Icma.az
close
up
RU
Səməd Vurğunun nəticəsi Vurğun Vəkilov: Böyüdükcə ulu babamın böyük şair olduğunu öyrəndim

Səməd Vurğunun nəticəsi Vurğun Vəkilov: Böyüdükcə ulu babamın böyük şair olduğunu öyrəndim

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Xeyli vaxtdır sizlərin görüşünə gəldiyimiz müsahibələr əksər oxucular tərəfindən maraqla qarşılanır və gözlənilir də. Bunu daimi oxucuların fikirlərindən bilirəm. Oxucular mədəniyyət, incəsənət xadimlərilə görüşməyə daha həvəslidirlər. Hətta kimlərlə görüşmək istədiklərini də bildirirlər. Təbii ki, oxucu fikri, rəyi, istəyi bir mətbu orqanı üçün çox əhəmiyyətlidir. Öz növbəmizdə bizə vaxt ayıran oxuculardan qarşılığı da heç zaman əsirgəmirik. Təsadüfi deyil ki, bu gün yenə də oxucu istəyi ilə mədəniyyət sahəsinə üz tutduq.

Hegel deyir ki, mədəniyyət insanın yaratdığı ikinci təbiətdir. Əslində təbiətə bənzərliyin özü bir millətin, bir xalqın ruh halının incəliyidir. Mədəniyyət insanla birlikdə yaranıb, onunla birlikdə tarixi formasiyalardan keçib, müxtəlif dövrlərin daş yaddaşına çevrilib və bəşəriyyətlə birlikdə addım-addım yol gəlib. Və hansı yoldan keçməyinə baxmayaraq, özündən sonra qalan izləri, yaddaş nümunələrini muzeylərdə qorumağı bacarıb. Çünki muzey yaddaşın əbədi və dəyişməz ünvanıdır.

Bu dəfə, əziz oxucu, gəl səninlə birlikdə bir Mənzil-Muzeyinə səyahət  edək. Artıq tarixin nəfəs aldığı bu evlərdə çoxdandır ki, insanlar yaşamır. Mənzil-Muzeylər böyük şəxsiyyətlərin ruhunun hələ də dolaşdığı ünvanlardır. O otaqlarda zamanında yazılan şeirlər, çəkilən rəsmlər, səslənən notlar sərgilənən hansısa bir əşyanın arxasından boylanır. Hər küncü, hər əşyası ilə zamana meydan oxuyan bu evlər bizi tarixlə, yaddaşla və insan talelərilə baş-başa buraxır.

Bu günümüzün ünvanı Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun Mənzil-Muzeyidir. Müsahibimiz isə böyük şairin nəticəsi, beynəlxalq musabiqələr laureatı, pianoçu, Prezident mükafatçısı, Səməd Vurğunun Mənzil-Muzeyinin direktoru Vurğun Vəkilovdur.

- "Sirrini verməyir sirdaşa dünya"... Günümüzün reallığında görürük ki, dünyanın çox sirlərindən bixəbər olsaq da, həyat davam edir...

- Təkcə dünyada deyil, hər bir sahədə çətinliklər olsa da, dediyiniz kimi həyat davam edir və biz də öz yolumuzla, tutduğumuz çığırla yürüməyi bacarmalayıq. Tanrı bu dünyanı qurandan sonra insanı xəlq edib, canlı-cansızdan fərqli ona şüur, zəka verib ki, dünyanı idarə etsin. Daha deməyib ki, inkişaf etdikcə, dünyanı dağıtmağa qalxsın. Dünyada bu gün baş verənlərə bəşəriyyət hansı gözlə baxır, bilmirəm. Onu bilirəm ki, "bir yandan boşalıb, bir yandan dolan dünya"nı od-alovdan qorumaq lazımdır.           

- Vurğun Vəkilovu öz dilindən daha yaxından tanıyaq...

- Bakıda, kifayət qədər tanınan Vəkilovlar ailəsində doğulmuşam. Kiçik yaşlarımdan musiqiyə olan həvəs və maraq məni Bülbül adına Orta İxtisas Məktəbinin fortepiano sinfinə gətirib. Beşinci sinifdə oxuyarkən müsabiqə və festivallarda qazandığım uğurlara görə ölkə başçısının sərəncamı ilə adım Azərbaycanın gənc istedadlarının "Qızıl kitab"ına yazılıb və prezident təqaüdçüsü olmuşam. Bu uğurlarımda ixtisas məktəbindəki müəllimim Elmira Mustafayevaya borcluyam. Daha sonra Bakı Musiqi Akademiyasının prorektoru Oqtay Abasquliyevin bir il tələbəsi oldum, lakin tale elə gətirdi ki, mən təhsilimi Paris Ali Musiqi Məktəbində davam etdirdim, oranı bitirib Vətənə qayıtdım. Həm ifaçılıq sənətimlə məşğulam, həm də muzey fəaliyyətilə.

- Daşıdığınız adın məsuliyyəti  yəqin ki, ağır olar...

- Təbii ki, ağırdır. Bu sualla tez-tez rastlaşıram və Vaqif Səmədoğlunun təbirincə cavab verirəm: "Səməd Vurğunun adını ucalda bilməsəm də, heç zaman aşağı enməyə qoymaram". Kiçik yaşlarımdan kimin adını daşıdığımı dönə-dönə eşitdiyimdən, bu, mənim beynimə həkk olunub və onu dərk edəndən sonra Vaqif Səmədoğlunun bu devizi ilə yaşayıram və ümid edirəm ki, belə də davam edəcək.          

- Kökdən gələn poeziya mühitinə rəğmən, seçiminiz musiqi oldu...

- Sualda poeziya mühitini vurğuladınız, mən bir haşiyə çıxım burda. Səməd Vurğun özü fortepianoda, tarda, skripkada, sazda ifa etməyi bacarıb. Peşəkarcasına olub-olmadığını bilmirəm, lakin sərbəst şəkildə bu dörd musiqi alətində ifa edə bilib. Musiqiyə marağı, sevgisi vardı ki, övladlarının hər üçünün musiqi təhsili var. Böyük oğlu Yusifi skripka, nənəm Aybənizi fortepiano, Vaqifi əvvəl violonçel sinfinə qoyub, lakin sonralar aləti daşımağın çətin olduğunu görüb onu da fortepianoya keçirib. Vaqif Səmədoğlu xeyli müddət klassik pianoçu kimi musiqi sahəsində oldu. Haradasa 16-17 yaşlarında o filarmoniyada Niyazi ilə Raxmaninovun Birinci konsertini ifa edib və ona verilən gül dəstələrini artıq yataqda olan atasına gətirib. Bundan təsirlənən Yusif Səmədoğlu "Güllər" adlı kiçik əsərini qardaşı Vaqifə ithaf edib. Sonra o klassikadan caza keçdi. Həm özü gözəl çaz ifa edirdi, həm də dövlət televiziyasında veriliş  aparırdı. Sonrakı yolunu ədəbiyyata bağladı və sevilən, görkəmli xalq şairlərimizdən biri oldu. Yəni Səməd Vurğunun özü ilə bərabər ailəsində də musiqi əhəmiyyətli yer tutub.

- Deməli, siz ailənin musiqi xəttini davam etmisiniz...

- İlk olaraq onu deməliyəm ki, mən musiqi sahəsində nəyə nail olmuşamsa, bu, yalnız anamın zəhmətidir. Mənə söylənilənlərdən bilirəm ki, üç-dörd yaşlarında televiziyada eşitdiyim hansısa bir musiqini evdə pianoya yaxınlaşıb barmaqlarımın ucuna qalxaraq nələrsə çalmağa həvəsli olmuşam. Anam bunu hiss edəndən sonra çox sevinib və məni həvəsimə doğru yönəldib. Zamanında anam Aygün xanımın musiqi təhsili yarımçıq qalıb. Musiqi məktəbinin yeddinci sinfində oxuyanda nənəm Aybəniz xanım onu məktəbdən gətirən zaman yolu keçərkən anamı maşın vurub, uzun müddət xəstəxanada yatıb və sonda həkim deyib ki, onun pianoda ifa etməyi artıq mümkün deyil. Bu, anamın içində yarımçıq bir istək olaraq qalıb və o natamam arzularını məndə tamamlayıb. İnanmıram ki, onun qədər övladının təhsili üçün can yandıran kimsə var.

- Yəni özünüzdən daha çox Aygün xanım sizə qarşı tələbkar olub...

- Əslində mən bir uşağın özünə qarşı ciddi tələbkarlığını normal hesab etmirəm. Çünki hər bir uşaq gəzmək, əylənmək, oynamaq istəyir. Bu, onun haqqıdır və normalda bunları istəməlidir. Mən də onlardan biri olmuşam. Doqquzuncu sinfə qədər məndən tələb ediblər. Xüsusilə anam, dərslərimə gedib müəllimin hər bir sözünü yazırdı sonra pianonun arxasında əyləşib vərəqi mənə verərdi ki, müəllimənin dediklərinə düzgün əməl edim, deyilənlər yaddaşıma həkk olunsun. Sizcə, bunu hər ana edərmi? Ona görə hər zaman deyirəm ki, uğurlarıma, nailiyyətlərimə görə Aygün xanıma borcluyam. Bilirsiniz ki, anamın adı babasının "Aygün" poemasından götürülüb və məhz bu poema şairin əlində tutduğu son kitab olub.

- Səməd Vurğunla ilk tanışlığınız...

- Mənə elə gəlir ki, evimizdə gördüyüm ilk portret. Təbii ki, uşaq marağı ilə kimin şəkli olduğunu soruşmuşam və mənə də anlayacağım qədər məlumat veriblər. Böyüdükcə mənim ulu babamın böyük şair olduğunu öyrəndim, hamı kimi ilk olaraq onun "Azərbaycan" şeirini əzbərlədim və anamla nənəmin söhbətlərindən kimin adını daşıdığımı bildim. Bilirsiniz, belə bir evdə böyüməyin özü elə hər şey deməkdir. Zamanla onun müdrikliyini, dahiliyini hiss edirsən. Hərçənd ki, nənəm Aybəniz xanım dahi sözünü yaxın buraxmırdı. Bilmirəm hansı səbəbdənsə o, "Azərbaycanın böyük şairi" ifadəsinin işlənməsini xüsusi vurğulayardı. Şəxsən mən ona bir dahi kimi baxıram. Səməd Vurğunun istənilən şeirinin bir bəndini oxuyanda misraların melodikliyi, axıcılığı, yaddaşda rahat qalıcılığı oxucunun gözü önündə obrazlar yaratmağı bacarır. Gərək nə qədər mükəmməl istedada sahib olasan ki, yazdığın şeirdə fikrini, hisslərini istənilən təbəqənin oxucusuna çatdıra biləsən. Və mənim nəzərimdə bu, dahilikdir. Mənim də bu dahi insanla tanışlığımın ən uğurlu qaynağı anam və nənəm Aybəniz xanım olub.

- Bildiyim qədər Xavər xanımı da görmüsünüz...

- Bəli, görmüşəm, o, dünyasını dəyişəndə səkkiz yaşım vardı. Uşaq yaddaşımda xatirələrdən ötəri kadrlar qalıb. Ən çox onu bilirsiniz necə xatırlayıram? Artıq o, xeyli yaşlı idi və Xavər xanımın kresloya bənzər sadə bir oturacağı vardı, həmişə orada oturardı və əli ilə elə hey saçlarını sığallayardı. Bu mənzərəni tez-tez xatırlayıram. Məni çox sevirdi, xeyli şəkillərimiz də var Xavər nənə ilə. Sizə bir məlumatı da verim. Bu muzeydə mənim təqdimatım da olub. Deməli,  tədbirlərinin birində Aybəniz xanım körpə Vurğunu əllərində yuxarı qaldıraraq iştirakçılara təqdim edib. İlk sırada da Mirvarid Dilbazi oturubmuş və mənə xeyir-dua veriblər. Bu gün belə dəyərli insanlara ehtiyacımız böyükdür.

- Amma özünüzün əlinizə qələm almaq kimi bir istəyiniz olmayıb...

- İstəyim olub və buna cəhd də etmişəm. Təqribən dörd, ya beşinci sinifdə öz aləmimdə guya bir-iki şeir yazdım. Biri yeni ilə aid idi, çox primitiv cümlələrlə başlayırdı. Təsəvvür edin, mən özlüyümdə şeir zənn etdiklərimi kimə oxusam yaxşıdır? Səməd Vurğunun qızı Aybəniz xanıma. Məni dinləyəndən sonra belə dedi: "Bala, sən poeziyada axsayırsan, sən get elə fortepianonu çal". O zaman bu söz mənə çox təsir etmişdi. Onun dediyi kimi öz fortepianomun arxasınca da getdim. Amma çox nadir hallarda olsa da, arada cızma-qara edirəm.           

- Söhbətin əvvəlində dediniz ki, tale elə gətirdi ki, Paris Ali Musiqi Məktəbini bitirdim...

- İxtisas məktəbinin beşinci sinfindən Bakı Musiqi Akademiyasının prorektoru Oqtay Abasquliyevdən fərdi dərslər almağa başladım. Sonra Musiqi Akademiyasına daxil oldum, Oqtay müəllimin sinfinə. Oqtay müəllimin bir xasiyyəti vardı, məni heç zaman müsabiqələrə yönləndirmirdi. Özüm həmişə ona deyirdim ki, gəlin hansısa müsabiqəyə hazırlaşaq. Çünki elə bir zamandı ki, pianoçular özlərini yalnız ya müsabiqədə göstərə bilər, ya da hansısa agentliklərə gedib prodüserlərə böyük vəsait ödəməlisən ki, səni təbliğ edərək irəli çəksinlər. Oqtay müəllim də deyərdi ki, get sosial şəbəkələrdən tap və hansı müsabiqəyə istəyirsən get. Günlərin birində özü məni yanına çağıraraq Fransanın Annemas şəhərində keçirilən müsabiqəyə yolladı. Müsabiqəyə getməyimə beş gün qalmış Oqtay müəllim dünyasını dəyişdi. Xəbəri məşqimizin sonuncu günü aldım. Böyük sarsıntı keçirsəm də, müsabiqədən qalmadım, laureat adını qazandım. Bundan savayı, mənə Paris Ali Musiqi Məktəbində bir il ödənişsiz təhsil almaq hüququ verildi. Oqtay müəllim yolumu açdı və məni tərk etdi. Müəllimlərim Elmira Mustafayevanın, Oqtay Abasquliyevin üzərimdə böyük əməkləri var. Mənə verilən bu imkandan təbii ki, istifadə etdim və yollandım Parisə. Burada həyatım tamamilə dəyişdi.

- Yəni...

- Yəni Azərbaycanda nəyəsə nail olmuşdumsa, müəyyən bir auditoriya məni tanıyıb konsertlərimə gəlirdisə, elə zənn edirdim ki, işimin peşəkarıyam. Orada isə anladım ki, əslində ifaçılığım yox kimidir. Mən həmişə ailədə də, Vaqif Səmədoğlundan da eşidirdim, deyirdilər ki, əsl pianoçu olmaq istəyirsənsə, təhsilini Moskva Konservatoriyasında al. Etiraf etmək lazımdır ki, zamanında Moskva Konservatoriyası ən öndə idi. Lakin məktəb illərinin sonuna yaxın görünürdü ki, həmin konservatoriyanın nüfuzu xeyli aşağıdır və hamı üzünü Avropaya çevirmişdi, xüsusilə də Almaniyaya. Mən də o zaman seçim qarşısında qalmışdım. Mənim üçün belə fürsət düşəndə orada xəbər tutdum ki,  bizim azərbaycanlı Rəna Şereşevskaya (Mustafabəyli) Paris Ali Musiqi Məktəbində dərs deyir. Mən ora yollanan ərəfədə pianoçular arasında nömrə bir sayılan Çaykovski adına müsabiqə başlanmışdı. Həmin müsabiqədə fransalı pianoçu Lyuka Debarq adlı favorit  ifaçı vardı, dördüncü yeri tutsa da, bütün zal ona valeh olmuşdu. Onun müəllimi bizim azərbaycanlımız Rəna xanım idi. Bütün beynəlxalq müsabiqələrdə Rəna xanımın tələbələri iştirak edir və laureat adını qazanır. Məhz onun tələbəsi olmaq həm qürurlu idi, həm də şərəfli. Çətinliklər olsa da, təhsilimi uğurla başa vurdum və döndüm Vətənə.

- Bizə çox isti münasibət olmayan bir ölkədə Azərbaycan musiqisini tanıtmaq asan deyil...

- Təbii ki, buna çalışırdım, lakin bir tələbə olaraq böyük salonlarda konsert vermək kimi imkanım olmayıb. Bununla belə, fürsət düşəndə bəstəkarlarımızın əsərlərini siyahıya daxil edərək ifa etmişəm. Etiraf etmək lazımdır ki, fransızlar dinlədiyini bəyənirdi, çünki bizim musiqidə onlara xas olmayan melizmlər (melodiyanın ayrı-ayrı səsləri ətrafında gəzişmə), dönüşlər, modulyasiyalar eşitdiyi üçün bu detallar onlara maraqlı gəlirdi.

- Yəqin ona görə deyirlər ki, musiqinin dili yoxdur...         

- Suala Bethovenin cavabını verəcəyəm: musiqi Allahın dilidir.

- Maraqlı cavab oldu, amma ötən həftə filarmoniyada keçirilən konsertinizdə Şopeni seçdiniz...

- Düzü, seçim mənim deyildi, bu, təşkilatçıların təklifi idi. Şopenin yaradıcılığına münasibətim yaxşıdır, lakin onun əsərlərindən ibarət konsert planımda yox idi. Lakin belə bir təklif gəldiyi üçün konsert reallaşdı. Əslində mən müxtəlif bəstəkarların əsərlərindən ibarət ifalar səslənən konserti daha çox xoşlayıram. Əslində bu da pis ideya deyildi, amma tamaşaçının münasibəti də əhəmiyyət kəsb edir. Konsertə səkkiz gün qalmış artıq bütün biletlər satılmışdı, bu da o demək idi ki, auditoriya Şopeni duyub hiss edənlərdən ibarət olacaq və düşündüyüm kimi də oldu.

- Yaradıcılığınızda Azərbaycan bəstəkarlarından xüsusi yeri olanlar yəqin ki var...

- Üzeyir bəy, Qara Qarayev, Fikrət Əmirov - bunlar ilahi üçlükdür. Onlardan savayı, Xəyyam Mirzəzadəni, Aqşin Əlizadəni həvəslə dinləyirəm.

- Bu gün sizin bir muzey fəaliyyətiniz də var.  Qeyd etdiyiniz kimi ixtisasınız olmasa da, bu işi artıq sevirsiniz. Muzeydən danışaq...

- Muzey nədir deyə, bir sual ətrafında heç zaman düşünməmişəm. Düşünürəm ki, muzey keçmişlə gələcəyi birləşdirən məkandır. Öz muzeyimizdən danışacağam. Səməd Vurğunun Mənzil-Muzeyinin üç otağı memorialdır, yəni şairin vaxtında necə idisə, elə də qorunub saxlanılır. Muzeyə gələnlərin əksəriyyəti gənclərdir, bu da sevindirici haldır. Etiraf edirəm ki,  gənclərin bu qədər muzeylərə həvəsli olduğunu, maraq göstərdiyini düşünmürdüm.  Muzeylər günündə açıq qapı elan olunur. Lakin ictimaiyyətdə əksəriyyəti bilmir ki, bizim muzey pulsuzdur. Hənin gün muzeyə gənclərin böyük axını olur və onları müşahidə edəndə hiss etmişəm ki, muzeydən çıxanda belə, keçmişin ab-havasından ayrıla bilmirlər. Ona görə də muzey iki zaman arasında  körpü adlandırmaq olar. Bu fikrim sırf Mənzil-Muzeylərinə aiddir.

- Divarları arxasında böyüdüyünüz bu məkana indi rəhbərlik etmək gərək ki, çətin olmasın...

- Deyərdim ki, yarıbayarıdır. Bir yandan çətindir, digər tərəfdən doğma. Əgər doğmalıq bir tərəfdən sənə kömək edirsə, inzibati vəzifə yükün olanda artıq digər keyfiyyətləri özündə daşımalısan. Ona görə ki, artıq burada stabillik, nizam-intizam, işin mahiyyəti, keçirilən tədbirin mənası olmalıdır. Düzü, gəldi-gedər tədbir keçirməyin tərəfdarı deyiləm. Buna görə mənə irad da tuta bilərlər, lakin mənə görə keçirilən tədbirin mahiyyəti, məna yükü daha vacibdir. İllərdir ki, tədbirə gələnlər eyni insanlardır, çıxış edənlər də çox olmur. Lakin mən daha çox gənc və böyüməkdə olan yeni nəsil üçün imkanlar yaratmağa çalışıram. Burada tamaşalar keçirilir, balacalar çıxışlar edir, yəni onlara yol açmaq vacibdir.

- Muzeyə rəhbərlik bir növ ailə estafeti kimi sizə çatıb. Elə sahələr var ki, orada ənənələri qorumaq mütləqdir...    

- Bu muzey, onun otaqları o qədər dəyişilməz qalıb ki, kimlər gəlib getsə də, bu divarların yaddaşında belə, hər şey hopub. Nəyisə dəyişmək lazım gələndə, çox çalışırıq ki, bu, minimal dərəcədə olsun. Bizim muzey həmişə qonaqlı-qaralı olub, çox isti görüşlər, tədbirlər keçirilib burada. Muzeyin ziyarətçiləri səmimi insanlar olub, tədbirlər musiqisiz keçməyib. Bünövrə necə qoyulubsa, o cürə də fəaliyyətimiz davam edir. Muzey olmazdan əvvəl də bu evə kimlər gəlib-gedib bunun özü bir tarixdir. Əslində Səməd Vurğun ömrünün son iki ilini bu evdə yaşayıb, çünki xəstə olduğu dönəmlər olub artıq. 1956-cı ilin mart ayında onun 50 illik yubileyi keçiriləndə özü həmin tədbirdə iştirak edə bilməyib. Teatrda keçirilən təntənəli yubileyi iş otağındakı radio vasitəsilə dinləyib və tədbir iştirakçılarına bu məşhur misraları göndərib: "Gözüm gözünüzdən uzaq olsa da, Könüldən könülə yollar görünür". Tədbirdən sonra şairə yaxın olan sənət adamları, söz ustadları onun ziyarətinə gəliblər. Yəni Səməd Vurğunun sağlığında bu evin daimi qonaqları olan ziyalıların ardıcılları ondan sonrakı dövrdə də, bu gün də muzeyin tədbirlərində həvəslə iştirak edir.

- Min Qazaxda köhlən ata... Yəqin ki, yolunuz oralara da düşür...

- Təəssüf ki, tez-tez gedə bilmirəm, lakin ildə bir-iki dəfə yolumu oralardan salmağa çalışıram. Qazaxda muzeyin filialı - poeziya evi də var, zamanında açılışını Ulu öndər edib. Orada da tədbirlər keçirilir, kiçik məktəblilər belə, Səməd Vurğunla fəxr edir. Çox cazibədar bir yerdir Qazax, gəzməklə doymaq olmur.

- Eşitdiyiniz xatirələrdən Səməd Vurğunun özünüz üçün yaratdığınız obrazı...

- Çox yaxşı sual olduğu qədər də, düşündürücüdür... Müdrik, nurlu, işinin peşəkarı, təmkin və səbirli, yeri gələndə çılğın. Bu bənzətmələri uzatmaq da olar, lakin sualı verdiyiniz anda onun obrazını belə gördüm.

- Söhbət əsnasında bir neçə dəfə Vaqif Səmədoğlunun adını çəkdiniz. Musiqi sahəsində sizə bir məsləhəti, tövsiyəsi...

- Ondan eşitdiyim bir söz olmuşdu. Demişdi ki, çalış leqato çal. Leqato musiqidə bir termindir, səslərin hiss olunmadan birindən o birinə mümkün qədər axıcı keçməsidir. Kiçik yaşlarımda düşünürdüm ki, bu normaldır da, hamı belə çalır. Lakin böyüdükcə anladım ki, onun bu sözündə çox dərin detallar var hansı ki, çoxları onu çala bilmir. Təəssüf ki, Niyazi ilə eyni səhnəni paylaşan bir pianoçudan başqa məsləhətlər ala bilmədim.

- Sizinlə görüşümüz Ordu gününə təsadüf edir. Bu ordu 44 günə tarixə misilsiz bir imza ata bildi, amma biz müharibəni yaşadıq...

- Başqa yol yox idi. Sualı verdiniz, gözümün önündən müxtəlif kadrlar keçdi. Əlimizdən alınanları biz geri qaytardıq, bunun isə adı ədalətdir.

- Qarşıdan mətbuatımızın 150 illiyi yaxınlaşır. Birdən gileyli olarsınız bizlərdən...

- Jurnalistlərlə olan ünsiyətimdən, münasibətimdən gileyli deyiləm. Yalnız sosial şəbəkələrdəki xəbərlərin, yazıların başlıqlarının mövzu ilə əlaqəli olmadığını görəndə, bilmirsən sözünü kimə deyəsən. Mətbuatımızda ziyalı qələm sahibləri az deyil. Daha da çox olması istəyilə hamınıza uğurlar arzu edirəm.

SÖZARDI: Səməd Vurğun deyib ki, biz gəldi-gedərik, sən yaşa, dünya. Nə yazıq ki, insan əli dünyanı yaşamağa qoymur. Əzəldən tamaşa yaranan dünya bir yandan boşalıb, bir yandan dolsa da, qoy elə sirrini sirdaşa verməsin. Ən yaxşısı elə budur.

Tamilla M-ZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://525.az
archiveBu xəbər 30 İyun 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti Rusiyada azərbaycanlıların başına gələnlərə reaksiya verdi

29 İyun 2025 22:40see144

Sergey Markov Yekaterinburq hadisələri ilə bağlı: Biz dəqiq araşdırma və rəsmi izahat gözləyirik

29 İyun 2025 01:43see133

Hüseyn Böyükfırat vaxtsız gedən övladından yazdı FOTO

28 İyun 2025 23:43see131

Polis polkovnik leytenantı vəfat etdi

28 İyun 2025 22:16see123

Hizbullah ın bölmə komandanı zərərsizləşdirib

28 İyun 2025 23:23see120

Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib

30 İyun 2025 10:21see119

Qızı mənə zəng vurdu dedi ki, nənə ata anamın boğazını kəsdi Kürdəmirdəki dəhşətli qətlin təfərrüatı

29 İyun 2025 20:17see118

İsrail ordusu Hizbullah üzvünü məhv etmək üçün Livana zərbələr endirib

28 İyun 2025 23:36see118

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

29 İyun 2025 00:01see116

“Sığortaya salınsın, insanlar ölür”

29 İyun 2025 00:06see116

Həsrət Məmmədyarov: İldən ilə nəticəmiz daha da yaxşılaşacaq”

30 İyun 2025 00:29see115

Diaspor Komitəsindən açıqlama

29 İyun 2025 22:44see115

Simonyan Paşinyanı təhqir etdi

30 İyun 2025 02:12see115

Qarabağ formalarını Şuşadan təqdim etdi Şəkillər

29 İyun 2025 20:43see115

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

30 İyun 2025 05:31see115

Zamanın üçüncü ölçüsü kəşf edildi...

29 İyun 2025 20:25see114

Yevlaxda ər arvad qəzaya düşüb, ölən var

29 İyun 2025 09:10see113

Yadplanetlilərə hansı mesaj göndərilib?

30 İyun 2025 06:03see111

Pakistanda daşqınlar nəticəsində azı 32 nəfər ölüb

29 İyun 2025 02:46see111

ABŞ da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub

30 İyun 2025 05:07see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri