Səhnədə gördüyümüz “Dayının yuxusu”
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Dostoyevskinin “ən zəif əsəri” Akademik Milli Dram Teatrında...
Sibirdə (Omsk) dörd illik (1850-1854) katorqadan sonra Semipalatinskdə (Şərqi Qazaxıstan) əsgəri sürgün həyatını davam etdirən Fyodor Mixayloviç Dostoyevski Peterburqa hələ qayıda bilməsə də, ədəbiyyata qayıtmaq əzmində idi.
1856-cı ildə dostu şair A.N.Maykova yazırdı: "Əyləncə xatirinə bir komediya yazmağa başlamışdım, lakin proses əsnasında o qədər çox gülməli vəziyyət və obraz yaratdım — və əsas qəhrəmanımı o qədər sevdim ki... Bu qəhrəmanla aramızda müəyyən bir yaxınlıq hiss edirəm. Bir sözlə, komik bir roman yazıram...".
Dostoyevski həmin romanı ərsəyə gətirmədi və bu əsərə aid heç bir əlyazması da günümüzə gəlib çatmayıb.
İki il sonra, 1858-ci ildə Semipalatinskdən qardaşı Mixailə yazırdı ki, irihəcmli romanlar üzərində işi "hələlik" bir kənara qoyur. Bunun əvəzinə o, bir povest və ya qısa bir roman yazmağı nəzərdə tutur. Əvvəlcə komik bir epizodu ayırıb, ayrıca povest kimi təqdim etmək niyyətindədir: “Böyük romanımda tam müstəqil və özlüyündə yaxşı olan bir epizod var, lakin o, əsərin bütövlüyünə xələl gətirir. İstəyirəm ki, həmin hissəni romandan çıxarım...”.
Bu, yazıçının 1859-cu ildə nəşr etdirdiyi “Dayının yuxusu” povesti olacaqdı.
Dostoyevski on il zorən uzaq düşdüyü böyük ədəbiyyata bu əsərlə qayıtdı. Hərçənd yazdığını özü heç bəyənməmişdi. Sonralar etiraf edirdi ki, bu əsəri yalnız ədəbi aləmə yenidən qayıtmaq məqsədilə qələmə alıb. Onu da qeyd edirdi ki, sürgün həyatı və üzərində olan “damğa” üzündən bu əsəri "dəhşətli senzura qorxusu" ilə yazıb və yaradıcılıq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmalı olub.
Amma cəmi bir neçə il sonra onun yaradıcılıq dühası dünya ədəbiyyatının xəzinəsinə ən məşhur əsərlərini, o cümlədən “böyük beşlik” sayılan romanlarını bəxş edəcəkdi. “Dayının yuxusu”ndan doqquz il sonra ərsəyə gələcək “İdiot” romanı (1868) isə komik, karikaturavari obraz tipinin (Knyaz K.) faciəvi mahiyyət qazanaraq "mütləq mənada gözəl insan" (Knyaz Mışkin) obrazına necə transformasiya olunduğunu göstərəcəkdi.
"On beş il ərzində “Dayının yuxusu” adlı povestimi yenidən oxumamışdım. İndi onu yenidən oxuyanda isə zəif olduğunu görürəm", – yazıçı 1873-cü ildə məktublarının birində səmimiyyətlə etiraf edirdi.
Lakin müəllifin özünün soyuq qiymətləndirməsinə rəğmən, həmin povest bir müddət sonra səhnəyə də yol tapdı.
"Dayının yuxusu"nun ilk peşəkar səhnə həlli hələ yazıçının sağlığında, 1878–1879-cu illər mövsümündə Moskvanın Malı Teatrında olmuşdu.
2026-cı ildə isə bu əsər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsindədi.
***
İkihissəli “qalmaqal-karnaval” janrında tamaşaya rejissor Mikayıl Mikayılov quruluş verib. O, həmçinin əsərin səhnələşdirmə müəllifi və musiqi tərtibatçısıdır.
M.Mikayılov bu əsəri səkkiz əvvəl Qazaxıstanda səhnələşdirib və tamaşa uğurla qarşılanıb. “Dostoyevskinin yaradıcılığı bütövlükdə məni həmişə maraqlandırıb. Bu əsərdə isə onun yaradıcılığı tamamilə fərqli tərəfdən təqdim olunur və mən də bunu göstərmək istərdim. Dostoyevski həmişə xüsusi psixoloji keyfiyyətə malik romanları ilə əlaqələndirilir. Onun komediyasını səhnələşdirmək, zənnimcə, çox maraqlıdır.. Bu, çox maraqlı bir təcrübə idi! Şadam ki, indi öz tamaşaçılarımızı bu əsərlə tanış etmək imkanım var”, – rejissor iki ay əvvəl tamaşanı təhvil verəndə bildirmişdi.
Əsərdə hadisələr Mariya Aleksandrovna Moskalyovanın yaşadığı kiçik əyalət şəhərində – Mordasovda baş verir.
Mariya Moskalyova intriqabaz, hikkəli, hiyləgər qadındır. Məmurluqdan qovulmuş ərinə zülm edir, yaşadığı şəhərdə çoxlarının nifrətini qazanıb. Yeganə arzusu cansıxıcı şəhərdən qurtulub ali təbəqəyə yol tapmaq, əsilzadələrə qoşulmaqdır. Belə bir əsilzadəni tapıb, 23 yaşlı qızı Zinaidanı ona ərə vermək ən asan yol olardı. Zinaida hələlik yeganə pərəstişkarı olan Pavel Mozqlyakovun evlilik təkliflərini qəbul etmir, kiçik əyalət şəhərində isə başqa layiqli namizəd yoxdur.
Bu arada şəhərə bir vaxtlar Avropada yaşayıb, indi də nitqinə fransız kəlmələri də qatan qoca Knyaz K. gəlir və Moskalyovlarda qonaq olur. Qocalara xas olan ağıl zəifliyindən əziyyət çəkir, xarici görkəmi ilə də qocalığını gizlədən, süni şəkildə “cavanlaşmış” Knyaz K. Zinaidanı bir dəfə görsə də, sərxoş halda ona vurulur, qarşısında diz çöküb evlilik təklif edir.
Mariya Moskalyovaya görə, o, qızı üçün münasib (və onları əsilzadələr cəmiyyətinə çıxaracaq) adaxlı ola bilər. Odur ki, hiyləgərliyini işə salaraq qızının yeganə “pərəstişkarı” olan Pavel Mozqlyakovu da sıradan çıxarır. Lakin qısqanc, paxıl və uğursuz gənc – Pavel Mozqlyakov da geri durmur. O, dayı deyə ünsiyyət qurduğu qocanı inandırmağa çalışır ki, onun xatırladıqları (Zinaidaya evlilik təklifi) əslində yuxudur. Knyaz etdiklərini xatırlamadığı üçün bu gəncə inanır. Çünki yaddaşını çoxdan itirib. Sərxoşluqdan ayılandan sonra Zinaidanın heç adını da xatırlamır...
***
Əsərdəki XIX əsrin rus əyalət şəhərinin mühiti səhnə tərtibatında XXI əsrə – internet, FM radio, elektron musiqi və s. olan mühitə köçürülüb. Bu xüsusda rejissor yozumu ilə yanaşı quruluşçu rəssam Mustafa Mustafayevin, işıq üzrə rəssam Rafael Vaqifoğlunun uğurlu işini də vurğulamaq lazımdır.
Əsərdəki Mordasov şəhərinin yalan-qeybət dolu əyalət xronikasını tamaşada “Dostoyevski FM” radiosunun aparıcısı hər kəsə danışır.
M.Mikayılov səhnə traktovkasında XIX əsr Mordasovunu bugünkü internet dövrünə bənzədir: “Ətrafımızda çoxlu saxta məlumat var, əsl həqiqəti isə tapmaq çox çətindir. Povestdə eşidilməyən insanın tənhalığı təsvir olunur. Məqsəd qoydum ki, tamaşaçılara insanların bir-birini eşitmədiyini, anlamadığını çatdırım. İnternet dövründə, cəmiyyətin intriqa və səthi xəbərlərlə yaşadığı vaxt, insan şəxsiyyətini itirməyə başlayır, onun istəkləri dəyərsizləşir, onun səsi çoxsaylı səs-küydə batır...”.
***
Tamaşada altı real obraz var. O cümlədən üç obraz iki oyunçu (aktrisa) ilə hazırlanıb.
“Dayının yuxusu”nun oyunçu heyəti: Əməkdar artist Sənubər İsgəndərova (Marya Aleksandrovna Moskalyova), Əməkdar artist Ayşad Məmmədov (Knyaz K.), aktyor Cavidan Novruzov (Xronikaçı, Dmitri Mozqlyakov), Lalə Süleymanova və Nərminə Məhərrəmova (Zinaida Afanasyevna Moskalyova), Nigar Güləhmədova və Xədicə Bayramlı, Rada Nəsibova və Güney Əkbərova (Mordasov şəhərinin xanımları).
Yeri gəlmişkən, 16 sentyabrda – seyrçisi olduğum ilk tamaşada Zinaida rolunu Lalə Süleymanova, xanımları Nigar Güləhmədova və Rada Nəsibova oynayırdılar.
Səhnəyə cəmi altı oyunçu çıxsa da, adı çəkilib, özü görünməyən “obraz”lar daha çoxdur.
Marya Aleksandrovnanın məmurluqdan qovulmuş əri – Afanasi Moskalyov – zahirən “görünsə” də, əslində yoxdur, çünki səhnədə dilsiz-ağızsız maneken-kukladır.
Maneken demişkən, səhnədə dörd şəffaf vitrin qoyulub. Bu vitrinlərdə əsərin qəhrəmanlarını fərqli situasiyalarda görürük: gah “Dostoyevski FM” radiosunu qulaqcıqla dinləyərkən, gah da sadəcə özlərini “nümayiş” etdirərkən.
Səhnə tərtibatının ən çoxfunksiyalı əşyası isə əvvəldən axıradək ortada olan taxta qutudur: o, üfüqi halda Knyaz K.-nın yatıb “yuxu gördüyü” üstü qapalı çarpayı-taxt da olur, şaquli halda “ayaqyolu” da.
Tamaşanın dinamik tempi var, xüsusilə ikinci hissədəki tepmoritmdə musiqi tərtibatının uğurla seçildiyini, o cümlədən “Ave Maria”nın vokal ifa epizodunu qeyd etmək gərəkdir.
Personajların ilk şəkildə səhnəyə üzləri bağlı – maska ilə daxil olması, finalda da maskaların taxılması tamaşanın rejissor tərəfindən müəyyən edilən janrını (maskarad, qalmaqal-karnaval tamaşa) bir daha vurğulamış olur.
***
Beləliklə, Dostoyevskinin öz etirafı ilə ən zəif əsəri saydığı “Dayının yuxusu” povesti Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində maraqlı, baxımlı, orijinal səhnə həlli tapıb.
Arzu edirik ki, əsərin repertuar ömrü uzun olsun. Necə deyərlər, bir müddət sonra “Dayının yuxusu” səhnədən ərşə çəkilməsin. Ki, daha öncə müxtəlif teatrlarda səhnə nümunələrinin belə aqibətini görmüşük.
Və son olaraq, dünya ədəbiyyatının Dostoyevski kimi dühalarının əsərlərini milli teatr səhnələrində daha tez-tez görmək arzusu ilə
Vüqar Orxan
medeniyyet.info.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 17 Sentyabr 2026 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















