Sənin Vətəndən özgə kimin var, kimin, kişi! Günün şeiri
Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.
Bu gün Xalq şairi Zəlimxan Yaqubun anım günüdür.
Kulis.az bu münasibətlə onun "Kişi" şeirini təqdim edir.
(Məhəmməd Əmin Rəsulzadənin məzarı başında düşüncələr)
Yetmiş ilik ayrılıq axır ki, çatdı sonra,
Salam! Rəsul övladı Məhəmməd Əmin kişi!
Yordum uzaq yolları, səsinlə, sorağınla,
Qırdım axır belini həsrətin, qəmin, kişi!
Məzarına baxanın kirpiyində nəm gördüm,
Ağ mərmərin üzündə qara donlu qəm gördüm,
Sənin kimi yarımaz bir qisməti kəm gördüm,
Acıdım taleyinə min bəxti kəmin, kişi!
Sağ olsun məzarını ağ mərmərə tutanlar,
Dilindəki sözləri seçib zərə tutanlar.
Qoy tarixdən utansın səni şərə tutanlar,
Yaman getdi əlindən fürsətin, çəmin, kişi!
Tanrı səni yaratdı, bir də çətin yarada,
Sən qurtuluş istədin, qanlar axdı arada.
Beşiyin Bakıdadır, məzarın Ankarada,
Sənin Vətəndən özgə kimin var, kimin, kişi!
Nələr çəkib başımız, dərddimizdən halıydın,
Yaralı bir nəğmənin unudulmaz xalıydın.
Sən də bizim torpağın Mustafa Kamalıydın,
Heyif! Sünbül tutmamış biçildi zəmin, kişi!
Səndən sonra gələnlər qara yeltək əsdilər,
Bizi bizdən almağa coşdular, tələsdilər.
Məğrur saraylar yapan düz əlləri kəsdilər,
Daşı düz qoyulmadı özülün, himin, kişi!
Ana öz övladını qoymaz gözdən yana,
Vətənin ölməz oğlu, gedək Azərbaycana.
Millət "İstiqlal!" - deyə yenidən gəlir cana,
Özün çal havasını köklənən simin, kişi!
Əzilməz xalqın kökü, dərindədir, dərində,
Zaman çəkib oturdar hər kəsi öz yerində,
İllər gəlib keçsə də sən xalqın nəzərində
Yenə həmin oğulsan, yenə də həmin kişi!
Bu böyük həqiqətə əmin ol, əmin, kişi!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 09 Yanvar 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















