Icma.az
close
up
RU
“Salam” sülhün ilk cümləsidir

“Salam” sülhün ilk cümləsidir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bakıdan dünyaya uzanan sadə, lakin strateji mesaj

Hər il noyabrın 21-i dünya bir anlığına geosiyasətin sərt tonundan uzaqlaşıb daha incə, daha humanist ideyanın ətrafında dayanır: salam vermək ən adi ünsiyyət forması olsa da, bəzən qlobal gərginliyi yumşaltmaq gücünə malikdir. Beynəlxalq Salamlaşma Gününün məhz 1973-cü ilin soyuq müharibə reallığında ortaya çıxması təsadüfi deyildi. O dövrün ağır siyasi bloklaşması, dialoq qıtlığı və qarşıdurma psixologiyası fonunda iki amerikalı qardaşın dünyaya ünvanladığı sadə mesaj – “insanlar bir-biri ilə danışmağa davam etsin” çağırışı böyük rezonans yaratmışdı.

Noyabrın 21-i bu gün də eyni məntiqi xatırladır: böyük siyasi proseslərin içində insan ünsiyyətinin dəyəri itmir, əksinə, bəzən ən çətin dövrlərdə münasibətləri dəyişdirən ilk addım elə salamdan başlayır. Bu günün mahiyyəti ondan ibarətdir ki, beynəlxalq münasibətlərin mürəkkəbliyinə baxmayaraq, dialoqu bərpa etməyin ən asan yolu insani jestdir.

1973-cü ildə amerikalı qardaşlar – Maykl və Brayn Makkomak – Beynəlxalq Salamlaşma Gününü elan etməklə, əslində, dövrün siyasi yükünə fərqli cavab verdilər. O vaxt dünya iki supergücün sərt qarşıdurması ilə bölünmüşdü, dialoq imkanları daralır, beynəlxalq sistem gərginlikdən qidalanırdı. Belə bir şəraitdə qardaşların irəli sürdüyü ideya sanki soyuq ideoloji divarların arasına insan nəfəsinin istiliyini gətirdi. Onlar demək istəyirdilər ki, siyasət susan yerdə cəmiyyət danışmalıdır; qarşıdurmanın hökm sürdüyü məkanlarda, ən azı, insanlar bir-birinə üz tuta bilsinlər.

Təşəbbüs ona görə geniş qəbul olundu ki, dünyanın ehtiyacı böyük siyasi bəyanatlardan çox, sadə, gündəlik, insani ünsiyyətin xatırladılmasına idi. Hər kəs anlayırdı ki, bəzən gərginliyi tənzimləyən ən güclü vasitə nəhəng diplomatik mexanizmlər yox, bir salamın yaratdığı psixoloji yumşaqlıqdır. Salam insanların bir-birini görməsinin, qəbul etməsinin, qarşı tərəfi düşmən yox, dost kimi tanımasının ən primitiv, amma ən fundamental formasıdır.

Məhz bu səbəbdən Beynəlxalq Salamlaşma Günü dövrün sərt reallıqlarına qarşı humanist cavab kimi yadda qaldı. Dünya bu ideyanı ona görə sevdi ki, o, gərginlik yüklü ideoloji nizamın içində insanlığın özünə qayıdışı kimi görünürdü. Ancaq maraqlı paradoks var: Avropada tanınan bu gün haqqında Azərbaycanda məlumat azdır. Maraqlıdır ki, qonaqpərvərlik ənənəsi güclü olan, ünsiyyət mədəniyyəti tarixinə hopmuş bir ölkədə – salamın özü həyat tərzidir, amma onun üçün ayrılmış xüsusi gün hələ də geniş tanınmayıb. Bəs görəsən, Azərbaycanın, xüsusilə Bakının siyasi kimliyi üçün “salam” nəyə bənzəyir?

“Salam sülhün adıdır” ifadəsi Bakının son illər nümayiş etdirdiyi xarici siyasət xəttini, əslində, dəqiq təsvir edir. Müasir beynəlxalq münasibətlər sistemində salam dövlətin təhlükəsizlik anlayışının, regional baxışının və strateji məqsədinin ilk cümləsi kimi dəyərləndirilir. Azərbaycanın diplomatik davranışında bu sadə sözün arxasında həm yumşaq güc ünsürü, həm də siyasi iradə və qiymətləndirilmiş risklərin yanaşı dayandığı görünür. Son illərin reallığında Azərbaycan öz regional siyasətini “konstruktiv açıq qapı” modeli üzərində qurdu və bu model təsadüfi deyil: uzunmüddətli münaqişə mərhələsinin arxada qaldığı regionda təhlükəsizliyi təmin etməyin ən rasional yolu təcrid deyil, inteqrasiyadır.

Bakı Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası formalaşdırarkən sanki siyasi ədəb-ərkanın ən sadə, lakin ən güclü qaydasına qayıtdı: “Sülh istəyiriksə, birinci cümləni biz deyək”. Belə bir yanaşma həm diplomatiya masasında, həm də həyata keçirilən layihələrdə öz praktiki təsdiqini tapdı. Azərbaycan postmünaqişə dövründə siyasi yetkinlik baxımından təşəbbüskarlıq nümayiş etdirdi. Çünki müharibə bitdikdən sonra bölgəni donuq vəziyyətdə saxlamaq, ya da yenidən canlandırmaq seçimi yaranır. Bakı ikinci seçimi etdi.

Seçim konkret addımlarda təcəssüm olundu: Şərq–Qərb nəqliyyat dəhlizlərinin inkişafı da, əslində, region ölkələrinə ünvanlanmış “gələcək üçün əməkdaşlıq mümkündür” mesajıdır. Enerji əməkdaşlığı və “yaşıl enerji”yə keçid üzrə yeni koordinasiya platformaları isə Azərbaycanın sülh gündəliyini geoiqtisadi alətlərlə gücləndirməsinin nümunəsidir. Kommunikasiya xətlərinin açılması təşəbbüsü isə ən sərt siyasi mürəkkəbliyi belə yumşalda bilən insani məntiqə dayanır: yollar bağlandıqca, insanlar da bir-birinə bağlanır, yollar açıldıqca, münasibətlər də yumşalır. Bu mənada Bakı yeni dialoq məkanı yaratmaqla bütün regionun siyasi davranışını yeniləməyə çalışır.

Azərbaycanın siyasətin arxasında daha dərindən görünən məntiq isə belədir: sülh gündəlik praktikada qurulur. Azərbaycan diplomatiyası bunu yaxşı anlayır, “salam” təhlükəsizlik konsepsiyasının aktiv elementi kimi çıxış edir. Bakı qonşulara və beynəlxalq tərəfdaşlara yönəltdiyi açıq mesajla göstərir ki, özünün formalaşdırdığı yeni regional nizam qarşılıqlı tanınmaya və imkan yaratmağa əsaslanır.

Beləliklə, “salam” Bakının müasir siyasi davranışında strateji seçimdir: dialoqu seçmək, qarşıdurmadan uzaqlaşmaq, regionu əməkdaşlıq məkanına çevirmək və gələcəyin təhlükəsizliyini açıq kommunikasiyanın üzərində qurmaq seçimi. Çox güman ki, Bakı sadə sözlə dünyaya demək istəyir ki, sülh bəzən böyük sazişlərin deyil, doğru başlanğıcın nəticəsidir.

Dünyanı dəyişmək üçün bəzən bir salam bəs edir. Bəli, münaqişə və konstruktivlik arasında bəzən ilk beş saniyə fərq yaradır. Diplomatiyada “salam” ilk riskin götürülməsi, qarşı tərəfə mesajdır: “Mən dialoqa açığam”. Çünki tarix göstərir ki, insanlar danışmadıqda silahlar danışır.

Bakı küçələrində tanımadığın gülərüz birindən “salam” eşitmək təəccüblü deyil. Şəhərin sosial psixologiyası budur: yaxınlaşmaq, ünsiyyət qurmaq, sərtlikdən daha çox insani istilik göstərmək. Bütün bunlar Azərbaycanın regionda təklif etdiyi modelin kiçik sosial prototipidir. Bakı öz davranışı ilə sanki deyir: “Biz həmişə dialoqa açığıq, qapımız da, sözümüz də açıqdır”. Bəlkə də Beynəlxalq Salamlaşma Gününün ən təbii yaşandığı şəhərlərdən biri Bakı ola bilər – sadəcə biz bunun üçün xüsusi gün axtarmırıq.

Bakı son illərdə regiona ünvanladığı “salam”la əslində çoxqatlı və strateji bir mesaj ötürür. Bunun arxasında Cənubi Qafqazın gələcəyi üçün nəzərdə tutulmuş yeni siyasi model dayanır. Azərbaycan qapalı blokların, soyuq ittifaqların və geosiyasi çəkilmələrin dövrünün bitdiyini, onların yerini açıq platforma siyasətinin tutmalı olduğunu vurğulayır. Rəsmi Bakının addımı regionu fərqli düşərgələrə bölmək deyil, onları bir masa ətrafında toplayan əməkdaşlıq məkanı yaratmaq deməkdir. Postmünaqişə dövründə Azərbaycan heç vaxt yalnız tərk–silah və status-kvonun qorunması ilə kifayətlənən siyasət yürütmədi. Əksinə, Bakı inteqrasiyanı – yolların, əlaqələrin, iqtisadi layihələrin açılmasını sülhün əsas şərti kimi ortaya qoydu.

Biz region ölkələrinə göstərdik ki, ayrılmaq, qapanmaq, özünü məhdudlaşdırmaq nə təhlükəsizlik yaradır, nə də sabitlik. Təhlükəsizlik məhz əməkdaşlıqla, qarşılıqlı asılılığın gücləndirilməsi ilə formalaşır. Elə bu səbəbdən, Azərbaycanın “salamı” həm siyasi xarakter daşıyır, həm də geoiqtisadi məntiqə söykənir: inteqrasiya olunduqca risklər azalır, əməkdaşlıq artdıqca, təhlükəsizlik möhkəmlənir.

Salam bəzən diplomatiyanın ən ucuz, amma ən dəyərli alətidir. Heç bir siyasi məsrəfi yoxdur, amma mənəvi dəyəri ölçülməzdir. Soyuq müharibənin parçalanmaya məhkum etdiyi dünyada bunu iki gənc qardaş başa düşmüşdü. Bu gün isə həmin ideyanın ən gözəl konteksti sülh istəyən, əməkdaşlıq təklif edən, qonşularına və dünyaya salam göndərən Bakıdır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Noyabr 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see288

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see272

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see264

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see258

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see254

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see249

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see247

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see246

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see241

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see238

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see216

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see212

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see212

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see212

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see211

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see210

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see209

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see205

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see199

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri