qalaraq. Çünki bizlər bu yerlərin əzəli və əbədi sahibləriyik.
Qızıllı qayalar, qaynar çeşmələr
Kəlbəcərin qərb hissəsində silsilə dağ yamaclarından təbiətin Kəlbəcərə bəxş etdiyi min bir nemətdən biri – dirilik suyu – İSTİSU axır. Mərhum akademik Mirəli Qaşqay İstisu haqqında demişdi: “...Kəlbəcər rayonundakı İstisu mineral su bulağı təbiətin gözəl hədiyyəsidir. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının eynidir və bəzi xüsusiyyətlərinə görə dünyada yeganədir”.
İstisuyun istiliyi 58,8 0C qədərdir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr su litium, brom, yod, mərgümüş, fosfor, sink, med, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Bu bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. Verilən məlumatlar göstərir ki, İstisu mənbələrindən hər il 3 milyard 963 mln. litr su çıxır.
İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı əmələ gəlmişdir. Bu su hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur. İstisu mineral bulaqları fəaliyyətdə olan 12 bulaqdan ibarətdir.
Mənəvi xəzinə
Saydığım və saymadığım bitib-tükənməyən təbiət gözəllikləri Kəlbəcəri həm də mənəvi bir xəzinəyə çevirmişdi. İnsan bu gözəlliklərin içərisində yaşayaraq necə şair olmaya bilərdi. Aşıq Ələsgər bu dağlarda kamala çatmışdı, Ağdabanlı Aşıq Qurban bu dağlardan ilham almışdı, Aşıq Şəmşir bu dağlarda meydanlar yormuşdu. Məmməd Aslan bu dağların həsrətinə dözə bilmədi. Məmməd Aslan yazırdı: “Qayıtmaz o Kəlbəcər, qayıtsa yüz Kəlbəcər”. Heyif səndən şair, heyif ki, bu günləri görmədin. İgid döyüşçülərimiz sənin arzuladığın “O Kəlbəcəri” qaytardılar.
Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murov dağında inşa olunan 11.6 kilometrlik avtomobil yolu layihəsi çərçivəsində ümumilikdə işlərin 87 faizi icra olunub. Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikilən 3,4 kilometr uzunluğunda tunelin inşası başa çatmaq üzrədir. Bəli, bu dağların bağrı yarılır, oradan tunellər çəkilir, fantastik layihələr həyata keçirilir. Bu yollar rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.
Fikrimi Prezident İlham Əliyevin dediyi sözlərlə tamamlayıram: “Biz buraya qayıtmalı idik və qayıtdıq. Onlar buradan getməli idilər və getdilər. Tarixi ədalət bərpa olundu və biz Kəlbəcərin inkişafı ilə bağlı artıq planlarımızı reallaşdırırıq”.
Elmira MEHDİYEVA
Baxış sayı:18
Bu xəbər 28 Noyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















