Icma.az
close
up
RU
Səssiz oğurluq: İnternet bizdən nələri aldı?

Səssiz oğurluq: İnternet bizdən nələri aldı?

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

Bütün bunlar yavaş-yavaş baş verdi və biz o zaman ayıldıq ki...

Bir vaxtlar evlərdə axşamlar başqa cür olurdu. Televizor açılardı, amma hamı eyni otaqda oturardı. Ata çay içə-içə günün yorğunluğunu danışardı, ana mətbəxdən səslənərdi, uşaqlar bir-birinə nəsə göstərərdi. İnsanların gözü bir-birinin üzündə idi.

İndi isə çox evdə səhnə dəyişib. Eyni otaqda otururuq, amma hər kəs başqa bir dünyadadır. Birinin əlində telefon, birinin qarşısında laptop, birinin qulağında qulaqcıq. Sanki görünməz bir divar çəkilib. Hamı yan-yanadır, amma heç kim bir-birini görmür.

İnternet bizə böyük imkanlar verdi - bunu inkar etmək mümkün deyil. Dünyanın o biri başında baş verən hadisəni saniyələr içində öyrənmək, kitabxanalara getmədən minlərlə kitab oxumaq, uzaqdakı insanlarla danışmaq…

Bir vaxtlar bunların hamısı möcüzə kimi görünürdü. Amma hər möcüzənin kölgəsi də olur. Və bəzən biz o kölgəni görmək istəmirik. Çünki insan rahatlığa çox tez alışır. Xüsusən də o rahatlıq pulsuz gələndə.

Məhz bu rahatlıqla birlikdə həyatımıza başqa bir vərdiş də girdi:

- pirat proqramlar;

- pirat filmlər;

- pirat musiqilər.

Hamımız bunu etdik.

Bir dost deyirdi: “Bu proqramı pulsuz tapmışam”.

Başqa biri deyirdi: “Bu filmi torrentdən yüklə”.

Biz də edirdik. Gülə-gülə. Rahat-rahat.

Amma əslində nə edirdik? Birinin əməyini oğurlayırdıq. Bir musiqiçinin, bir rejissorun, bir proqramçının aylarla, bəlkə də, illərlə çəkdiyi zəhməti bir kliklə götürürdük.

Və bunu normal sayırdıq. Hətta, bəzən özümüzü ağıllı hesab edirdik - “Pul vermədim, pulsuz tapdım”.

Halbuki atalar boşuna deməyib: “Oğurluq ilə çəngilik qırx gün çəkər”.

Haram üzərində qurulan iş uzun sürməz. Amma biz bunu çox gec başa düşdük.

İnternet bizə başqa şeylər də verdi: əyləncə verdi, sonsuz məlumat verdi, dünya ilə əlaqə verdi. Bu qədər imkanın arasında isə bir şey yavaş-yavaş normal hala çevrildi - oğurluq.

Sanki bizi buna alışdırdılar. Çünki insan bir dəfə oğurluğa alışanda, ikinci dəfə daha asan olur. Üçüncü dəfə isə artıq utanmır.

Beləcə utanc hissi yavaş-yavaş itir. Bir müddətdən sonra isə başqa bir psixologiya yaranır: “Oğru elə bilər, hamı oğrudur”.

İnsan özü yanlış iş görəndə elə düşünür ki, hamı belə edir. Bəlkə də, internetin gətirdiyi ən təhlükəli dəyişikliklərdən biri məhz budur.

Əvvəllər oğurluq ayıb sayılırdı. İndi isə çox vaxt, sadəcə “sistem” sayılır.

Bu vəziyyətdən ən çox zərər çəkən isə yaradıcı insanlar oldu: musiqiçilər, yazıçılar, rejissorlar, proqramçılar.

Bir mahnı illərlə yazılır, amma internetdə saniyələr içində pulsuz yayılır. Bir film milyonlarla dollara çəkilir, amma bir neçə saat sonra pirat saytlarda peyda olur.

Belə vəziyyətdə insan istər-istəməz düşünür: “Onsuz da oğurlanacaqsa, niyə yaradım?”.

Beləcə yaradıcılığın özü zərbə alır. Dünyada milyonlarla istedadlı insanın əməyinin dəyəri gözümüzün qarşısında əridi. Biz isə bunu əyləncə kimi izlədik.

Halbuki bu vəziyyəti başqa bir ata sözü çox yaxşı izah edir: “Oğru qalana yanar, mal sahibi gedənə”.

Oğru oğurladığı şeyin dərdini çəkir, amma əsl zərər çəkən mal sahibidir.

Amma internet təkcə oğurluq gətirmədi. O, qaranlıq dünyaları da bir yerə topladı. Bu gün internetdə narkotik satışı var, kibercinayət şəbəkələri var, şantaj qrupları var, saxta səs və görüntü texnologiyaları var.

Bir vaxtlar qaranlıq küçələrdə baş verən cinayətlər indi ekranın arxasında baş verir - bir kliklə, bir mesajla, bir saxta linklə.

Bəzən internet böyük bir şəhərə bənzəyir. Amma bu şəhərin küçələri qarışıqdır. Orada kitabxana da var, zibilxana da. Mədəniyyət də var, cinayət də.

Ən təhlükəlisi isə odur ki, bu zibil bəzən insanın beyninə dolur. Çünki internet təkcə məlumat vermir - o, davranış formalaşdırır.

Sosial şəbəkələr insan beyninin zəif tərəflərini çox yaxşı tanıyır: diqqət, maraq, təsdiq ehtiyacı.

Bir “like” gələndə insan beynində dopamin ifraz olunur. Bu kiçik hiss insanı yenidən telefona baxmağa məcbur edir. Sonra yenə, sonra yenə…

Beləcə ekran vərdişə çevrilir. Bir vaxtlar insan kitab oxumağa vaxt tapmırdı. İndi isə saatlarla ekran sürüşdürür - bir videodan o birinə, bir postdan o birinə. Saat keçir, amma insan nə qazandığını belə anlamır.

Atalar demişkən: “Yalan ayaq tutar, ancaq yeriməz”.

İnternetdə yayılan saxta xəbərlər bəzən həqiqətdən daha sürətli yayılır. Amma həqiqət gec də olsa, üzə çıxır.

Bu gün çox evdə eyni səhnə var: ata telefona baxır, ana telefona baxır, uşaq planşetə baxır.

Hamı eyni otaqdadır. Amma hamı başqa dünyadadır.

Bu səhnə adamın yadına köhnə Azərbaycan filmlərindən bir replikanı salır: “Adam var adam içində təkdir”.

Bəlkə də, internet insanı heç vaxt olmadığı qədər tək buraxdı. Təkcə tək yox, həm də aqressiv.

Sosial şəbəkələrdə linç mədəniyyəti yaranıb. İnsanlar bir-birini tanımadan hücum edir, təhqir edir, qrup halında bir adamın üstünə gedir. Anonimlik insanın içində gizlənən qaranlıq tərəfi üzə çıxarır.

Atalar bunu da demişdi: “Oğru it xoflu olar”.

Yanlış iş görən insan içində gizli qorxu daşıyır. O qorxu isə çox vaxt aqressiya ilə üzə çıxır.

Bəzən insan internet haqqında düşünəndə köhnə bir metaforanı xatırlayır - Qurbağa metaforasını.

Deyirlər ki, qurbağanı qaynar suya atsalar, dərhal qaçar. Amma onu soyuq suya qoyub, suyu yavaş-yavaş qızdırsalar, təhlükəni hiss etməz. Və sonda bişər.

İnternet də həyatımıza belə daxil oldu - birdən-birə yox, yavaş-yavaş. Əvvəl rahatlıq gətirdi, sonra əyləncə, sonra asılılıq, sonra isə başqa şeylər.

Biz isə bunu çox vaxt görmədik. Çünki hər şey çox rahat idi.

Bu gün insan öz-özünə bir sual verir: Biz həqiqətən inkişaf edirik? Yoxsa sadəcə daha mürəkkəb bir sistemin içində yaşayırıq?

İnternet böyük bir alətdir. Onun içində həm işıq var, həm qaranlıq.

Amma bir həqiqət dəyişmir: texnologiya insanı dəyişdirir - bəzən yaxşıya, bəzən pisə.

Ən təhlükəlisi isə odur ki, bu dəyişiklik yavaşca baş verir. Və insan bunu çox vaxt gec anlayır.

Bəlkə də, bu gün ən böyük sual budur: Biz interneti idarə edirik, yoxsa internet bizi?

Bu sualın cavabını hər kəs özü verməlidir. Amma bir həqiqət aydındır: texnologiya nə qədər inkişaf etsə də, insanın vicdanı köhnə qalmalıdır. Çünki vicdan itəndə nə internet kömək edir, nə də bütün dünya bilikləri.

Atalar demişkən: “Yalanla dünyanı dolanmaq olar, amma geri dönmək olmaz”.

Bəlkə də, bu gün qorunmalı olan ən böyük şey texnologiya deyil, insanlığın özüdür.

Çölçü Bilgə deyirdi: “Özündəki yanlışı tapmadan heç kimin yanlışının arayışına girmə”.

Bəlkə də, indi hər birimiz papağımızı qabağımıza qoyub düşünməliyik. Bizim də günahımız var. Biz də bəzən oğru olduq. Sevdiklərimizdən uzaqlaşdıq. Dəyərlərimizdən uzaqlaşdıq. Özümüzə ögey olduq.

Bəlkə də, çıxış yolu geriyə baxmaqdır: Özümüzə, Törəmizə, Doğaya.

Çünki insan öz kökündən uzaqlaşanda, ən güclü texnologiyalar belə, onu xilas edə bilmir. Bu rəqəmsal cəngəllikdə isə ən böyük təhlükə təkcə texnologiya deyil, texnomanqurtluqdur.

Yanlışın harasından dönsək, bir o qədər yaxşıdır. Bəlkə də, hələ gec deyil. Sadəcə dayanıb düşünmək lazımdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://ayna.az
archiveBu xəbər 31 Mart 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see282

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see262

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see258

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see252

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see249

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see237

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see229

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see222

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see213

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see212

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see209

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see207

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see200

Şah Qacarın “bığlı arvadları” əslində kimlər idi? ARAŞDIRMA

06 Sentyabr 2026 05:07see198

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see192

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see191

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see181

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see180

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see170

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri