Icma.az
close
up
RU
Səməndər Rzayevin ölüm yatağında son sözü...

Səməndər Rzayevin ölüm yatağında son sözü...

Icma.az bildirir, Axar.az portalına istinadən.

Hər kəs öz inancının əsgəri – öz vicdanının əsəridir.

Biz düşüncələrimizin ən xırda mikroelementlərlə formalaşdırıb araya-ərsəyə gətirdiyi, ekranlaşdırdığı surəti, fəsil-fəsil becərib “bazara” çıxardığı meyvəsi – həyatın öhtəsinə buraxdığı yet(işd)irməsiyik. Düşüncələrimiz – müəllifimizdir, hər cizgimiz yazıya köçürülmüş not halında...

Onların ağ varaqlardakı yeri və ahəngi çox vaxt diqqətimizi idrakımıza sızmış casus rüşeymlərdən ustalıqla yayındırır. Və həyatımıza hopdurulan süni kombinasiyalarla beynimizin – üçfutluq kainatımızın immun sistemini, hüdudunu və yaradıcılıq imkanını arzuladığı həddədək məhdudlaşdırır. Azacıq ümid və iman qığılcımının parladığı yerlərə dərhal öz sıralarımızdan seçib ixtisaslaşdırdığı xəfiyyələrini – “biz heç vaxt düzəlməyəcəyik”, “qılıncdandönməyik”, “dunya belə gəlib, belə də gedəcək” kimi təhlükəli fikirlərin müəlliflərini göndərir, düşüncəmizdə oturtduğu “çıxılmaz vəziyyət” sindromu ilə toplumda ölümcül xəyal qırıqlığı yaradır. Hətta soy-kökümüzdən, qan yaddaşımızdan gələn müdrik kəlamlarımızı, məsələn, “düz düz də qalar” kimi ata sözümüzü çoxluğun heç vaxt duymayacağı incə redaktələrlə “düz(ü) düzdə qalar” kimi təlqin edir.

Bir güllə çevikliyi ilə zamanımızın hər qatından adlayır. Yalnız bizi yox, həm də ulularımızı yaralayır və (öz gözümüzdə) alçaldır. Toplumu bulmacaya çevirdiyi müəmmalı gələcəklə üz-üzə qoyur...

Ümidsizlik – sonu görünməyən qaranlıqdır. İnsanı heç nə qeyri-müəyyənlik və ögeylik qədər üşütmür. Bir cinahında Şimal küləkləri cövlan edir, bir cinahında Qərb! Mübarizə üsulları, döyüş şərtləri də dəyişib. Tərəflərin ölüm-dirim savaşı öz yanında görmək istədiyini indi daha çox intellektual, mənəvi, psixoloji və ruhi cəhətdən tərk-silah etmək üçündür; yaratdığı mənasız həyat obrazı ilə həyatımızı mənasızlaşdırır və ÖZ dünyamızın təməl sütunlarını dərin şübhələrlə üz-üzə qoymaqla heç bir halda etibar edə bilməyəcəyimiz eybəcər şəkildə obrazlaşdırır. “Təhsilimiz yararsız, kadrlarımız bacarıqsızdır!” Tək məqsədi əliyalın toplumun quru yurddan yalnız maddiyata köklənən vizual transferidir. Düşərgəsində xoşbəxt insan yoxdur, xoşbəxt cib var ancaq!..

İnamın, imanın və sevginin sınağa çəkildiyi yerdə – dünyanın ən soyuq qütbündəyik. Qoynunda vurnuxduğumuz meqapolis özgürlüyümüzün istismar müddətini ədədlərdən rəqəmlərədək yuvarlaqlaşdırıb; həssas təbiətilə həyat hekayəmizin nəinki adi bir cümləsini, heç iddiasız durğu işarəsini də sərbəst buraxmır, davamlı inadkarlığı, təhdid və təzyiqi altında öz(əl) ləhcəsini yaşantılarımızın hətta epizodik səhnələrindən ustalıqla eşitdirir – özünü nə unutmağı var, nə də unutdurmağı!

Qulaqlarımıza çırpılan melodiyaları bir-birini qarabaqara izləyən azman okean dalğaları kimidir: diktəsi sərt, hökmü qəti! Nə yüyənsiz qayğılara boy verər, nə də yelkənsiz qayıqlara!..

Həm də hara getdiyini bilməyən adamdan haradan gəldiyini soruşmazlar! Gecikmiş etirafları onu öz gözündən düşürən, ayaqlar altına atan unudulmuş keçmişidir çünki; nə ötənlərində sahibinin tanıdığı, nə də gerçəyində sahibini tanıyan!

Yeriyən, büdrəyən və yıxılan azadlıq heykəli!..

Amma düşünən, döyüşən və daşlaşan heykəldən çox, danışan heykəl!

Son yüz ilimiz bir-birinə daban-dabana zidd təzadların döyüş meydanını – xarabalığı xatırladır; əvvəlində danışa bilmirdik, indi danışmaya bilmirik... Dünənədək çılğın həssaslıqla yolunu gözlədiyimiz “lazım”, nəhayət, həyatımıza qədəm basanda, deyəsən, axı heç kimə lazım olmadı – həm də uzun və üzücü həsrətdən sonra!..

Səbəbini anladacaq məqamlar az qala bütün cəbhələrdən üstümüzə yeriyən və yüyəni daim əlində saxlayan təşəbbüskar (düşmən) güclərin itaəti altındadır. Həm sualların, həm də cavabların aktuallığını qalib tərəf müəyyənləşdirir.

Yaşantılarımızın konfiqurasiyasında yaddaşımızı işıq surətilə təzələyən və hər cəhddə bizi sanki yenidən geriyə – sıfır nöqtəsinə daşıyan prioritetlər dayanıb. İlk və son baxışdan gözə görünməyən peşəkar suflyorların həyatımıza kəskin müdaxiləsi ayaqda qalmaq mücadiləmizi, hərəkət troyektoriyamızı, arzu və istəklərimizi, bir sözlə, yaşam fəlsəfəmizi haradasa yaddan çıxardığımız və heç vaxt tapa bilməyəcəyimiz, elə ona görə də xatırlamaq istəmədiyimiz ən qiymətli itki kimi unutdurur. Və bizi qorxunc uçuruma – yeri həmişə göynəyən boşluğa alışdırır: gözümüzü qırır! Qırılan yalnız gözümüz deyil amma, həm də ömrümüzü ada-ada parçalayan, təkləyən və əsarət altına alan həyat bağlarıdır...

Hər qırılan bağla öz əsərimizin epizodik obrazına çevrilirik. Əksəriyyət öz həyatında ÖZündən çox, öz həyatına yamaq kimi görünür! Yad kimi yaşayır!..

Biz ömrümüzdən oğurlanmışıq! Biz plagiatıq!..

Fonoqramsız oxumağı bacarmayan müğənnilər nə qədərdirsə, sayımız da o qədərdir! Suflyorsuz keçinə bilməyən aktyorlarıq. Həm də rejissor aktyorları! Bədən dilimiz rejissor qravürası, nitqimiz dodaq sinxronizasiyası! Filmmeykerlərin kadr kompozisiyasındakı yerimiz bizi yaradılmış fonun bir hissəsinə çevirən ən uzaq planda müəyyənləşdirilib. Bir tərəfdən cavabsız rol gözləmələri hər gün daha çox dərinləşən rolarası konfliktləri qaçılmaz edir, digər tərəfdən isə subliminal mesajlar – hazır mətnlər səhnəmizdə misli görünməyən təbəssüm, mərhəmət və sevgi qıtlığı yaşadır. Planetimiz od içindədir. Nə ya(ra)nanın üzünə baxmaq olur, nə də Yaradanın! Ya biz dünyaya doğma deyilik, ya da dünya bizə ögeydi! İdarə edənlərlə idarə olunanlar kimi!..

Düşünməyi sevməyənlər üçün düşünməyə yer qoymayan bəsit cümlə: minimum əmək haqqımızı, əksər hallarda yeganə gəlir mənbəyimizi itirməyimizdən ötrü cəmi bircə dəfə kobud yol nəqliyyatı hadisəsi törətməyimiz yetər. Sayı-hesabı bilinməyən paqonlu-paqonsuz nəzarətçilərin gözündən, bəlkə də, yayınmaq mümkündür, amma hər addımbaşı qarşımıza çıxan maşınlara və dirəklərə quraşdırılmış cansız cihazların gözündən yayınmaq mümkün deyil və onların proqramlaşdırılmış süni intellektində real yaşam problemlərimizlə bağlı bir dənə də sual yoxdur! Çünki o proqramları bizim həyatımıza bizim öz əlimizlə öz evimizdə böyütdüyümüz, sonradan yenə də öz əlimiz və təşəbbüsümüzlə öz evimizdən yad diyarlara bəh-bəhlə göndərdiyimiz kadrlar gətirir – vətənə yad kimi qayıdan kadrlar. İnsanın milli mənsubiyyətini də düşüncəsi müəyyənləşdirir.

Görürsünüz, çağdaş rəqabət mühitimiz necə acımasız və sərt qanunlarla silahlanıb! Alternativsizdir. Məğlub durumda geri çəkilənlərin – heç kimin və heç nəyin yeri boş qalmır. Təbəssüm yoxdursa, kədər var, mərhəmət yoxdursa, qəzəb var, sevgi yoxdursa, ölüm!..

Zamanın ilk baxışdan pozuq və xaotik təsir bağışlayan harmoniyası alt qatında rədif və qafiyəsini fövqəladə inadkarlıqla qoruyur və öz alqoritmini kövrək, amma müdafiəyəyə ehtiyac duymayan lirik ricət(lər)lə çatdırır. Nifrət də bitirir, sevgi də!..

Turşumuş üzümüz içimizdə yaşanan təlatümlərin mesajı, şəkillənmiş mətnidir əslində. İnsan yabançı ordunun qəfil hücumuna məruz qalmış, amma hələ də hansı strategiyanı seçəcəyini müəyyənləşdirməyən, hansı taktika ilə döyüşəcəyini bilməyən ölkədir sanki. Nə öz sərhədləri haqqında doğru-düzgün təsəvvürə sahibdir, nə də onu qorumaq bacarığına!

Tərk edilmiş ömürlər var, tərk edilmiş evlər kimi!

Tərk edilmiş ömürlər kimi tərk edilmiş nəsillər var – həm də tərk edilmiş kəndlər kimi!

Yollarımızda əvəzsiz itkilərlə izlənilən ağır qəzalar yaşanır: ana bətnində ölən körpələr – insan həyatda özünü tapa bilməyibsə, hələ doğulmayıb, demək! Peşəkar bəstəkar isə illərin gətirdiyi yaşı eyninə almır! Çünki oxuduğu əsərin sətirləri arasına qəfildən ildırım kimi düşən, notlarla ifadə olunmuş təbii və özəl cəhətlərin üzünü yandırıb-yaxan xaric səslərə qarşı dözümsüzdir. İndi onu üz-üzə dayandığı surəti mərhəmətsiz bir nifrətlə tikə-tikə parçalayıb zibil qabına tolazlamaqdan heç kim saxlaya bilməz!

“Cənablar, püşk atılmışdır!” Həyatın bizi qabağına qatıb-qovduğu nə varsa, hamısı bizim həyatımızdan qovduqlarımızdır...

Sonda səhnəmizi halal sahibinə – unudulmaz Səməndər Rzayevə təhvil verirəm. O, xəstəxanada, ölüm yatağındadır. Amma ölüm haqqında düşünmür – yaradıcılıq zirvəsində dayanıb. Hər tərəfi apaydın görür. Bəlkə də ömrü boyu heç vaxt axtarmadığı, amma indi qəfildən qarşısına çıxan həyat həqiqətilə üz-üzə, göz-gözədir. Az sonra öz içindən ayağa qalxacaq və iki-üç dostunun qarşısında cəmi bircə cümləlik dialoqu ilə həm sənətinin, həm də dünyanın ən mükəmməl tamaşasını nümayiş etdirəcək – tamaşaçısız tamaşasını:

– Əsl rollarımı sağalandan sonra oynayacam, indiyədək hamısı zarafat idi...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://axar.az
archiveBu xəbər 23 Noyabr 2024 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see195

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see184

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see174

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri