“Səfirin açıqlaması ABŞ ın Xəzər dənizindən Qara dənizədək əraziləri təsir dairəsinə almaq planlarından xəbər verir...” Heydər Oğuz
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
“Xatırladım ki, Trampın xüsusi nümayəndəsi olan bu adam Zəngəzur dəhlizinin ABŞ şirkətlərindən birinə kirayə verilməsini də ilk dəfə təklif edən şəxs olmuşdur. Bu da onu göstərir ki...”
Xəbər verdiyimiz kimi, ABŞ-ın Türkiyədəki səfiri Tom Barak yunan mediasına son müsahibəsində "Bizim nəhəng faydalı qazıntı resursları olan Xəzər dənizi var ki, həmin ehtiyatlar Yunanıstan və Türkiyədən keçərək Aralıq dənizinə axmalıdır” fikrini ifadə edib. Amerka diplomatı həmçinin regionda "siyasi müdaxilənin aradan qaldırılması" zərurətindən danışıb və "Xəzərdən Aralıq dənizinə formulu"nu xatırladib.
Mövzu ilə bağlı Moderator.az-ın suallarını cavablandıran Heydər Oğuz bildirib ki, ABŞ-ın Türkiyədəki səfiri Tom Barak yunan mediasına verdiyi həmin müsahibəsində faktiki olaraq Xəzər dənizindən Qara dənizə qədər ərazilərdə, o cümlədən Yaxın Şərq ölkələrində ABŞ-ın nəzarətində yeni siyasi sistemlər qurulacağını proqnozlaşdırır:
“Bu da çox vacib məsələdir, Azərbaycan və Cənubi Qafqazın Rusiya təsir dairəsindən çıxıb ABŞ təsir dairəsinə girəcəyinin işarəsidir. Sözsüz ki, Xəzər dənizi deyərkən tək Cənubi Qafqaz da nəzərdə tutulmur. Mərkəzi Asiya ölkələri də Xəzər-aşırı coğrafiyalara aid olunur. ABŞ-ın yeni regional düzənində yəqin ki, o ölkələr də öz yerlərini tutacaqlar”.
Siyasi şərhçinin fikrincə, ABŞ-ın Xəzər dənizi ilə bağlı siyasəti yeni ortaya çıxmış bir hadisə deyil:
“Trampın ilk hakimiyyəti dövründə, konkret desək, 2018-cu ilin yanvar ayının ortalarında Qazaxıstanın o zamankı prezidenti Nursultan Nazarbayev ABŞ-a səfər etmiş və Donald Trampla çox önəmli müqavilələr bağlamışdı. Müqavilələrdə Qazaxıstanın neft və qaz yataqlarının istismarı ilə yanaşı, nadir torpaq nümunələrinin birgə hasilatı da öz əksini tapırdı. Bundan əlavə, 2017-ci ildə ABŞ və Qazaxıstan arasında qardaş ölkənin iki limanının – Aktau ilə Kurık limanlarının ABŞ-ın istifadəsinə verilməsini nəzərdə tutan saziş də imzalanmışdı. Təsadüfi deyil ki, Nazarbayevin Vaşinqton səfərindən qısa müddət sonra Qazaxıstan Senatı toplanmış və ABŞ hərbi yüklərinin Əfqanıstana daşınması üçün Xəzər dənizindəki Kurık və Aktau limanlarından istifadəyə icazə verən protokolu ratifikasiya etmişdi. Rus analitiklərinin iddiasına görə, Qazaxıstan və ABŞ arasında 2017-ci ilin sentyabrında imzalanmış 2018-2021-ci illər üçün hərbi əməkdaşlıq sazişi də var və bu sazişdə Aktau limanında NATO hərbi bazasının tikilməsi nəzərdə tutulur. Maraqlıdır ki, Qazaxıstanın bu addımından narahat olan Rusiya və İran təcili Xəzərin statusu barədə Konvensiyanın qəbulu məsələsini gündəmə gətirmiş və həmin ilin avqust ayında 5 Xəzər ətrafı ölkə arasında bu sənəd imzalanmışdı. Sənəddə sahilyanı olmayan istənilən dövlətin Xəzərdə hərbi baza qurmasına icazə verilmirdi. Üstəlik, Xəzərin səthi milli sektora bölünmür və neytral zona kimi bütün sahilyanı ölkələrin istifadəsinə açılırdı. Görünən bu idi ki, Xəzərin hüquqi statusuna dair Konvensiya Nazarbayevlə Trampın 2018-ci ildəki görüşünə cavab olaraq hazırlanmış və əldə olunan razılaşmaların qarşısını almaq məqsədi daşıyırdı...
Acınacaqlıdır ki, 2020-ci ildə ABŞ-da keçirilən mübahisəli seçkilərdə Tramp seçilə bilmədi və ABŞ-la Qazaxıstan arasında imzalanan bu müqavilənin həyata keçirilməsi əngəlləndi. 2019-cu ilin mart ayında Nazarbayev prezidentlik vəzifəsindən uzaqlaşdırıldı və indiki prezident Qasım-Comərd Tokayev hakimiyyətə gətirildi. Rusiyanın Nazarbayevdən qisası bununla da bitmədi. Trampın ikinci dəfə prezident seçilmədiyi anlaşılan kimi, Nazarbayev el ağsaqqalı titulundan da məhrum edildi. 2022-ci ilin ilk günlərində ABŞ-ın istismarına verilməsi nəzərdə tutulan neft və qaz yataqlarının yerləşdiyi Mangistav əyalətində üsyan çıxarıldı və Rusiyanın müdaxiləsi ilə bu üsyan yatırıldı. Ardınca da Qazaxıstanda Nazarbayevin bütün kadrları təmizləndi. Amma rus ordusu Qazaxıstanda çox qala bilmədi. Çinin də basqıları ilə bu ölkədən çıxmaq məcburiyyətində qaldı, bir aydan sonra isə Ukraynaya hərbi müdaxilə etdi...”
Heydər Oğuz vurğulayıb ki, Trampın ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ABŞ-ın yenidən Xəzər dənizi ilə bağlı siyasətə qayıtması təsadüfə bənzəmir:
“Mümkündür ki, aylarla sürən danışıqlardan sonra ABŞ və Rusiya yetkililəri arasında hansısa razılaşma əldə olunub. Məxfi saxlanılan bu razılaşmaya görə, ABŞ Ukraynadan, Rusiya isə Orta Asiyadan vaz keçmiş ola bilərlər. Son zamanlar sözügedən coğrafiyada yaşanan hadisələr də bundan xəbər verir.
• Məlumdur ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff bir neçə gün əvvəl Moskvaya gəlib, Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Bu, Vitkoffun Moskvaya 6-cı səfəri idi. Bundan əvvəlki səfəri isə avqustun 6-da baş tutmuşdu. Xatırlayırsınızsa, avqustun 6-da Putinlə görüşdən sonra Vitkoff təəccüblü şəkildə təyyarəsinə minib Vaşinqtona getmək əvəzinə, Bakıya uçmuş, Azərbaycan paytaxtında mətbuata hələ də tam açıqlanmayan müəyyən görüşlər keçirdikdən sonra ABŞ-a qayıtmışdı. Bu fakt ondan xəbər verir ki, Vitkoffla Putin arasındakı müzakirələrdə ən azı Azərbaycan və Cənubi Qafqaz məsələsinə də yer ayrılmışdır.
• Vitkoffun həmin səfərindən 2 gün sonra – avqustun 8-də Azərbaycan və Ermənistan rəhbərləri Vaşinqtona dəvət olunmuş və Donald Trampın da iştirakı ilə üçtərəfli saziş imzalanmışdı. 7 maddədən ibarət olan və “Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair birgə bəyannamə” adlanan bu sazişin 4-cü maddəsində Zəngəzur dəhlizinin də açılması öz əksini tapmışdı:
“4. Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik” (Birgə bəyannamədən). Ermənistanla ABŞ rəhbərləri arasında bağlanan müqavilədə isə bu dəhlizin işlətmə hüququ 99 illiyinə Amerika şirkətlərindən birinə verilməsi nəzərdə tutulur. Rusiya isə faktiki olaraq özünün ən mühüm regional-strateji vasitələrinin birinin qurban verilməsinə cınqırını belə çıxarmayıb. Bu da göstərir ki, avqustun 8-nə qədər Putinin saqqızı oğurlanıb.
• Oktyabrın 9-da, yəni Vitkoffun Putinlə görüşündən cəmi 2 ay 3 gün sonra Azərbaycan prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə səfərə getdi və orada Putinlə görüşdü. Həmin görüşdə Putin İlham Əliyevdən sərnişin təyyarəmizi vurduqlarına görə rəsmən üzr istədi və iddialara görə, özünün agentura şəbəkəsinin siyahısını Azərbaycan liderinə təhvil verdi. Əgər bu iddia doğrudursa, belə çıxır ki, Putin bir daha Azərbaycana müdaxilə etməyəcəyinə dair güclü təminat verdiyi mesajını həm Bakıya, həm də Vaşinqtona çatdırmaq istəmişdir.
• Vitkoffun Moskvaya 5-ci səfərindən 2 ay sonra – 6 noyabr 2025-ci ildə Mərkəzi Asiya ölkələrinin liderləri Vaşinqtona dəvət olundu və C5+1 zirvəsi keçirildi. Zirvə çərçivəsində ABŞ-la Qazaxıstan liderlər arasında çox mühüm müqavilələr imzalandı, qardaş ölkənin təbii sərvətlərinin istismarı Vaşinqtonun ixtiyarına verildi. Rusiyanın bu prosesə də reaksiyası çox yumşaq oldu.
• Vaşinqton görüşü bitdikdən qısa müddət sonra Özbəkistanın paytaxtında C5 (Mərkəzi Asiya İttifaqı) sammiti keçirildi və Azərbaycan da bu ittifaqın həqiqi üzvlüyünə qəbul olundu. Beləcə, ittifaq C6 adlanmağa başlandı.
• Ermənistan avqustun 8-də keçirilən Vaşinqton görüşündə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirmək istiqamətində ciddi addımlar atmağa başladı. İlk öncə o, ATƏT-in Minsk qrupunun rəsmən ləğv olunması barədə qərar qəbul etdi, ardınca da Ermənistan Konstitusiya Şurasını toplantıya çağırmış və ona mart ayına qədər yeni konstitusiya layihəsini hazırlamağı tapşırdı. Bu isə o deməkdir ki, Ermənistan konstitusiyasının preambulasındakı Azərbaycanı narahat edən ifadələr də çıxarılacaq. Bununla da Azərbaycanla Ermənistan arasında mübahisəli heç bir mövzu qalmayacaq və s”.
Siyasi şərhçi iddia edib ki, bütün bu faktlar ABŞ-ın Xəzər dənizindən Qara dənizə qədər əraziləri öz təsir dairəsinə almaq planlarından xəbər verir.
“Tom Barak da əslində bunu deyir. Xatırladım ki, Trampın xüsusi nümayəndəsi olan bu adam Zəngəzur dəhlizinin ABŞ şirkətlərindən birinə kirayə verilməsini də ilk dəfə təklif edən şəxs olmuşdur. Bu da onu göstərir ki, ABŞ Xəzər dənizi – Aralıq dənizi coğrafiyasında yürütdüyü siyasəti Tom Barakın dili ilə gündəmə gətirir və ardınca da bu istiqamətdə gərəkli addımlar atır…”- deyə Heydər Oğuz vurğulayıb.
Sultan Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 05 Dekabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















