Icma.az
close
up
RU
“Şərq qapısı”nın salnamə missiyası

“Şərq qapısı”nın salnamə missiyası

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan mətbuatının zəngin ənənələrini yaşadan, Naxçıvan Muxtar Respublikasının salnaməsini öz səhifələrində tarixə çevirən bir əsrlik “Şərq qapısı” qəzeti media aləmində böyük xidmətləri ilə seçilməkdədir. Müstəqil Azərbaycanın ilk bağımsız qəzeti kimi tanınan bu mətbu orqan ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətində də xüsusi yer tutmuş, fəaliyyəti qiymətləndirilmişdir.

XX əsrin 20-ci illərinin əvvəllərində Sovet hakimiyyəti yerlərdə qəzet mətbu orqanların nəşrinə böyük diqqət göstərmiş, bu istiqamətdə geniş tədbirlər həyata keçirmişdir. Naxçıvan İnqilab Komitəsinin də ilk tədbirlərindən biri mətbu orqanın yaradılması olmuşdur. İnqilabın ilk illərində Naxçıvanda ilk dəfə İnqilab Komitəsinin orqanı olan “Kommunist” qəzeti nəşr edilməyə başlayır.

Bu qəzetin 50-60 nüsxə, 2 səhifə həcmində ərəb əlifbası ilə əlyazma şəklində olması haqqında məlumatlar var. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor Cümşüd Zülfüqarlı və uzun müddət məsul vəzifələrdə çalışmış Nemət Novruzov bu işə böyük zəhmət sərf ediblər. Qəzet hazır olduqdan sonra şəhərin müxtəlif yerlərində divarlardan asılarmış. Qısa müddətdən sonra vərəqələr dövrün tələblərinə cavab vermədiyi üçün nəşri dayandırılır.

“Şərq qapısı”nın 31 mart 1925-ci il tarixli 100-cü nömrəsində bu haqda belə məlumat verilir: “Bu qəzetə həftədə bir dəfə olaraq 50 nüsxə buraxılırdı. Bir neçə vaxt keçəndən həman qəzetə bir taqım səbəblərdən qapanmağa məcbur oldu. Bundan sonra mərkəz ilə əlaqə bir növ düzəlincə Naxçıvana rus hürufatı ilə bir Amerikanka (makina) gətirilməsindən istifadə edərək rus dilində İnqilab Komitəsi tərəfindən “Naxrespublika” namında 2 səhifəlik qəzetənin nəşrinə şüru edilsə də, yenə də göstərilən səbəblərə görə bağlanmağa məcbur oldu”.

O zaman “Naxrespublika” və “Cavanlar həyatı” adlanan iki qəzetin nəşrində əsas məqsəd Naxçıvan Vilayət Komsomol Komitəsinin orqanı olaraq, partiyanın qərarlarını çap etmək, dövrün ictimai həyatındakı yenilikləri xalqa çatdırmaq olmuşdur.

“Cavanlar həyatı” ərəb əlifbası ilə kiçik həcmdə vərəqə şəklində çap edilirdi. Qəzetin ilk sətrində başda “1921-ci il 9 noyabr, həm də hicri tarix 1340” qeyd edilmişdir. Səhifənin ortasında qəzetin adı “Cavanlar həyatı” kimi göstərilmişdir. Onun sağ tərəfində “Naşiri-əfkari Naxçıvan Sosialist Şura Cümhuriyyətinin Cavanlar İttifaqının Ölkə Komitəsidir” yazılmışdır. Müxbirlərin və mətbəə avadanlığının çatışmaması, əhalinin savadsızlığı ucbatından tirajı 100-150-dən artıq olmayan qəzetin nəşri tez-tez dayandırılırdı.

1921-ci ilin dekabr ayından qəzet həftədə bir dəfə olmaqla daha geniş həcmdə “Füqəra səsi” ilə əvəz olunur. “Füqəra səsi” “Cavanlar həyatı” qəzetinin inqilabi ənənələrini davam etdirərək dil və üslub xüsusiyyətlərinə, məqalələrinin keyfiyyətinə görə daha təkmil nəşr olunurdu. 1922-ci ilin yanvar ayında Azərbaycanda lazımi qədər mətbəə ləvazimatı alındıqdan sonra “Füqəra səsi” öz mövqeyini “Şərq qapısı”na vermişdir.

Qəzetin mətbəə və avadanlıq məsələsi 1922-ci il dekabr ayının 9-da Naxçıvan Xalq Komissarları Sovetinin iclasında müzakirə olunur və müvafiq qərar qəbul edilir. 1923-cü ildə Naxçıvan hökumətinin Şuralaşması günü munasibətilə Ölkə Firqə Komitəsinin məsul katibi Tahirovun təşəbbüsü ilə yenidən “Şərq qapısı” qəzetinin nəşrinə başlanılır. Arada fasilələr olsa da, bu salnamə qəzet varlığını 1923-cü ilin ortalarından bugünədək qoruyub saxlaya bilib. 1930-cu ilədək ərəb, 1930–1940-cı illərdə latın, 1940-cı ildən 2001-ci ilin iyununadək kiril əlifbası ilə çap olunub. Həmin dövrdən indiyədək isə latın əlifbası ilə nəşr edilir.

Qəzetin ilk redaktoru, Naxçıvan Xalq Maarif Komissarı vəzifəsində işləyən Həmid Mahmudov olmuşdur. Ümumiyyətlə, qəzetin 100 illik tarixində ona rəhbərlik etmiş digər redaktorları da ehtiramla anılırlar.

İkinci Dünya müharibəsi dövründə “Şərq qapısı” cəbhə ilə xalq arasında körpü yaradan mətbuat orqanı kimi regionda hər evin qapısını açmış, döyüş səngərlərinə belə gedib çata bilmişdir. Müharibədən sonra mətbuatda əvvəlki illərlə müqayisədə dönüş nöqtəsi yaranmışdır. Quruculuq dövrü mətbuatın inkişafını stimullaşdırmışdır. Həmin dövrdə “Şərq qapısı” xalq təsərrüfatının ayrı-ayrı sahələrindən və ədəbi mühitdən nümunələr vermişdir. Redaksiyanın əsas heyətini fəhlə-kəndli müxbirlər təşkil etsə də, qəzet öz səviyyəsini və operativliyini qoruyub saxlaya bilmişdir.

“Şərq qapısı” qəzetinin həyatında da 1970-ci ildən sonra yeni mərhələ başlanmışdır. Bu dövrdə respublikamızın hər bir bölgəsi kimi, Naxçıvanda da mətbuata xüsusi diqqət yetirilmişdir. Burada böyük redaksiya-nəşriyyat kompleksi inşa olunmuş, “Şərq qapısı”nın gündəlik və böyük formatda nəşri təmin edilmişdir. Bu dövrdə qəzet muxtar respublikanın ictimai-siyasi, sosial həyatının işıqlandırılmasında, qabaqcıl, yaradıcı və ziyalı adamların portretlərinin yaradılmasında, uğurların tərənnümündə mühüm rol oynamış, millilik prioritetləri önə çəkilmiş, dil, ədəbiyyat, mədəniyyət və tarixə həsr olunmuş, azərbaycançılıq ideologiyasına xidmət edən yazılar da dərc olunmuşdur.

Azərbaycan KP MK-nın 25 sentyabr 1979-cu il tarixli qərarı ilə qəzetə “Sovet Naxçıvanı” adı verilir. Daha sonra yerli qəzetlərin rus dilində dublikatı çıxmağa başlayır. Adı dəyişdirilsə də, qəzeti böyük ənənəyə malik olan “Şərq qapısı”nın yolunu davam etdirir, varislik ənənələrini qoruyub saxlayır. 1989-cu ilin oktyabrın 24-dən əvvəlki tarixi adı – “Şərq qapısı” özünə qaytarılır.

1988-ci ildən Azərbaycanda baş qaldıran azadlıq hərəkatı 1990-cı ilin yanvarında özünün apogeyinə çatdı. Sovet qoşun birləşmələrinin Bakıda törətdiyi qanlı yanvar hadisələri zamanı və sonra hədəfə alınan Naxçıvanın qeyrətli oğullarının canlarını düşmən qarşısında sipər edib ermənilərin yurdumuzu işğalının qarşısını almaları həmin dövrdə blokada şəraitində yaşayan bu kiçik torpağı həm də azadlıq mübarizəsinin mərkəzlərindən birinə çevirdi.

Zülmə və əsarətə, haqsızlığa dözüm səbri tükənən xalqın tələbi ilə Naxçıvan MR Ali Soveti 1990-cı il yanvarın 20-də Naxçıvanın SSRİ tərkibindən çıxması haqqında bəyanat verdi. Bəyanat Naxçıvan televiziyası, eləcə də rabitə işçilərinin yaratdığı imkan vasitəsilə radio ilə orta dalğada 5 dildə dünya ictimaiyyətinə çatdırıldı. Xaosun yaratdığı imkandan faydalanaraq hadisələri obyektiv xalqa çatdırmaq istəyində olan Naxçıvan ziyalıları “Şərq qapısı”nı müstəqil nəşr etdirmək qərarına gəldilər. Qarışıq siyasi vəziyyətdə dövlətin əsas mətbu orqanı sayılan qəzetin məmur rəhbərləri bunu göstəriş olmadan etməyin mümkünsüz olduğunu bildirdilər. Lakin azad yaşamağa can atan bir qrup qələm sahibi bu məsuliyyətli yükü öz çiyinlərində daşımağa hazır oldu.

“Birlik və demokratiya uğrunda” şüarını əsas görürən “Şərq qapısı” qəzeti 1990-cı ilin 19 yanvarından 10 min tirajla oxuculara təqdim olundu. Ən maraqlısı isə odur ki, ömrü çox qısa olmasına baxmayaraq, böyük rezonans doğuran ilk müstəqil mətbu orqan 70 il susmağa məcbur edilən xalqın əsl tribunasına çevrildi.

Daha sonra cərəyan edən siyasi hadisələr nəinki mətbu orqanın nəşrini dayandırdı, eyni zamanda Naxçıvan Respublikasının da qısamüddətli müstəqillik mövcudiyyatına son qoydu. Ta ki, 1990-cı ilin iyulunda dahi öndər Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışınadək.

Çox keçmədən, elə Naxçıvan MR Ali Məclisinin Sədri işləyən Heydər Əliyevin rəhbərlik etdiyi sessiyada 20 yanvar hadisələrinə hüquqi-siyasi qiymət verildi, üçrəngli bayrağımız yenidən qaldırıldı, müstəqil yaşamaq istəyən xalqın arzuları, ümidləri reallaşdı. Ulu öndər Azərbaycana tarixi qayıdışında Naxçıvanı seçdiyi bir dövrdə, muxtar respublikanın blokadada olmasına baxmayaraq, bütün dünyanın nəzərlərini mətbuatın gücü ilə Naxçıvana yönəltməyə nail oldu. 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri möhtərəm Heydər Əliyevin şəxsiyyəti və fəaliyyəti ətrafında Azərbaycan Respublikasına o zaman rəhbərlik etmiş şəxslərin yaratdıqları sərt informasiya blokadasının yarılmasında “Şərq qapısı” qəzeti xüsusi rol oynadı...

1995-ci ilin axırlarında Azərbaycan Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən parlament seçkilərindən sonra muxtar respublika ali qanunverici orqanının yeni tərkibdə fəaliyyətə başlaması durğunluğa, ətalətə son qoymuş, yeni həyat quruculuğu sahəsində geniş imkanlar açmışdır. Bunun sayəsində qəzetin fəaliyyətində də canlanma yaranmış, onun üzləşdiyi maliyyə problemləri birdəfəlik həllini taparaq həftədə 2 dəfə çıxmağa başlamışdır.

Müstəqillik dövründə “Şərq qapısı” qəzetinin ilk yubileyi 1996-cı ilin dekabr ayında keçirilmişdir. Ümummilli lideri Heydər Əliyev qəzetin 75 illik yubileyi ilə əlaqədar redaksiyaya təbrik məktubu ünvanlamışdır. Ölkə başçısının onun həyat və fəaliyyətində mühüm rol oynamış doğma qəzetə təbrik məktubunda deyilirdi: “Azərbaycan müstəqillik əldə etdikdən sonra “Şərq qapısı” qəzetinin kollektivi öz fəaliyyətində canlı dönüş yaratmış, ölkəmizdə gedən yeni cəmiyyət quruculuğu və demokratik dəyişikliklərin həyata keçirilməsi prosesinə fəal qoşulmuşdur. Əminəm ki, “Şərq qapısı” qəzeti Azərbaycanın azad və demokratik mətbuat sistemində layiqli yer tutaraq dövlətçiliyimizin möhkəmlənməsi yolunda bütün qüvvələri səfərbər etmək, hər oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmaq üçün var gücünü sərf edəcəkdir”.

Müstəqillik illərində “Sərq qapısı” qəzetinin maddi-texniki bazası gücləndirilmiş, ən son texniki avadanlqlarla zəngin mətbəəsi və redaksiya binası tikilib istifadəyə verilmişdir. 2012-ci ildən qəzetin internet saytı fəaliyyətə başlamış, qəzetin 94-cü və 95-ci ildönümləri münasibətilə Amerika Birləşmiş Ştatlarının Milvauki vilayətində hökumət bəyannaməsi qəbul edilmişdir.

Əminik ki, Azərbaycan mətbuat tarixində xüsusi yeri olan, 104 illik sərəfli yol keçən “Şərq qapısı” qəzeti bundan sonra da dövlətçilik, maarifçilik, inkişaf və tərəqqinin simvolu, Naxçıvan tarixinin güzgüsü olaraq qalacaq, yaşayacaq, yaşadacaqdır. Xalq rəssamı Tahir Salahovun dediyi kimi: “Qoy, “Şərq qapısı”nın fəaliyyəti rəssam palitrası kimi əlvan boyalarla, şair ilhamlı nadir sözlərlə, bəstəkar royalı kimi nikbin və coşqun nəğmələrlə zəngin olsun”.

Surə SEYİD,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 İyul 2025 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see181

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri