Icma.az
close
up
RU
Santuş: “Gələcəyə nikbin baxmaq lazımdır”

Santuş: “Gələcəyə nikbin baxmaq lazımdır”

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında sabah Slovakiyaya qarşı keçirəcəkləri oyundan jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Nəyin baş verməsindən asılı olmayaraq, hər oyuna pozitiv köklənməliyik. Buna məcburuq, çünki xallar qazanmaq istəyirik. Nəyin olmasından asılı olmayaraq, futbolçularıma güvənirəm.

– Sabahkı matçda kapitan kim olacaq?

– Kapitanlıq elədir ki, hər dəfə dəyişmək istəməzdik. Liderlik keyfiyyətlərini nəzərə alsaq, sabahkı matçda Bədavini kapitan kimi düşünürük.

– Emin Mahmudovdan kapitanlıq sarğısı niyə alındı?

– Kapitan həm komandanın daxilində, həm də meydançada özünü bariz şəkildə göstərməlidir. Kapitan bir növ komandada baş məşqçinin sözçüsüdür. Emini həm futbolçu, həm də fərd olaraq çox bəyənirəm. Baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilmirsə, digər kapitanı seçməliyik. İlk oyunda penalti ilə bağlı göstəriş vermişdim. Lakin buna əməl edilmədi.

– AFFA rəhbərliyi milliyə tez-tez baş məşqçilər dəvət edir. Hamısı təcrübəli, tanınmış simalardır. Müxtəlif məşqçilər gəlsə də, yenə də nəticələr yaxşı deyil. Problem nədədir?

– Təbii ki, çox çalışmalıyıq. Müəyyən oyun fəlsəfəsi olduğu halda, uzun müddət bunun oturuşması üçün çox çalışmalısan. Bu yolda səylərimizi davam etdirməliyik. Artıq hücum planında müəyyən mənada istədiyimiz şeyləri görməyə başlamışıq. Son oyunda komandamız sırf hücum planında göstərdi ki, daha çoxunu edə bilər. Epizodlarımız oldu, amma faydalana bilmədik. Amma qol epizodları yaratmağa davam etsək, daha çox faydalana bilərik. Hazırkı vəziyyətdə komandada əsas problem müdafiə ilə bağlıdır. Çox qol buraxırsansa, oyunun taleyini həll etmək çətinləşir. Tək Azərbaycana şamil olunmur, bütün dünyada bu tendensiya var. Çox qol vuran komanda qələbəyə daha yaxın olur. Müdafiə planında işləməli olduğumuz elementlər çoxdur. Digər aspektlərdə də inkişaf etməliyik. Üç məşqə bunları etmək mümkünsüzdür. Bunun üçün daha çox məşq etmək, daha çox oyunlara çıxmaq lazımdır. Oynadıqca görəcəyik ki, problemlər bir-bir aradan qalxır. Müdafiə planına daha çox fokuslanmalıyıq, daha çox intensivlik tələb olunur. Komandanın formalaşmasında sadaladığım amillər mühüm rol oynayır.

– Estoniyada da çox qol buraxdınız. Sabahkı oyunda müdafiə xəttində dəyişikliklər olacaq?

– Ümidvaram ki, Estoniyadakı baş verməz. Matçın ilk hissəsini 2:0 tamamlamaq üçün hər şeyi etmişdik. Qol epizodlarımız var idi. Yaratdığın qol fürsətlərindən istifadə edə bilmirsənsə, rəqib də qol vurursa, nəticə qazanmaq çətinləşir. Qollar buraxdıqdan sonra da futbolçulara psixoloji təsir edir. Futbol hər yerdə eynidir, Portuqaliya, İspaniya, İngiltərə, Gürcüstan və.s. Hər yerdə eyni tendensiyadır. Artıq futbolçularda stabil olaraq, düşüncə tərzi olmalıdır ki, müdafiədə qol buraxmayacağıq və qollar vuracağıq. İnkişaf etməliyik. Gələcəyə nikbin baxmaq lazımdır. Bir ildən sonra bu komanda istənilən rəqibə qarşı normal futbol oynayacaq. Hazırkı vəziyyətdə nəticələrdən məmnun deyilik. Özüm də nəticələrə görə xoşbəxt deyiləm. Hamıdan əvvəl nəticə mənim özümü məmnun etmir. Milli məşqçilik karyeramın 15 faizini məğlubiyyətlər təşkil edir. Mənim üçün yaxşı hal deyil. İlk növbədə özüm haqda düşünməliyəm. Bura gələcək layihə ilə bağlı gəlmişəm. Azərbaycanda gələcək üçün normal komanda formalaşdırmaq istəyirəm. Eyni motivasiya, eyni istəklə davam etmək niyyətindəyəm. Asan olmayacaq. Azərbaycanın bütün matçlarını izləmişəm. Portuqaliya millisinin baş məşqçisi kimi Azərbaycana qarşı da oynamışam. Azərbaycan futbolu haqda məlumatlı idim. Bura gəlməzdən öncə artıq inanırdım ki, gələcək layihəyə köməyim dəyəcək. Əgər sırf karyeramla bağlı soruşursuzsa, hazırkı vəziyyət özüm üçün də ürəkaçan deyil. Təcrübəliyəm və qazanmaq istəyirəm. Bura gəlməzdən öncə buradakı layihəyə inanırdım. Bunu reallaşdıracam. Mümkün qədər qələbə qazanmağa öz qatqımı verəcəm.

– Abbas Hüseynovu kapitan seçməyinizin Azərbaycan dili ilə bağlı olduğunu demişdiz. Bəs məşqçilər korpusunda Azərbaycan dilində göstəriş verən məşqçini görə biləcəyik?

– Bu məsələ ilə bağlı düşünürük. Bu işi İlqar Qurbanova həvalə etmişəm. Bunun olması komanda üçün önəmlidir. Təkcə Azərbaycan dilində danışmağı kifayət etmir.

– Azərbaycana gələn əcnəbi məşqçilər komanda və ölkə ilə tanış olduqdan sonra deyirlər ki, potensial var, nəsə etmək olar və s. Amma elə həmin mütəxəssislərin 90 faizi 2-3 ildən sonra deyirlər ki, bu komanda ilə heç nə etmək olmaz. Bu cür açıqlamaları sizdə də görəcəyik?

– Eynisi deməyəcəm. Bu işlətdiyiniz ifadəni heç vaxt istifadə etməyəcəm. Yəni “mümkün deyil” ifadəsi. Həqiqətədir. Bu cür mesajlar futbolçulara da ötürülə də bilməz. Mən öz xarakterimə bələdəm. Məsuliyyəti öz üzərimə götürürəm. Əgər 2-3 ildən sonra verdiyim vədlər boşa çıxsa, yenə də məsuliyyəti özüm daşıyacam. İstənilən halda, bu vəziyyət olarsa, federasiyadan, azarkeşlərdən üzr istəyəcəm. Ancaq deməyəcəm ki, bu komanda ilə alınmır. 2028-ci ilə qədər müqaviləm var. Milli komandanın çıxış etdiyi bütün turnirlərdə baş məşqçi kimi bütün məsuliyyət məndədir. Azərbaycan haqda bundan sonra belə, heç bir mənfi təəssüratım ola bilməz. Öz xarakterimə bələdəm.

– Millinin bu durumda olmasının günahkarı kimdir? Siz, futbolçular, yoxsa AFFA rəhbərliyi?

– Hər kəsin öz payı var. Çünki qələbə də birlikdədir, uğursuzluq da. Hazırkı vəziyyətdə onsuzda çətin vəziyyətdir. Kiminsə boynuna yıxmaq düzgün olmazdı. Qələbə qazandığımız halda da, AFFA-nın, futbolçuların, məqçilərin, Azərbaycanın qələbəsidir. Bəzən problemlər qaçılmaz olur. Buna görə məyusuq. Qələbə qazanırsansa, birlikdə edirsən, uduzursan da, birlikdədir. Dostum var idi, mənə bir söz demişdi, heç vaxt günahı başqalarının boynuna yıxma. Hər biri öz günahımızdır. Beş barmağın var, hansına deyə bilərsən ki, günah hansındadır? Allah hər şeyi görür.

Şahin Cəfərov 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 17 Aprel 2026 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see396

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see311

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see307

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see275

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see247

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see243

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see231

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see227

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see227

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see198

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see187

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see181

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see179

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see176

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see173

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see173

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see173

Azərbaycanın SOCAR şirkəti Özbəkistanda yanacaqdoldurma məntəqələri şəbəkəsi açmağı planlaşdırır

24 Avqust 2026 13:22see165

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see163

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri