Icma.az
close
up
RU
Şənbə üçün nəzm

Şənbə üçün nəzm

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Anamdan sonra

Anamdan sonra,

Çantasını açdım

İçindən bir kağız parçası tapdım.

Alacaqları varmış,

Baxdım ki,siyahı yazmış...

1. Corab

2.Ayaqqabı...

“Balam”a dəri

Ozümə adi...

Səndən sonra

aldım,anam,

Corab da, dəri ayaqqabı da,

Amma həmişə üşüdü ayaqlarım

İyulda da, avqustda da.

Həyatımı soruşsan,

Səndən sonra ...

mənim həyatım

Sənin ayaqqabın kimidir,

Hər şey adi!

Uzaqlar

Bilsəydim, çoxdan gedərdim.

Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar.

Deyirdin, qiymətli olur,

Ara-sıra, qəfil gəlib, qəfil gedən qonaqlar.

Sözünü yerə salmadım,

Səssiz olur, əziz olur, sözə baxan uşaqlar.

Mən də getdim, elə getdim,

Barmağımın uclarında hələ də küt ağrı var.

Səs etmədən,

Ayrılıqdan söz etmədən,

Gurultusuz,

Qırıb-töküb yox etmədən.

Nəyim varki, o komada

mənim səndən başqa, onsuz.

Uşaqlardan söz açmışkən,

Sən mənimlə çox oynadın.

Gah oynatdın, gah da atdın

Daha sənlə oynamıram.

Oyun bitib, mən getmişəm.

Mən gedəndə yuxudaydın,

Oyatmadım.

Oyananda ağlamısan,

Oyuncağı axtarmısan.

Sinəmdədir,

gizləmişəm.

Mən hamıdan, mən hər şeydən

gizlənmişəm.

Bilsəm,elə ən birinci,

Elə səndən gizlənərdim.

Bilsəydim,çoxdan gedərdim.

Ən azından bilərdim ki,

Məni gəzən, mənim üçün qəribsəyən bir uşaq var.

Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar,

Nə gözəlmiş, məni sənə yaxın edən

uzaqlar!!!

Nəzakət xala,

Uşaq vaxtı qapını döyüb qaçmışdım.

Sənsə hiddətlənib, qarğış etmişdin

“Gözün qapıda qalsın, bala”

Mən o vaxtdan qorxub elə gizlənmişdim,

Ən çox ürəyim əsmişdi, deyə,

ən çox onu gizləmişdim.

Elə çırpınırdı,

elə bilirdim sinəmdən çıxacaq....

Balaca ovcumu köksümə sıxıb

Ürəyimi bərk-bərk bağlamışdım.

Sonra böyüdüm...

“O” gəldi.

Döydü, açdım,qaçdı.

Gözüm yolda qaldı.

Nəzakət xala,

Göylərdən məni görürsənsə,

Bağışla!

Ona denən, qayıtsın.

Qarşıdan qış gəlir.

Üşüməsin...

Gəlsin, girsin ürəyimə

Qapını bağlasın!

Allaha təşəkkür

Sən mənim Allaha təşəkkürümsən,

Yaşamaq sevincim, təbəssümümsən

Dünəni dəyişmək əlimdə deyil,

Ağlayan gözümə dolan gülüşsən.

Nə yaxşı gəlmisən, nə xoş gəlmisən,

Qurban qədəminə, nə gec gəlmisən,

Yalquzaq yıxılıb, qalxıb, ilbəil,

Necə gözləmişəm səni, bir bilsən

Sən, nə gözəl hədiyyəsən, bilirsən?

Son nəfəsdə yetişmisən, gəlmisən

Gətir qulağını, gəl, bəri əyil

Heç kim eşitməsin, bilməsin kimsən

Sən mənim Allaha təşəkkürümsən

Sənsiz olmur

Darıxıram, sənsiz olmur.

Olur, amma sən bilmirsən

Sənsiz olmaq, necə olur!

Necə deyim anlayasan?

Bax məsələn, yağsız-duzsuz yemək kimi.

Susuz balıq,

Labirint yol,

Kimsəsiz ev,

Tərk edilmiş yazıq qoca,

Yetim qalmış uşaq kimi.

Belə olur, sənsiz olmaq.

Bax məsələn, bu aralar

Aynadan da yan gəzirəm,

Utanıram gözlərimlə üzləşməyə

Mən, o qədər sən olmuşam

Gecikmişəm səni mənə dəyişməyə.

Sən getmisən, yerin bəlli

Mən hardayam? Məni gətir

Bir yol göstər, məni tapıb gətirməyə.

Nə gülüşüm həmin deyil,

Nə yerişim həmin deyil,

Səmtimi də itirmişəm,

Hara gedim, kimə gedim?

Əynim nazik, dolaşıram küçələri

Sabah-axşam, veyil-veyil

Qollarını aparmısan,

Qoy üşüyüm.

Yatağı da yığmamışam, səndən sonra

Buzdur yorğanım-döşəyim,

Neyləyirəm, mən o evi

Divarlar üstümə gəlir,

Mən ki, sənə sığınmışdım

Sən idin evim-eşiyim

Hər gecənin sabahı-var,

istəmirəm.

Sənsiz gələn sabahları,

istəmirəm.

Sevdiyimlə sınanmağı,savabları

istəmirəm.

Günahları istəyirəm

Yetər ki,gəl.

Günahınla, savabınla

Yetərki,gəl.

Darıxıram, sənsiz olmur.

Olur, amma.

İndi bildin, sənsiz olmaq, necə olur?

Belə olur, sənsiz olmaq.

Olsa-olsa, belə olur!

Günel Balakişi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBu mövzuda digər xəbərlər:
Şənbə üçün nəzm
12 Aprel 2025 08:13
seeBaxış sayı:197
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Aprel 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri