Icma.az
close
up
RU
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az Nərmin Kamalın Nihad Fəlsəfehin şeirləri haqqında yazısını təqdim edir.

“Dəli yoxdu e, Nərmin, dəli yoxdu.

Kimə baxırsan müdrikdir.

Gəncləri deyirəm”.

Seymur Baycan

Bugünlərdə şair, esseist, tərcüməçi Nicat Məmmədovun yeni şeir kitablarını oxudum və bənzərlərinə axırıncı dəfə 2000-ci illərin əvvəlində “Alatoran” jurnalı ətrafındakı kiçik mühitdə rast gəldiyim azad ruhlu, dəlisov, avanqard şairi tanıdım.

Nicat Məmmədovun “Neprerıvnost-Aramsızlıq-Continuity” şeirlər kitabı haqda artıq nəcib bir esse yazılıb, kitab haqda nə lazımdırsa, orada göstərilib. Mən yalnız onun “Nihad Fəlsəfeh. Qızıl səslər” kitabından söz açacağam. Kitabda bayatılar, mədhiyyələr, haykular, portretlər, ağ şeirlər və “Qızıl səslər” poeması var. Bu şeirlər ənənəvi Nicat Məmmədov şeirləri deyil, müəllifin daxili aləmindəki ikinci, tamamilə müstəqil şairin səsidir.

Nihad Fəlsəfehin şeirlərində dilin ən hörmətli sözləri (dünya, insan, həqiqət, həyat, ölüm, məna və s.) ilə dilin ən hörmətsiz sözləri (dilçilərin vulqar dediyi sözlər) görüşür. Bu, şahzadəylə sərsərinin, keşişlə əyyaşın görüşüdür. Bu, dilin iki ucqar nöqtəsinin görüşü deməkdir. Sərsəri şahzadəyə, əyyaş keşişə meydan oxuyur. Adətən ədəbiyyat belə edir, – sərxoş Qranter, sərxoş Kefli İsgəndər sözün düzünü deyib qalib gəlir.

Nihad Fəlsəfehin şeirlərində hedonist etika var, danışan səs həzzi ən ali məqsəd hesab edir. Amma mahiyyətcə bu, ərköyün hedonizm deyil, dünyanın reallığından məyus olmuş adamın həzzə son istehkam kimi sığınması, həzzi üsyan və müqavimət alətinə çevirməsidir.

Bu, kef xatirinə kefi təbliğ edən harın insanın deyil, həyatın puçluğuna qarşı əliyalın insanın kinayəli həzzi və həzzə kinayəsidir.

Vulqar sözdən bütün digər ritorik vasitələr kimi yaxşı da, pis də istifadə etmək olar. Amma etiraf etmək lazımdır ki, vulqar sözlərlə estetik mətn yazmaq çox çətindir, çünki o sözlər mətnin bir hissəsinə elə diqqət çəkir ki, oxucunun diqqəti bütövdən yayınır. Bunun uğursuz nümunələrini biz son illər çox görmüşük. Amma Nicat istedadlı bir filoloq kimi nəyi necə etməyi yaxşı bilir. O, bütövü hissənin, məğzi təfərrüatın ayağına vermir.

Əgər belə şeirlər Qərb ədəbiyyatşünasının əlinə düşsəydi, o, hökmən qədim latındilli şair G.Catullusun “Karmen 16”-sı ilə paralel aparardı. Deyərdi “Karmen16” elə açıq-saçıq idi ki, onu hər dəfə çap edəndə hansısa misranı senzura edirdilər, eramızdan əvvəl yaşamış bu şairin bu erotik şeirini ingilis dilində tam şəkildə yalnız XX əsrdə çap etmək mümkün olub. Lakin Nihad Fəlsəfehin şeirlərində məsələ “Karmen16” sayaq, sadəcə eksplisit erotika, çılpaq-yalın söyüş olsaydı, bu kitab uğursuz olardı. Bu şeirlərdə estetik müstəvidə erotik nihilizm və yorğun naturalizm gördüm.

Bu həyat bir oyundur
İnsan oğlu qoyundur
Həqiqəti sən tapsan
Çalış onu soyundur

XX əsrin əvvəlində rus ədəbiyyatından Mixail Arsıbaşevin “Sanin” romanında da Vladimir Sanin bədən həzzi üçün yaşamağı təbliğ edir, amma adi kütləvi erotik romanlardan fərqli olaraq, o ədəbiyyat tarixində qalıb. Çünki həmin romanın böyük məqsədi vardı, onun qəhrəmanı Rusiya cəmiyyətində 1905-ci il inqilabından sonra gedən böyük dəyişikliklərə reaksiya verirdi; Duma ilk dəfə demokratik yolla seçilmişdi, ölkədə hər mənada azadlıq küləkləri əsirdi. Romanın qəhrəmanı nə etdiyini dərk edirdi, əgər Bazarov nihilist idisə, Oblomov tənbəl idisə, Sanin də hedonist idi. O, öz seçimini izah edə bilirdi. Nihad Fəlsəfehin səsi də nə dediyini dərk edən səsdir.

Həyatın mənasını axtarma,
Tapa bilməzsən
Banan ye

Şeirlərin gözəl məziyyətlərindən biri də üslubudur. Əvvəla, rusdilli bir müəllifin Azərbaycan dilində leksik imkanlarının bu qədər geniş olması, ədəbi dilin özəyi olan bədii-poetik üslubda bu qədər rahat gəzib-dolanması, qafiyədən qafiyəyə, allüziyadan allüziyaya keçməsi alqışa layiqdir.

Üstəlik, Nicatın digər kitablarında olduğu kimi burada da bir dil deyil, bir neçə dildən istifadə olunub. Bu multilinqual şeirlər kimi həyatımız da bir dildə deyil, bir neçə dildə cərəyan edir. Ədəbiyyatda dilləri ən çox qarışdıran əsər J.Joyce-un “Finneqanın yası” olub, bir romanda 65 dil var, bura dialektlər də, müasir və qədim dillər də daxildir, üstəlik, bəzi sözlər qəsdən təhrif olunub (love-loff).

Bu, mexaniki qarışıq dyil, yaradıcı müəllifin daxili ehtiyacıdır, belə bir üslubdan istifadə etmək üçün Azərbaycan və ya rus dilini yox, ümumiyyətlə, insan dilini ürəkdən hiss etməlisən və bu hiss büruzə vermək üçün səni narahat etməlidir.

L.Wittgenstein “dil oyunları” deyəndə onu nəzərdə tutur ki, heç bir sözün və cümlənin sabit mənası yoxdur, hər bir sözün və cümlənin mənası o mətndə, o nitqdə oynanan oyunun şərtlərindən asılı olaraq dəyişir, yerindən asılı olaraq “su” sözü əmr də, suala cavab da, yalvarış da, adi ünsiyyət vasitəsi də ola bilər. Nihad Fəlsəfeh dili sözlərdən də dərinə, söz oyunları və səs oyunları səviyyəsində hiss edir. Nəticədə sözlər və səslər elə qarışır ki, onlar arasında nəinki şairin şəxsi hisslərini, bütövlükdə mədəniyyətin canlı, sirli və mürəkkəb səsini eşidirsən. Nicat Məmmədov da, Nihad Fəlsəfeh də yoxa çıxır, sən bu səslə üz-üzə qalırsan, sənlə onun arasındakı subyektiv təcrübə sərhədi bulanaraq itir və eynilə poemadakı kimi deyirsən:

Sən kimsən? İnsansan, ya cinsən?

Yağış damlaları açıq pəncərənin qarşısındakı qəzetə düşüb necə çappıldayırsa, şeir də elə canlı olmalıdır. Şeir gərək azad ruhla yazılsın, ayaqları hisslər üzərində olsun, ağıldan (əqldən) uca olsun, o qədər uca olsun ki, əqlə imkanlar açsın, tanıdığımızı zənn etdiyimiz dünyanı və özümüzü bizə başqa bucaqdan göstərsin. Şeir lirik də ola bilər, qəzəbli də, təki canlı olsun, əti-sümüyü sözdən, ruhu həqiqi hisslərdən nəfəs almış olsun. Ürəyimiz çırpınsın şeiri oxuyanda, içimizdəki buz dənizi qırılsın, gözümüz yaşarsın, dodağımız qaçsın, yaxud da yumruğumuz düyünlənsin. Nihad Fəlsəfehin şeirlərini oxuyanda məni hansı hiss bürüdü? Vahimə hissi. O güclü hissi mən, 10 manata bilet alıb kinoya getsəydim, heç bir qorxu filmində duymazdım, bu şeirlərdə duydum. Bu şeirlərin bəziləri alimin ayrı-ayrı ölülərin hissələrindən düzəltdiyi Frankenştayn kimi, insanın öz yaratdığı, amma özünə qarşı çevrilən mədəniyyət monstrı kimi iki əlini havaya qaldıraraq üstümə gəlirdi. O, azərbaycanlı idi, Frankenştayn Tofiq oğlu.

Marina Svetayeva deyir mən sözə elə inanıram ki, kimsə məktubun sonunda “Sənin filankəs” yazanda elə bilirəm o adam doğrudan da mənimdir. Elədir ki, var. Elədir ki, var. Elədir ki, var.

Kitab oxumaq əziyyətli işdir. Əziyyət təkcə kitab adlı o dördkünc əşyanı əlində saxlamaqla, gözlərini ona zilləməklə bitmir, fikrən də gərgin vəziyyətdə olmaq, hekayə, şeir istədiyin kimi bitməyəndə məyus olmaq var. Məyus olanda həyatda olduğu kimi əvvəl üsyan edib sonra taleyin gətirdiyi vəziyyətlə barışırsan. Əgər kitabdakı personajların taleyini istədiyin kimi həll etmək mümkün olsaydı, bu, sənət yox, ustadlar doğru deyiblər, menyu olardı, istədiyin neməti qarşına gətirərdi. “Qızıl səslər” kitabı menyü deyil, sən onu deyil, o sənin növbəti vəziyyətini sifariş edir.

Nihad Fəlsəfehin şeirləri göstərdi ki, ədəbiyyatımızda dəli var, dəlisov var. Lakin heyf ki, o, bugündən – gənclər arasından yox, keçmişdən gəlib, 2000-ci illərin əvvəlindən, o azad ruhlu dəlisov illərdən gəlib. Gündüz əlimizdə çıraq, yeni dəli axtararaq. https://nerminkamal.com/blog/

Anar Ekodan danışanda Ədəbiyyat üstündə müharibə edən dövlətlər Qollarımda əqrəb, boynumda ilan... – Nərmin Kamaldan YENİ HEKAYƏ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://kulis.az
archiveBu xəbər 04 Dekabr 2024 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see239

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see238

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see236

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see233

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see222

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see219

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see215

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see210

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see210

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see203

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see200

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see200

Tramp saç rəngini dəyişərək hər kəsi təəccübləndirdi

06 Sentyabr 2026 21:34see193

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see192

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see191

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see183

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see181

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see181

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see180

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri