Icma.az
close
up
RU
Səməd Vurğunun dostları və “düşmənləri”

Səməd Vurğunun dostları və “düşmənləri”

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əvvəllər Səməd Vurğunu, əsasən, ədəbiyyatda bəxti gətirməyənlər tənqid edərdilər. Son vaxtlarsa böyük şairə, ən çox, siyasətdə taleyi gətirməyənlər “ilişirlər”. Görəsən bu nə “düşmənçilik”, bu nə xofdur belə?

Heç kəsə sirr deyil ki, bizdə bəzən hansısa bir istedadsız adama kimlərsə qəyyumluq edib onu “zorla” irəli çəkir, vəzifə olimpinə qaldırır. Adətən, bu cür "dəstəkləmələr" yüksək  məmurluq iyerarxiyalarında, “pul çıxan” yerlərdə olur. Bəli, olsun ki, elə hansısa yaradıcılıq qurumunda və yaxud hansısa qəzet-jurnalda da hansısa bir istedadsızı hansısa bir “rəhbər vəzifəyə” təyin etmək mümkün olsun, amma... amma kiməsə  “istedad bağışlamaq” bu, qeyri-mümkündür. Çünki kiminsə başına şpristlə, iynə ilə “istedad dərmanı” yeritmirlər axı.

Bəli, son vaxtlar Səməd Vurğuna diqqət, lap elə tənqid xeyli artıb. Bu, Səməd Vurğunun xeyrinədir. Demək, o, yenə gündəmdədir, yenə aktualdır. Əvvəllər onu ədəbi mühit araşdırırdısa, bu gün onu siyasi çevrə öyrənir. Bu, o deməkdir ki, bu gün şairin təkcə ədəbiyyata deyil, siyasətə nüfuzu, təsiri də göz önündədir. Onun təsir dairəsi, ədəbi sferasının radiusu günü-gündən genişlənməkdədir.

Səməd Vurğunun bir dənə də olsun belə, zəif misrası yoxdur. Məsələ burasındadır ki, Səməd Vurğunun sözü yox, onun vəsf etdiyi ideologiya iflasa uğrayıb. Bu ideologiyaya isə tək-tək adamlar deyil, milyonlar inanırdı. Bu işdə Səməd Vurğunun heç bir günahı yox idi. İndi şairi ittiham edirlər ki, sən niyə komsomola, partiyaya inanmısan? Həmin sualı bu “ittihamların” müəlliflərinin özlərinə qarşı da yönəltmək olar: yaxşı, onda sən niyə vaxtilə pioner və ya komsomol sıralarında  olmusan?

Səməd Vurğun yaradıcılığı, bu gün  ən azından böyük dil faktoru, “dil hadisəsi” kimi diqqəti cəlb etməkdədir. Nə qədər ki, Azərbaycan dili var, Səməd Vurğun da olacaq. Puşkinin rus poeziyasında etdiyini Azərbaycan poeziyasında məhz Səməd Vurğun edə bildi.

Böyük şairi kiçik “yerlibazlıq”da təqsirləndirmək  böyük nadanlıqdır. Bəzən çox gülünc bir müddəa irəli sürürlər: guya Səməd Vurğunu daha çox  qazaxlılar təbliğ edirlər. Qazaxda istedadlı yazıçı və şairlər çox olub, yenə də var. Yeri gəlmişkən, istedadlar "zona" üzrə yetişmir  və bizdə, mən bilən, "böyük region ədəbiyyatı" yoxdur; yəni başqa bölgələrin insanları da istedaddan xali deyil.
Bəyəm Səməd Vurğun “Qazax” şairi idi?

Belə düşünənlər onun mövzü dairəsinə baxsınlar.

O, planetar şair idi.
Onun haqqında Pavlo Neruda, Lui Araqon, Mixail Şoloxov, Nazim Hikmət, Çingiz Aytmatov kimi söz bahadırları yazıb.
Səməd Vurğun Adil Babayevin, Bəxtiyar Vahabzadənin, Əliağa Kürçaylının, Hüseyn Arifin və onlarla istedadlı adamın ədəbiyyata gəlməsində böyük rol oynayıb. Həmin şəxslərinsə hərəsi bir bölgədəndir.
Bəli, Səməd Vurğun Qazaxda doğulub. Amma Qazaxda onlarla digər istedadlı yazıçı və şairlər də olub. Və onların heç birinə Səməd Vurğun “istedad  dərmanı”-zad paylamayıb. Hətta, bir çoxları onu da bilmir ki, böyük Rəşid Behbudov da Səməd Vurğunun yaxın qohumudur, Vəkilovlar nəslindəndir. Bəlkə burada da bir “görünməz əl”in qüdrəti var? Bəlkə Rəşidə də Səməd Vurğun dəstək verib,  ona “ilahi səs”  bəxş edib? Bəziləri anlamır ki, adam ya istedadlı olur, ya da istedadsız. İstedad olmayanda da başlayır bunun “səbəbini” başqa yerdə axtarmağa, min yerə yozmağa...

“Dəlinin” yadına daş salmaq istəyirəm. Azərbaycan müsiqisinin dühaları  Hacıbəylilər, Əliverdibəyovlar,  Əmirovlar, Bədəlbəylilər çox yaxın qohum olublar. Min cür sərsəmləmə və böhtan yazanların məntiqindən belə çıxır ki, musiqimizdə də bir “Qazaxşina” var ki, bunun oxşar adı  “Qarabağşina”dır...

Nadanlara üz tutub deyirəm: təki ortada yaxşı əsər olsun. Onu kimin və haralının yazması şərt deyil.

Bu cür “qlobal” söhbətlərə rəvac verənlərin niyyəti aydındır: diqqət çəkmək, gündəmə gəlmək, qarayaxalıqla yadda qalmaq. Necə deyərlər, “qoy desinlər ki, Xaçatutun da xəncəri var”.
Bəzi qəzet və saytlarınsa məqsədi belə mənasız, məzmunsuz, düşük, bəsit, səviyyəsiz  “şedevrlərə” öz səhifələrində səxavətlə yer ayırmaqla cəmiyyətin diqqətini mühüm, əsaslı, vacib, təhlilə cəlb olunası problemlərdən yayındmaqdan ibarətdir.

Səməd Vurğunu tənqid və təhqir etmək istəyənlər bir özlərinə baxsınlar, bir də Səməd Vurğuna.

Hər bir tarixi şəxsiyyət yaşadığı tarixi kontekstdə nəzərdən keçirilməlidir. Tarixdən kənarda olanları tarix qəbul etmir.

Azərbaycanda elə bir adam yoxdur ki, “Azərbaycan” şeirini əzbərdən bilməsin. Bu, bəlkə də yeganə şeirdir ki, süpürgəçidən tutmuş prezidentə kimi hamının yaddaşında əbədi həkk olunub. Elə ən azı bu şeirə görə Səməd Vurğun ədəbiyyatda əbədiyyət qazana bilərdi.

Səməd Vurğun elə bir şairdir ki, külliyatı hansısa təsadüf nəticəsində məhv olsa, onun bütün yaradıcılığını xalqın yaddaşı sayəsində yenidən bərpa etmək olar.

Böyük şairi həm sağlığında, həm də öləndən sonra kifayət qədər tənqid ediblər. Amma burası var ki, onu sağlığında daha “fundamental” qaydada, daha böyük düşmənlər təqib və “ifşa” ediblər. Bu günkü “düşmənlər” onlarla müqayisədə çox primitiv, zəif və cılız görünür.

Və nəhayət, yadıma bir əhvalat düşür: Sovetlər Birliyi təzəcə, cəmi bir il idi ki, çökmüşdü. Xüsusən Rusiyada “sovet beynəlmiləlçiliyindən” sonra  rus millətçiliyi tüğyan edirdi. Bu, elə bir vaxt idi ki, TV-lər Puşkini rus şairi hesab etmir, kökən “həbəş” olduğuna görə söyürdü. OMON-çular “qafqazəsilliləri” sorğu-sualsız cəzalandırırdı. Həmin vaxt yolum Moskvaya düşmüşdü. Bir neçə dostla çökmüş imperiyanın mərkəsində, Moskvadanın az qala ortası ilə uzanan geniş küçələrindən biri ilə gedirdik. Bu, Səməd Vurğun küçəsi idi. Dostlardan biri dedi ki, şovinizm bu cür baş alıb getsə, tezliklə bu küçənin adını da dəyişəcəklər; əvvəla, ona görə ki, artıq Səməd Vurğun keçmişdə qalıb, ikincisi isə onu indi Rusiyada tanıyan yoxdur. Yanımızdakı jurnalist dostumuzun fikri isə fərqli idi; o, iddia edirdi ki, bu hay-küy dalğasının Səməd Vurğuna heç bir dəxli yoxdur. Arada mübahisə qızışdı. Jurnalist dostumuz elə həmin küçədəcə “sosioloji sorğu” aparmaq qərarına gəldi. Ətrafımızda yerləşən dükan və xəstəxanalarda, idarə və müəssisələrdə iş başında olan adamlara, yaşayış binalarından çıxan yerli sakinlərə təxminən belə bir sualla müraciət etməyə başladı:

-Siz Səməd Vurğunu tanıyırsızmı və bu küçənin Səməd Vurğunun adını daşımasına münasibətiniz necədir?

Cavablar müxtəlif, mahiyyət eyni idi:

-Necə yəni tanımırıq? Səməd Vurğun böyük Sovet şairidir.

-Səməd Vurğunu heç tanımamaq olar?  Əslən Azərbaycan mütəfəkkiridir. Amma biz də onu sevirik.

-Bizə xoşdur ki, Səməd Vurğunun adını daşıyan küçədə yaşayır və işləyirik.

-Biz bu küçənin adının dəyişdirilməsinə razı deyilik. Səməd Vurğunu hamı tanıyır...

Aparılan “sorğunun” nəticəsi təkcə ruslar üçün yox, bəlkə də daha çox “bizimkilər” üçün, Səməd Vurğunun “düşmən” həmvətənləri üçün bu gün daha ibrətamizdir.

Bəli, Səməd Vurğun beynəlmiləlçi idi. Xalqlar dostluğunu tərənnüm edirdi. Bəyəm burada pis bir şey var ki?

 Amma onun üçün doğma Vətən, doğma Azərbaycan hər şeydən əzəl idi.

           Vətən oğlu! Vətən qızı!
           Yadlar yedi haqqınızı,
           Bir üsyanla doğacaqdır
          Azadlığın dan ulduzu...

Bu misralar da Səməd Vurğunundur. O, bütün varlığı ilə bu torpağa bağlı idi. “Ayrılarmı könül candan?..
Firuz Mustafa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 İyun 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see383

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see326

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see260

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see233

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see224

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see223

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see211

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see203

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see196

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see195

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see190

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see186

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see185

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see182

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see180

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see168

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see166

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see146

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see146

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri