Dağlardan gələn işiq
Icma.az, 525.az saytına istinadən bildirir.
Hər insan ömrünün öz rəngi, öz səsi, öz hekayəsi var. Elə münəvvər insanlar da var ki, ömür kitabına nəzər saldıqda bir insan ömründən daha böyük heyrətamiz mənzərəylə rastlaşırsan – zəhmətlə yoğrulmuş illər, qurulan talelər, qazanılan dostluqlar və ən ümdəsi, insanların yaddaşında qalan xoş izlər...
Səmayil Quliyevin ömrü də belə bir hekayədir.
İnanmasam da, razılaşmasam da, 30 ildən artıq tanıdığım, özümə yaxın sirdaş, dost bildiyim Səmayil müəllimin sentyabrın 12-də 70 yaşı tamam olur. Adı çəkiləndə onu tanıyanların çöhrəsində yaranan doğmalıq işartıları təsadüfi deyil. Səmayil müəllim insanlarla münasibətində səmimiyyəti, mehribanlığı və qayğıkeşliyi həyatının əsas dəyərlərindən birinə çevirib. O, ünsiyyətdə olduğu insanın vəzifəsinə, yaşına, imkanına deyil, ilk növbədə, insanlığına qiymət verənlərdəndir.
Bəlkə də bunun sirri onun doğulduğu torpaqda, Şınıx mahalının dağlarında, uşaqlıq illərində aldığı tərbiyədədir. Səmayil Quliyev də doğma yurdunun təbiətindən sanki xarakterinə bir pay götürüb: dağların əzəmətini, bulaqların saflığını, torpağın səbrini və insanlarının doğmalığını.
O, 1956-cı il sentyabrın 12-də Gədəbəy rayonunun Fərzalı kəndində dünyaya göz açıb. 1963-cü ildə qonşu İsalı kəndində birinci sinfə gedib. 1973-cü ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun nəqliyyat fakültəsinə daxil olub.
Coşqun tələbəlik illəri onun yaddaşında xüsusi iz buraxıb. Bu illər yalnız auditoriyalarda keçməyib. O, tələbə inşaat dəstələrinin tərkibində Polşanın Lyublin şəhərində, eləcə də Qazaxıstanın Aktyubinsk vilayətində çalışıb. Müxtəlif mühitlər, fərqli insanlar, ağır əmək və gənclik enerjisi onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb.
1978-ci ildə institutu avtomobil yolları ixtisası üzrə inşaat mühəndisi kimi bitirən Səmayil Quliyev əmək fəaliyyətinə “Azneftyoltikintitəmir” trestində başlayıb. Sonrakı illərdə respublikanın müxtəlif tikinti təşkilatlarında müxtəlif vəzifələrdə çalışıb, zəngin istehsalat və idarəçilik təcrübəsi qazanıb.
1996-cı ilin avqustundan isə onun peşə həyatında yeni və parlaq bir mərhələ başlayıb – taleyini “Azəraqrartikinti”yə bağlayıb.
Səmayil Quliyev 1996-cı il avqustun 1-dən “Azəraqrartikinti” Dövlət Şirkəti prezidentinin köməkçisi vəzifəsində çalışmağa başlayıb və şirkətin adı dəyişənədək bu vəzifədə fəaliyyət göstərib. 1998-ci ildən “Azəraqrartikinti” ASC-də sədr köməkçisi vəzifəsində əmək fəaliyyətini davam etdirib. 2015-ci ildən isə Səhmdar Cəmiyyətin sədr müavini vəzifəsində çalışır.
Bu illər “Azəraqrartikinti”nin ölkənin aparıcı tikinti təşkilatlarından birinə çevrildiyi, ölkə əhəmiyyətli yüzlərlə iri və mürəkkəb layihənin həyata keçirilməsində mühüm rol oynadığı dövr idi. Səhmdar Cəmiyyət peşəkarlığı, geniş istehsalat imkanları və məsuliyyətli fəaliyyəti ilə respublikanın tikinti sektorunda özünəməxsus nüfuz qazanmışdı.
Bu, həm də o dövrdə “Azəraqrartikinti” ASC-nin prezidenti vəzifəsində çalışan Ağalar Vəliyevin peşəkar inşaat mühəndisi və uzaqgörən rəhbər kimi idarəçilik keyfiyyətlərinin daha qabarıq göründüyü bir mərhələ idi. Belə bir rəhbərin rəhbərliyi altında çalışmaq, onun tələbkarlığını, işə münasibətini, intizamını və məsuliyyətini hər gün yaxından görmək, şübhəsiz ki, Səmayil Quliyevin də peşəkar dünyagörüşünün formalaşmasına təsirsiz ötüşməyib.
Tələbkar rəhbərlə işləmək insanı püxtələşdirir. İşə ciddi münasibət, vaxtında və dəqiq qərar vermək, məsuliyyəti üzərinə götürmək, ən xırda detalı belə nəzərdən qaçırmamaq – bunlar illər ərzində formalaşan keyfiyyətlərdir. Səmayil Quliyev də “Azəraqrartikinti”də keçdiyi uzun illər ərzində belə bir məktəbin zəngin təcrübəsini qazanıb.
Bu gün onun peşəkar fəaliyyətinə nəzər salanda həmin illərin izlərini aydın görmək mümkündür.
Lakin Səmayil müəllimi yalnız tutduğu vəzifələr, keçdiyi peşə yolu ilə xarakterizə etmək yanlış olardı. Onun şəxsiyyətini tamamlayan, onu tanıyanların yaddaşında daha çox yaşadan başqa keyfiyyətləri də var.
Səmayil Quliyev işində prinsipial, güclü təşkilatçı və insanlarla yüksək səviyyədə ünsiyyət qurmağı bacaran bir insandır. O, hamı ilə mehriban davranır, kiminsə qəlbinə dəyməkdən həmişə çəkinir. İnsanların qəlbində taxt qurmaq isə hər kəsə nəsib olan xüsusiyyət deyil. Bunun üçün vəzifədən, mövqedən daha böyük bir sərvət – insanlıq lazımdır.
Onun xarakterini isti, canayaxın edən əsas xüsusiyyətlərindən biri də insanı anlamağı və dərk etməyidir. Tanıdığı adamlardan kiminsə ümidsiz vəziyyətə düşməsi onu həmişə narahat edir. Bacardığı köməyi etməyə, çalışır. Kiməsə həyan ola bildisə, bundan böyük sevinc duyur.
Bəlkə də bu xüsusiyyətlərin kökü onun uşaqlıq illərinə, atasından eşitdiyi nəsihətlərə gedib çıxır.
Səmayil Quliyevin atası İsmayıl kişi Qazaxın məşhur Kəsəmənlilər tayfasından olub. Kəsəmənlilər böyük heyvandarlıq təsərrüfatlarına sahib olan və köçəri həyat sürən adamlar kimi tanınıblar. İsmayıl kişi sadə kolxozçu olub, bir müddət kolxoz sədri vəzifəsində də çalışıb. Onun övladlarının yaddaşında tutduğu yer isə vəzifəsi ilə deyil, insanlığı ilə bağlıdır.
Atası elmli adam olmasa da, helmli olub, səliqəli, yaxşılıq etməyi və insana həyan olmağı bacaran bir insan kimi yaddaşlarda iz salıb.
Övladlarına deyərmiş: “Çalışın yaxşılıq edin, müvəqqəti dünyadır. Bir qəlbi abad edə bilməyəcəksənsə, çalış ona toxunma. İnsan qəlbi nazik şüşə kimidir, sındısa, düzəlməz”.
Bu sözlər Səmayil müəllimin yaddaşında işıqlı bir köşk salıb və görünür, həyat yolunda ona mənəvi istiqamət verən əsas dəyərlərdən birinə çevrilib.
İsmayıl kişinin başqa bir xüsusiyyəti də son dərəcə səliqəli olması idi. Bir iş gördükdən sonra istifadə etdiyi alətləri yuyar, təmizləyər və hər birini səliqə ilə öz yerinə qoyardı. Bu, sadə görünən, amma insan xarakterini ifadə edən mühüm bir keyfiyyətdir: gördüyün işə hörmət etmək.
Atasının vaxtilə kolxoz sədri işləməsini onun “üst təbəqə”yə aid olması kimi qiymətləndirənlərə Səmayil müəllimin münasibəti tamam başqadır. Deyir ki, o necə üst təbəqədir ki, anası da digər sadə kənd qadınları kimi səhər gün çıxmamış hava qaralana qədər ağır və zəhmət tələb edən kolxoz təsərrüfatında çalışıb.
Səmayil Quliyevin 70 illik ömrünə nəzər salanda bir-birindən fərqli, amma bir-birini tamamlayan həyat səhifələri görünür. Amma bütün bu illəri birləşdirən əsas xətt vəzifələr və titullar deyil. İnsana münasibətdir. Zəhmətə hörmətdir. İşə sədaqətdir. Doğma yurda bağlılıqdır.
Səmayil müəllim həm də övladlarının uğuruna sevinən, hər addımda onların yanında olmağa çalışan ailəcanlı azərbaycanlı kişisidir. Böyük oğlu Emil şəxsi bizneslə məşğuldur, kiçik oğlu Ramil isə Maliyyə Nazirliyində çalışır. Övladlarının həyat yolunda qazandıqları uğurlar, şübhəsiz ki, onun üçün 70 illik ömrün ən böyük Tanrı payıdır.
Səmayil müəllimin mənəvi dünyasının başqa bir rəngi isə ədəbiyyata, xüsusilə şeirə, xalq yaradıcılığına və aşıq sənətinə olan sevgisidir.
Şeiri sadəcə oxumur, onu duyur. Bir misranın arxasındakı mənanı, bir bəndin yaratdığı ovqatı hiss etməyi bacarır. Aşıq sənətindən saatlarla danışa bilər və bu söhbətdən yorulmaz. Özü də bəzən şeirlər yazır. Onun yazdıqlarında uşaqlığının keçdiyi dağların nəfəsi, doğma yurda bağlılıq, təbiətə heyranlıq və nisgil duyulur:
Bu nə möcüzədir, nə xoş mənzərə,
Dağlar buludlarla qucaqlaşıbdır.
Tənha qaldığından, darıxdığından,
Yoxsa bulud yerə yaxınlaşıbdır.
Hava şüşə kimi, buludlar gömgöy,
Dağların başına çətir salıbdır.
Baxan ilham alıb bu mənzərədən,
Min-min xəyallara, fikir dalıbdır.
Bu misralarda sadəcə təbiət təsviri yoxdur. Burada dağlarla danışan, onlarda öz uşaqlığını, öz dünyasını görən bir insanın duyğuları var.
Şeirin son misralarında isə bu duyğu daha da dərinləşir:
Çətinə düşəndə necə mehmana,
Dağlar sinəsini sipər edərmiş.
...Ayaq dəyməyən, ün yetməyən
Dağlar yetim qalıb, yalqızlaşıbdır.
Qeyb olan meşələr, küskün bulaqlar,
İnsan nəfəsinə həsrət qalıbdır.
Bəlkə də Şınıx dağlarının qoynunda böyüyən bir insan üçün dağlar heç vaxt sadəcə dağ olmayıb. Onlar uşaqlıqdır, yaddaşdır, ata ocağıdır, həyatın başlanğıcıdır. Ona görə də Səmayil müəllimin şeirlərində dağlar həm təbiət, həm də bir ömür obrazıdır.
Yetmiş yaş insan ömrünün sadəcə bir rəqəmi deyil. Bu, arxada qalan illərə baxmaq, keçilən yolu dəyərləndirmək, insanlardan qalan xoş sözləri xatırlamaq üçün bir məqamdır.
Səmayil Quliyevin keçdiyi ömür yoluna isə işıqlı yol demək olar.
Çünki o yol dağlardan başlayıb. Dağların saflığını, möhkəmliyini, əzəmətini özündə daşıyaraq uzun illər boyu tikinti meydanlarında davam edib. Bu gün həmin yolun ən qiymətli qazancı isə görülən işlərlə yanaşı, insanlar arasında qazanılmış hörmət və doğmalıqdır.
Dağlardan gələn işıq, illər keçdikcə insanın yaddaşında daha aydın görünür.
Teymur Mahmudov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 08 Sentyabr 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















