Sağlam rəqabət bazarda bolluğa və əlçatanlığa təkan verir
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Yeni dövlət sənədi istehlakçıların hüquqlarını da etibarlı qoruyacaq
Prezident İlham Əliyevin 2026-cı il 11 sentyabr tarixli sərəncamı ilə təsdiq etdiyi “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı” qlobal iqtisadi münasibətlərin sürətlə dəyişdiyi bir şəraitdə biznes və investisiya imkanlarının genişləndirilməsi, eləcə də milli iqtisadiyyatın dayanıqlı inkişafının reallaşdırılması prioritetləri nəzərə alınmaqla hazırlanıb.
Milli Fəaliyyət Planı iqtisadiyyatda sağlam rəqabət prinsiplərinin təşviq olunmasına, bazar münasibətlərinin səmərəliliyinin yüksəldilməsinə, eləcə də bu sahədə mövcud qayda-qanunların və təşkilati çərçivənin təkmilləşdirilməsinə yönəldilib. Planda ayrı-ayrı məhsul bazarlarında rəqabət mühitinin öyrənilməsi, tənzimləmə üsullarının təkmilləşdirilməsi və aidiyyəti dölət qurumları arasında səmərəli əlaqələndirmənin təmin edilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib.
Sənədin icrası çərçivəsində sahibkarlığın inkişaf etdirilməsi, bazar iştirakçıları üçün bərabər və əlverişli şəraitin yaradılması, özəl sektorun iqtisadi proseslərdə rolunun artırılması, dövlət – özəl sektor əməkdaşlığının genişləndirilməsi, eləcə də rəqabət sahəsində elmi-analitik bazanın gücləndirilməsi üzrə layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, ölkədə rəqabətli bazar münasibətlərinin diqqətdə saxlanılması, sahibkarlıq və investisiya fəallığının yüksəldilməsi, innovativ biznes təşəbbüslərinin təşviqinə önəm verilməsi, iqtisadi subyektlərin rəqabətqabiliyyətliliyinin artırılması və dayanıqlı iqtisadi artımın dəstəklənməsi qarşıya mühüm vəzifə kimi qoyulub.
Yüksəliş və keyfiyyətin qarantı
Azərbaycanda rəqabət mühitinin davamlı inkişafının gerçəkləşdirilməsi və qorunması iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Ölkə Konstitusiyasının 15-ci maddəsinin ikinci hissəsinə əsasən, respublikada bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına əlverişli şərait yaradılıb, azad sahibkarlığa təminat verilib, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə qarşı mübarizə daim diqqətdə saxlanılıb.
Ölkədə rəqabət siyasətinin hüquqi əsasları müstəqilliyin ilk illərindən etibarən formalaşdırılmağa başlanıb. Bu çərçivədə 1993-cü ildə “Antiinhisar fəaliyyəti haqqında” Qanun qəbul edilib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bazar iqtisadiyyatına keçid, azad sahibkarlığın təşviqi, istehlakçıların mənafelərinin qorunması və bazar münasibətlərinin hüquqi tənzimlənməsi sistemli xarakter alıb, 1995-ci ildə “Haqsız rəqabət haqqında”, 1998-ci ildə isə “Təbii inhisarlar haqqında” qanunlar qəbul olunub.
2003-cü ildən isə rəqabət siyasəti iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafı və investisiya mühitinin yaxşılaşdırılması prioritetlərinə uyğun olaraq yeni mərhələyə keçib. Ölkə Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”, 2021-ci il 2 fevral tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və 2022-ci il 22 iyul tarixli “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” kimi önəmli sənədlər rəqabətqabiliyyətli iqtisadiyyatın, eləcə də əlverişli biznes mühitinin inkişafı üçün strateji çərçivə yaradıb.
Həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində son 20 ildə ümumi daxili məhsul real ifadədə 3,4 dəfə, sənaye istehsalı 3,7 dəfə, əhalinin nominal gəlirləri 10,3 dəfə artıb. Yoxsulluq səviyyəsi 44,7 faizdən 5,3 faizədək azalıb. Ölkənin strateji valyuta ehtiyatları isə hazırda 90 milyard 770 milyon ABŞ dolları səviyyəsinə yüksəlib. Bu nəticələr hesabına makroiqtisadi sabitliyin möhkəmlənməsi, sahibkarlığın inkişaf etməsı və özəl investisiyaların genişlənməsi üçün əlverişli zəmin formalaşıb.
Son illərdə rəqabət siyasətinin hüquqi bazasının müasirləşdirilməsi istiqamətində də mühüm addımlar atılıb. “Dövlət satınalmaları haqqında” 2023-cü il 14 iyul tarixli qanunun qəbulu dövlət vəsaitlərindən səmərəli istifadə olunması, satınalma proseslərinin rəqəmsallaşdırılması, şəffaflığın və sahibkarların iştirak imkanlarının artırılması üçün yeni hüquqi əsas yaradıb. Antiinhisar fəaliyyəti və haqsız rəqabət sahəsində qanunvericilik sistemləşdirilərək və yeni tənzimləmə institutları müəyyənləşdirilərək 2023-cü il 8 dekabr tarixli qanunla Rəqabət Məcəlləsi qəbul edilib. Məcəllə əsasında sağlam rəqabət prinsiplərinin qorunması, müvafiq məhsul bazarlarının müəyyənləşdirilməsi, sazişlərin və iqtisadi təmərküzləşmələrin rəqabətə təsirinin qiymətləndirilməsi, təbii inhisar sahələrinin tənzimlənməsi, eləcə də rəqabət qanunvericiliyinə əməl olunmasına nəzarət üzrə müasir hüquqi çərçivə formalaşdırılıb.
Məcəllənin tətbiqinin təmin edilməsi məqsədilə müvafiq istiqamətlər üzrə normativ-hüquqi baza təkmilləşdirilib. Eyni zamanda, rəqabət siyasətinin əsasları gücləndirilib, bu sahədə dövlət siyasətinin və tənzimləmənin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi, məhsul bazarlarının sistemli təhlilinin aparılması, eləcə də müasir nəzarət vasitələrinin tətbiqi üçün müvafiq idarəetmə çərçivəsi müəyyənləşdirilib.
Hazırda rəqabət siyasətinin inkişafının növbəti mərhələsində rəqabətli neytrallıq prinsiplərinin tətbiqinin genişləndirilməsi, sahibkarların mühüm infrastruktura və resurslara çıxış imkanlarının artırılması, məhsul bazarlarında rəqabət səviyyəsinin müntəzəm qiymətləndirilməsi, dövlət satınalmalarında iştirak dairəsinin genişləndirilməsi, rəqabət mədəniyyətinin təşviqinin diqqətdə saxlanılması, o cümlədən elmi və məlumat əsaslı təhlil imkanlarının gücləndirilməsi prioritet istiqamətlər sırasında yer alır.
Rəqabət güclü olmağa çağırır
Milli Fəaliyyət Planının icrası nəticəsində bir sıra hədəflərə nail olunması nəzərdə tutulur. İlk növbədə, önəmli əhəmiyyət daşıyan məhsul bazarlarında rəqabət mühitinin diaqnostikası əsasında bazar iştirakçılarının fəaliyyət imkanlarının genişləndirilməsi, rəqabət səviyyəsinin yüksəldilməsi və dövlət müəssisələri tərəfindən müxtəlif bazarlarda rəqabət neytrallığının qorunması mexanizminin inkişaf etdirilməsi qarşıya mühüm vəzifələr kimi qoyulur. Bundan başqa, sənəddə bazar prinsiplərinin tətbiqi ilə xidmətlərin qiymətləndirilməsi və seçilmiş sahələr üzrə müvafiq keçid layihələrinin həyata keçirilməsi prioritetlər sırasında yer alır.
Fəaliyyət Planında ölkə və regionlar üzrə rəqabətin inkişaf səviyyəsini müəyyənləşdirən indikatorlar sisteminin yaradılması, rəqabətin inkişaf səviyyəsini göstərən “Rəqabət xəritəsi”nin hazırlanması və onun dövri yenilənməsinin reallaşdırılması, bazar iştirakçılarında və istehlakçılarda rəqabət savadlılığının artırılması nəzərdə tutulur. Sənəddə, eyni zamanda, bazarda rəqabət vəziyyətinin diaqnostikası üzrə təkmil metodologiyanın hazırlanması və tətbiq edilməsi, ali təhsil müəssisələrinin müvafiq ixtisaslar üzrə təhsil proqramlarına rəqabət iqtisadiyyatı və rəqabət hüququ mövzularının yerləşdirilməsi, o cümlədən aidiyyəti dövlət qurumları arasında bu sahədə koordinasiya mexanizminin formalaşdırılması kimi məsələlərin həlli planlaşdırılır.
Planda həyata keçiriləcəyi nəzərdə tutulan prioritetlər sırasında rəqabət sahəsində çalışan əməkdaşların peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, xarici rəqabət qurumları və beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələrin, tədqiqatların və təcrübə mübadiləsi proqramlarının sayının artırılması da yer alır. Sənədin məqsədlərinə gəldikdə isə, burada əmtəə və xidmət bazarlarında rəqabət mühitini yaxşılaşdırmaqla ölkə iqtisadiyyatına özəl investisiya qoyuluşunun stimullaşdırılmasının, eləcə də dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi artıma nail olunmasının prioritetlər olduğu bildirilir.
Milli Fəaliyyət Planında bütün bunlarla yanaşı, milli iqtisadiyyatda sağlam rəqabət prinsiplərinin tətbiqinin genişləndirilməsi, bazar iştirakçılarının və istehlakçıların rəqabət prinsipləri, eləcə də onların qanunvericilik üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi, bu sahədə aidiyyəti dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinin artırılması da xüsusi yer almaqla diqqətdə saxlanılır. Eyni zamanda, sənədin prioritet istiqamətləri sırasında inhisarçılığın qarşısının alınması məqsədilə rəqabətin inkişafı üzrə tənzimləmə və qiymətləndirmə üsullarının təkmilləşdirilməsi nəzərdə tutulur.
Ekspertlərin fikrincə, Milli Fəaliyyət Planında belə bir yanaşmaya xüsusi önəm verilməsi təsadüfi deyil. Çünki ölkə iqtisadiyyatında sağlam rəqabət prinsiplərinin təşviqinin və bazarların səmərəli fəaliyyətinin dəstəklənməsi müasir rəqabət siyasətinin davamlı inkişafını zəruri edir. Bu məqsədlə bazar iştirakçılarının fəaliyyət imkanlarına təsir göstərən iqtisadi, texniki və inzibati tənzimləmələrin gerçəkləşdirilməsi, o cümlədən lisenziya və icazə prosedurlarının təhlil edilərək təkmilləşdirilməsi, prioritet və strateji əhəmiyyətli məhsul bazarlarında rəqabət mühitinin diaqnostikasının aparılması dövrün tələbidir.
Qeyd edilənlər nəzərə alınaraq, yaxın perspektivdə rəqabətin inkişaf səviyyəsini müəyyənləşdirən göstəricilər sistemi formalaşdırılacaq, onun əsasında isə ölkə və regionlar üzrə “Rəqabət xəritəsi” hazırlanacaq. Eyni zamanda, bazar iştirakçılarının fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə iqtisadi, texniki, habelə inzibati tənzimləmələrin, o cümlədən lisenziya, eləcə də icazə prosedurlarının təhlilinə və təkmilləşdirilməsinə dair təkliflər veriləcək. Bundan savayı, xüsusi tənzimləmə tətbiq edilən infrastruktur, o cümlədən xidmət sahələrinin, habelə dövlətin müstəsna iştirakının mövcud olduğu məhsul və xidmət bazarlarının rəqabətli bazar modelinə mərhələli keçidi mexanizmi formalaşdırılacaq.
Vaqif BAYRAMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 15 Sentyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















