Şəhərləşmənin sonu kəndə dönüşdür
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Demoqrafik problemlərin həllində regionların rolu yüksəlir
Böyük şəhərlərdə mənzil almaq çətinləşdikcə, insanların harada yaşayacağı ilə bağlı seçimləri də dəyişə bilər. Azərbaycanda bu proses hələ kütləvi xarakter almayıb. Əksinə, ölkədə şəhərləşmə və xüsusilə paytaxta axın davam edir. Lakin mənzil qiymətlərinin və kirayələrin artması, gənclərin müstəqil həyata başlamaqda çətinlik çəkməsi başqa bir sualı aktuallaşdırır: Azərbaycan mənzil böhranından çıxış yolunu gələcəkdə şəhərdən rayon və kəndlərə dönüşdə tapa bilərmi?
Kənddə şəhər rahatlığı!
Avropada artıq bu istiqamətdə müəyyən siqnallar görünür. İspaniyada 2026-cı ilin ilk yarısında aparılan “Fotocasa research” araşdırmasına görə, ev axtaranların 13 faizi əhalisi 10 mindən az olan yaşayış məntəqəsinə köçməyi planlaşdırır. Bu insanların orta yaşı 35-dir. Yəni söhbət yalnız təqaüdçülərdən və sakit həyat axtaranlardan getmir. Mənzil xərclərinin artması əmək qabiliyyətli insanların da yaşayış yeri seçiminə təsir edir. Bəs Azərbaycanda?
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il iyulun 1-nə əhalinin 54,3 faizi şəhərlərdə, 45,7 faizi kənd yerlərində yaşayanlardı. Ölkə əhalisinin sayı 10 milyon 273 mini ötüb. Ümumi əhalinin 22,9 faizi Bakıda yaşayır. Bu göstəricilər ölkənin şəhərləşmə mərhələsində olduğunu göstərir. İş, təhsil, səhiyyə, dövlət xidmətləri və yüksək gəlir imkanları, əsasən, böyük şəhərlərdə cəmləşib. Bakı bu baxımdan ölkənin iqtisadi və miqrasiya mərkəzidir. Lakin şəhərə axın davam etdikcə mənzil problemi də artır.
2026-cı ilin I rübündə mənzil bazarında qiymətlər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artıb. İlkin mənzil bazarında illik artım 13,1 faiz təşkil edib. Kirayə evlər də bahalaşıb. Eyni zamanda, 2026-cı ilin yanvar-iyun aylarında orta aylıq nominal əməkhaqqı 1174,4 manat olub və bir il ərzində 7 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatları mənzil bazarında qiymət artımının davam etdiyini təsdiqləyir. Bu iki göstəricini müqayisə etmək mənzil əlçatanlılığının tam mənzərəsini əks etdirmir. Mənzilin sahəsi, yerləşdiyi ərazi, ailənin ümumi gəliri, ilkin ödəniş, kredit müddəti və faiz dərəcələri də nəzərə alınmalıdır. Ancaq ümumi mənzərə göstərir ki, mənzil qiymətlərinin gəlirlərdən daha sürətli artması ev sahibi olmağı çətinləşdirir.
Gənc ailə üçün 100 min manatlıq mənzil yalnız 100 min manatlıq məsələ deyil. İlkin ödəniş, ipoteka faizləri, təmir, kommunal və bina xərcləri, nəqliyyat və gündəlik yaşayış məsrəfləri də ailə büdcəsinə daxildir. Gəlir bütün bunları qarşılamağa kifayət etmədikdə, mənzil qiymətindəki bir neçə faizlik əlavə artım belə ev almaq planını illərlə təxirə salır. Beləliklə, mənzil problemi tədricən yaşayış yeri seçimi probleminə çevrilir.
Amma Azərbaycanda bunun ilk reaksiyası hələ kəndə köç deyil. Daha real istiqamət Bakıdan şəhərətrafı ərazilərə, daha sonra Sumqayıt, Xırdalan və digər şəhər və rayon mərkəzlərinə doğru hərəkətdir. Səbəb isə sadədir. Çünki insanlar mənzil xərcini azaltmaq istəyirlər, amma işdən, məktəbdən, xəstəxanadan və digər xidmətlərdən uzaqlaşmaq istəmirlər. Yəni insan ucuz ev axtararkən şəhər həyatından tamamilə imtina etmək istəmir. Buna görə də kiçik şəhər və kəndlərə köçməkdə maraqlı olmurlar.
Bu məqam şəhərdən kəndə potensial köçün qarşısındakı əsas maneəni də göstərir. Kənddə ev daha ucuz, torpaq daha geniş ola bilər. Amma ailə hər gün işə, uşağı məktəbə, xəstəxanaya və digər xidmətlərə görə şəhərə getməli olacaqsa, ucuz evin üstünlüyü nəqliyyat xərcləri və vaxt itkisi ilə azalır. Deməli, məsələ yalnız evin qiyməti deyil, həyatın ümumi qiymətidir.
Regional inkişafa davam!
İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, 2026-cı ilin yanvar – iyun aylarında fondun vəsaiti hesabına 226,3 milyon manat həcmində 2 min 242 ipoteka krediti verilib. Benefisiarların 67 faizini gənclər və gənc ailələr təşkil edib. Lakin kreditlərin, təxminən, 22 faizi regionların payına düşüb. Deməli, dövlət mənzil siyasətində əsas hədəf qruplardan biri gənclər olsa da, ipotekanın böyük hissəsi yenə şəhər mənzil bazarında reallaşır. Çünki insanlar işlədikləri, oxuduqları və sosial xidmətlərdən istifadə etdikləri yerdə yaşamaq istəyirlər.
Bu səbəbdən gəncə regionda mənzil almaq üçün kredit vermək kifayət deyil. Əgər dövlət regionlarda məskunlaşmanı stimullaşdırmaq istəyirsə, mənzil maliyyələşməsi ilə yanaşı, iş yerlərinin və xidmətlərin coğrafiyasını da dəyişməlidir.
Yəqin ki, mətbuatda tez-tez “filan ölkədə 1 avroya, 1 dollara evlər satılır” xəbərlərini görmüsünüz. Belə xəbərlər xüsusilə İtaliya haqqında tez-tez yayılır. Ən son belə nümunələrdən biri İtaliyanın Siciliya adasındakı tarixi Naro şəhərində tərk edilmiş evlərin cəmi 1 avroya satışa çıxarılmasıdır.
Bir avroluq evlər həm İtaliya vətəndaşları, həm də xaricilər üçün əlçatandır. Müraciətlər Naro bələdiyyəsinin layihə üçün yaratdığı onlayn platforma vasitəsilə həyata keçirilir. Siyahıya alınan əmlakların böyük hissəsinin təmirə ehtiyacı var, bəzilərində isə ciddi bərpa işləri tələb edir. Buna görə alıcı evin təmir və yenidənqurma xərclərini özü qarşılamalıdır. Evin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi zamanı layihənin hazırlanması, tikilinin təhlükəsizlik standartlarına uyğunlaşdırılması və tarixi binalara tətbiq olunan qoruma qaydalarına əməl edilməsi də tələb olunur. Yəni 1 avroya ev alıb, onu rəsmiləşdirmək və təmir etmək böyük məbləğ tələb edir. Bəs bunu niyə edirlər?
Səbəbi odur ki, dünyanın müxtəlif ölkələrində kiçik kəndlər, qəsəbələr sürətlə boşalır, əhali böyük şəhərlərə köçür, aqrar sahədə çalışmaq istəyənlərin sayı azalır. Ona görə də dövlət və yerli hakimiyyətlər belə proqramlar qəbul edir, şəhərlərdən kəndə, qəsəbəyə köçənlərə güzəştlər verir, faizsiz və ya güzəştli kreditlər təklif edir, kommunal xidmətlərə qoşulmaq, bərpaolunan enerji mənbələrinə keçid və evlərin bərpası üçün müxtəlif dəstək mexanizmləri yaradır. Məsələ insanlara, sadəcə, ucuz ev satmaq deyil, boşalmış yaşayış məntəqələrinə yenidən həyat qaytarmaqdır.
Azərbaycan üçün də bu təcrübədən müəyyən nəticələr çıxarmaq mümkündür. Əgər regionlarda boş evlər varsa, onları yalnız daşınmaz əmlak kimi deyil, potensial yaşayış resursu kimi qiymətləndirmək olar. Lakin bunun üçün həmin evlərin ətrafında iş, məktəb, səhiyyə, internet, nəqliyyat və sosial həyat olmalıdır. Başqa sözlə, “ucuz ev” yox, “ucuz və keyfiyyətli həyat” təklif edilməlidir. Hələlik bunlar yoxdur.
Kəndlərdə və qəsəbələrdə mədəni həyatın, əyləncənin, sosial imkanların məhdudluğu, bizneslə məşğul olmaq üçün şəraitin zəifliyi, yeni biznes qurmaq istəyənlər üçün dəstək mexanizmlərinin kifayət qədər əlçatan olmaması isə insanları şəhərə yönəldir. Çünki burada söhbət yalnız bir ailənin yaşayış yerini dəyişməsindən getmir. Bir ailə kəndə köçürsə, onun arxasınca xidmət, ticarət, məktəb, uşaq bağçası, nəqliyyat və digər ehtiyaclar da formalaşır. Bir müddət sonra həmin ailənin yaratdığı iqtisadi aktivlik başqa ailələrin də regiona gəlməsi üçün səbəbə çevrilə bilər. Hələlik bu sahədə problemlər var.
Təkcə internet kifayət deyil...
Uzaqdan işləmə imkanlarının genişlənməsi də şəhərdən regionlara köç üçün yeni imkan yaradır. Bakıda 200 min manatlıq mənzil almaq əvəzinə, rayonda 50–60 min manata ev və torpaq almaq, daha sakit mühitdə yaşamaq və eyni zamanda, xarici şirkət üçün onlayn işləmək artıq nəzəri ssenari deyil. Lakin bunun üçün yalnız sürətli internet kifayət etmir. İnsan işləyə bilər, amma uşağını harada məktəbə göndərəcək, tibbi xidmətə necə çıxacaq, sosial həyatı necə quracaq, işini dəyişmək istəyəndə regionda alternativ tapacaqmı? Buna görə rəqəmsal infrastruktur kəndə köç üçün imkan yaradır, sosial infrastruktur isə bu köçün davamlı olub-olmayacağını müəyyən edir.
Regionların demoqrafik problemini həll etmək üçün yalnız kənd təsərrüfatına investisiya qoymaq da kifayət deyil. Turizm, logistika, qida emalı, kiçik istehsal, xidmət sektoru, təhsil, rəqəmsal xidmətlər və məsafədən işləmə imkanları regionların iqtisadi modelini dəyişə bilər. Müasir kənd yalnız fermerin yaşadığı yer olmamalıdır. Orada müəllim, həkim, mühəndis, proqramçı, dizayner, jurnalist, sahibkar və digər peşə sahibləri də yaşaya bilməlidir.
Əgər gənc ailə rayonda ev alır, ata onlayn, ana yerli məktəbdə işləyirsə, uşaqlar keyfiyyətli təhsil alır və ailə yaxın məsafədə tibbi xidmətə çıxış əldə edirsə, həmin ailənin kənddə yaşaması məcburi qənaət deyil, rasional seçimə çevrilir.
2026-cı ilin yanvar-may aylarında Azərbaycanda 15 min 107 nikah qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı ötən ilin eyni dövründəki 4,7-dən 3,6-ya enib. Nikahların azalmasını yalnız mənzil problemi ilə izah etmək düzgün olmaz. Burada demoqrafik, sosial və iqtisadi səbəblərin bütöv kompleksi var. Amma mənzil əlçatanlığının gənclərin ailə qurmaq qərarlarına təsir edən amillərdən biri olduğu da nəzərə alınmalıdır. Yüksək kirayə və ipoteka ödənişləri ailə büdcəsini sıxışdırır, məhdud yaşayış sahəsi və valideynlərlə birgə yaşamaq məcburiyyəti isə gənc ailələrin müstəqilliyini çətinləşdirir. Bu baxımdan dövlətin qarşısında yalnız mənzil tikintisini artırmaq deyil, yaşayış imkanlarını ölkə ərazisində daha balanslı bölüşdürmək kimi daha geniş və uzunmüddətli vəzifə dayanır.
Bəs 15–20 il sonra?
Şəhərdə mənzil problemini yalnız daha çox bina tikməklə həll etmək uzunmüddətli perspektivdə kifayət etmir. Çünki yeni binalar da insanları iqtisadi mərkəzə – Bakıya cəlb edir. Alternativ yanaşma yaşayış imkanlarını ölkə ərazisində daha balanslı bölüşdürməkdir. Bunun üçün isə kəndi yalnız kənd təsərrüfatı ərazisi, şəhəri isə normal həyatın yeganə məkanı kimi görməkdən imtina etmək lazımdır.
Daha da vacibi, kəndlərin boşalması ərzaq təhlükəsizliyi baxımından da problem yaradar. Əgər aqrar istehsalla məşğul olan insanların sayı və kənd yerlərində iqtisadi aktivlik azalarsa, ölkə müəyyən məhsullar üzrə idxaldan daha çox asılı vəziyyətə düşə bilər. Bu baxımdan, regionların məskunlaşdırılması yalnız sosial və mənzil siyasəti deyil, həm də iqtisadi və ərzaq təhlükəsizliyi məsələsidir. Əsas məqsəd regionda yaşamağı mümkün, rahat və iqtisadi baxımdan sərfəli seçimə çevirməkdir. Bunun üçün regionlarda iş yerləri yaratmaq, nəqliyyat və interneti yaxşılaşdırmaq, məktəb və səhiyyə xidmətlərinin keyfiyyətini yüksəltmək, boş yaşayış fondunu iqtisadi dövriyyəyə qaytarmaq və gənc ailələr üçün regionlarda mənzil maliyyələşməsini genişləndirmək lazımdır.
Regionda işləmək və istehsal yaratmaq istəyən insan üçün dövlət və cəmiyyət xüsusi münasibət göstərməlidir. Kənddə yeni ev tikən, mövcud evi bərpa edən, istehsal sahəsi yaradan, aqrar fəaliyyətə başlayan, xidmət göstərən və ya uzaqdan işləyərək regionda yaşamağı seçən ailə üçün iqtisadi üstünlükləri artırılmalıdır. Çünki iş Bakıda qalırsa, mənzilin rayonda ucuz olması insanı rayona köçürməyəcək.
Beləliklə, Azərbaycan hələ “kəndə böyük qayıdış” mərhələsində deyil. Amma mənzil bazarında baş verən dəyişikliklər gələcək üçün mühüm siqnallar verir. Şəhər bahalaşır, regionlarda yaşayış fondu qalır, gənclər mənzil axtarır, kəndlər isə insan və iqtisadi aktivlik gözləyir. Bu iki prosesin kəsişdiyi nöqtədə Azərbaycanın gələcək daxili miqrasiya xəritəsi formalaşacaq.
Pünhan ƏFƏNDİYEV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 08 Sentyabr 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















