Şencendə APEC in 33 zirvə toplantısı işə başlayıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Pekin, 18 noyabr, AZƏRTAC
Çinin Şencen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü zirvə toplantısı işə başlayır.
AZƏRTAC xəbər verir ki, Çin tərəfi açıqlıq, innovasiya və əməkdaşlığı “APEC Çin ili”nin prioritetləri elan edib. Tədbir “Birlikdə tərəqqi üçün Asiya-Sakit okean cəmiyyəti quraq” devizi ilə keçirilir. Şencen zirvə toplantısının noyabrın 18-nə aid proqramına açılış mərasimi, rəsmi tədbirlər və ziyafət daxildir. Bundan başqa, ikitərəfli görüşlər keçirilir. Noyabrın 19-da isə plenar iclas olacaq. Sammitinin sonunda liderlərin yekun bəyanatının qəbul edilməsi gözlənilir.
Budəfəki zirvə toplantısının önəmli məqamlarından biri isə heç şübhəsiz dünya ictimaiyyətinin maraqla gözlədiyi ABŞ, Çin və Rusiya liderlərinin tarixdə ilk üçtərəfli görüşünün məhz APEC sammiti çərçivəsində keçirilməsi olacaq. Çünki ABŞ, Rusiya və Çin liderlərinin üçtərəfli görüşü beynəlxalq siyasətdə böyük geosiyasi əhəmiyyət daşıya biləcək hadisə hesab olunur. Noyabrın 19-na nəzərdə tutulan görüşə bir müddətdir hazırlıq gedir. Belə bir görüşün əsas əhəmiyyəti dünyanın 3 böyük dövlətinin münasibətlərinin birbaşa müzakirə olunması, beynəlxalq təhlükəsizlik məsələlərində mümkün razılaşmaların əldə edilməsidir. Görüşdə müzakirə olunacaq məsələlər barədə tərəflərin dəqiq açıqlamaları olmasa da, ehtimal olunur ki, görüşdə geosiyasi məsələlər, nüvə silahlarının azaldılması, İran və Yaxın Şərq məsələsi, Ukrayna müharibəsi kimi mövzular diqqətdə olacaq.
Qeyd edək ki, bu, Çinin APEC sammitinə artıq sayca 3-cü ev sahibliyidir. Təşkilatın 2001-ci ildəki sammiti Şanxayda, 2014-cü ildə isə Pekində keçirilmişdi.
APEC Asiya-Sakit okean regionu boyunca azad ticarət və iqtisadi əməkdaşlığı inkişaf etdirməyə çalışan 21 üzvün təşkil etdiyi forumdur. Onun təsisçiləri Avstraliya, Bruney, İndoneziya, Kanada, Malayziya, Yeni Zelandiya, Sinqapur, ABŞ, Tailand, Filippin, Cənubi Koreya və Yaponiyadır. Bundan əlavə, təşkilatın tərkibinə Çin, Meksika, Papua-Yeni Qvineya, Çili, Rusiya, Vyetnam, Peru, habelə Çinin Honkonq xüsusi inzibati ərazisi və Tayvan adası da daxildir. APEC-in üzvü olan tərəflər qlobal ümumi daxili məhsulun 60 faizini təmin edir. APEC-in ticarət məsələləri ilə bağlı müzakirə aparmaq üçün illik zirvə toplantısı keçirilir. Sonuncu sammit keçən il oktyabrın sonu və noyabrın əvvəlində Cənubi Koreyanın Kyoncu şəhərində baş tutub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 18 Noyabr 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















