Sabiq müşavir: Tarix sübut edir ki, Aİ yə neft və qazı boru kəmərləri ilə ən etibarlı tədarük edən ölkə Azərbaycandır MÜSAHİBƏ
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 14 iyul, Tamilla Məmmədova, AZƏRTAC
AZƏRTAC ADA Universitetinin professoru, İnkişaf və Diplomatiya İnstitutunun Analitika və Siyasi Tədqiqatlar üzrə direktoru, Serbiya Prezidentinin və Xarici İşlər Nazirinin sabiq baş müşaviri (2004–2012), eləcə də BMT Baş Assambleyası prezidentinin sabiq müşaviri (2012–2013) Damyan Krneviçlə müsahibəni təqdim edir.
- Hazırkı geosiyasi şəraitdə Orta Dəhlizin strateji əhəmiyyətini necə qiymətləndirirsiniz? Sizcə, Ukrayna müharibəsinin başlamasından sonra bu marşruta marağın kəskin artmasının səbəbi nədir?
- Orta Dəhlizin strateji əhəmiyyəti bir sıra səbəblərə görə artmaqda davam edir. İcazə verin, əsas üç səbəbi qeyd edim. Birincisi, bu Şərq-Qərb marşrutu hazırda da, xüsusilə infrastruktur, gömrük prosedurları və əlaqədar mexanizmlər optimallaşdırıldıqdan sonra ən sürətli, az xərcli dəhliz olaraq qalır. Həmçinin, Avropa İttifaqının Çinlə bağlı mövqeyi fonunda Orta Dəhliz boyunca mal və xidmətlərə əlavə dəyər yaradılması imkanları getdikcə daha cəlbedici görünür. Eyni zamanda, bu regiondan Türkiyə, Avropa, Çin və Asiyanın digər bölgələrinə neft və qaz ixracının artması enerji təhlükəsizliyi aspektini də önə çıxarır.
İkinci səbəb — geosiyasidir. Ukrayna ətrafındakı münaqişə və ABŞ, İsrail və İran arasındakı gərginliyin yaratdığı qeyri-sabitlik fonunda Orta Dəhliz bu gün Şərqlə Qərbi birləşdirən yeganə sanksiyaya məruz qalmamış və nisbətən təhlükəsiz quru marşrutu olaraq qalır. Şimal dəhlizi — Rusiya üzərindən keçən marşrut — Qərb tərəfindən sanksiyaya məruz qalıb və bu vəziyyətin yaxın gələcəkdə dəyişəcəyi gözlənilmir. Cənub dəhlizi — İran ərazisindən keçən marşrut — bu ölkəyə qarşı tətbiq olunan Qərb sanksiyalarına görə hələ də blokadadadır. Unutmaq olmaz ki, alternativ dəniz yolları da bir sıra “dar boğazlar”a malikdir, onların etibarlılığı daim hərbi və ya siyasi gərginlik təhlükəsi altındadır. Bu cür əsas risk nöqtələrinə Malakka boğazı, Hörmüz boğazı, Qırmızı dənizə giriş olan Bab əl-Məndəb boğazı və Süveyş kanalı daxildir. Məhz bu geosiyasi qeyri-müəyyənlik və təlatüm səbəbindən bütün əsas iqtisadi güclər və birliklər öz marşrutlarını şaxələndirməyə çalışırlar. Təhlükəsizlik, sabitlik, məsafə və maya dəyəri qədər vacib amillərə çevrilib. Və bu meyarlara görə Orta Dəhliz üstünlük təşkil edir. Bu, Orta Dəhlizin dərhal şərq-qərb tranzitinin əsas arteriyasına çevriləcəyi demək deyil, lakin mənim fikrimcə, bu marşrut tədricən digər quru və dəniz yollarından daha çox ticarət və iqtisadi fəaliyyəti özünə cəlb edəcək. Orta Dəhlizin artan strateji əhəmiyyətinin üçüncü səbəbi isə regionun özüdür. Mən bu ərazini İpək Yolu regionu adlandırıram, bəziləri isə TransXəzər regionu deyir, Qərbdə və Rusiyada isə onu hələ də Avrasiya və ya “Avrasiyanın nüvəsi” kimi adlandırırlar.
İpək Yolu regionu ölkələri daxili regional ticarətin nəzərəçarpacaq artımını təmin edir. Ötən həftə mənim ADA Universitetindəki İnkişaf və Diplomatiya İnstitutum Qazaxıstanın Astana Beynəlxalq Maliyyə Mərkəzi ilə birlikdə bir hesabat dərc etdi. Mən bu sənədin həmmüəllifiyəm və hesabatın adı belədir: “Qazaxıstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi: İpək Yolu regionunda əsas tərəfdaşlığa əsaslanaraq”. Bu sənəd həmin həyati əhəmiyyətli mövzunun yalnız bir aspektinə həsr olunub. Bu yanaşmanın arxasında İpək Yolu regionuna daxil olan bütün ölkələrin — ilk növbədə üç əsas və ya “mərkəzdə cəmləşmiş dövlətin” — Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın hərtərəfli əməkdaşlığı inkişaf etdirmək üçün qəbul etdiyi strateji qərar dayanır. Bu xətti adıçəkilən ölkələrin prezidentləri — İlham Əliyev, Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyev irəli aparırlar. Bu strateji qərar daha geniş bir prosesin tərkib hissəsidir. Adıçəkilən üç əsas dövlət İpək Yolu regionunun daha çox böyük güclərin geosiyasi rəqabətinin obyekti olaraq qalmasını istəmir. Onlar bir neçə əsrdən sonra ilk dəfə bu regionu beynəlxalq nizamın müstəqil subyektinə çevirmək üçün real imkan görürlər. Yəni, xarici tərəfdaşlar investisiya qoya və əməkdaşlıq edə bilərlər, lakin daxili işlərə qarışmamalı, öz gündəmlərini, qaydalarını, standartlarını və özlərinin “dəyərlər” adlandırdıqları anlayışları bu regiona zorla tətbiq etməməlidirlər.
- Çinin Orta Dəhlizə olan marağını necə qiymətləndirirsiniz? Bu dəhliz Pekin üçün Rusiya üzərindən keçən marşrutlara tamhüquqlu alternativ sayılırmı?
- Unutmaq olmaz ki, Çin Sədri Si Cinpin bu gün “Bir kəmər, bir yol” adlandırılan təşəbbüsü ilk dəfə məhz qonşu Qazaxıstanda — yəni İpək Yolu regionunun tam mərkəzində təqdim etmişdi. Hələ işin əvvəlindən Çin qərbə doğru əsas quru marşrutu Orta Dəhlizlə bağlı görürdü. Çin heç bir eksklüzivliyə can atmır, onun geosiyasi və geoiqtisadi strategiyası — istər bu regionda, istərsə də başqa coğrafiyalarda — nüfuz dairələri konsepsiyasına əsaslanmır. Bağlantı məsələsinə gəldikdə isə, Çin strateji şaxələndirməyə üstünlük verir. Alternativ marşrutlara — seçim imkanına ehtiyac duyur. Məhz buna görə də Orta Dəhliz heç vaxt Rusiya üzərindən keçən marşrutları tam şəkildə əvəz edə bilməz, xüsusən də ona görə ki, Rusiya Çinin vacib bazarlarından biridir. Lakin İpək Yolu regionuna, Türkiyəyə, Qərbi Balkanlara və ya Avropa İttifaqına yönələn Çin malları, xidmətləri üçün Orta Dəhlizin cəlbediciliyi getdikcə artacaq.
İpək Yolu regionuna daxil olan heç bir ciddi dövlət Çinin Orta Dəhlizə artan marağını strateji təhdid kimi qiymətləndirmir. Təbii ki, müəyyən narahatlıqlar mövcuddur — lakin bu, hər zaman belə olur, xüsusən də hansısa böyük xarici güc və ya ittifaq dünyada hansısa ölkəyə genişmiqyaslı investisiya yatırmağa çalışırsa. Sadəcə olaraq, Qərb tərəfdaşlarımızın — o cümlədən onların nəzarətində olan maliyyə institutlarının — yardım və investisiyalarına tez-tez müşayiət olunan qeyri-iqtisadi şərtləri xatırlamaq kifayətdir.
Avropa İttifaqına gəldikdə isə, burada Çinin xarici işlər naziri Van İnin 2025-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında səsləndirdiyi mühüm bir ifadəyə diqqət yetirmək lazımdır. O, “Bir kəmər, bir yol” təşəbbüsünün yüksək keyfiyyətli əməkdaşlığını Aİ-nin “Global Gateway” strategiyası ilə sinxronlaşdırmağı açıq şəkildə təklif etdi. İpək Yolu regionu ölkələri üçün bu, olduqca müsbət bir addım olardı. Təbii ki, bu mərhələdə əsas sual ondan ibarətdir ki, Brüssel Pekinin təklif etdiyi bu strateji fürsətdən istifadə etmək istəyəcəkmi? Avropa İttifaqının strateji muxtariyyətə nail olmaq vizyonu onun Çinlə münasibətləri necə quracağından asılı olacaq.
- Bu marşrut çərçivəsində enerji komponenti (neft, qaz, hidrogen) nə dərəcədə əhəmiyyətlidir? Sizin fikrinizcə, növbəti 5–10 il ərzində bu marşrutun əhəmiyyəti necə dəyişə bilər?
- Enerji komponenti artıq bu gün olduqca mühüm rol oynayır və gələcəkdə daha da əhəmiyyətli olacaq. Cavabıma gəlincə, mən xüsusi olaraq Azərbaycan üzərində dayanmaq istərdim.
2022-ci ildə Avropa Komissiyasının Prezidenti və Azərbaycan Respublikasının Prezidenti qarşılıqlı Anlaşma Memorandumu imzaladılar ki, bu da, əslində, Bakı ilə Brüssel arasında strateji enerji tərəfdaşlığını dərinləşdirdi. Bu, Avropa İttifaqı tərəfindən verilmiş siyasi öhdəlik idi və bu günə qədər o qismən yerinə yetirilib. Bu sənədin iki əsas aspektini xüsusi qeyd etmək istəyirəm.
Birincisi, Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin iki dəfə artırılması öhdəliyidir. Bu, Avropa qitəsinə Rusiya ərazisindən yan keçərək şərqdən qaz nəql edən əsas kəmərdir. Azərbaycanın və onun tərəfdaşlarının mövqeyi ondan ibarətdir ki, bu həyati vacib enerji arteriyasının genişləndirilməsi yalnız iki halda mümkündür: əgər Aİ-dəki istehlakçılar bu layihənin maliyyələşdirilməsində strateji şəkildə iştirak etməyə hazır olsalar və istehlakçılara istehsalçılarla uzunmüddətli müqavilələr bağlamaq imkanı verilsə. Bu gün Avropa Komissiyası məhz bu iki şərtin həyata keçməsini bloklayır. Bu vəziyyət şübhəsiz ki, dəyişməlidir.
Sənədin ikinci mühüm tərəfi isə Azərbaycanın külək və günəş kimi bərpaolunan enerji mənbələri vasitəsilə elektrik enerjisi istehsal edib Avropa İttifaqına ixrac edən böyük istehsalçı və tədarükçüyə çevrilməsi üçün yol açılmasıdır. Memorandumun imzalanmasından sonra iki strateji layihə formalaşmağa başlayıb. Birincisi — Qara dənizin altından keçəcək elektrik kabeli üzrə meqalayihədir. Bu kabel vasitəsilə Azərbaycan və Gürcüstandan Rumıniya və Macarıstana, eləcə də gələcəkdə digər Aİ ölkələrinə elektrik enerjisi ötürüləcək. İkincisi isə — Qazaxıstan və Özbəkistanda yenə də bərpaolunan mənbələrdən istehsal ediləcək elektrik enerjisini birinci layihəyə birləşdirəcək Xəzər dənizi kabeli üzrə meqalayihədir. Bu, İpək Yolu regionunu Avropa ilə daha da sıx birləşdirəcək. Hər iki layihə yaxın bir neçə ildə reallaşdırıla bilər.
Tarix sübut edir ki, Avropa İttifaqı üçün Qərb ölkələri xaricində neft və qazı boru kəmərləri ilə ən etibarlı şəkildə tədarük edən ölkə məhz Azərbaycandır. Əgər Cənub Qaz Dəhlizinin buraxılış gücü ikiqat artırılarsa, Azərbaycan Aİ-nin qaz tələbatının azı 10 faizini təmin edə biləcək. Əgər bura “yaşıl mənbə”lərdən əldə edilən elektrik enerjisi də əlavə olunsa, bu, onilliklərlə davam edə biləcək daha proqnozlaşdırıla bilən, sabit, təhlükəsiz və dostyana strateji enerji tərəfdaşlığına çevriləcək.
Avropa İttifaqının bu unikal təklifdən indiyə qədər tam şəkildə istifadə etməməsi, sözün əsl mənasında, təəccüblüdür. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan Mərkəzi Asiyaya açılan “qapı”dır — Avropadan oraya Azərbaycansız getmək mümkün deyil. Bu baxımdan, ideoloji səbəblərlə tətbiq olunan məhdudiyyətlər olmadan strateji enerji tərəfdaşlığının maneəsiz şəkildə dərinləşməsi və problemsiz işləməsi məhz Avropa İttifaqının maraqlarına cavab verir.
- Siz Azərbaycanı “açar” tranzit dövləti kimi necə qiymətləndirirsiniz? Azərbaycan Avropa və Asiya arasında yerləşən coğrafi mövqeyindən TransXəzər marşrutunun təşviqi üçün nə dərəcədə uğurla istifadə edir?
- Azərbaycan Avropa İttifaqının Mərkəzi Asiyaya çıxışı üçün əsas ölkədir. Prezident İlham Əliyev də bu ilin əvvəlində qeyd etmişdi ki, “Avrasiya nəqliyyat xəritəsini Azərbaycan və onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil”. Mən isə daha da irəli gedərək deyərdim ki, Azərbaycan Aİ-nin Mərkəzi Asiya ilə strateji nəqliyyat bağlılığını reallaşdırmaq üçün əvəzolunmaz ölkədir. Bu yanaşma yalnız Aİ üçün deyil, istənilən digər xarici aktor və ya beynəlxalq birlik üçün də keçərlidir. Sadə dildə desək, Azərbaycan Orta Dəhlizin əvəzolunmaz dövlətidir. İpək Yolu regionunun istər şərqindən, istərsə də qərbindən hərəkətə başlasanız belə Azərbaycandan kənar keçmək mümkün deyil. Məhz buna görə də Azərbaycanın əvəzolunmazlığı ilə bağlı arqument həm Aİ, həm Türkiyə, həm Mərkəzi Asiya ölkələri, həm Çin, həm də digər tərəfdaşlar üçün eyni dərəcədə aktualdır. Eyni zamanda məsələnin başqa bir tərəfi də var. Amerikalılar bir ifadə işlədir - “praym-tayma hazır olmaq”, yəni beynəlxalq səviyyədə liderliyə, böyük rol oynamağa tam hazır olmaq. Həm Bakı Limanı (Ələt), həm də Qazaxıstan tərəfdəki limanlar, məsələn, Aktau imkanların genişləndirilməsi istiqamətində fəal şəkildə işləyir. Azərbaycan, Qazaxıstan və Xəzərin hər iki tərəfində yerləşən digər əsas ölkələr, həmçinin gömrük prosedurlarının harmonizasiyası, dəmir yolu infrastrukturunun genişləndirilməsi, avtomobil yollarının yaxşılaşdırılması və digər sahələrdə sürətli irəliləyiş əldə etməyə çalışırlar. Məqsəd Orta Dəhlizi yaxın illərdə optimallaşdırmaq və onu tam şəkildə “praym-taym” səviyyəsinə çatdırmaqdır. Mənim buna heç bir şübhəm yoxdur. İcazənizlə daha iki mühüm məqama da toxunum.
Birincisi — Bakı Limanının yanında yerləşən Ələt Azad İqtisadi Zonası bənzəri olmayan, həqiqətən unikal potensiala malikdir. Dünyada belə bir məkan demək olar ki, yoxdur. İkincisi — dostlarım Karlos Roa və Çarlz Yokki, həmçinin mənim keçmiş tələbəm İbrahim Məmmədov 2025-ci ilin yazında redaktoru olduğum “Baku Dialogues” jurnalında həqiqətən transformasiyaedici təsirə malik ola biləcək bir təklif irəli sürdülər. Onlar öz məqalələrində çox inandırıcı şəkildə əsaslandırırlar ki, İpək Yolu regionu ölkələri üçün strateji maliyyə aləti rolunu oynayacaq TransXəzər İnkişaf Bankının yaradılması vacibdir. Məhz bu, hal-hazırda çatışmayan bir halqadır və həmin məqalədə bu bankın necə qurula biləcəyi ilə bağlı güclü arqumentlər təqdim olunub.
- Azərbaycanın öz təbii sərvət potensialını regionda texnoloji və innovativ platformaya çevirməsi üçün nə tələb olunur?
- Mən artıq bir vacib məqamı qeyd etmişdim — Ələt Azad İqtisadi Zonasının möhtəşəm strateji potensialından daha dolğun şəkildə istifadə olunması tələb olunur. Bu, Bakı Limanı (Ələt) ilə inteqrasiya tələb edir. Bildiyimə görə, bu istiqamətdə artıq fəal iş aparılır. Mən bir qədər əvvəl TransXəzər İnkişaf Bankının yaradılmasının əhəmiyyətindən danışanda əslində kapitala çıxış imkanlarının yaxşılaşdırılması və ucuzlaşdırılması məsələsini nəzərdə tuturdum. Bu isə ikinci mühüm amildir. Kapitala çıxış daxili mənbələr hesabına təmin edilə bilər və mənim məlumatıma görə, Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə iş aparır.
Bundan əlavə, regional mənbələr də mövcuddur — məsələn, Astana Beynəlxalq Maliyyə Mərkəzi və təklif etdiyim kimi potensial Transxəzər İnkişaf Bankı. Bu bankın yaradılması İpək Yolu regionu ölkələrinin bir-birinin iqtisadiyyatına investisiya yatırmasını daha da asanlaşdıracaq.
Təbii ki, regiondan kənarda — şərqdən, cənubdan və ya qərbdən olan xarici maliyyə mənbələri də var. Bəzi Körfəz ölkələri bu fürsətdən artıq fəal şəkildə yararlanırlar. Türkiyə də eyni yolu tutur. Amma potensial hələ tam istifadə olunmayıb. Çin demək olar ki, bu sahədə daha böyük investor və maliyyə mənbəyinə çevriləcək. Əgər köhnəlmiş təsəvvürlər və qeyri-iqtisadi yanaşmalar aradan qaldırılarsa Amerika və Avropa kapitalları üçün strateji investisiyalarda iştirak etməyə heç bir maneə yoxdur. Bu dəyişməlidir, əks halda Qərb XXI əsrin ən mühüm geoiqtisadi imkanlarından birini qaçıracaq.
Üçüncü vacib amil isə təhsildir. Azərbaycana yüksək səviyyədə ixtisaslı kadrlar lazımdır. Yaxşı xəbər odur ki, bunu hamı anlayır. ADA Universiteti bu istiqamətdə artıq böyük irəliləyişlərə nail olub — ölkədə ən yaxşı İT və mühəndislik, biznes, hüquq, kənd təsərrüfatı və qida elmləri fakültələri bizdədir. Hazırda biz Azərbaycan-İtaliya Universitetini tikirik ki, bu da əmək bazarında tələb olunan bacarıqlarla təchiz olunmuş kadrların hazırlanmasını daha da gücləndirəcək. Ümumilikdə, düşünürəm ki, Azərbaycan İpək Yolu regionunda uğurlu texnoloji və innovativ platformaya çevrilmək yolunda düzgün istiqamətdə irəliləyir.
- Avropa İttifaqının Orta Dəhlizin inkişafına marağı nədən ibarətdir? Aİ bu marşrutu dəstəkləmək üçün hansı addımları atır? Avropa şirkətləri və logistika operatorları nə dərəcədə təchizat marşrutlarını TransXəzər istiqamətində diversifikasiya etməyə hazırdırlar?
- Avropa İttifaqı yüksək maraq göstərdiyini bəyan edir, lakin onun nümayəndələri Orta Dəhlizin inkişafı ilə bağlı Xəzərin qərb sahilində yerləşən üç açar ölkə olan Türkiyə, Gürcüstan və Azərbaycanla strateji dialoqa hələlik başlamayıblar. Ən azından bu ölkələrlə əməkdaşlıq, Aİ-nin “Global Gateway” təşəbbüsü, investisiya forumları və digər platformalar çərçivəsində Mərkəzi Asiya dövlətləri ilə apardığı əməkdaşlıq səviyyəsində olmayıb.
- Avropa İttifaqı ilə Azərbaycan arasında nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi potensialını necə qiymətləndirirsiniz? Orta Dəhliz çərçivəsində Aİ-nin Cənubi Qafqaz, xüsusilə Azərbaycanla daha sıx əməkdaşlıqdan əldə etdiyi siyasi və iqtisadi faydalar nədən ibarətdir?
- Aİ-nin Azərbaycanı və ümumilikdə İpək Yolu regionunu bu ölkələrini özlərinin gördüyü kimi qavraması vacibdir. Brüssel və əsas Aİ üzv dövlətlərinin paytaxtları bu bölgəyə öz ideologiyalarını, normativ çərçivələrini və daxili siyasi üstünlüklərini tətbiq etməyə çalışmamalıdır. İpək Yolu regionundakı heç bir ölkə Avropa deyil. Gürcülər özlərini avropalı sayırlar, lakin Gürcüstan coğrafi baxımdan Avropada yerləşmir. O, Aİ sərhədindən təxminən 1000 kilometr məsafədədir (dənizlə), quru ilə isə daha da uzaqdır. Gürcüstan və Ermənistanın tamhüquqlu Aİ üzvünə çevriləcəyini düşünmək sadəlövhlükdür. Azərbaycana və ya Mərkəzi Asiyaya münasibətdə isə bu cür düşüncə tamamilə absurddur.
Bu barədə danışmağımın səbəbi Aİ-nin qonşu dövlətlərlə danışıqlara çox vaxt texniki baxışla — sanki avtomobilin texniki baxışından keçirilməsi kimi — yanaşmasıdır. Bu yanaşma uzaq ölkələrə qarşı da tətbiq olunur. Avtomobilin qeydiyyatını uzatmaq üçün texniki baxışa gedəndə, mexanikin əlində bir siyahı olur və o, müəyyən testlər keçirir. Orada nə razılaşma, nə güzəşt, nə də qarşı təklif üçün yer olur. Avtomobil ya texniki baxışdan keçir, ya da yox. Danışıqlar olmur. Aİ çox vaxt məhz bu cür davranır. Keçmişdə Brüssel bu yanaşmanı tətbiq edə bilirdi — Qərbi Balkanlarda və bəzi namizəd ölkələrdə bu, hələ də işləyir. Çünki tərəflər düşünür ki, təsir gücü Aİ-nin tərəfindədir. Amma İpək Yolu regionunda bu yanaşma işə yaramayacaq. Aİ-nin Azərbaycan və İpək Yolu regionunun digər ölkələri ilə əməkdaşlığı genişləndirməsi nəticəsində əldə edə biləcəyi siyasi və iqtisadi faydalar son dərəcə yüksəkdir — nəqliyyat, enerji, rəqəmsallaşma və digər qarşılıqlı əlaqə sahələrində. Lakin Aİ hələ də öz düşüncə tərzini dəyişməyə hazır deyil. Brüssel düşünür ki, təsir gücü yalnız onun tərəfindədir. Elə buna görə də biz hələ də “potensialdan” danışırıq, reallaşmış nəticələrdən yox. Amma Aİ həqiqətən geosiyasi oyunçu olmaq istəyirsə, bu düşüncə tərzini dəyişməlidir. Baxın, Aİ-nin qonşu bölgələrdə — Şimali Afrikada, Yaxın Şərqdə, hətta Ukrayna münaqişəsi məsələsində — təsiri nə qədər zəifdir. Bəli, Aİ Ukraynanın hərbi məğlubiyyətinin qarşısını almaqda rol oynayır, amma bundan artığını bacarmayıb. Aİ geosiyasi səhnədə hələ də öz geoiqtisadi çəkisinə uyğun rol oynaya bilmir.
İndi isə gəlin Azərbaycanın və ümumilikdə İpək Yolu regionunun geostrateji mövqeyinə nəzər salaq. Bu region dünyanın iki ən mühüm güc mərkəzinin — Hind-Sakit okeanı və Avro-Atlantik hövzələrinin — kəsişməsində yerləşir. Bu, türkdilli ölkələrin qonşuları ilə təmas nöqtəsi, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının NATO ilə təmas nöqtəsidir. Eyni zamanda, “Bir kəmər, bir yol” təşəbbüsü ilə Orta Dəhlizin birləşdiyi nöqtədir. Beləliklə, İpək Yolu regionunun dünyanın ən strateji qovşaqlarından biri olduğuna, dövlətlər blokları, regional ittifaqlar və sivilizasiya məkanları arasında birləşdirici körpü funksiyası daşıdığına heç bir şübhə yoxdur.
- Sizcə, uzunmüddətli perspektivdə Azərbaycanın Avrasiya nəqliyyat və enerji arxitekturasında rolu necə olacaq? Azərbaycan yalnız tranzit ölkəsi kimi deyil, həm də regional logistika və investisiya mərkəzinə çevrilə bilərmi?
- Bəli, Azərbaycan coğrafi mövqeyinə və bu mövqedən irəli gələn geosiyasi və geoiqtisadi nəticələrə görə unikal imkanlara malikdir. Mən “əvəzolunmaz ölkə” ifadəsini işlədərkən məhz bunu nəzərdə tuturam. Bu üstünlüyü maksimum dərəcədə və Azərbaycanın maraqlarına uyğun şəkildə reallaşdırmaq üçün danışıqlar prosesini düzgün qurmaq vacibdir. Azərbaycanın əldə etdiyi uğurlara — son onilliklərdə imzalanmış razılaşmaların tarixçəsinə — nəzər salsaq, bu vəzifənin öhdəsindən uğurla gələcəyini əminliklə söyləyə bilərik.
- Sizin fikrinizcə, Orta Dəhlizə daxil olan ölkələr, o cümlədən Azərbaycan, bu marşrutu rəqabətqabiliyyətli, təhlükəsiz və dayanıqlı etmək üçün hansı addımları atmalıdır?
- Orta Dəhlizə daxil olan əsas ölkələr bütün texniki məsələləri — gömrük prosedurlarını, logistikanı, multimodal keçidləri — optimallaşdırmalı və artan yük axınını qarşılamaq üçün daha çox infrastruktur qurmalıdırlar. Bütün bu işlər artıq həyata keçirilir və bir çox sahədə ciddi irəliləyiş əldə olunub.


